Qarabağın futbolçusu Riçard Almeyda

“Qarabağ” İspaniyada ağır sınağa çıxır

10
(Yenilənib 09:52 28.11.2019)
Qurban Qurbanovun yetirmələri Bakıda keçirilən ilk oyunda ispanlara 0:3 hesabı ilə məğlub olublar, bu dəfə xal almağa çalışacaqlar

BAKI, 28 noyabr — Sputnik. Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

Qarabağ - APOEL matçından epizod
© REUTERS / YIANNIS KOURTOGLOU

Sputnik Azərbaycan xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam klubu İspaniyada “Sevilya” ilə görüşəcək.

A qrupunda 1-ci yeri təmin edən Sevilyanın eyniadlı təmsilçisi üçün görüşün heç bir əhəmiyyəti yoxdur. “Qarabağ” üçün isə V turun görüşü mühüm xarakteri daşıyır.

İkinci yeri tutaraq 1/16 finala yüksəlmək üçün vuruşan Qurban Qurbanovun yetirmələri Bakıda 0:3 hesabı ilə uduzduğu rəqibdən xal almalıdır. Komandalar arasında səviyyə fərqinin böyüklüyü bunu mümkünsüzə çevirsə də, rəqibin özü üçün formal matça çıxması təmsilçimizin lehinədir. Motivasiyasız olan rəqibdən xal almaq, hətta qalib gəlmək də mümkündür.

Bu, “Qarabağ”ı 1/16 finala bir addım da yaxınlaşdıracaq. Son turda qrupun autsayderi “Düdelanj”ı qəbul edəcək Azərbaycan çempionu bu matçların nəticəsindən asılı olaraq 2-ci yeri qaytara bilər. Səfərdəki bir xal avrokubokların ikinci yarısına, 1/16 finala yüksələn ilk komandamız kimi tarix yazmaq şansını saxlamaq imkanı verir.

Ağdamlılar “Sevilya”ya məğlub olsa, komandanın qrupdan çıxmaq şansı rəsmən tükənə də bilər. Çünki ispaniyalılar evdə, “Düdelanj”ın qonağı olacaq APOEL Lüksemburqda qalib gəlsə, son turun nəticəsindən asılı olmayaraq Kipr çempionu 1/16 finala yüksələcək. Buna imkan verməmək üçün Q.Qurbanovun komandası İspaniyada uduzmamalıdır.

Əgər V tur uğursuz sonluqla nəticələnsə, bu, fiasko kimi dəyərləndiriləcək. Çünki əvvəlki illərdən fərqli, cari mövsümün startından püşkatmada bəxti gətirən çempion qrupda da münasib rəqiblərlə düşüb. Mərhələ adlamaq üçün demək olar ən asan qrupda yer alan ağdamlılar “Sevilya”nın aşkar favorit, “Düdelanj”ın autsayder olduğu “dördlük”də APOEL-i üstələməlidir. Əyani dueldə kiprlilərə uduzan təmsilçimiz qiyabi mübarizəni son tura daşımalıdır ki, “Düdelanj”la Bakıdakı matçda tarix yazsın.

Qeyd edək ki, həm “Sevilya” – “Qarabağ”, həm də “Düdelanj” – APOEL görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

10
Şəhriyar Məmmədyarov, arxiv şəkli

Azərbaycan millisi Türkiyəni onlayn matçda darmadağın edir

839
(Yenilənib 18:31 10.08.2020)
Azərbaycan yığmasının tərkibindəki ən uğurlu şahmatçılar - dörd mümkün xaldan üçünü yığan Şəhriyar Məmmədyarov və Gülnar Məmmədovadır

BAKI, 10 avqust — Sputnik, Teymur Tuşiyev. Azərbaycan şahmat yığması Türkiyə komandasına qarşı onlayn yoldaşlıq oyununda rəqibləri darmadağın etməkdədir. 

Sputnik Azərbaycan-ın məlumatına görə, hər iki komanda ümumi hesabda altı matç keçirəcək. Vaxt hər bir gedişdən sonra 5 saniyə əlavə olmaqla 15 dəqiqə təşkil edir.

Dörd oyundan sonra Azərbaycan şahmatçıları 16,5:7,5 hesabı ilə irəlidədirlər. Oynanılan dörd oyundan yalnız dördüncü oyun sülh yolu ilə yekunlaşıb (3:3), qalan görüşlərdə Azərbaycan yığması 4,5:1,5, 4:2 və 5:1 hesabı ilə qələbə qazanıb.

Hələlik Azərbaycan yığmasının tərkibində ən uğurlu oyunçular Şəhriyar Məmmədyarov və Gülnar Məmmədovadır. Onlar dörd partiyanın hamısında oynayıblar və hərəsində üç xal qazanıblar.

Günay Məmmədzadə əvəzedicisiz oynayıb, lakin onun aktivində 2,5 xal var. Türkiyə yığmasının heyətində isə hələlik ən yaxşı nəticəni dörd partiyada iki xal toplayan Draqan Solak göstərib.

Bu gün Azərbaycan və Türkiyə yığmaları daha iki oyun oynayacaq. Nəzəri baxımdan Türkiyə şahmatçıları Azərbaycan yığmasına çata bilərlər, lakin komandaların sinfindəki fərqi nəzərə alsaq, qalan iki turda bu, mümkün deyil.

