Mariya Stadnik

Mariya Stadnik: "Belə bir vəziyyətdə Olimpiya çempionu olmamaq daha sərfəlidir"

19
(Yenilənib 15:13 19.04.2021)
Azərbaycanın ən çox mükafat qazanmış qadın idmançısı Mariya Stadnik Sputnik Azərbaycan-a müsahibəsində qarşıdan gələn Avropa çempionatı, Olimpiya Oyunları və karyerasını başa vurduqdan sonra özünün gələcəyi barədə fikirlərini bölüşüb.

BAKI, 19 aprel — Sputnik, Teymur Tuşiyev. Azərbaycanın güləş üzrə qadınlardan ibarət yığma komandasının lideri Mariya Stadnik (50 kq) son vaxtlar ərzində Azərbaycanda ilk təlim-məşq toplanışında iştirak edib və artıq səkkizinci dəfə Avropa çempionatında iştirak etməyə hazırlaşır.

Azərbaycanın ən çox titulu olan qadın idmançısının aktivində üç Olimpiya medalı, dünya birinciliyinin iki, Avropa birinciliyinin isə yeddi qızıl medalı var. Varşavada keçiriləcək növbəti Avropa birinciliyində idmançımız səkkizinci dəfə qitə birincisi ola bilər. Ümumilikdə isə Stadnik növbəti Avropa çempionatını Olimpiya oyunlarına hazırlıq kimi dəyərləndirir. Bu və digər məsələlər barədə Mariya Stadnik Sputnik Azərbaycan-a müsahibəsində fikirlərini bölüşüb.

Avropa çempionatı Tokio Olimpiadasından öncə məşq kimi

- Komanda ilə birgə məşqlər necə keçdi?

- Bu yaxınlarda Göygöldə təlim-məşq toplanışında idik. Burada hər üç yığma komanda məşq edirdi. Səhərlər döşək üzərində məşq edirdik, axşamlar isə amerikalı mütəxəssis Markla məşq keçirilirdi. Onunla daha çox fiziki hazırlıq təmrinləri edirdik. Avropa çempionatına hazırlığın yekun mərhələsi Bakıda keçirildi. Burada artıq məşqlərimiz yüngül rejimdə, yəni ciddi yüklənmələr olmadan keçirildi.

- Siz artıq çoxdandır ki, bu cür tammiqyaslı toplanışlarda olmurdunuz. Bu cür məşqlər üçün darıxmamışdınız ki?

- Son dəfə Bakıda dekabr və fevral aylarında olmuşam. Lakin o vaxt öz işlərimlə bağlı gəlmişdim. Bu cür toplanışlara isə çoxdandır ki, gəlmirdim. Düzünü desəm, bu cür məşqlər üçün darıxmışdım, çünki koronavirusla bağlı bu cür məşqlər, demək olar ki, olmayıb, daim evdə olmuşam. Son il yarım ərzində bu mənim iştirak etdiyim ikinci məşq toplanışıdır. Bu il mənim üçün necə oldusa, çox tez keçdi. Birinci məşq toplanışı bir qədər ağır oldu. Yəqin ki, yaş və son vaxtlar ciddi məşqlərin olmaması özünü göstərir. İndi artıq daha asandır.

- Sonuncu dəfə 2019-cu ilin sentyabrında yarışda iştirak edib dünya çempionu olmusunuz. Qarşıdan gələn Avropa çempionatından nə gözləyirsiniz?

- Avropa birinciliyindən heç bir şey gözləmirəm. Bu, sadəcə Olimpiya Oyunlarına hazırlıq mərhələsidir. Əlbəttə, qitə birinciliyi ciddi turnirdir. Lakin mən çoxdandır ki, heç harada çıxış etmədiyimə görə bu yarışdan turnir təcrübəsi üçün istifadə edəcəyəm. Yarış mühitini, həyəcanı hiss etmək lazımdır. Təbii ki, qızıl medal barədə düşünürük, amma əsas məqsəd Olimpiya Oyunlarına hazırlıqdır.

- Yeri gəlmişkən, siz yeddi Avropa çempionatında iştirak etmisiniz və hər dəfə də qızıl medal qazanmısınız. Varşavada da bu ənənəni davam etdirmək şansınız var…

- Mənim üçün əsas Olimpiya Oyunlarıdır. Avropa çempionatı səviyyəli yarışlar məndə artıq maraq oyatmır.

