İdman zalı, arxiv şəkli

İdman-olimpiya komplekslərini qrunt suları basıb - Deputatdan sərt açıqlama

61
(Yenilənib 17:09 09.09.2021)
Fazil Mustafa qeyd edib ki, bu gün idmanın əksər sahələrinə legionerlər gətirilir. Biz nə qədər legioner milliləşdirəcəyik?!

BAKI, 9 sentyabr — Sputnik. Bir neçə gün öncə Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin edib. Fərid Qayıbovu bu münasibətlə videoformatda qəbul edən dövlət başçısı indiyədək idman sahəsində buraxılan bir sıra nöqsanlara toxunub. Prezident bölgələrdə tikilib istifadəyə verilən idman-olimpiya komplekslərinin yeni idmançıların yetişdirilməsində fəaliyyətsizliyini tənqid edib. Dövlət başçısı idman-olimpiya komplekslərinin fəaliyyətinin ciddi təftiş edilməli olduğunu söyləyib.

Qeyd edək ki, prezidentin toxunduğu bu məsələ illərdir ki, cəmiyyəti də narahat edir. Xüsusilə bölgələrdə idmana həvəsi və potensialı olan uşaq və yeniyetmələr dövlət vəsaiti hesabına inşa olunmuş idman-olimpiya komplekslərində məşq edə bilmirlər. Çünki, bölgələrdəki idman-olimpiya komplekslərinin mütləq əksəriyyətinin qapısı gənclərin üzünə bağlıdır. Məlumatlara görə, idman-olimpiya komplekslərinin qapısı yerli icra hakimiyyəti başçılarının Bakıdan qonaqları gələndən-gələnə, əyləncə məqsədilə açılır.

Sputnik Azərbaycan idman-olimpiya komplekslərinin hansı qurumun balansında olduğunu, necə fəaliyyət göstərməli olduğunu araşdırıb.

İdman-olimpiya komplekslərinin neçəsi fəaliyyət göstərir?

Nazirliyin baş məsləhətçi-mətbuat katibi Qabil Mehdiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkə üzrə 48 idman-olimpiya kompleksi var. Onlardan sonuncusu iyulun 22-də istifadəyə verilən Goranboy Olimpiya İdman Kompleksidir.

Q.Mehdiyev deyir ki, Gənclər və İdman Nazirliyinin tabeliyində olan idman-olimpiya komplekslərinin hamısı təyinatı üzrə fəaliyyət göstərir: "Yalnız iki olimpiya kompleksi - Abşeron və Hövsan kompleksləri COVID-19 pandemiyası ilə əlaqədar, müvəqqəti olaraq, modul tipli xəstəxanaya çevriliblər. Pandemiya bitdikdən sonra həmin qurğular da yenidən idmançıların istifadəsinə veriləcək".

Nazirlik sözçüsü bildirib ki, digər olimpiya komplekslərində məşğələlər davam etdirilir: "Yığma komandaların təlim-məşqləri əksər hallarda həmin komplekslərdə təşkil edilir. Yalnız, pandemiya dövründə Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, uzun müddət digər idman qurğuları kimi, Olimpiya- idman kompleksləri də fəaliyyətsiz qalmışdılar və hazırda karantin qaydalarına uyğun olaraq, tədricən fəaliyyətlərini bərpa edirlər".

Bu komplekslərdə məşq etmək ödənişsizdir?

Q.Mehdiyev bildirib ki, nazirliyin tabeliyində olan bütün komplekslərdə olimpiya idman növləri üzrə məşğələlər ödənişsizdir: "Yalnız qeyri-olimpiya növləri üzrə bölmələr abunəliklə fəaliyyət göstərir. Bu da təbiidir. Komplekslər təsərrüfat hesablı olduqları üçün xərclərinin bir hissəsini abunəli bölmələr hesabına ödəməli olurlar. Həmin vəsait də komplekslərin saxlanmasına, kommunal xərclərə və əməkdaşların məvacibinə sərf edilir".

Komplekslərin çoxunu qrunt suları məhv edib...

