Məhəmmədrəsul Məcidov, arxiv şəkli

Azərbaycanlı idmançı dünya boksunun əfsanəsini döyüşə çağırır

1273
(Yenilənib 17:21 09.08.2020)
Azərbaycanlı peşəkar boksçu hazırkı dünya çempionu Entoni Coşua ilə mübarizə aparmaq arzusundadır. Lakin onunla görüşdən əvvəl titul uğrunda beş döyüş keçirməlidir.

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Azərbaycanlı peşəkar boksçu Məhəmmədrəsul Məcidov Moskva yaxınlığında avqustun 22-də britaniyalı Dilian Uaytla döyüşəcək məşhur rusiyalı boksçu Aleksandr Povetkinlə iki həftəlik təlim-məşq toplanışı keçirib. Sputnik Azərbaycan-la müsahibəsində Məcidov Povetkinlə birgə məşqlərdən və gələcək planlarından danışıb.

- Povetkinlə məşq keçmək ideyası necə yarandı?

- Biz bilirdik ki, Povetkin avqustun 22-də Dilian Uaytla mübarizə aparmalıdır və onun sparrinq-tərəfdaşlara ehtiyacı olacaq. Mən öz menecerimə təklif etdim ki, onun nümayəndələri ilə birgə təlim-məşqlər keçirilməsi barədə danışıq aparsın. Nəticədə razılığa gəlmək mümkün oldu.

Şübhəsiz ki, belə təcrübəli boksçu, Olimpiya çempionu ilə məşqlərim mənə böyük fayda gətirib, mən ondan çox faydalı şeylər götürmüşəm. O da həmçinin mənimlə məşq etdiyi üçün çox minnətdardır, çünki mənim iştirakımla olan sparrinq onun üçün də faydalı olub.

- Sparrinqlər necə keçdi?

- Biz birlikdə yaxşı işlədik. Əsasən, mən ona Dilian Uaytla döyüşə hazırlaşmağa kömək edirdim, ona görə də onun travma almaması üçün maksimum səy göstərirdim.

- Povetkinin qarşıdakı döyüşdəki şansını necə qiymətləndirirsiniz?

- Onun yaxşı qələbə şansı var. O, çox təcrübəli boksçudur və bu, ona kömək etməlidir. Əlbəttə, rəqib də hədiyyə deyil, amma hamımız bilirik ki, Saşa fiziki və mənəvi cəhətdən çox güclüdür, tez-tez xarakter döyüşlərini qazanır.

- Siz onunla eyni çəki kateqoriyasında çıxış edirsiniz. Onunla döyüş keçirmək barədə heç düşünməmisiniz?

- Onunla döyüşmək mənim üçün hələ maraqlı deyil. Povetkinin yanında bir çox digər boksçular var ki, mən onları məğlub etməliyəm. Həm də məni onunla dostluq münasibətləri bağlayır. Birlikdə sparrinq edən döyüşçülərin çoxu adətən bir-biri ilə rəsmi döyüşlər keçirmirlər. Povetkin yolumun üstündə dayanmır, mənə nəyəsə nail olmaq üçün ona qalib gəlmək lazım deyil. Mənə qalxmağa imkan verəcək digər boksçularla görüşlər keçirmək daha vacibdir.

- Kimləri məğlub etmək istərdiniz?

- İlk növbədə, hazırkı dünya çempionu Entoni Coşuanı. Deyim ki, o da mənimlə mübarizə aparmaq istəyir. Amma onunla döyüşə çıxmazdan qabaq mən titul uğrunda beş döyüş keçirməliyəm. Bu, bir çox amillərdən asılıdır. Həm də dünya çempionunun reqlamentinə görə, mütləq titulun müdafiəsi həyata keçirilməlidir.

Bundan başqa, mənə Povetkinin rəqibi - britaniyalı Uaytla döyüşmək maraqlı olardı. Böyük hesabla götürsək, kiminlə döyüşməyimin mənim üçün fərqi yoxdur. Peşəkar boksda zirvəyə çatmaq üçün istənilən rəqiblə mübarizə aparmağa hazıram. Ən yaxşıları ilə bokslaşmaq istəyirəm.

- Sizin növbəti döyüşünüzlə bağlı məsələlər aydınlaşıbmı?

- Hələlik bu barədə dəqiq məlumat yoxdur. Məsələ bundadır ki, hazırda koronavirus pandemiyası səbəbindən tamaşaçıların boks şoularını ziyarət etməsi qadağandır. Həm də axşam döyüşlərinin sayı azaldılıb. Buna görə boks axşamlarının iştirakçıları sırasına düşmək üçün rəqabət artıb.

Mənim növbəti döyüşüm sentyabr ayının ortalarında və ya sonunda keçirilə bilər. Ancaq payızın ilk günlərində də rinqə çıxa bilərəm. Hətta indi də istənilən döyüşə hazıram. Amma koronavirus səbəbindən hələ heç bir aydınlıq yoxdur, çünki bir çox ölkələrin sərhədləri bağlıdır. Bundan əlavə, tezliklə vizaları yeniləmək üçün Azərbaycana gəlmək lazımdır.

1273
Ağdamda Cümə məscidi

"Qarabağ"ın futbolçuları Ağdam məscidində ibadət etdilər "İmarət" stadionunda oynadılar

28
(Yenilənib 16:55 28.11.2020)
"Qarabağ" futbol klubunun üzvləri bu gün Ağdamda Cümə məscidini ziyarət ediblər və "İmarət" stadionunda simvolik futbol oynayıblar.