- Yenə də əvvəlki kimi hesab edirsiniz ki, Avropada sizin rəqibiniz yoxdur?

- Rəqibim olmadığını deyə bilmərəm. Gənc nəsil yetişir. Amma yenə də, Avropa birinciliklərində dəfələrlə çıxış etməyimə baxmayaraq, mənim rəqibim olmayıb. Avropa və Dünya birinciliklərində qızıl medalım var, Olimpiya "qızılım" isə yoxdur. Odur ki qitə birinciliyi ikinci plana keçib.

- Budapeştdə keçirilmiş Avropa seçmə turnirində Azərbaycan yığması bir lisenziya belə əldə edə bilməyib. Sizcə, səbəb nədir?

- Mən həmin vaxt komanda ilə birlikdə Macarıstanda idim. Qızlarla birlikdə təlim-məşq toplanışında iştirak edirdim. Turnirə qədər qızlar, demək olar ki, təlimlərdə olmamışdılar. Onların hazırlıq səviyyəsi fərqli idi, belə ki, kiminsə məşq etmək imkanı olmuşdu, kimsə məşq edə bilməmişdi. Bundan əlavə, yarışlarda da iştirak etməmişdilər, odur ki qızlarda özünə inam yox idi. Elis Olimpiya lisenziyasının bir addımlığında dayandı. Düşünürəm ki, Sofiyada keçiriləcək son lisenziya turnirində bizim bir və ya iki lisenziyamız olacaq.

Londondan sonra da karyeranı başa vurmaq barədə düşünürdüm

- Olimpiada Tokioda keçiriləcək və yəqin ki, ən çətini Yaponiya idmançısına qarşı güləşmək olacaq?

- Mən belə deməzdim. Məsələn, bizdə Avropa oyunları keçirilirdi. Sənə elə gəlir ki, doğma divarlar arasında çıxış edirsən, sənin üçün asan olmalıdır. Amma eyni zamanda bu çox böyük məsuliyyətdir. Hamı sənə baxır və səndən qələbə gözləyir. Bu da çox böyük yükdür. Odur ki əslində, turnirin harada keçirilməyinin əhəmiyyəti yoxdur, döşək hər yerdə eynidir, rəqiblər də həmin rəqiblərdir. Amma deyim ki, Londonda Olimpiadada mən yaponiyalı idmançı ilə güləşə çıxdım və mənə elə gəldi ki, bütün zal yaponlarla doludur. Onlar o qədər çox idilər ki, mənə elə gəldi ki, birdən-birə Yaponiyaya düşmüşəm (gülür). Həmin turnirdə hər final qarşılaşmasında yapon qadın idmançısı var idi. Odur ki mən yapon xanımları ilə bütün qarşılaşmalarda onların həmvətənlərinin çox olmasına və öz idmançılarına dəstək verməsinə öyrəşmişəm.

- Belə başa düşmək olar ki, bu sizin üçün son Olimpiada olacaq?

- Bunu kim deyir? (gülür)

- Əminəm ki, çoxları sizin çıxışlarınızı davam etdirməyinizi istərdi.

- Mən hələ bilmirəm. Qabaqcadan nəsə demək istəməzdim. Amma yenə də düşünürəm ki, elə yaşdayam ki, artıq kifayətdir. Amma mən Rio-2016, hətta London-2012-dən sonra da belə düşünürdüm. Əslində Paris-2024-ə də elə bir vaxt qalmayıb. Bakıda Olimpiadanın keçirilməsini gözləyəcəyəm. Yəqin ki, o da mənim karyeramda son olacaq. Amma hələ niyyət etmirəm.

- Bəs karyeranızı başa vurduqdan sonra nə ilə məşğul olacağınız barədə düşünmüsünüzmü?

- Bilmirəm. Düşünürəm ki, elə güləşdə qalacağam. Mənim xoşuma gəlir, mən bu idman növü barədə çox şey bilirəm. Amma yəqin ki, bu, uşaq məşqçisi səviyyəsində olacaq. Həm də mənim evdə iki övladım böyüyür. Onların yanında olmaq, heç yerə getməmək istərdim. Əgər böyüklərdən ibarət komanda ilə işləsən, bu elə idmançı olduğun vaxtlardakı kimi, daim səyahətlərdə olmaq deməkdir. Mən hələ ki, bu barədə düşünmürəm. Çünki indi bir işlə məşğulam, onu başa çatdırıb, sonra başqa işlər barədə düşünərəm.

