Karate üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının lideri İrina Zaretskaya, arxiv şəkli

Azərbaycanlı karateçi olimpiya reytinqinə başçılıq edir

1977
(Yenilənib 12:09 02.11.2019)
Azərbaycanlı karateçilər İrina Zaretskaya və Rafael Ağayev Moskvada keçirilən "Premyer Liqa"da qazandıqları qələbə sayəsində Ümumdünya Karate Federasiyasının Olimpiya reytinqində irəliləyiblər.

BAKI, 2 noyabr — Sputnik. Azərbaycanlı karateçi İrina Zaretskaya (68 kiloqramdan yuxarı) 2019-cu il noyabrın əvvəlinə olan göstəricilərinə görə, Dünya Karate Federasiyasının Olimpiya reytinqinə başçılıq edir.

Azərbaycanın karate üzrə qadın yığmasının liderinin aktivində 5782,5 bal var və bu, onun Yaponiyadan olan ən yaxın təqibçisi Ayume Uekusun topladığından (5220) 500 bal çoxdur.

Azərbaycan idmançısının olimpiya reytinqində irəliləməsi, bu yaxınlarda Moskvada keçirilən "Premyer Liqa" seriyasından olan beynəlxalq turnirdə qazanıldığı qələbələrlə əlaqədardır.

Dünya karatesinin brilyantı Rafael Ağayev (75 kiloqram) də həmkarı Zaretskaya kimi Moskva turnirində qazandığı qələbə sayəsində Olimpiya reytinqindəki mövqeyini yaxşılaşdırıb.

Ağayev 5565 balla dördüncü pillədən 3-cü pilləyə yüksəlib. Onun çəki dərəcəsində liderliyi iranlı karateçi Bəhmən Əsgəri (6187,5), ikinciliyi isə yapon Ken Nişimura (5722,5) qoruyur.

Yeri gəlmişkən, Moskvada keçirilən "Premyer Liqa" seriyasından olan turnirin yarıfinalında Ağayev dünya reytinqinin lideri Əsgəri üzərində 2:0 hesablı qələbə qazanıb.

Əlavə edək ki, 2020-ci ilin mayına olan göstəriciyə görə, Olimpiya reytinqində ilk 1-4-cü yerləri tutan şəxslər Tokioda keçirilən Olimpiya Oyunlarına vəsiqə qazanırlar.

1977