Futbol üzrə Azərbaycan millisi, arxiv şəkli

Tanınmış şərhçi: Koronavirus AFFA-nın qanının arasına girdi

821
(Yenilənib 17:31 16.03.2020)
Koronavirusa görə həm çempionat, həm də təlim-məşq oyunları təxirə salındı. Və bununla AFFA bir növ ictimai qınaqdan canını qurtara bildi.

BAKI, 16 mart — Sputnik. Azərbaycan milli komandasının baş məşqçisi postu ötən ilin dekabr ayından boş qalıb. Mətbuatda bir neçə futbol mütəxəssisinin bu vəzifəyə gətirilməsi haqda xəbərlər dolaşsa da hələ ki, rəsmi olaraq təyinat baş tutmayıb. Sputnik Azərbaycan olaraq ölkənin tanınmış idman jurnalistlərinə təyinatın nə üçün gecikdiyini və bunun hansı fəsadlar yaradacağı sualı ilə müraciət etdik.

İdman jurnalisti Natiq Muxtarlı milliyə baş məşqçi təyinatının gecikdirilməsi səbəbinin AFFA rəhbərliyinin planının dəyişməsi ilə bağlı olduğunu ehtimal edir: "Əvvəlcədən bildirilmişdi ki, yığmanın baş məşqçi postuna namizədlər hamısı əcnəbidir. Amma indi mətbuatda yerli baş məşqçi variantı müzakirə olunur, Rəşad Sadıqovun adı hallanır. Üstəlik, futbolçular da açıqlama verərək onun namizədliyini dəstəkləyirlər. Azərbaycanlı futbolçular özbaşına fikir bildirə bilməzlər. Böyük ehtimalla, AFFA Millətlər Liqasında yerli baş məşqçiyə güvənmək niyyətindədir".

N. Muxtarlı buna səbəb kimi Millətlər Liqasının əhəmiyyətsiz turnir olduğunu vurğuladı: "İndiki halda yığmaya əcnəbi baş məşqçi gətirilsə və millətlər Liqasında fiasko yaşansa, ictimai qınaq artacaq. AFFA məcbur olacaq ki, DÇ-2022-nin seçmə mərhələsindən əvvəl baş məşqçini dəyişsin. Ona görə də planı dəyişə bilərlər. Millətlər Liqasında baş məşqçi yerli olur, fiasko yaşanır və DÇ-2022-nin seçmə mərhələsi ərəfəsində əcnəbi mütəxəssis gətirilir. Böyük ehtimalla, bu məsələyə görə təyinat yubanır.

Yığmaya baş məşqçi təyinatının gecikməsinin də heç bir fəsadı ola bilməz. Birincisi, yığmanın təlim-məşq toplanışı, yoxlama görüşləri koronavriusa görə ləğv edilib. Üstəlik, onsuz da Azərbaycan millisinin heç bir iddiası yoxdur. İstəyirsiniz, baş məşqçini dərhal təyin edək, istəyirsiniz yubadaq, onsuz da yığma komanda qrupda autsayder olacaq. Baş məşqçi oldu-olmadı, yığmanın nəticəsi qrupdakı son pillələrdən biridir".

"ARB24" Xəbər xidmətinin müxbiri Heybət Məmmədov milli komandaya yeni baş məşqçi təyin edilməməsinin səbəbini dünyanın üzləşdiyi koronavirus pandemiyası iləbağlı olduğu qənaətindədir: "Yığmanın Malta toplanışına qədər yeni məşqçinin müəyyənləşəcəyi ilə bağlı AFFA-dan müxtəlif açıqlamalar verilirdi. Amma mövcud vəziyyətə görə Malta toplanışı və 2 yoldaşlıq görüşümüz ləğv edilib. Hətta komandanın baş məşqçi postuna namizəd də vardı. İtaliyalı Canni de Byazi ilə danışıqlar aparılırdı. Mütəxəssis özü də mətbuata açıqlamasında xəbəri təsdiqləmişdi. Son günlər yaşananlar bu məsələni yubadıb. De Byazi hazırda karantindədir. Onun bura gəlməsi və təyinatının rellaşması real görünmür. Yəqin ki, bu məsələ daha bir müddət yubanacaq. Bunun komandamıza ziyanı olacaq məsələsinə gəlincə, Millətlər Liqasına qədər daha çox oyun keçirmək, yeni məşqçinin futbolçuları yaxından tanımaq və digər məsələləri həll etmək olardı. Nəzərə alaq ki, bütün milli komandalar bu vəziyyətlə üzləşib. Amma onların bizdən fərqli olaraq fəaliyyət göstərən məşqçiləri var. İndiki durumda çıxış yolu millini yerli məşqçiyə tapşırmaqdı. Bu isə başqa bir söhbətin müzakirə mövzusudur".

