Azərbaycanlı xokkeyçi Daniyal Caniyev

Daniyal Caniyev: "ABŞ yığmasında oynamaq üçün evdən gedəndə 15 yaşım var idi"

539
(Yenilənib 16:35 29.03.2021)
Gənc idmançı Daniyal Caniyev yaxın gələcəkdə ən güclü hokkey liqası olan MHL-də gücünü sınayacaq Azərbaycan mənşəli ilk şəxs ola bilər.

BAKI, 29 mart — Sputnik, Teymur Tuşiyev. Azərbaycanda qış idman növlərinin, konkret olaraq buzüstü hokkeyin inkişaf etdirilməsinə bir neçə dəfə cəhd edilib. Lakin təəssüf ki, məsələ bu idman növünün bəzi pərəstişkarlarının istəyindən o tərəfə keçməyib. Buna baxmayaraq, ABŞ-da yaşayan Azərbaycan mənşəli Daniyal Caniyev sadəcə olaraq buzüstü hokkeylə məşğul olmur. O, yaxın gələcəkdə bu idman növü üzrə ən nüfuzlu çempionat olan Milli Hokkey Liqasında (MHL) oynamaq məqsədini qarşıya qoyub.

Sputnik Azərbaycan-a müsahibəsində Caniyev hokkeylə necə məşğul olmağa başladığı, hədəfləri və Azərbaycanda bu istiqamətdə cəhdlər olacağı təqdirdə ölkəmizdə bu idman növünün inkişaf etdirilməsinə yardım etmək istəyi barədə danışıb.

- Özünüz haqda bir neçə kəlmə danışın.

- Mən 2002-ci ildə Nyu-Yorkda doğulmuşam. Mənim atam milliyyətcə avardır, Azərbaycanın Balakən şəhərindəndir. Anam isə Rusiyadandır. Valideynlərim 1994-cü ildə ABŞ-a köçüblər. Mənim iki yaşım olanda atam məni özü ilə MHL çərçivəsində keçirilən oyuna aparmışdı. Həmin oyun məndə o qədər güclü təəssürat yaratdı ki, o zamandan həmişə hokkey oynamaq arzusunda idim.

İlk dəfə dörd yaşım olanda ayağıma konki geyinmişəm. Bilavasitə hokkeyi isə beş yaşımda oynamağa başlamışam. Oynadığım ilk komanda təlim bazası Nyu-Yorkda, evimizin yaxınlığında yerləşən "Bruklin Aviator" klubu olub. Hazırda mən bazası elə yaşadığım Ayovada yerləşən "Dubyuk Faytinq Saynz" klubunda oynayıram. Valideynlərim Nyu-Yorkda qalıblar.

- 18 yaşında valideynlərdən ayrı yaşamaq çətin deyil ki?

- Xeyr. Belə ki, mən hələ iki il əvvəl Miçiqanda yeniyetmələrdən ibarət ABŞ yığmasında oynayırdım və artıq o zaman ayrı yaşamağa öyrəşmişdim. ABŞ yığmasında oynamaq üçün evdən ilk dəfə gedəndə mənim 15 yaşım var idi. İlk bir neçə ay çətin oldu, sonra isə müstəqil həyata öyrəşdim.

© Courtesy of Danial Dzhaniyev
Azərbaycanlı xokkeyçi Daniyal Caniyev

- Yeməyi özünüz bişirirsiniz?

- Xeyr. Məsələ bundadır ki, mən komandamızın nümayəndələrindən birinin ailəsində yaşayıram. Gənc idmançıların digər ailələrdə müvəqqəti sığınacaq tapması ABŞ-da yeniyetmə xokkeyi sahəsində qəbul olunmuş haldır.

- Hazırkı mövsümdə işləriniz necədir?