- Siz güləşlə məşğul olmaqda davam edəcəyinizi deyəndə ağlıma bir başlıq gəldi: Mariya Stadnik Azərbaycanın güləş üzrə qadınlardan ibarət yığmasının baş məşqçisi təyin edilib.

- (Gülür) Hər şey ola bilər. Bilirsinizmi, indi həyatda elə dəyişikliklər baş verir ki, sabah necə olacağını əminliklə demək çətindir. Məsələn, Olimpiada ötən il keçirilməli idi, hər şey bitməli idi və birdən hər şey dəyişdi. Odur ki yaşayarıq – görərik.

Qızı anasının yolunu davam etdirmək istəyir, ana isə razı deyil

- Sizin övladlarınız idmanla məşğul olurlar? (Stadnikin 10 yaşlı oğlu və 7 yaşlı qızı var – red.)

- Bəli, qızım idman gimnastikası ilə məşğul olur, oğlum isə futbolla.

- Yəni, güləşlə heç biri məşğul deyil…

- Qızım istəyir, amma mən ona demişəm ki, əvvəlcə idman gimnastikası üzrə Olimpiya çempionu olsun, sonra mən onu güləşə götürərəm (gülümsəyir). O mənə deyir: "Ana, bu çox gec olacaq". Heç nə olmaz, 16 yaşında idman gimnastikası üzrə Olimpiadada qalib olar, sonra isə güləşə keçər.

- Deməli, niyyəti peşəkar karyeradır?

- Bu onda daha yaxşı alınır. Onun üçün bu idman növü uyğun gəldi, odur ki başqa növə keçirməkdə məna görmürəm. May ayında 8 yaşı tamam olacaq. Əgər davam etməsə, o zaman güləşlə məşğul olacaq. İndi o, bazar ertəsindən şənbə gününə qədər hər gün 5 saat məşq edir. Məndən çox məşq edir. Oğlum isə həftədə üç dəfə futbol məşqlərinə gedir. O, güləşə getmək istəmir, amma yəqin ki, gedəcək (gülür).

- Övladlarınız peşəkar idmançı olsalar, hansı ölkənin bayrağı altında çıxış etmək sualı yaranacaqmı?

- Buna hələ o qədər var ki... Onlar hələ balacadırlar, odur ki bu barədə danışmaq hələ tezdir. Onlar üçün harada daha yaxşı olsa, onların əməyini harada qiymətləndirsələr, orada da olacaqlar.

- Azərbaycanda sizin əməyinizi qiymətləndirirlər…

- Bəli. Elə buna görə də mən buradayam. Məni burada sevir, qiymətləndirirlər. Yəqin ki, bütün insanlarda belədir. Sənin işini, etdiklərini harada qiymətləndirirlərsə, sən də orada yaşamaq istəyirsən, orada rahat olursan. Mənə elə gəlir ki, bu, təkcə idmanda deyil, istənilən digər fəaliyyət üçün də belədir.

- Yeri gəlmişkən, hazırda sizi Azərbaycanın ən çox titulu olan idmançısı adlandırmaq olar. Bu qədər titul başqa heç bir Azərbaycan idmançısında yoxdur.

- Mən sadəcə olaraq həmişə öz işimi görmüşəm. Maksimum gücümü sərf etmişəm, nəticədə belə alınıb ki, bu qədər titul qazanmışam.

- Digər idmançılardan fərqli olaraq, siz sosial şəbəkələrdə o qədər də aktiv deyilsiniz. Sosial şəbəkələrə münasibətiniz necədir?

- Mənim "Instagram"-da səhifələrim var. Bu yaxınlarda "Facebook"-da qeydiyyatdan keçmişəm. "Instagram"-da şəkillərə baxıram. "Facebook"-dan isə xoşum gəlmir. Ancaq ona görə qeydiyyatdan keçmişəm ki, bir tanışım bu yaxınlarda bir şey göndərəcəkdi, onun üçün də sosial şəbəkə lazım idi.

- "Facebook"-da sizin feyk səhifənizin yaradıldığını eşitmisiniz?

- Bəli, bu ötən il olub. Kimsə mənim adımdan səhifəni idarə edir, mənim "Instagram"-da paylaşdığım şəkilləri paylaşırdı. Bundan əlavə, müharibə haqqında hansısa paylaşımlar edirdilər. Biz səhifənin bağlanmasına nail olduq, lakin deyəsən, onu yenidən bərpa etdilər. Bununla kimin məşğul olduğunu bilmirəm.