İdman jurnalisti İlkin Xəlilov Milliyə baş məşqçi təyinatının gecikməyini tam dolğun AFFA rəsmilərinin bildiyini və bu barədə ictimaiyyətə ən dəqiq cavabı onlar verə biləcəyini söylədi: "Biz sadəcə bir jurnalist kimi öz ehtimallarımızı, fərziyyələrimizi irəli sürə bilərik. Ola bilsin AFFA-nın siyahısında olan məşqçilərin şərtləri bizim federasiyanı qane etməyib, yaxud da əksinə, onların siyahısında olan məşqçilərin şərtləri bizi qane etməyib. Bildiyim qədərilə AFFA-nın siyahısında kifayət qədər məşqçi namizəd var, demək olar ki, hamısı xarici məşqçilərdir. Daha çox Canni De Byazinin adı hallanır, Albaniya yığmasının keçmiş baş məşqçisi. Bizim nə deməyimizdən və nə düşünməyimizdən asılı olmayaraq sonda seçimi AFFA edəcək. Amma daha yaxşı olardı bunu tez etsin. Onsuz da tsiklin sonunda - payızda AFFA rəhbərliyi yaxşı bilirdi ki Yurçeviçi yola salacaq, çünki vəziyyət çox bərbad idi. Komanda cəmi bir xal yığmışdı. Həmin vaxtdan namizədlərin axtarışına başlamaq lazım idi. İndi isə çox gecikirik.

Düzdür, son vaxtlar koronavirusla əlaqəli görülən tədbirlər və təxirə salınan oyunlar bir növ AFFA-nın qanının arasına girdi. Yeni məşqçi yanvarda fevralda təyin olunsaydı Azərbaycan çempionatını izləyəcəkdi, müəyyən futbolçular tapacaqdı, martın sonunda təlim-məşq toplanışı, yoldaşlıq oyunu nəzərdə tutulmuşdu. Koronavirusa görə həm çempionat, həm də təlim-məşq oyunları təxirə salındı. Və bununla AFFA bir növ ictimai qınaqdan canını qurtara bildi. Eşitdiyimə görə yaxın günlərdə, Novruz bayramına qədər məşqçinin adı açıqlanmalıdır. Ümüd edək ki, bu dəfəki seçimdə yanılmayacaqlar. İndiyə qədər istər yerli, istərsə də xarici olsun, məşqçi sarıdan yarımamışıq. Xarici məşqçilərin ziyanı odur ki, daha çox pul verirlər, nəticə isə yerli məşqçilərdən heç də fərqlənmir. Görək bu dəfə AFFA nın seçimi nə dərəcədə effektli olacaq".

Qeyd edək ki, son günlər Azərbaycan milli yığmasının baş məşqçi postuna "Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqovun gətiriləcəyi söylənilir.

821
Güləş, arxiv şəkli

Fransa Güləş Federasiyası loqoda bayrağımızın olmamasına görə üzr istədi

26
(Yenilənib 11:47 14.01.2021)
Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev səsləndirilən narazılıqlara aydınlıq gətirib.

BAKI, 14 yanvar — Sputnik. Fransanın Nitsa şəhərində keçiriləcək güləş üzrə Qran-pri turnirinin təşkilatçıları Azərbaycan bayrağının yarışın loqosunda yer almamasına görə üzr istəyib.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının Mətbuat katibi Sərxan Musalı məlumat verib.

O bildirib ki, məsələ ilə bağlı dərhal Fransa Güləş Federasiyası ilə əlaqə saxlayıblar: "Onlar qeyd etdilər ki, üzrlü hesab edin, bu, daha əvvəl hazırlanmış loqodur və burada bəzi yarış iştirakçılarının bayraqları yoxdur. Loqoda daha əvvəl bu yarışda olan ölkələrin bayraqları həkk olunub. Buna görə nəzərə alınmayıb. Loqoda elə ölkələrin bayraqları var ki, bu yarışda iştirak etmirlər. Həmin loqo 2020-ci ildə də istifadə edilib. Sadəcə, diqqətsizlik olub və bizə üzürxahlıq etdilər. Təşkilatçılıqla bağlı problem belə ola bilərdi ki, yarış nəkanında bayrağımız olmazdı. Amma bununla bağlı problem olmayacaq".