- Hazırda komandanın turnir vəziyyəti o qədər də yaxşı deyil. Biz cədvəldə 11-ci yerdəyik. Lakin düşünürəm ki, mövsümün ikinci yarısında işlər daha yaxşı gedəcək. Bu mövsümdə 30-a qədər oyunda oynamışam, 11 qol vurub, 10 məhsuldar ötürmə etmişəm. Ən yaxşı mövsümüm "Nyu Cersi Titanları" klubunda olub. Bu, dörd il əvvəl, mən hələ gənc olanda idi.

- Yəni hazırda, cəmi 18 yaşınız var ikən siz artıq gənc deyilsiniz?

- (Gülümsəyir) Artıq gənc olmadığımı deyə bilmərəm. Hər halda, ən azı, müasir hokkey üçün hələ gəncəm.

- Qarşınıza hansı məqsədləri qoymusunuz?

- Hazırda mən ABŞ-da gənclər üçün ən yaxşı çempionat hesab olunan USHL gənclər liqasında oynayıram. Əsas hədəfim isə MHL-ə düşməkdir. Lakin bunun üçün ən azı bir-iki il universitet liqasında oynamaq lazımdır. Mən artıq Peyn Steyt Universitetinin komandası ilə müqavilə imzalamışam və gələn ildən artıq bu klubun şərəfini qoruyacağam.

© Courtesy of Danial Dzhaniyev
Azərbaycanlı xokkeyçi Daniyal Caniyev

- MHL-in hansı klubunda oynamaq istərdiniz?

- Bilirsinizmi, istənilən komandasında. Əsas ora düşməkdir. Amma "Nyu-York Reyncers"ə, evimizə daha yaxın düşmək daha yaxşı olardı (gülür). Həm də bu, böyük tarixi olan çox yaxşı bir komandadır.

- Yeri gəlmişkən, siz rus dilində çox yaxşı danışırsınız.

- Evdə əsasən rus dilində danışırıq, atam ilə isə avar dilində danışıram. Azərbaycan dilini, təəssüf ki, bilmirəm. Avar dilində isə demək olar ki, elə anadan olandan danışıram. Bizim doğma Qabaqçöl qəsəbəsində (Balakən rayonu – red.) hamı avar dilində danışır. Buna görə də qohumlarımla danışa bilmək üçün mən avar dilini bilməli idim.

Mən hər il yayda Azərbaycana gəlməyə çalışıram. Lakin Bakıda mən nadir hallarda oluram. Çünki dərhal evə, qohumlarımı, nənəmi görmək üçün Qabaqçöl kəndinə gedirəm.

- Yəqin ki, Qabaqçöldə həyat sizin ABŞ-da öyrəşdiyiniz həyatdan çox fərqlənir?

- Əlbəttə. Sanki başqa bir aləmə düşürsən. Lakin mənim kəndimizdən xoşum gəlir. Mənim bütün ailəm, qohumlarım oradadırlar. Ora çox sakitlikdir.

- Azərbaycanda baş verən hadisələri diqqətdə saxlayırsınızmı?

- Əlbəttə, Qarabağda baş verən hadisələri diqqətdə saxlayırdım. Çox narahat idim. Çünki mənim qohumlarım da Azərbaycan torpaqlarının azad olunması uğrunda döyüşlərdə iştirak edirdilər.

© Courtesy of Danial Dzhaniyev
Azərbaycanlı xokkeyçi Daniyal Caniyev

- Azərbaycanda buzüstü hokkeyi inkişaf etdirməyə başlasalar, bu prosesdə iştirak edərsinizmi?

- Çox istərdim ki, Azərbaycanda gənc oğlanlar hokkey oynamağa başlasınlar. Mən məmnuniyyətlə bu idman növünün inkişafına kömək edər, master-klasslar keçirərdim. Azərbaycan yığmasında oynamağa gəldikdə isə, bu, çətin alınar. Çünki mənim ABŞ yığması ilə müqaviləm var.

- Yeri gəlmişkən, sizin komanda yoldaşınız, qazaxıstanlı hokkeyçi Andrey Buyalski sizin haqqınızda çox müsbət fikirlər səsləndirmiş və onun ABŞ-da mühitə uyğunlaşmağına məhz sizin kömək etdiyinizi bildirmişdi.