839
Əlaqədar
Karantin dövrünün idmançıları: Video hazırlayan kim, xarici dil öyrənən kim...
Oyunçu aparsın - Karantin zamanı populyarlaşan oyunlar
Karantindir, nə olsun? Azərbaycanda 15 minlik mükafatı olan rəsmi yarış başlanır
Məhəmmədrəsul Məcidov, arxiv şəkli

Azərbaycanlı idmançı dünya boksunun əfsanəsini döyüşə çağırır

1267
(Yenilənib 17:21 09.08.2020)
Azərbaycanlı peşəkar boksçu hazırkı dünya çempionu Entoni Coşua ilə mübarizə aparmaq arzusundadır. Lakin onunla görüşdən əvvəl titul uğrunda beş döyüş keçirməlidir.

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Azərbaycanlı peşəkar boksçu Məhəmmədrəsul Məcidov Moskva yaxınlığında avqustun 22-də britaniyalı Dilian Uaytla döyüşəcək məşhur rusiyalı boksçu Aleksandr Povetkinlə iki həftəlik təlim-məşq toplanışı keçirib. Sputnik Azərbaycan-la müsahibəsində Məcidov Povetkinlə birgə məşqlərdən və gələcək planlarından danışıb.

- Povetkinlə məşq keçmək ideyası necə yarandı?

- Biz bilirdik ki, Povetkin avqustun 22-də Dilian Uaytla mübarizə aparmalıdır və onun sparrinq-tərəfdaşlara ehtiyacı olacaq. Mən öz menecerimə təklif etdim ki, onun nümayəndələri ilə birgə təlim-məşqlər keçirilməsi barədə danışıq aparsın. Nəticədə razılığa gəlmək mümkün oldu.

Şübhəsiz ki, belə təcrübəli boksçu, Olimpiya çempionu ilə məşqlərim mənə böyük fayda gətirib, mən ondan çox faydalı şeylər götürmüşəm. O da həmçinin mənimlə məşq etdiyi üçün çox minnətdardır, çünki mənim iştirakımla olan sparrinq onun üçün də faydalı olub.

- Sparrinqlər necə keçdi?

- Biz birlikdə yaxşı işlədik. Əsasən, mən ona Dilian Uaytla döyüşə hazırlaşmağa kömək edirdim, ona görə də onun travma almaması üçün maksimum səy göstərirdim.

- Povetkinin qarşıdakı döyüşdəki şansını necə qiymətləndirirsiniz?

- Onun yaxşı qələbə şansı var. O, çox təcrübəli boksçudur və bu, ona kömək etməlidir. Əlbəttə, rəqib də hədiyyə deyil, amma hamımız bilirik ki, Saşa fiziki və mənəvi cəhətdən çox güclüdür, tez-tez xarakter döyüşlərini qazanır.

- Siz onunla eyni çəki kateqoriyasında çıxış edirsiniz. Onunla döyüş keçirmək barədə heç düşünməmisiniz?

- Onunla döyüşmək mənim üçün hələ maraqlı deyil. Povetkinin yanında bir çox digər boksçular var ki, mən onları məğlub etməliyəm. Həm də məni onunla dostluq münasibətləri bağlayır. Birlikdə sparrinq edən döyüşçülərin çoxu adətən bir-biri ilə rəsmi döyüşlər keçirmirlər. Povetkin yolumun üstündə dayanmır, mənə nəyəsə nail olmaq üçün ona qalib gəlmək lazım deyil. Mənə qalxmağa imkan verəcək digər boksçularla görüşlər keçirmək daha vacibdir.

- Kimləri məğlub etmək istərdiniz?

- İlk növbədə, hazırkı dünya çempionu Entoni Coşuanı. Deyim ki, o da mənimlə mübarizə aparmaq istəyir. Amma onunla döyüşə çıxmazdan qabaq mən titul uğrunda beş döyüş keçirməliyəm. Bu, bir çox amillərdən asılıdır. Həm də dünya çempionunun reqlamentinə görə, mütləq titulun müdafiəsi həyata keçirilməlidir.

Bundan başqa, mənə Povetkinin rəqibi - britaniyalı Uaytla döyüşmək maraqlı olardı. Böyük hesabla götürsək, kiminlə döyüşməyimin mənim üçün fərqi yoxdur. Peşəkar boksda zirvəyə çatmaq üçün istənilən rəqiblə mübarizə aparmağa hazıram. Ən yaxşıları ilə bokslaşmaq istəyirəm.

- Sizin növbəti döyüşünüzlə bağlı məsələlər aydınlaşıbmı?

- Hələlik bu barədə dəqiq məlumat yoxdur. Məsələ bundadır ki, hazırda koronavirus pandemiyası səbəbindən tamaşaçıların boks şoularını ziyarət etməsi qadağandır. Həm də axşam döyüşlərinin sayı azaldılıb. Buna görə boks axşamlarının iştirakçıları sırasına düşmək üçün rəqabət artıb.

Mənim növbəti döyüşüm sentyabr ayının ortalarında və ya sonunda keçirilə bilər. Ancaq payızın ilk günlərində də rinqə çıxa bilərəm. Hətta indi də istənilən döyüşə hazıram. Amma koronavirus səbəbindən hələ heç bir aydınlıq yoxdur, çünki bir çox ölkələrin sərhədləri bağlıdır. Bundan əlavə, tezliklə vizaları yeniləmək üçün Azərbaycana gəlmək lazımdır.

1267

Üç nəfər qəbul imtahanından xaric olundu

0
(Yenilənib 15:20 13.08.2020)
İmtahanlarda istifadə olunan qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları isə (Azərbaycan və rus bölmələri) yaxın saatlarda DİM-in saytında yerləşdiriləcək.

BAKI, 13 avqust — Sputnik. Bugünkü qəbul imtahanında 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Avqustun 14-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanlarda istifadə olunan qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları isə (Azərbaycan və rus bölmələri) yaxın saatlarda DİM-in saytında yerləşdiriləcək.

0