Teymurla Şəhriyara uduzan Aronyanın etirafları: "Çağırırlar, sonra özləri gəlmirlər"

38
Ermənistan millisinin tərkibində üçqat olimpiya çempionu olan Aronyan "şahmata səriştəsiz dövlət xadimlərinin müdaxiləsi və dövlət tərəfindən şahmata dəstəyin dayandırılması" səbəbindən ABŞ-a köçmək istəyir

BAKI, 14 mart - Sputnik. Ermənistanlı şahmat ustası Levon Aronyan dövlətin ona qarşı laqeyd münasibətindən bezərək ABŞ-a köçməyə qərar verib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə o, LevitovChess YouTube- kanalına müsahibəsində deyib. 

"Öz potensialımdan istifadə etməyə çalışmalıyam, ancaq son vaxtlar özümə qarşı, təəssüf ki, laqeydlik görürəm. Prinsipcə, dövlət həmişə mənə kömək edib. Kömək eləməyəndə də, heç olmasa, hörmət göstərirdilər. Mənim sahəmdə nəyinsə qaydasında olmadığını görəndə nəyisə dəyişməyə çalışıram. Burada isə hər dəfə təşəbbüs irəli sürdükcə mənə eyham vururdular ki, mənim rəyimin dəyəri yoxdur", - Aronyan deyib. 

Şahmatçı deyib ki, siyasətçi biri deyil, ona isə həmişə elə münasibət göstərilib ki, guya daim nəsə istəyir. Ancaq onun sözlərinə görə, yalnız şahmat və şahmat dünyasının maraqlarını təmsil edib, maliyyə dəstəyinə can atmayıb.

"Əlbəttə, iş pulda deyil. Ondadır ki, daim səni troll edirlər. Deyək ki, hansısa görüşə çağırırlar, özləri isə gəlmirlər, mənim dediklərimi isə keçmiş hökumətin favoritinin fikirləri kimi qəbul edirlər. Yəni mənim dediklərim bu halda düz olmaya bilər, çünki guya mən kiminsə maraqlarını təmsil edirəm. Amma mən öz sahəmin peşəkar maraqlarını təmsil edirəm", - Levon şikayətlənib.

Şahmatçının fikrincə, xaricə köçməyi potensialını reallaşdırmağa imkan verəcək: "Daim özümü şahmata verən insanam. Ona görə də mənə hörmətlə yanaşmalarını istəyirəm, indi isə bunu görmürəm".

Ancaq Ermənistanı tərk etməyin onun üçün ağır olduğunu deyir: "Öz ölkəndə yaşayıb doğma dilində danışmaqdan böyük zövq yoxdur". 

Qeyd edək ki, Ermənistan millisinin tərkibində üçqat olimpiya çempionu olan Aronyan "şahmata səriştəsiz dövlət xadimlərinin müdaxiləsi və dövlət tərəfindən şahmata dəstəyin dayandırılması" səbəbindən ABŞ-a köçmək istədiyini deyib.

Bu il yanvarın 3-də azərbaycanlı qrossmeyster Teymur Rəcəbovla Aronyan “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin həlledici görüşündə üz-üzə gəlmişdilər. Azərbaycan təmsilçisi 2:1 (0,5:0,5; 1:0; 0,5:0,5) hesabı ilə qələbə qazanmışdı. Martın 13-də isə Aronyan dünya çempionu norveçli Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovla görüşüb və ağ fiqurlarla oynamasına rəğmən, mat edilib.

 

38
Teqlər:
şahmat, Ermənistan
MMA döyüşləri, arxiv şəkli

Kosmosda qaydasız döyüş

7
(Yenilənib 00:15 06.05.2021)
Əvvəlcə 40 nəfər MMA döyüşçüsü arasında sərt seçimdən sonra ən yaxşı səkkiz döyüşçü seçiləcək. Sonda isə final döyüşünün iştirakçıları kosmosa göndəriləcəklər və həlledici döyüş də elə orada baş tutacaq.

BAKI, 6 may — Sputnik. İtaliyalı prodüser Andrea Yervolino qarışıq döyüş növləri üzrə (MMA) kosmosda turnirin keçirilməsi planlarını açıqlayıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, açıq kosmosda yarış keçirmək niyyətində olan "Space 11" şirkətinin banisi Yervolino çəkisizlik şəraitində döyüşləri "Galactic Combat" realiti-şousu çərçivəsində keçirməyi planlaşdırır.

Layihə müəllifinin fikrincə, əvvəlcə 40 nəfər MMA döyüşçüsü arasında sərt seçimdən sonra ən yaxşı səkkiz döyüşçü seçiləcək. Sonda isə final döyüşünün iştirakçıları kosmosa göndəriləcəklər və həlledici döyüş də elə orada baş tutacaq.

