Tokio-2020 Olimpiya Oyunlarının loqosu, arxiv şəkli

Testlər, məhdudiyyətlər nəzarət: Tokio Olimpiadasında idmançılarımızı nələr gözləyir

137
(Yenilənib 18:39 25.06.2021)
Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan idmançılarının Yaponiyadakı oyunlarda hansı şərtlər daxilində çıxış edəcəklərindən danışılıb.

 

BAKI, 25 iyun — Sputnik. Tokio Yay Olimpiya Oyunları qətiyyən əvvəlki illərin yarışlarına bənzəməyəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Fiziki vəziyyət barədə hesabat

Cümə günü Azərbaycan MOK-da qurum rəhbərliyi ilə iyulun 23-dən avqustun 8-dək Tokio Olimpiadasında iştirak edəcək idmançıların məşqçiləri və onların təmsil etdikləri federasiyaların nümayəndələri ilə görüşü keçirilib. Tədbirdə həmçinin Milli Antidopinq Agentliyinin direktoru (AMADA) Şəfəq Hüseynli və MOK-un baş katibinin müavini Azad Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Hüseynzadə bildirib ki, Tokio Olimpiadası zamanı çoxsaylı məhdudiyyətlər tətbiq olunacaq.

"Qarşıdan gələn Olimpiya oyunları bütün əvvəlki oyunlardan çox fərqlənəcək. Tokio yarışlarında həm dopinq, həm də koronavirusdan müdafiə ilə bağlı çoxsaylı məhdudiyyətlər tətbiq olunacaq", - deyə o bildirib.

Azərbaycanın Tokio Olimpiadasında nümayəndə heyətinin rəhbəri, MOK beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Anar Bağırov bildirib ki, Tokioya yollanmadan ən azı iki həftə əvvəl idmançılar öz mobil telefonlarına xüsusi tətbiq yükləməli və gündəlik olaraq fiziki vəziyyətləri barədə məlumatları ora daxil etməli olacaqlar.

Olimpiadaya yollanmadan öncə Azərbaycan nümayəndə heyətinin bütün üzvləri iki dəfə PCR test verəcəklər və onların hər ikisinin cavabı mənfi olmalıdır. Testlərdən birinin cavabı müsbət olsa belə, həmin idmançı Olimpiadaya getməyəcək.

Tokioya çatdıqdan sonra idmançılar daha bir PCR test verəcəklər ki, onun da cavabı 2-4 saat ərzində açıqlanacaq. Yalnız bu testin də neqativ cavabından sonra idmançılar Olimpiya kəndinə yollanacaqlar.

Bundan əlavə, idmançılar həmçinin hər gün ekspress-testlər, hər iki gündən bir isə PCR testlər verəcəklər.

Koronavirus testinin cavabı müsbət olduğu təqdirdə idmançı karantin altına alınacaq, daha sonra iki dəfə test verəcək və həmin testlərin cavabı mənfi olduğu təqdirdə, üç müvafiq strukturun təsdiqi olduqdan sonra idmançı yarışlara qayıda biləcək. Əgər təkrar PCR testlərin cavabı müsbət olarsa, idmançı 14 günlük karantinə alınacaq.

Olimpiya kəndinin "girovları"

Karantinə alınmış idmançı Tokionu yalnız mənfi test cavabı aldıqdan və ya 14 günlük karantindən sonra tərk edə bilər, hətta həmin vaxta qədər Olimpiada artıq başa çatmış olsa belə.

Olimpiada iştirakçısı onun idman növündə yarışlar başa çatdıqdan iki gün sonra, mənfi cavablı PCR testdən sonra Tokionu tərk etməlidir.

Xatırladaq ki, Azərbaycan idmançılarının 80%-i artıq peyvəndlənib.

Tokio Olimpiadası zamanı bütün iştirakçılar maskada gəzməlidirlər. Əl ilə salamlaşmaq tövsiyə edilmir, yeməkxanada yemək yedikdən sonra uzun müddət oturmaq olmaz və binanı tez tərk etmək lazımdır. 

Yeri gəlmişkən, idmançılar sərbəst şəkildə Olimpiya kəndini tərk edə bilərlər. Lakin qayıtdıqdan sonra onlar karantinə alınacaqlar. Odur ki, idmançılardan kəndin ərazisini tərk etməmək xahiş olunub.

