MDB bayraqları

Azərbaycan idmançıları MDB ölkələrinin Oyunlarında çıxış edə bilməyəcəklər

61
(Yenilənib 14:41 02.09.2020)
Koronavirusa görə iki dəfə vaxtı dəyişdirilən Birinci MDB ölkələri Oyunlarının təşkilatçıları bu il yarışı keçirmək ideyasından tamamilə imtina etməli olublar.

BAKI, 2 sentyabr — Sputnik, Teymur Tuşiyev. Bu il Kazanda keçirilməsi planlaşdırılan Birinci MDB ölkələri Oyunlarında Azərbaycan idmançıları iştirak etməyəcəklər. Bu barədə Sputnik Azərbaycan-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bunun səbəbi MDB ölkələrində koronavirus pandemiyası ətrafında yaranmış çətin vəziyyətə görə yarışların ləğv olunmasıdır. Birlik Oyunları əvvəl bu ilin avqustunda Kazanda keçirilməli idi. Sonra onun vaxtı iki dəfə dəyişdirildi - əvvəlcə sentyabra, sonra isə oktyabra köçürüldü. İndi isə təşkilatçılar bu il ümumiyyətlə MDB ölkələri Oyunlarını keçirməmək qərarına gəliblər.

Gənclər və İdman Nazirliyindən bildiriblər ki, Oyunlar gələn il keçiriləcək. Lakin onların dəqiq keçirilmə tarixi hələlik açıqlanmır.

MDB ölkələri Oyunlarında doqquz ölkədən, təxminən, 2,5 min idmançı iştirak etməli idi. Onların 284 dəst medal qazanması nəzərdə tutulmuşdu.

Oyunların proqramına armrestlinq, badminton, 3х3 basketbol, boks, kəmər uğrunda mübarizə və güləş su polosu, çimərlik voleybolu, idman güləşi, girev idmanı (daşoynatma), cüdo, karate, mas-restlinq, stolüstü tennis, üzgüçülük, sambo, tay boksu, rəqs idmanı, qılıncoynatma, futzal, bədii gimnastika və şahmat üzrə yarışlar daxildir.

61

"Qarabağ" "Neftçiyə uduzdu

26
(Yenilənib 23:40 20.09.2020)
Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

BAKI, 20 sentyabr — Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Turun son oyununda "Qarabağ" "Azərsun Arena"da "Neftçi"bu qəbul edib. Azərbaycan derbisi qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 10-cu dəqiqədə Ağdam klubunun hücumçusu Kvabena Ovusu açıb. Cəmi 2 dəqiqə sonra "Neftçi" Voislav Stankoviçin qolu ilə tarazlığı bərpa edib. Qol zamanı "Qarabağ"ın qapıçısı Emil Balayevin kobud səhvi diqqət çəkib. Komandalar fasiləyə bu hesabla yollanıblar - 1:1.

İkinci hissədə "ağ-qaralar" daha bir qol vurublar. 68-ci dəqiqədə Balayevlə üzbəüz dueldən qalib ayrılan Namiq Ələsgərov topu boş qapıya göndərib və yekun hesabı müəyyənləşdirib.

Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

Qeyd edək ki, tura sentyabrın 19-da start verilib. "Qəbələ" evdə "Keşlə" ilə qolsuz heç-heçə edib. "Sumqayıt" doğma meydanda "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. Bu gün isə "Sabah" səfərdə "Zirə"ni yenib - 2:0.

26
Teqlər:
Futbol üzrə Azərbaycan Premyer Liqası, "Neftçi" Futbol Klubu, "Neftçi", "Qarabağ" futbol klubu, "Qarabağ" komandası, "Qarabağ

Lənkəranda “Polad Kuboku” mini-futbol turniri keçirilir

199
(Yenilənib 15:41 20.09.2020)
Turnirin əsas məqsədi Tovuz döyüşlərində Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək və eyni zamanda milli vətənpərvərlik ruhunda olan gəncləri bir araya yığmaqdır.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr - Sputnik. Lənkəranda Tovuz döyüşləri zamanı şəhid olanların xatirəsinə həsr olunan “Polad Kuboku” Mini Futbol Çempionatı keçirilir. Çempionatın təşkilatçısı Rəşad Abbaszadənin Sputnik Azərbaycan-a bildirdiyinə əsasən, turnirdə iştirak üçün 16 komanda nəzərdə tutulsa da, bu haqda elan paylaşılan gün çempionata qatılmaq üçün 24 komanda müraciət edib.

“Biz ilk müraciət edən 16 komandanı seçdik və hər qrupda 4 komanda olmaq şərtilə komandaları 4 qrupa böldük. Çempionata 10 sentyabr tarixindən start verdik və hər gün 2 oyun olmaqla bir qrupun oyunları keçirilir. Oyunların qrafiki hava şəraitinə görə uyğunlaşdırılır. Final mərhələsini 28 sentyabr - 3 oktyabr aralığında keçiməyi planlaşdırırıq. Hava şəraitinindən asılı olaraq təqvimi dəyişə bilərik.

