Zelim Kotsoyev, arxiv şəkli

Zelim Kotsoyev: “Azərbaycan vətəndaşlığı almaq istəyirəm, qız axtarıram”

19
(Yenilənib 01:16 15.04.2021)
“Böyük dəbilqə” seriyasından olan turnirin qalibi Antalyadakı uğurundan danışıb, Olimpiya Oyunları və şəxsi həyatı ilə bağlı planlarını bölüşüb.

BAKI, 15 aprel – Sputnik, Teymur Tuşiyev. Türkiyənin Antalya şəhərində “Böyük dəbilqə” seriyasından olan turnirdə qalibiyyəti Azərbaycanın 22 yaşlı osetin əsilli cüdoçusu Zelim Kotsoyev üçün hələlik ən böyük nailiyyətidir. Turnirdə o, Yaponiyadan olan dünya çempionu Aaron Volfa qalib gəlib.

Sputnik Azərbaycan-a müsahibəsində Kotsoyev Türkiyədəki qələbəsindən, azərbaycanlı cüdoçu Elmar Qasımovla rəqabətindən, Tokiodakı Olimpiya Oyunlarından və Azərbaycan vətəndaşlığı almaq istəyindən danışıb.

- Bu sizin “Böyük dəbilqə” seriyasından olan turnirdə ilk qələbənizdir. Çox dəyərlidir, yəqin.  

- Doğrudan, bu, mənim “Böyük dəbilqə”də ilk qələbəm idi. Əvvəllər ikinci-üçüncü yerləri tuturdum, həmişə nəsə çatmırdı. Qran-Pri də qazanmışam, amma “Böyük dəbilqə”də ilk dəfə uddum.

Ola bilər ki, əvvəllər hansısa fəndləri tam məşq etməmişəm, ya da cavan olmuşam. Bu dəfə isə finaldan öncə özümə dedim ki, artıq uduzmaq olmaz, buradan qızıl medalla dönməliyəm.

- Finaldakı rəqibiniz də güclü idi. Yaponiyanı təmsil edən dünya çempionu...

- Bəli, Aaron Volf çox güclü rəqibdir, iki dəfə ona uduzmuşam. Ancaq mən bu dəfə yaxşı hazırlaşmışdım, məşqçilərim məni görüşə əla kökləmişdilər.

Prinsipcə, bütün rəqiblərim titullu olublar. Məsələn, ilk rəqibim Olimpiya Oyunlarının mükafatçısı, Fransadan olan Avropa çempionu  Sirill Mare idi. Həmin görüşün vaxtından əvvəl bitməsinə rəğmən, ağır idi.

Sonra güclü xorvat Komriç, daha sonra elə də rahat olmayan avstraliyalı Taqaki vardı. Hesab edirəm ki, psixoloji cəhətdən daha yaxşı köklənənlər qələbə qazanırdılar.

Bu dəfə, hər şeydən əlavə, Daşkənddə təlim-məşq toplanışında yaxşı işlədik, nəticəsini də gördük.

- Azərbaycan yığmasında 100 kq-dək çəkidə uzun müddət 2016-cı il Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov lider idi. İndi siz onu “kölgədə qoydunuz”.

- Elmarla münasibətlərimiz yaxşıdır, o, yaxşı oğlandır, daim ünsiyyətdəyik. Tatamidən qıraqda  qardaşıq. Ancaq tatamidə rəqibik. Bizimki sırf idman rəqabətidir, bu, hər ikimizi daha güclü edir.

Азербайджанский дзюдоист Зелим Коцоев, фото из архива
Azərbaycan cüdoçusu Zelim Kotsoyev

Yəqin, həmin gün bəxtim gətirib. Son vaxtlar Elmar əvvəlki kimi uğurla çıxış etmir. Bəlkə, yaşı öz sözünü deyir, ya da psixoloji cəhətdən yorğunluq var. Baxmayaraq ki, məşqlərdə çox çalışır, son zamanlar nəsə bəxti gətirmir.

- Yəni sizi artıq Azərbaycan yığmasının 100 kq-dək çəkidə birinci nömrəsi adlandırmaq olar?

- Antalyadakı turnirdən sonra bizim aramızdakı fərq min xala qədər artdı. Biz çoxdan Olimpiya Oyunlarına düşmə zonasındayıq, ancaq orada ikimizdən birimiz çıxış edə bilər.