Dopinq nəzarətinin sərtləşdirilməsi

Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli qeyd edib ki, Olimpiadada həmçinin antidopinq məsələləri ilə bağlı da sərt nəzarət olacaq.

Onun sözlərinə görə, Azərbaycan idmançıları son bir il ərzində bir neçə dəfə dopinq testlərindən keçiblər.

"Əgər Rio-de-Janeyroda keçirilən Olimpiya oyunlarında idmançılar oyunlar başlamamışdan 6 ay əvvəldən başlayaraq test verirdilərsə, hazırda yoxlamalar daha tez-tez edilir, yarışların gedişində isə dopinq nəzarəti daha da sərt olacaq", - deyə Hüseynli bildirib.

Dopinq testləri idmançıların yarışlara başlamasından 1 gün əvvəl keçiriləcək və onun nəticələri 1-3 sutka ərzində məlum olacaq.

Tokioda xüsusi mərkəz yaradılıb ki, onun da dopinq-komissarları vaxtı-vaxtında idmançıların harada olmaları barədə məlumat alacaqlar.

Bundan əlavə, dopinq testləri keçirilən zaman idmançıların Olimpiada akkreditasiyası alınacaq və onlara xüsusi buraxılış vərəqləri veriləcək. Akkreditasiya isə o vaxt qaytarılacaq ki, dopinq testinin cavabı mənfi olsun.

Bundan əlavə, test keçirilən zaman mobil telefondan istifadə edilə bilməz, testə gecikməyə isə yalnız çox ciddi səbəbdən icazə verilə bilər. Bura mükafatlandırma mərasimi, KİV nümayəndələri ilə ünsiyyət və zədələnmələr zamanı tibbi yardım aiddir.

Yeri gəlmişkən, əgər idmançı Olimpiadanın son günü çıxış edirsə, o zaman yarışa bütün əşyaları ilə birlikdə gəlməlidir. Həmin idmançı bağlanış mərasimində isə yalnız dopinq-testdən keçərək müvafiq sənədləri imzaladıqdan sonra iştirak edə biləcək.

Transgenderlərlə zarafat etməyin

Tədbir zamanı həmçinin Olimpiadada davranış qaydalarından da söhbət açılıb. Konkret olaraq, vitse-prezident Hüseynzadə azərbaycanlı idmançılardan "transgenderlərlə zarafat etməməyi" xahiş edib.

"İdmançılardan xahiş edirik ki, Oyunlar zamanı bir qədər ehtiyatlı davransınlar. Çünki ehtiyatsız deyilmiş sözlər birmənalı olmayan reaksiyalar doğura bilər. Konkret olaraq, BOK ilk dəfədir ki, Oyunlarda transgender insanın iştirakına icazə verib. Xahiş edirəm ki, bu idmançı ilə zarafat etməyəsiniz və ona heç toxunmayasınız da. Çünki nəticələr çox ciddi ola bilər", - deyə o bildirib.

Qeyd edək ki, Tokio Olimpiadasında 43 yaşlı, yeni zelandiyalı ağır atlet, 2012-ci ildə cinsini dəyişmiş Urpeo Habbard iştirak edəcək. O, Tokio Olimpiadasında qadınların yarışında iştirak edəcək.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti həmçinin irqçiliyin təzahürünün də yolverilməz olduğunu deyib və bunun həmçinin idmançıların paylaşımlarına da aid olduğunu dilə gətirib.

Eləcə də oxuyun:

  • İrina Zaretska: Tokio Olimpiya oyunlarının başlanmasını səbirsizliklə gözləyirəm

  • Mariya Stadnik Polşada çempion oldu

  • Tokio olimpiadası ləğv edilə bilər: Baş nazir istisna etməyib

  • Yaponiya Olimpiya Komitəsinin üzvü özünə qəsd edib

  • Beynəlxalq federasiya Azərbaycan şirkətinə iri məbləğdə borc qaytarıb

137
Teqlər:
məhdudiyyət, Koronavirus, epidemiya, COVID-19, idmançılar, MOK, Azərbaycan, Tokio Yay Olimpiya Oyunları
İvan Tixonov

On nəfərə bir qələbə: Azərbaycanlı idmançıların Tokioda ilk günü

42
Tokio Olimpiadasında ilk yarış gününün nəticələrinə görə, medal sıralamasında üç qızıl və bir bürünc medal qazanan Çin birincidir.