"Bu, sadəcə şou olmayacaq, yeni idman növü olacaq – kosmosda döyüşlər. Biz bütün dünyada olan MMA fanatlarını birləşdirmək və daha geniş konsepsiya təklif etmək istəyirik", - deyə Yervolino bildirib.

İtaliyalı prodüser layihə üzərində işlərə UFC-də döyüşləri ilə məşhur olan keçmiş MMA döyüşçüsü Con Luisi də cəlb edib. Şou artıq 2023-cü ildə efirlərə çıxa bilər.

7
Teqlər:
kosmos, UFC, MMA
Məhəmmədəliyev Şahruddin, arxiv şəkli

"Qarabağ"ın bəxtsiz qapıçısı: indi qolunu sındırdı

11
(Yenilənib 21:08 05.05.2021)
Yaxın günlərdə Ağdam klubunun qapıçısı əməliyyat olunacaq, mümkündür ki, o, iki ay müddətinə meydana çıxa bilməsin.

BAKI, 5 may – Sputnik, Teymur Tuşiyev. Ağdamın “Qarabağ” klubunun qolkiperi Şahruddin Məhəmmədəliyev başından aldığı zədədən özünə gəlməmiş qolunu sındırıb.

Sputnik Azərbaycan bildirir ki, Məhəmmədəliyev Azərbaycan Premyer Liqasının 25-ci turunda “Zirə” ilə oyunda (1:1) zədələnib və matçın 22-ci dəqiqəsində əvəzlənib.

Qolkiperin sağ əli sınıb və ona gips qoyulub. Yaxın günlərdə əməliyyat olunacaq.

Xatırladaq ki, bu yaxınlarda, aprelin 16-da, Premyer Liqanın 23-cü turunda “Səbail”lə oyunda (1:1) qarşı tərəfin oyunçusu Amil Yunanovla toqquşan Şahruddin huşunu itirmişdi.

Sonra qolkiper xatırlayırdı ki, özünə gələndə ilk hiss etdiyi üzündəki qan olub, toqquşma anı isə yadında deyil.

Təxmin edilirdi ki, Məhəmmədəliyev təxminən 1 ay oynamayacaq, ancaq o, təkcə 24-cü tura çıxmadı, onu Emil Balayev əvəzlədi. Aprelin 29-da isə Azərbaycan Kubokunda yarımfinalın cavab görüşündə “Sumqayıt”la oyunda “Qarabağ”ın qapısını Şahruddin qoruyurdu.

İndi isə qapıçının təxminən iki ay meydana çıxa bilməyəcəyi güman edilir.

Ancaq futbolçunun oynamaq həvəsini nəzərə aldıqda deyə bilərik ki, o daha tez sağala bilər.

Məhəmmədəliyev Türkiyə (27 may), Belarus (2 iyun), Moldova (6 iyun) ilə yoldaşlıq görüşlərini buraxa bilər.

Yeri gəlmişkən, qolunu zədələdiyi oyun Məhəmmədəliyev üçün yubiley  - Ağdam klubunun heyətində 50-ci matç idi. Oyunun nəticələrinə görə, o, klubun 50 və daha çox oyun keçirmiş qapıçılarının beşliyinə düşüb.

Şahruddin “Qarabağ”da 2015/16 mövsümündən oynayır və indiyədək qapısından 27 qol buraxıb.

11
Teqlər:
zədə, qapıçı, "Qarabağ" FK, futbolçu
Şəhid dəfni, arxiv şəkli

"Vətən Müharibəsi Qəhrəmanı"nın tabutu hərbi ehtiram zamanı Dövlət bayrağı ilə örtüləcək

0
(Yenilənib 16:20 06.05.2021)
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə dəyişiklik təklif edilir. Tabutu hərbi ehtiram göstərilməsi zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı ilə örtülən şəxslərin əhatə dairəsi genişləndirilir.

BAKI, 6 may — Sputnik. "Vətən Müharibəsi Qəhrəmanı"nın tabutu hərbi ehtiram göstərilməsi zamanı Dövlət bayrağı ilə örtüləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə dəyişiklik təklif edilir.

Təklif edilən dəyişikliyə əsasən, tabutu hərbi ehtiram göstərilməsi zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı ilə örtülən şəxslərin əhatə dairəsi genişləndirilir. Layihəyə əsasən, "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, "Zəfər" və "Qarabağ" ordeni ilə təltif edilmiş şəxslər bu sıraya daxil edilir.

Bundan başqa, dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin əhatə dairəsi genişləndirilir. Bununla əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə dəyişiklik təklif edilir.

Layihəyə əsasən, "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, Zəfər və Qarabağ ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstəriləcək.

0