- Koronavirus pandemiyası dövründə, bütün güləşçilər yarışsız qaldığı dövrdə, siz Dünya Güləş Birliyinin rəsmi "Instagram" səhifəsinin səsvermə yolu ilə keçirdiyi virtual turnurun qalibi olmusunuz.

- Bəli, mən oradakı səsverməni müşahidə edirdim. Maraqlı idi. Çünki orada təkcə mənim çəki dərəcəmdə deyil, bütün adlı-sanlı qadın idmançılar vardı. Mən orada bütün yaponiyalıları, Olimpiya çempionlarını qabaqlamışdım (gülür). Bu, pozitiv bir turnir idi, çünki nə qədər insanın sənə sevgi bəslədiyini görürsən. Belə bir vəziyyətdə Olimpiya çempionu olmamaq, amma çox insanın xoşuna gəlmək daha sərfəlidir. Çünki bu, qələbəyə zəmanət verir. Qalib gələcəyimi gözləmirdim. Baxırdım, əvvəlcə bir mərhələ keçdim, sonra ikinci mərhələni... Həm də axı səsvermə bütün dünyada gedirdi. Odur ki bu hər necə olsa da, müəyyən məna kəsb edir.

19
Teqlər:
güləş, Mariya Stadnik, müsahibə, idman
Bakı Olimpiya Stadionu, arxiv şəkli

Britaniya hakimiyyəti Uels azarkeşlərinə: AVRO-2020-nin Bakı Roma oyunlarına getməyin

945
(Yenilənib 12:40 18.05.2021)
Böyük Britaniya Xarici İşlər Nazirliyi Azərbaycanı COVID-19-a yoluxma riskinin yüksək olması səbəbindən səfər edilməsi tövsiyə olunmayan ölkələrin siyahısına salıb.

BAKI, 18 may — Sputnik. Böyük Britaniyanın hakimiyyət dairələri Uels komandasının azarkeşlərinə Bakıda və Romada keçiriləcək Avropa çempionatı oyunlarına getməməyi tövsiyə edib. Bu barədə Uels Futbol Assosiasiyasının (FAW) rəsmi saytında məlumat yerləşdirilib.

AVRO-2020-də A qrupunda oynayan Uels millisi 12 və 16 iyun tarixlərində Azərbaycanın paytaxtında İsveçrə və Türkiyə, iyunun 20-də isə Romada İtaliya millisinə qarşı mübarizə aparacaq.

Xəbər verildiyi kimi, Böyük Britaniya Xarici İşlər Nazirliyi koronavirus pandemiyası ilə əlaqədar səfər edilməsi tövsiyə olunan və olunmayan ölkələrin reytinq cədvəlini tərtib edib. Azərbaycan və İtaliya koronavirusa yoluxma riski böyük olan ölkələrin siyahısına salınıb.

Sözügedən qərarlar tövsiyə xarakteri daşısa da, FAW azarkeşlərdən AVRO-2020 oyunlarını izləməyə getməkdən çəkinməyə çağırıb.

Xatırdaq ki, Bakı aprel ayında digər ölkələrdən gələn azarkeşləri qəbul etməyə hazır olduğunu təsdiqləyən AVRO-2020-nin azsaylı ev sahibi şəhərləri sırasında yer almışdı. Bakı ilə yanaşı, Sankt-Peterburq və Budapeşt də xarici azarkeşləri qəbul etməyə hazır olduğunu bildirmişdi.

 

945

Gənclər üçün nümunə: Yetmiş dörd yaşlı bodibilder müsabiqələri fəth edir

40
(Yenilənib 10:36 09.05.2021)
Bədən tərbiyəsi müəllimi Nikolay Çernuşkin gəncləri mükəmməl fiziki forma əldə etməyə və yarışlarda qələbələrə ruhlandırır. Daha ətraflı videomuzda.

Çernuşkinin dediyinə görə, uşaqlıqdan idmanla məşğul olub. Təqaüdə çıxmazdan əvvəl xizək sürməyə başlayıb, daha sonra qış idmanını tərk edib.

Təxminən 45 yaşından bodibildinqlə maraqlanıb və özünü tamamilə ona həsr edib.

Zamanla Nikolay müxtəlif yarışlara qatılaraq bir neçə dəfə qalib olub.

 

40

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

35
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

35