Hələ iki il əvvəl onunla sözləşmişdik: oturub hansı turnirlərdə çıxış edəcəyimizi yazdıq. Razılaşdıq ki, reytinqdə kim yuxarıda olsa, Olimpiadaya da o gedəcək. Elmardan min xal qabağa düşdüyümə görə demək olar ki, Tokioya mən gedəcəm.

- O zaman artıq Olimpiadaya köklənirsiniz?

- Hə, bütün fikrim-zikrim Tokiodadır, özümü daim Olimpiya Oyunlarına kökləyirəm. Bu, uşaqlıq arzumdur, uşaqlıqdan da ona doğru gedirəm. Tokioya ancaq qızıl medal ardınca uçacam, Oyunlaradək bütün turnirlər – balaca addımlardır.

- Antalyada Yaponiya təmsilçisi Volfa qalib gəldiniz, Tokioda isə yerli cüdoçular bütün qızıl medallara sahiblənməyə çalışacaqlar.

- Onlar, yəqin, indi məni öyrənməyə, mənə qarşı hazırlaşmağa, köklənməyə başlayacaqlar. Mənim istəyim daha güclüdür, hələ artıracam da.

Deyə bilərəm ki, Tokioya gedib hamını mat qoymaq üçün mənim yaxşılaşdırılmış versiyam hazırdır. Üstəlik, yaşım da bunun üçün idealdır, özüm də hiss edirəm ki, artıq mənim vaxtım yetişib.

Bizim məşqçilər korpusumuz güclənib, yeni fəndlər hazırlayır, çox işləyirik. Ancaq irəliyədir hədəfimiz.

- Milliyyətcə osetinsiniz, Azərbaycan yığmasına necə düşdünüz?

- 2015-ci ildə Ukrayna millisinin kadetlər qrupunun tərkibində gənclər arasında Avropa çempionatını qazandım. Sonra isə Azərbaycan yığmasına gəldim. Burada mənim yerlilərim də çıxış edirdilər. Məsələn, dostum Xetaq Qazyumov (sərbəst güləş üzrə üçqat Olimpiya mükafatçısı – red.) Azərbaycanın necə gözəl ölkə olduğu, zəhmətin necə qiymətləndirilməsi və burada çox gözəl insanların yaşadığı haqda danışırdı. O qədər Azərbaycanı təriflədi ki, 2015-ci ildə Azərbaycana köçməyə qərar verdim, indiyədək də bu qərarımdan razıyam.

- Sizi Azərbaycan idmanında osetin ənənələrinin davamçısı adlandırmaq olar.

- (gülümsəyir)  Birmənalı şəkildə hə. Nümunə götürəcəyim adamlar var. Xetaqın uğurlarını davam etdirməyə çalışacam. Əsas odur ki, məni bu ölkədə sevirlər, mən də onu sevirəm. Burada çox adam mənə inanır, onların ümidlərini qırmaq istəmirəm. İstəyirəm ki, onlar mənim qələbələrimə sevinsinlər, Azərbaycanın bayrağını qaldıraraq bu ölkəni dünyada tanıtmağı arzulayıram.

- Azərbaycanda gəzməyi xoşladığınız yerlər var?

- Həftədə bir neçə dəfə Bakı bulvarını gəzirəm. Buranı çox sevirəm, bulvarda gəzintidən hədsiz zövq alıram. Torqovıya çıxışa qədər gəzirəm. Axşamlar ora lap əla olur, rahat hiss edirsən. Köhnə şəhəri gəzməyi də xoşlayıram.

- Xetaq Qazyumov karyerasını bitirdikddən sonra vətəninə qayıtdı. Onun kimi edəcəksiniz?

- Son iki ildə daim Azərbaycandayam. Heç evimizə də getmirəm. Ailəmi də Bakıya gətirmək fikrindəyəm, onları buna yavaş-yavaş hazırlayıram. Burada qalıb vətəndaşlıq almaq istəyirəm. Bura xoşuma gəlir, bu ölkəni sevirəm.

- Evli deyilsiniz?

- Hələ evlənməmişəm. Qız axtarıram.

- Azərbaycanlı qızlar arasında?  

- Hə, hə (gülümsəyir). Azərbaycan mentaliteti mənə yaxındır. Ona görə də fikirləşirəm ki, yerli qızlardan biri ilə evlənim. Görək, necə alınacaq. Hələ heç kimi bəyənə bilməmişəm, bütün vaxtımı idmana, məşqlərə sərf edirəm. Olimpiadadan sonra bu barədə ciddi fikirləşəcəm.