BAKI, 24 iyul - Sputnik. Tokio Yay Olimpiya Oyunlarının ilk yarış günü azərbaycanlı idmançılar üçün uğursuz keçdi. Sputnik Azərbaycan bildirir ki, onlardan yalnız biri uğurlu start götürə bilib.

Cüdo

İlk məyusedici xəbərlər cüdodan gəldi. Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) ilk pillələrdən yarışdan ayrıldılar. Hüseynov öncə britaniyalı Eşli Makkenzini udub, gürcü Luxumi Çxvmianiyə uduzdusa, Qurbanova elə ilk görüşündəcə Katarina Koştaya (Portuqaliya) məğlub oldu.

Veloyürüş

Vaxtından əvvəl yarışı dayandıranlardan biri də velosipedçi Elçin Əsədov oldu. 234 km-lik şosse yürüşünün, demək olar ki, yarısını keçəndən sonra yıxıldı. 

Güllə atıcılığı

Snayperimizi Ruslan Lunyov da uğursuzluğa düçar oldu. 10 metrlik məsafəyə pnevmatik tapançadan atəşdə 20-ci yerə düşərək finala çıxa bilmədi. Ancaq birinci gün çıxış edən idmançılarımızın çoxundan fərqli olaraq, Lunyov hələ Oyunlarda iştirakını yekunlaşdırmayıb - 25 m-lik məsafəyə xırda kaliberli tapançadan atəş yarışında da qüvvısini sınayacaq. 

Üzgüçülük

 

Üzgüçülərimiz Maksim Şemberev və Məryəm Şeyxəlizadəxangah Tokiodakı Olimpiadada uğursuz çıxış ediblər.

400 m məsafədə kompleks üzgüçülükdə çıxış edən Şemberev 4:19.40 dəqiqə nəticə ilə çıxışını yekunlaşdırıb. O, öz yarımqrupunda sonuncu - səkkizinci yer tutub. Ümumi sıralamada isə 29 iştirakçı arasında 26-cı ola bilib. Yarımfinala çıxa bilməyən Şemberev Olimpiadadakı işini yekunlaşdırıb.

Şemberev üçün bu, ikinci Olimpiadadır. 2012-ci ildə Londonda o, Ukrayna bayrağı altında çıxış edirdi.

100 m məsafədə batterflyay üsulu ilə yarışda Məryəm Şeyxəlizadəxangah finişə 1:01,37 dəqiqə nəticə ilə çataraq, üç nəfərdən ibarət yarımqrupda birinci olub. Yekun hesabda isə 33 yarışçı arasında 30-cu olub və o da Tokiodakı çıxışını bitirib.

 

Məryəmdən kimsə nəticə gözləmirdi, o, Beynəlxalq Federasiyanın kvotası ilə Olimpiadaya gəlib, Şemberev isə lisenziya normativini yerinə yetirmişdi və ən azı, onun yarımfinala çıxacağına ümid edirdik.

Boks

İdman həvəskarlarına ən böyük məyusluğu isə boks yarışları yaşatdı. Titullu idmançı, Riodakı 2016-cı il Olimpiadasının gümüş mükafatçısı Lorenso Sotomayordan (69 kq), heç olmasa, medallar uğrunda mübarizə gözlənilirdi, birinci dövrədən kənarda qalmaq yox. O isə 1/16 finalda Gürcüstan təmsilçisi Əsgərxan Madiyevə uduzdu. Görüşü üçüncü raundda Sotomayorun zədəsi səbəbindən (qanaxma) saxladılar, ancaq Azərbaycan yığmasının kubalı legioneri üçün qələbə ümidi heç yox idi də: ilk iki raundu o uduzmuşdu.

57 kq çəki dərəcəsində çıxış edən boksçumuz - Tayfur Əliyev növbəti mərhələyə adlamağa layiq idi. Çünki 1/16 mərhələdə Vyetnam təmsilçisi Duaonq Van Nquenə qarşı yaxşı döyüşürdü. Ancaq hakimlər mübahisəli qərar verərək qələbəni vyetnamlının adına yazdılar (2:3).

 

Boksçumuz Məhəmməd Abdullayev (91 kq çəki dərəcəsi) isə Azərbaycan təmsilçiləri arasında Tokiodakı Olimpiadada qələbə qazanan yeganə idmançı oldu. 1/16 finalda o, Bəhreyn təmsilçisi Denis Latipovla görüşündən 3:1 hesabı ilə qalib ayrıldı. Düzdür, püşkatmada onun heç bəxti gətirməyib: növbəti mərhələdə o, dünya çempionu, Özbəkistan təmsilçisi Bahodir Calolovla görüşəcək. Bu görüş iyulun 29-da olacaq.

İdman gimnastikası 

Təmsilçilərimizdən Tokiodakı ilk yarış günündə sonuncu çıxış edən isə idman gimnastı İvan Tixonov oldu. O, təsnifatda 45-ci yer tutaraq, adını finala yazdıran 24 nəfərin arasına düşə bilmədi.

Medal hesabı

Tokio Olimpiadasında ilk yarış gününün nəticələrinə görə, medal sıralamasında üç qızıl və bir bürünc medal qazanan Çin birincidir. İkinci yerdə Yaponiya ilə İtaliya qərarlaşıblar: hərəyə bir qızıl və bir gümüş medal. İlk onluğa həmçinin 4. Koreya (1, 0, 2), 5. Macarıstan, Kosovo, Tailand, Ekvador, İran (1, 0, 0), 10. Serbiya, Rusiya (0, 1, 1) daxildir.

42
Teqlər:
atıcılıq, gimnastika, cüdo, şosse velosipedi, üzgüçülük, boks, idmançılar, azərbaycanlı, Tokio Yay Olimpiya Oyunları

Yunanıstan "Olimpiakos"u Bakıda məşqdən imtina edir

35
Bakıda oyundan öncə məşqə çıxmaqdan imtina səbəbi kimi "Baksel Arena"da qazonun pis olması və "kənar gözlərdən qaçmaq" istəyi göstərilir. 

BAKI, 24 iyul - Sputnik. Yunanıstanın "Olimpiakos" komandası Çempionlar Liqasının təsnifat mərhələsində "Neftçi" ilə Bakıda keçirəcəyi cavab oyunundan öncə məşqə çıxmaqdan imtina edib. 

Sputnik Azərbaycan bu barədə Fosonline-a istinadən xəbər verir.

Azərbaycan çempionunun Çempionlar Liqasındakı rəqibi son məşqi Yunanıstanda keçirib, iyulun 27-də, çərşənbə axşamı çarter reysi ilə Bakıya gələcək. 

Oyunöncəsi mətbuat konfransını da "Olimpiakos"un baş məşqçisi Pedro Martinş Yunanıstanda, onlayn formatda keçirəcək. 

 

Bakıda oyundan öncə məşqə çıxmaqdan imtina səbəbi kimi cavab oyununun keçiriləcəyi "Baksel Arena" stadionunda qazonun pis olması göstərilir. "Olimpiakos"un portuqal məşqçisini ÇL-in təsnifat mərhələsinin birinci raundunda "Neftçi" (Bakı) ilə "Dinamo"nun (Tbilisi) oyunu zamanı qazonun durumu qane etməyib. Nəşrin məlumatına görə, həmin oyunda futbolçular çox sürüşüblər.

Yeri gəlmişkən, Martinşin Bakıda məşq keçirmək istəməməsinin başqa bir səbəbi də var. Portuqaliyalı qorxur ki, onun komandasını "Neftçi"nin nümayəndələri də izləyə bilərlər, buna görə hazırlıq mərhələsini gizli saxlamağa qərar verib.

Qeyd olunur ki, beş il əvvəl "Olimpiakos" Astanada eyniadlı komanda ilə oyundan əvvəl məşq keçərkən təhlükəsizlik xidmətinin əməkdaşlarından biri "Astana" klubunun texniki işçisi olub.

Xatırladaq ki, Çempionlar Liqasının təsnifat mərhələsinin ikinci raundunda Afinada keçirilən ilk oyunda "Olimpiakos" "Neftçi"yə minimal hesabla qalib gəlib. Yeganə qolu Madi Kamara vurub, sonra isə oyundan qovulub. Bu səbəbdən o, Bakıda meydana çıxmayacaq. Klublar arasında cavab görüşü çərşənbə günü, iyulun 28-də baş tutacaq.

Eləcə də oxuyun:

35
Teqlər:
məşq, Bakı, futbol, UEFA Çempionlar Liqası, 'Neftçi'
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Qərb bölgəsində "ənənəvi" narkotik maddə alverçiləri ələ keçiblər