Nazirlikdən idman-olimpiya komplekslərinin təyinatı üzrə fəaliyyət göstərildiyi bildirilsə də, millət vəkili Fazil Mustafa bu sahədə ciddi çatışmazlıqların olduğunu söyləyir. Deputat deyir ki, Azərbaycanda olduğu kimi hansı ölkədə idmana dövlət başçısı səviyyəsində bu cür diqqət göstərilsəydi, idman ən çox inkişaf etmiş sahə olardı.

F.Mustafanın fikrincə, Azərbaycanda bu sahəyə məsul şəxslər idmanı bərbad duruma gətirib çıxardıb: "Diqqət yetirmisinizsə, Azərbaycanda basketbol tənəzzülə uğrayıb. Kişi voleybolu bərbad durumdadır. Rayonlarda bu qədər idman sahəsində infrastruktur yaradılsa da, idmançılar yetişmir. İdman-olimpiya kompleksləri görüntü xətrinə inşa olunub. Bəziləri isə artıq istifadə edilməmiş uçub-dağılıb. Maştağada idman-olimpiya kompleksinin ətrafını su basıb. Qrunt suları idman-olimpiya kompleksini məhv edib. Digər yerlərdə də buna bənzər hallar var".

İdmançı yetişdirməyin yükü də valideynlərin çiynindədir

Yeni nəsil idmançıların yetişdirilməsi üçün məktəblərdə iş aparılmalı olduğunu vurğulayan Fazil Mustafa deyib ki, Azərbaycanda idman sahələrində idmançı kimi yetişmək xeyli xərc tələb edir: "Qonşu Gürcüstan və Rusiyada uşaqları məktəblərdən seçib üzgüçülüyə cəlb edirlər. Azərbaycanda isə bir uşağın üzgüçülük hovuzlarına getməsi üçün 200-300 manat xərc tələb edilir. Bu gün paytaxtda həyətlərdə basketbol meydançası tapmaq mümkün deyil.

"İdman-olimpiya komplekslərinin çoxunu pandemiyanı bəhanə edib bağlayıblar. Azərbaycanda idman sahəsində varisliyi qoruya bilməsək, vəziyyət düşündüyümüzdən də betər olacaq. Çünki bu gün idmanın əksər sahələrinə legionerlər gətirilir. Biz nə qədər legioner milliləşdirəcəyik?", - deyən F.Mustafa ümid edir ki, idman və gənclər sahəsinə yeni kadrın təyin edilməsi ilə idman komplekslərinin qapısı uşaqların üzünə açılacaq. Çünki bu gün idmançıların yetişdirilməsi yükü də valideynlərin üzərinə qoyulub.

Deputatın sözlərinə görə, bu gün fəlakət təkcə idman sahəsində deyil. Musiqi məktəbləri, rəsm məktəblərində də eyni vəziyyət müşahidə olunur: 

"Bu gün ödənişsiz rəsm, musiqi məktəbi tapmaq mümkün deyil. İdman elə sahədir ki, bu sahədə işini bilənlər çalışmalıdır. İdman-olimpiya komplekslərinin saxlanılması məsələsinə yenidən baxılmalıdır. Orada uşaqların inkişafı üçün şərait yaradılmalı, eyni zamanda həmin komplekslərin iqtisadi səmərəlilik modeli düşünülməlidir. İndiki halda bu komplekslərə təyin edilənlər əmək haqqı aldıqları üçün o komplekslərin inkişaf etdirilməsi barədə düşünmürlər".

İdmanın müxtəlif sahələrində uşaq liqaları yaradılmalıdır

Azərbaycanın kişilərdən ibarət basketbol yığmasının keçmiş baş məşqçisi, basketbol üzrə mütəxəssis Elxan Əliyev də Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, prezidentin toxunduğu məqamlara diqqətlə yanaşılmalı, idmanın müxtəlif sahələrində uşaq liqaları yaradılmalıdır:

