Azərbaycan yığmasının azərkeşi

Görəcəyimiz sadəcə oyun olmayacaq - "Qarabağ" - APOEL qarşılaşmasına fərqli baxış

1187
(Yenilənib 16:04 24.10.2019)
Bu qarşılaşmada məhz psixoloji cəhətdən hazır olan komanda qalib gələcək. 30 min azarkeşin dəstəyi ilə qələbə qazanmaq üçün komandanın yaxşı şansı var.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 24 oktyabr — Sputnik. Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turunda "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin APOEL klubu ilə qarşılaşacaq. Sputnik Azərbaycan xəbər verir ki, Qurban Qurbanovun komandası üçün vacib qarşılaşma 20:55-də start götürəcək. "Köhlən atlar" qrup mərhələsində üstünlük əldə etmək üçün tarixi şans yaranıb. Azarkeşlərin səbrsizliklə gözlədiyi oyun öncəsi mütəxəssislərin fikrini öyrəndik.

Qol.az saytının baş redaktoru Aydın Bağırov hər hansı proqnoz verməyə çətinlik çəkib: "Bu komandalar hazırkı mövsümdə iki dəfə qarşılaşdıqlarına görə bir-birlərini yaxşı tanıyırlar. Böyük hesablı nəticə gözləmirəm. Gərgin bir matç olacağını düşünürəm".

İdman jurnalisti Natiq Muxtarlının fikrincə, APOEL-lə qarşılaşma qrupda "Qarabağ" üçün ən vacib oyundur və bu oyunda qazanılacaq qələbə, böyük ehtimalla, "Qarabağ"ın qrupdan çıxmasını təmin edəcək: "Üstəlik, APOEL-in qrupdan çıxma şansı demək olar ki, itəcək. Bu da səfər qarşılaşmasında "Qarabağ" üçün əlavə üstünlük sayılacaq. Deməli, oyun hər iki komanda üçün həyati əhəmiyyətlidir. Buna görə də, həm "Qarabağ"ın, həm də APOEL-in təzyiq altında olacağı şəksizdir".

Muxtarlı düşünür ki, hər iki komanda ehtiyatlı oyuna üstünlük verəcək, rəqibin səhvini gözləyəcək və oyuna təkcə taktiki və fiziki baxımdan yox, psixoloji baxımdan da hazır olmaq lazımdır: "Hesab edirəm ki, bu qarşılaşmada məhz psixoloji cəhətdən hazır olan komanda qalib gələcək. Bütün hallarda, "Qarabağ" rəqibi qarşısında üstün durumdadır. "Köhlən atlar"ın 3 xalı varsa, rəqib xalsızdır. Yəni bu qarşılaşmada xal, "Qarabağ"dan çox, APOEL-ə lazımdır. Üstəlik, "Qarabağ"ın daha bir "silah"ı – azarkeşləri də olacaq. Ona görə, tam ehtiyatlı olmalı, rəqibi açıq oynamağa vadar etməliyik. Qoy əvvəlcə onlar qapalı futboldan imtina etsinlər. Belə olacağı təqdirdə, "Qarabağ"ın işi asan olacaq. Kiprlilər açıq futbola üstünlük versələr, yəni "Qarabağ"ın futbolçuları üçün meydanda boş zonaları çox saxlasalar, onda məğlubiyyətləri qaçılmazdır".

CBC Sport kanalının idman şərhçisi Rüstəm Əfsərli "Qarabağ"ın qrupdan çıxmaq üçün çox gözəl şansının olduğuna əmindir. Onun sözlərinə görə, bu şans həm "Qarabağ"ın Lüksemburqdakı qələbəsi , həm də "Düdelanj"ın Kiprdəki qələbəsi sayəsində yaranıb: "Dərindən analiz etsək görərik ki, "Qarabağ"ı APOEL-lə oyunlarda məğlub olmamaq da qane edir. APOEL-lə xal fərqini saxlamaq lazımdır. Çünki düşünmürəm ki, "Sevilya" ilə matçlarda "Düdelanj" xal toplaya biləcək. Maksimum 1 xal qazana bilər ki, bu da fantastikaya bənzər bir iş olar. Fikirləşirəm ki, "Qarabağ" qələbəyə oynayacaq. Çox irəli gedəcəyini, ehtiyatsız oynayacağını düşünmürəm. Komanda öz anını gözləyəcək. Ustalıq səviyyəsinə görə "Qarabağ" rəqibindən heç də geri qalmır. Hətta bəzi məqamlarda üstəliyir. 30 min azarkeşin dəstəyi ilə qələbə qazanmaq üçün komandanın yaxşı şansı var. Proqnoz kimi "Qarabağ"ın qələbə qazanacağını deyə bilərəm".

İdman jurnalisti Anar Xanlarov deyir ki, bugünkü oyun hər iki komanda üçün çox vacibdir: "Rəqibin itiriləcək bir şeyi yoxdur. APOEL ilk iki oyunda məğlub olub və bugünkü oyunu da uduzsalar, onlar üçün böyük ölçüdə hər şey bitəcək. "Qarabağ" isə qələbə qazandığı təqdirdə, mənə görə qrupdan çıxmaq məsələsini 90 faiz həll edəcək. Komandamızın əlinə çox gözəl şans düşüb və ümid edirəm ki, "Qarabağ" bu dəfə bu şansı qaçırmayacaq. Proqnozum isə "Qarabağ"ın 1:0-lıq qələbəsidir".

"İdman TV"-dən Orxan Sübhan Azərbaycanda futbolla maraqlanan, maraqlanmayan hər kəs çoxdan bu matçın, daha doğrusu "Qarabağ" - APOEL qarşılaşmasının intizarında olduğuna bildirıb: "Çünki Kipr təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsinə məhz "Qarabağı" mübarizədən kənarlaşdırmaqla yüksəlmişdi. Bakıdakı acı məğlubiyyəti hələ də heç birimiz yaddaşımızdan silə bilmirik. Revanş almaq üçün əlimizə yaxşı fürsət düşüb. İnanıram ki, Qarabağ klubunun futbolçuları həmin məğlubiyyətdən dərs çıxarıblar və bu gün üzümüzü güldürəcəklər. Revanşdan əlavə həm də qrup mərhələsini aşmaq üçün bu matçın əhəmiyyəti böyükdür".

"İdman TV"-nin aparıcısı İsmayıl Abdullayev oyun barədə inamlı danışır: "Bəllidir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindən “APOEL”lə heyfimiz qalıb. Bu dəfə vəziyyət fərqlidir. “Qarabağ”ın 80 faiz qələbə qazanacağını düşünürəm. “Qarabağ”da hər şey qaydasındadır. Hətta zədəli Mahir Emreli və Xayme də komandaya geri dönüb. Stadion bu gün tam dolacaq. Təbii ki. bu da əlavə stimuldur. Bir məsələni də nəzərə alaq ki, “Qarabağ” Azərbaycan futbolu adına ilk dəfə olaraq qrup mərhələsini adlamaq üçün ideal şans əldə edib. Qrup püşkatmasının nəticələri bəlli olanda da bildirmişdim ki, “Qarabağ” üçün bu qədər ideal şans olmayıb. Ən əsası bu gün 3 xal qazanmaqdır".

1187