BAKI, 28 noyabr — Sputnik. "Qarabağ" klubu bu gün təmsil etdiyi Ağdam şəhərinə səfər edib. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, səfərdə klub rəhbərliyi ilə yanaşı məşqçilər və futbolçular da yer alıb.

Komanda üzvləri Ağdamdakı Cümə məscidində namaz qılıblar.

Sonra Ağdam klubu doğma meydanda ("İmarət" stadionunda) simvolik olaraq futbol oynayıb.

Simvolik matç Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin işğaldan azad olunmuş Ağdama səfəri çərçivəsində baş tutub.

"Qarabağ"ın legionerləri də Ağdam şəhərinə aparılıb.

  • “Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb
    © Photo : APA
  • “Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb
    © Photo : APA
  • “Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb
    © Photo : APA
1 / 3
© Photo : APA
“Qarabağ” 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb

Bu, Qarabağ" futbol klubunun 27 ildən sonra işğaldan azad edilmiş Ağdama ilk səfəridir.

Komandanın yaranma tarixi 1951-ci ildən başlasa da, "Qarabağ" adı ilə ilk dəfə 1987-ci ildə yaşıl sahələrə çıxmağa başlayıb. 

Ağdam noyabrın 20-də 27 illik erməni işğalından azad olunub.

28
Teqlər:
Ağdam, "Qarabağ" FK, Qarabağ
Qarabağ - Sivasspor matçından görüntü

"Qarabağ" Türkiyədən məğlub ayrıldı

29
(Yenilənib 00:03 27.11.2020)
UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda "Qarabağ" və "Sivasspor" komandaları İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qarşılaşıblar.

BAKI, 26 noyabr - Sputnik. UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə "Qarabağ" və "Sivasspor" komandaları arasında oyun start götürüb.

Sputnik Azərbaycan xəbər verir ki, İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda oynanılan qarşılaşma Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı 1 dəqiqəlik sükutla başlayıb.

Hesabı 8-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Abdullah Zubir açıb. Türkiyə təmsilçisi 40-cı dəqiqədə Aruna Konenin penaltidən vurduğu qolla tarazlığı bərpa edib. Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Uroş Matiç 51-ci dəqiqədə fərqlənməklə Azərbaycan çempionunu yenidən hesabda önə keçirib.

58-ci dəqiqədə "Sivasspor"un oyunçusu Olarenvayu Kayode hesabı bərabərləşdirib.

Oyunun 79-cu dəqiqəsində Kone komandasını uğura aparan növbəti qolu vurub. Beləliklə, oyun ev sahiblərinin qələbəsi ilə nəticələnib.

Qrupda ardıcıl 4-cü məğlubiyyətdən sonra Azərbaycan çempionunun 1/16 final şansının üstündən rəsmən xətt çəkilib. Artıq son iki tur Qurban Qurbanovun yetirmələri üçün formal xarakter daşıyacaq.  

“Qarabağ” növbəti oyununu dekabrın 3-də “Makkabi”yə qarşı məhz bu arenada keçirəcək.

29
Teqlər:
futbol, UEFA Avropa Liqası, UEFA, Fatih Terim, İstanbul, "Sivasspor" FK, "Qarabağ" FK, "Qarabağ

Nümayişçilər Parisi dağıdır: 130 minlik aksiya iğtişaşlarla müşayiət olunur

0
(Yenilənib 00:36 29.11.2020)
Fransada "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz aksiyalarında 130 mindən çox adam iştirak edib. 

BAKI, 29 noyabr — Sputnik. Fransada informasiya azadlığına dəstək aksiyalarında 130 mindən çox adam iştirak edib. 

Sputnik Azərbaycan xəbər veiri ki, bu barədə BFMTV telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Ümumilikdə ölkədə "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz əlaməti olaraq Fransada 70 nümayiş keçirilib. Nümayişçilər sözügedən maddədə polis və jandarmların çəkilişlərinin aparılmasına qadağa qoyulmasına etiraz edirlər. Onlar bunu ölkədə informasiya azadlığının boğulması kimi qiymətləndirirlər.  

Parisdə dinc aksiyalar şəklində başlayan nümayişlər sonra kütləvi iğtişaşlarla əvəz olunub. Polis və jandarmeriya nümayişçilərə qarşı gözyaşardıcı qaz bombalarından və su şırnağından istifadə edirlər. 

Qeyd edək ki, çərşənbə axşamı, Fransa Milli Assambleyası "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib. Qanun layihəsinin 24-cü maddəsində "polis və jandarmın sifətinin və identifikasiyasının digər elementlərinin" onların "fiziki və psixi toxunulmazlığına açıq-aşkar zərər yetirmək məqsədilə" yayılmasına görə 1 il müddətinə həbs cəzası və ya 45 min avro cərimə nəzərdə tutulur.

Jurnalist həmkarlar ittifaqları və müxalifət bu normanın tətbiqindən sonra jurnalistlərin və vətəndaşların nümayişlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının işlərini sərbəst şəkildə qeyd ala bilməyəcəklərindən qorxaraq buna qarşı çıxırlar. Hökumət isə dəfələrlə əmin etməyə çalışıb ki, qanun layihəsi jurnalistlərə hüquq-mühafizə orqanlarının əməkdaşlarının çəkilişlərini qadağan etməyəcək.

0
Teqlər:
Fransa