"Mən öz sahəmdən, basketboldan danışıram. Biz əvvəllər basketbola uşaq seçmək üçün məktəblərə gedirdik. Şəhər və ölkə çempionatlarından uşaqlar seçirdik. Məşqlərə həmin uşaqları dəvət edirdik. Təlim məşq toplantısında oyunçuların məşqçiləri iştirak edirdilər. Biz onlara lazımi tövsiyələrimizi verirdik. İndi basketbolçu gənclər demək olar ki, yoxdur. 10 il bundan əvvəl bizim milli komandamız Avropa çempionatında oynayırdı. Mən bu sahədən 2015-ci ildə ayrılmışam. Ötən 6 ildə bu sahədə hansı inkişaf baş verib? İndi bu sahədə peşəkarlar kənarda qalıblar. Federasiyalarda ustalar olmalı, işini bilənlər işləməlidirlər. Məndən bu sahədə məsləhət istəyən də yoxdur. Çox təəssüf ki, federasiya mənim sözlərimi düzgün qəbul etmir. Basketbol Azərbaycanda artıq məhv olub. Hansı ölkədə çempionat olursa, bizimkilər orada iştirak etmir".

Prezidentdən sərt tənqid

Qeyd edək ki, prezident öz çıxışında bildirib ki, idman sahəsində buraxılan nöqsanlar da ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır:

"Xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir. Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir. Onu da nəzərə almalıyıq ki, son Olimpiya Oyunlarında medallar qazanmış idmançılarımız bizim təcrübəli idmançılardır.

Demək olar ki, veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir. Necə ola bilər ki, nəsillər arasında artıq belə bir ara, elə bil ki, məsafə yaranır. Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət almışdır, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksimiz fəaliyyət göstərir. Onların fəaliyyəti ciddi təftiş edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir?

Çünki biz, bu infrastrukturu, bu kompleksləri o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda, peşəkar idmançılar yetişsin. Nəzərə alsaq ki, Tokio Olimpiya Oyunlarında gənc idmançılar medallar qazana bilmədilər, bu, çox ciddi təftiş edilməlidir. Klublardakı vəziyyətlə bağlı təhlil aparılmalıdır. Yəni, biz nəticə çıxarmalıyıq.

Biz, əlbəttə, qələbələrlə fəxr edə bilərik. Ancaq çatışmazlıqlar da var və onlar aradan qaldırılmalıdır. Bu sahədə şəffaflıq tam təmin edilməlidir və bütün xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır", - deyə İlham Əliyev vurğulayıb.

61

Nəriman Abbasov Həbib Nurməhəmmədovun tələbəsini nokauta saldı

1730
(Yenilənib 10:40 18.09.2021)
Moskvada Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində Nəriman Abbasovla Şamil Zavurov arasında keçirilən döyüş cəmi bir raund davam edib.

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov Moskvada keçirilən turnirdə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun tələbəsi, "Dağıstan şiri" ləqəbli Şamil Zavurovu məğlub edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Moskvada baş tutan MMA (qarışıq döyüş növləri) turniri Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun xatirəsinə həsr olunmuşdu. Abbasov həmin görüşdə AMC Fight Nights çempion kəmərini qoruyurdu, Zavurov üçün isə qarşılaşma karyerasında sonuncu oldu.

Döyüş elə birinci raundda texniki nokautla başa çatdı. "Çingizxan" ləqəbli Nəriman Abbasov ilk dəqiqələrdən rəqibinə dəqiq zərbələr endirərək üstünlüyü ələ aldı, Zavurov raundun sonunda təzyiqə davam gətirməyərək oktaqonun döşəməsinə yıxıldı. Abbasov rəqibinə zərbələr endirməyə davam edərkən döyüş dayandırıldı. Beləliklə, Abbasov MMA-da 12-ci dəfə ardıcıl olmaqla 27-ci qələbəsini qazandı. 

Qalib elan edildikdən sonra Nəriman Abbasov qeyd edib ki, qələbəsini mərhum Abdulmanap Nurməhəmmədova həsr edir və rəqibinə hörmətlə yanaşır.

Onu da bildirək ki, döyüşdən əvvəl Həbib Nurməhəmmədov Abbasova Zavurov üzərində qələbə qazanacağı təqdirdə ən prestijli UFC promouşeni ilə müqavilə bağlamağına kömək edəcəyinə söz verib. Nəriman müsahibəsinin sonunda Həbibin vədini yada salıb: "Həbib, çamadanım hazırdır".

Eləcə də oxuyun:

1730
Teqlər:
MMA, çempion, Həbib Nurməhəmmədov, azərbaycanlı, Moskva

"Qarabağ" - "Bazel" oyunu kadrlarda