Federasiya rəsmisi təşkilatçılar tərəfindən heç bir soyuq münasibət görmədiklərini sözlərinə əlavə edib: "Mənfi nəsə hiss etməmişik. Ümumiyyətlə, problem olsaydı, bizim komandalara viza verməz, iştiraklarına problem yaradardılar. Arxivə də nəzər saldıq, Dünya Güləş Birliyinin saytında 2014-cü ildən sonrakı yarışları görmək mümkündür. 2019-cu ilə qədər bu yarış Qran-pri statusu almayıb. 2019, 2020 və 2021-ci illərdə artıq Qran-pri statusu ilə təşkil edilib. Yəni, həmin vaxta qədər ciddi yarış hesab edilmirdi. 2019-cu ilə qədər yalnız qadın və sərbəst güləşçilər arasında keçirilib. 2020 və 2021-ci illərdə isə güləşin hər üç növü proqrama daxil edilib. Biz 2020-ci ildə ilk dəfə bu yarışa qatılmışıq. Həmin vaxt yunan-Roma güləşi üzrə yığma komanda iştirak edib. Bu il isə həm yunan-Roma, həm də sərbəst güləşçilərimiz mübarizə aparacaq. Artıq təşkilatçılar bu çatışmazlığı aradan qaldırıblar və loqoya Azərbaycan bayrağını da yerləşdiriblər".

Qeyd edək ki, Qran-pri 15 - 17 yanvarda olacaq.

26
Bakı Olimpiya Stadionu, arxiv şəkli

"UEFA-2020" ilə bağlı vergidən azadolmanın müddəti artırıldı

10
Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi.

BAKI, 12 yanvar - Sputnik. Prezident İlham Əliyev Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklər "UEFA-2020" futbol çempionatı ilə bağlı vergidən azadolmanın müddətinin daha 1 il uzadılmasını nəzərdə tutur.

Sənəddə deyilir ki, Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) İcraiyyə Komitəsi ötən il Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi. Hazırda bütün dünyada yeni növ koronavirusun (COVID-19) yayılması ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrinə təsir etdiyi kimi, idman sahəsindən də yan keçməyib, o cümlədən böyük idman oyunlarının keçirilməsi təxirə salınıb.

Bildirilib ki, bu səbəbdən futbol üzrə Avropa çempionatının 2020-ci ildə keçirilməsi nəzərdə tutulan oyunlarının 2021-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 aprel 2019-cu il tarixli və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 9 aprel 2019-cu il tarixli qanunların qüvvədə olma müddətinin 1 avqust 2021-ci il tarixinə qədər uzadılması nəzərdə tutulur.

Həmin qanunlarla Azərbaycanda keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar bir çox vergi növləri üzrə - gəlir vergisindən, mənfəət vergisindən, ƏDV-dən, aksizli mallara görə aksizdən, habelə gömrük rüsumlarından azadolmalar nəzərdə tutulub.

10
Vüqar Səfərli, arxiv şəkli

Vüqar Səfərli apelyasiya şikayəti verdi - Ev dustaqlığına çıxmaq üçün

0
Qeyd edək ki, Səfərli bir müddət əvvəl də barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edib. Binəqədi rayon Məhkəməsi onun müraciətini təmin etməyib.

 

BAKI, 23 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri olmuş Vüqar Səfərli barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apelyasiya şikayəti verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, şikayət araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Ramin Qaraqurbanlının icraatına verilib.

Məhkəmənin baxış iclası yanvarın 25-nə təyin olunub.

Qeyd edək ki, V. Səfərli bir müddət əvvəl barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edib. Binəqədi rayon Məhkəməsi onun müraciətini təmin etməyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, aparılmış istintaqla müəyyən edilmişdir ki, Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, "Portos" MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə "Portos" MMC-nin bank hesablarına köçürüb, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmiş, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında "Forma 2" aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törədib.

Bundan başqa, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq qurumun fəaliyyətinin təşkili üçün inzibati bina üzrə münasib yerin ayrılması və ya qeyri-yaşayış sahəsinin aşağı qiymətlərlə icarəyə verilməsi üçün Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən qanuni prosedurlara qəsdən əməl etmədən, həmin Fondun maliyyələşməsinin həyata keçirildiyi dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərinin özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin fəaliyyətlərinə faktiki nəzarəti həyata keçirməkdə davam etdiyi şirkətlərə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlamış, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub.

Həmçinin, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsaitin 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi "Futbol+Qol" qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəmiş, eyni zamanda 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 105 min manat məbləğində pul vəsaitini israf edib.

Bundan əlavə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırmışdır.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

0