- Bəli, mən Andreyə kömək etməyə çalışıram. O, ABŞ-a bu yaxınlarda köçüb və hətta ingilis dilini də bilmirdi. MDB-dən olan gəncə kömək etmək lazım idi. Çalışırıq ki, birlikdə olaq.

539
Nəriman Abbasov, arxiv şəkli

Nəriman Abbasov ikinci dəfə "Fight Nights" çempionluq kəmərini müdafiə edib

11
Azərbaycanlı Nəriman Abbasovla rusiyalı Şamil Amirov arasında görüş üçüncü raundda başa çatıbAzərbaycanlı Nəriman Abbasovla rusiyalı Şamil Amirov arasında görüş üçüncü raundda başa çatıb

BAKI, 12 aprel — Sputnik, Teymur Tuşiyev. Qarışıq əlbəyaxa döyüşlər üzrə həmyerlimiz Nəriman Abbasov Moskvada yüngül çəkidə (70,3 kq) "AMC Fight Nights" çempionluq kəmərini müdafiə edib. Sputnik Azərbaycan xəbər verir ki, rusiyalı idmançı Şamil Amirov üzərində texniki nokautla qələbə qazanan həmyerlimiz artıq eyni titulu ikinci dəfədir ki müdafiə edir.

Qeyd edək ki, görüşün ilk iki raundunda idmançımız çətinlik çəkib. Çünki sərbəst güləş üzrə keçmiş Avropa çempionu olmuş Amirov görüş ərzində dəfələrlə mübarizəni döşək üzərinə keçirməyə cəhd edib.

Abbasov isə zərbə fəndlərinə daha çox üstünlük verdiyi üçün rəqibini daim ayaq üstə məsafədə saxlamağa çalışıb.

İkinci raundda parterdə olduğu halda rəqibinə zərbə endirməyə imkan tapmış Abbasov daha sonra üstə çıxaraq onu zərbə atəşinə tutub. Bu raundda rusiyalı idmançını xilas edən raundun bitməsi haqqında zəngin səsi olub.

Görüşün üçüncü hissəsində isə Abbasov demək olar ki, artıq müqavimət göstərməyən rəqibini şapalaqlamaqda davam edib. Raundun ortalarında Amirovun köməkçiləri yetirmələrinin məğlubiyyətini qəbul edərək rinqə dəsmal tullayıblar.

Qeyd edək ki, Abbasovun çempionluğun müdafiəsi uğrunda ilk görüşü ötən ilin sentyabrında olub. Həmin qarşılaşmada həmyerlimiz digər rusiyalı Mixail Qoqitidzeni məğlub edib. Çempionluq kəmərini isə Abbaasov 2019-cu ildə qazaxıstanlı idmançı Kaut Xamidov üzərində xal hesabı ilə qələbədən sonra qazanıb.

11
Rafael Ağayev

Rafael Ağayev əzizini itirdi

46
(Yenilənib 17:07 10.04.2021)
Beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev ən əziz adamını ağır sürən xəstəlikdən itirib.

BAKI, 10 aprel - Sputnik. Karate üzrə beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayevə ağır itki üz verib. Onun anası Ümnisə xanım bu gün dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, xəbəri oxu.az yayıb.

Qeyd edək ki, Rafael Ağayevin anası xərçəng xəstəliyindən əziyyət çəkirdi.

46
Teqlər:
vəfat, ana, Rafael Ağayev

Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib - VİDEO

0
Hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edirlər.

BAKI, 13 aprel - Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən, sülhməramlı bölmələrdə təlim məşqləri keçirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə keçirilən məşqlərdə hərbi qulluqçuların döyüş, mənəvi-psixoloji, fiziki, tibbi və xüsusi hazırlığı yoxlanılıb.

Qeyd edək ki, hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edirlər.

0
Teqlər:
video, təlim, sülhməramlılar, Azərbaycan Müdafiə Nazirliyi