CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan millisi Monteneqroya qələbə qazandırdı

© REUTERS / STEVO VASILJEVICUEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Monteneqro - Azərbaycan oyunu
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Monteneqro - Azərbaycan oyunu - Sputnik Azərbaycan
Abunə olmaq
Podqoritsa şəhər stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

BAKI, 10 oktyabr — Sputnik. Azərbaycan yığması UEFA Millətlər Liqasında IV tur matçına çıxıb.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, millimizin rəqibi Monteneqro millisi olub. Podqoritsa şəhər stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu kapitan Stevan Yovetiç 9-cu dəqiqədə vurub.

Azərbaycan yığması bu oyuna da 5 müdafiəçi ilə çıxıb. Qapıçı Emil Balayevin önündə soldan sağa doğru Abbas Hüseynov, Anton Krivotsyuk, Bədavi Hüseynov, Bəhlul Mustafazadə və kapitan Maksim Medvedev yer alıb.

Yarımmüdafiədə Qara Qarayev, Elvin Camalov və Namik Ələskərov qərarlaşıbsa, debüt edən mərkəz hücumçusu Əli Qurbaniyə onun "Sumqayıt"dakı komanda yoldaşı Rəhim Sadıxov dəstək olub.

Görüş kifayət qədər sönük məcrada keçib. Xüsusən passiv təsir bağışlayan Azərbaycan millisi qapısında erkən qol görüb. 9-cu dəqiqədə Bəhlul Mustafazədə riskə yol vermədən topu qapı xəttindən çıxarıb. Künc zərbəsindən sonra Yovetiç qapı qarşısına qaldırılmış topa başla dəqiq zərbə endirib.

Qonaq komanda ilk yarıda rəqib qapısı qarşısında cəmi iki təhlükəli vəziyyət yarada bilib. İlk epizodda Medvedevin topu vurarkən, ayağından zərbə alaraq, zədələnib. Epizodun davamında topu qəbul edən Qara Qarayev onu qapının yanından vurub. Ən real qol epizodunu isə 40-cı dəqiqədə cinah asmasından sonra Əli Qurbani boşa verib. Qurbaninin baş zərbəsi qapıdan aralı keçib.

İkinci hissəyə baş məşqçi Canni De Byazi əvəzləmə ilə başlayıb. Medvedev kapitan sarğısını Qarayevə, yerini isə Azər Salahlıya verib. 60-cı dəqiqədə isə daha 3 əvəzləmə gerçəkləşib. Qurbanini Ramil Şeydayev, Sadıxovu Rəhman Hacıyev, Qarayevi isə Coşqun Diniyev əvəzləyib. Kapitan sarğısı isə ilk yarıda sarı vərəqə alaraq, Kiprlə qarşıdakı görüş üçün cəzalı duruma düşən Bədavi Hüseynova keçib.

Bu dəyişikliklərdən sonra Azərbaycan millisi qısa müddətli də olsa, fəallaşıb və sürətli hücumlara cəhdlər edib. Lakin qısa müddət sonra Monteneqro yığması oyuna nəzarəti özünə qaytarıb. 71-ci dəqiqədə cəmi 30 saniyə əvvəl meydana daxil olmuş "Zirə"nin sabiq legioneri İqor İvanoviç əvvəlcə Mustafazadənin müdafiədə, sonra isə Balayevin qapıda səhvlərindən sonra fərqlənib.

Bununla da qonaq komandanın müqavimət qüvvəsi tükənib. Meydan sahibləri isə ardıcıl 3-cü matçında qol buraxmadan qələbə qazanaraq, xalını 9-a çatdırıb və inamla liderliyini davam etdirib. C Liqasında 1-ci qrupun digər matçında isə Lüksemburq Kiprə eyni hesabla qalib gələrək, 6 xalla ikinci pillədə qərarlaşıb. Azərbaycan 3 xalla 3-cü yerdə gedirsə, xalı olmayan Kipr sonuncudur.

Xəbər lenti
0