  • Polad Kuboku, Lənkəran
    © Sputnik / Rahim Murad
  • Polad Kuboku, Lənkəran
    © Sputnik / Rahim Murad
  • Polad Kuboku, Lənkəran
    © Sputnik / Rahim Murad
  • Polad Kuboku, Lənkəran
    © Sputnik / Rahim Murad
  • Polad Kuboku, Lənkəran
    © Sputnik / Rahim Murad
1 / 5
© Sputnik / Rahim Murad
Polad Kuboku, Lənkəran

“Polad Kuboku” Mini Futbol Çempionatı “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin tərəfdaşlığı və Lənkəran şəhərində fəaliyyət göstərən özəl təhsil kurslarından birinin təşkilatçılığı ilə həyata keçirilir və turnirə bir neçə şirkətlər sponsor kimi dəstək olublar. Turnirin əsas məqsədi Tovuz döyüşlərində Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək və eyni zamanda milli vətənpərvərlik ruhunda olan gəncləri bir araya yığmaqdır. Turnir canlı olaraq internet üzərindən yayımlanır. Bütün komandalar formalarla təmin olunub, onlardan bəzilərinin üzvləri isə əvvəllər peşəkar futbolla məşğul olublar. Qalib komanda kubok və medalla təltif ediləcək, təşkilatçilar və sponsorlar tərəfindən onlara hədiyyələr təqdim ediləcək. Növbəti yarışlara dövlət tərəfindən dəstək almaq istəyirik”.

Rəşad Abbaszadə onu də əlavə etdi ki, çempionat uğurlu keçəcəyi halda Lənkəranda həm Peşəkar, həm də Həvəskar Mini Futbol Çempionatını başlatmağı düşünürlər.

199

Baş nazir izafi xərcləri tənqid etdi: Lüzumsuz ezamiyyə xərcləri, ştatlar azaldılmalıdır"

0
Baş Nazir: "Bir çox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirilir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir".

 

BAKI, 23 sentyabr — Sputnik. Büdcə təşkilatları tərəfindən cari xərclərdən səmərəli, düzgün istiqamətdə və qənaətcil istifadə olunmalıdır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Baş Nazir Əli Əsədov Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş iclasında deyib.

Baş Nazir xərclərin səmərəliliyi və qənaətin vacibliyini vurğulayaraq deyib ki, bir çox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirilir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir.

Baş nazirin sözlərinə görə, büdcə alışlarında bir qayda olaraq idxala üstünlük verilir. Aidiyyəti orqanlar tərəfindən büdcə təşkilatlarında cari xərclərin effektiv istifadəsinə nəzarət daha da gücləndirilməlidir.

Qeyd edk ki, bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, iclasda Baş Nazir Əli Əsədov bildirib ki, pandemiya nəticəsində "qlobal məcmu tələbin azalması, dünya bazarlarında neftin qiymət volatilliyinin yüksəlməsi, həmçinin məhdudlaşdırıcı tədbirlərin tətbiqi bütün dünya ölkələrində olduğu kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməmişdir və nəticədə ölkəmizdə də iqtisadi fəallığın azalması müşahidə olunmuşdur".

Əli Əsədov həmçinin qeyd edib ki, prioritet olmayan tədbirlərin keçirilməsinə üstünlük verilməməli, bu istiqamətdə xərclər optimallaşdırılmalı, o cümlədən lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır.

Növbəti ilin dövlət büdcəsində əsaslı xərclər çox önəmli əhəmiyyət kəsb edir. Təbii ki, investisiya xərcləri iqtisadi artıma, məşğulluğa müsbət təsir edir. Lakin, investisiya proqramlarının şəffaflığının, iqtisadi səmərəsinin və gəlirliliyinin yüksəldilməsi olduqca vacibdir. Qeyri-prioritet təşkil edən investisiya layihələri ixtisar olunmalı və ayrılmış vəsaitlər qənaətlə istifadə edilməlidır".

Baş Nazir daha sonra diqqəti Prezident İlham Əliyevin dövlət şirkətlərinin fəaliyyətinin səmərəliliyini artırılması haqda tapşırığına cəlb edib: "Cənab Prezident avqustun 6-da keçirdiyi videomüşavirədə dövlət şirkətlərində idarəetmənin təkmilləşdirilməsini, dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsinə baxmayaraq onların fəaliyyətinin səmərəli olmadığını, əksər dövlət şirkətlərinin maliyyə vəziyyətinin ağır olduğunu, borclanma yükünün artdığını və bu sahədə nəzarət funksiyasının kifayət qədər effektiv olmadığını bildirib.

Qeyd olunan problemlərin həlli məqsədilə cənab Prezidentin 7 avqust tarixli Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradılmışdır və bu qurumun qarşısında çox vacib və ciddi tapşırıqlar qoyulub".

Qeyd olunub ki, ölkənin hərbi potensialının və ordu quruculuğunun daha da gücləndirilməsi istiqamətində növbəti ilin büdcəsində də ciddi artım nəzərə alınmışdır və ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması növbəti büdcə ilində də öz prioritetliyini saxlayacaq.

Baş Nazir qeyd edib ki, cənab Prezidentin rəhbərliyi altında ortamüddətli perspektivdə, o cümlədən 2021-ci ildə də Hökumət qarşısında qoyulan bütün tapşırıqlar vaxtında və bütövlükdə icra olunacaq.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə nazirinin müavini Azər Bayramov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxış edərək büdcə layihəsi haqda fikirlərini bildiriblər.

Sonda Nazirlər Kabineti xüsusi Qərarla "Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nin bəyənilməsi və layihələrin və "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi haqda Qərar qəbul edilib.

0
Teqlər:
Prezident İlham Əliyev, büdcə, baş nazir, Əli Əsədov