- Koronavirusa yoluxmuşdunuz, necə keçirdiniz xəstəliyi?

- Çox pis. Ağciyərlərimin 55%-i zədələnmişdi. Bir ay xəstəxanada oksigen balonu ilə yaşadım, iki həftədən çox qızdırmam oldu, qırx dərəcəyə yaxın. Həddən artıq arıqladım, uzun müddət də özümə gəlməyə çalışdım. Uşaq kimi təzədən yeriməyi öyrəndim. Allaha şükür, qayıda bildim, “Böyük dəbilqə”də də qazandım.

19
Teqlər:
müsahibə, idman, cüdo
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub

AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub - FOTO

14
UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsi təklifini irəli sürmüş şəxsin şərəfinə "Anri Delone kuboku" da adlandırılan bu kubok turnirin final oyununda qalib gələn komandaya təqdim olunacaq.

 

BAKI, 7 may — Sputnik. Bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək AVRO-2020-nin Kubok turu çərçivəsində Avropa çempionatının kuboku Bakıya gətirilib.

Sputnik Azərbaycan xəbər verir ki, mayın 7-dən 9-dək Bakıda nümayiş olunacaq Avropa çempionatının kuboku Prezident İlham Əliyevə təqdim edilib.

© Official website of President of Azerbaijan Republic
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub

UEFA-nın ilk baş katibi olmuş, Avropa çempionatının keçirilməsi təklifini irəli sürmüş şəxsin şərəfinə "Anri Delone kuboku" da adlandırılan bu kubok turnirin final oyununda qalib gələn komandaya təqdim olunacaq. Kubok Bakıdan sonra Danimarkanın paytaxtı Kopenhagenə aparılacaq.

Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunacaq. A qrupunun 3 oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

14
Teqlər:
İlham Əliyev, kubok, AVRO-2020
Laurel Habbard, arxiv şəkli

Transgenderlər Olimpiya oyunlarına ayaq aça bilərlər

11
(Yenilənib 08:18 07.05.2021)
Laurel Habbard 12 il əvvəl əməliyyat etdirərək cinsini dəyişdirib və kişiliklə vidalaşaraq zərif cinsin nümayəndəsinə çevrilib. İdmançı beynəlxalq yarışlarda iki qızıl və bir gümüş medala sahib olub.

BAKI, 7 may — Sputnik. Yeni Zelandiyalı ağır atlet Laurel Habbard Olimpiya oyunları tarixində yarışlarda iştirak edəcək ilk transgender (cinsini dəyişmiş insan) ola bilər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, 43 yaşlı, əvvəllər kişi olmuş Habbard hələ Yeni Zelandiya yığmasına rəsmən daxil edilməyib. Lakin buna rəğmən Beynəlxalq Olimpiya Komitəsi (BOK) yarışlarda iştiraka dair qaydalara dəyişikliklər etdikdən sonra idmançının super-ağır çəki kateqoriyasında yarışlarda iştirakı məsələsi demək olar ki, həll olunub.

"The Guardian" məcmuəsi yazır ki, BOK hətta yumurtalıqların kəsilib götürülməsi əməliyyatı etmədən də cinsini dəyişdirən idmançılara yarışlarda iştirak etməyə icazə verib. Bunu üçün şərt olaraq son on iki ay ərzində testesteron miqdarının bir litrdə 10 nanomol həddini keçməməsidir.

Xatırladaq ki, 2019-cu ildə Habbard bir sıra ictimai təşkilatların qınaq obyektinə çevrilib. Qeyd olunub ki, hazırda faktiki qadın olmağına baxmayaraq, o kişilərə aid olan "fiziki üstünlüklərdən" istifadə edir.

Qeyd edək ki, Habbard 12 il əvvəl əməliyyat etdirərək cinsini dəyişdirib və kişiliklə vidalaşaraq zərif cinsin nümayəndəsinə çevrilib. İdmançı bundan əvvəl də ağır atletika ilə məşğul olub və beynəlxalq yarışlarda iki qızıl və bir gümüş medala sahib olub.

11
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-19: bütün pis göstəricilərdə azalma var

0
İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib.

BAKI, 7 may - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada 722 yeni yoluxma faktı qeydə alınıb, 1854 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib. 17 897 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 686, bu günə qədər isə ümumilikdə 3 311 267 test icra olunub.

0
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər