Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

AFFA-dan bəyanat: Bəzi qüvvələr futbolu siyasi təxribatlar meydanı kimi görürlər

17
(Yenilənib 13:19 04.10.2019)
İnanırıq ki, UEFA araşdırma apararaq oyunun gedişində baş vermiş xoşagəlməz hadisə ilə bağlı müvafiq qərar qəbul edəcək

BAKI, 4 oktyabr — Sputnik. Avropa Liqasının qrup mərhələsi çərçivəsində Lüksemburq şəhərindəki "Josy Barthel" stadionunda keçirilmiş "Düdelanj" – "Qarabağ" oyununda təxribata yol verilib. Sputnik Azərbaycan xəbər verir ki, yaranmış insidentlə bağlı AFFA bəyanat yayıb.

"Oyunun 30-cu dəqiqəsində, "Qarabağ" komandasının vurduğu ikinci qoldan sonra meydanın üzərində uçan aparat – dron peyda olub. Üzərində separatçı, qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağı asılmış idarə olunan uçuş aparatı meydanın mərkəzinə doğru yönəldilib. Bunun nəticəsində baş hakim oyunun dayandırılması barədə qərar qəbul edib. Təxminən 20 dəqiqədən bir qədər artıq yaranmış məcburi fasilədən sonra oyun dayandırıldığı dəqiqədən davam etdirilib. Təxribata görə yaranmış fasilə müddətində Lüksemburqun idman naziri insidentə görə Lüksemburq hökuməti adından "Qarabağ" komandasından və azarkeşlərdən üzr istəyib. "Qarabağ" klubunun nümayəndələri yaranmış vəziyyətlə əlaqədar narahatlıq və narazılıqlarını yerindəcə "Düdelanj" klubuna və UEFA təmsilçilərinə bildiriblər. AFFA rəhbərliyi təcili şəkildə UEFA ilə əlaqə saxlayaraq hadisə ilə bağlı narahatlığını ifadə edib. Bundan əlavə, AFFA artıq UEFA-ya şikayət məktubu ünvanlayaraq müvafiq qaydada ölçü götürülməsini tələb edib.

Futbol – qarşılıqlı ehtiram, idman ruhu və bərabərlikdir. Təəssüf ki, bəzi qüvvələr futbolu siyasi təxribatlar meydanı kimi görürlər. "Josy Barthel" stadionunda rastlaşdığımız hadisə, eyni zamanda, futbolçuların təhlükəsizliyini şübhə altına salır və ümid edirik ki, gələcəkdə bu cür halların baş verməməsi üçün müvafiq addımlar atılacaq. İnanırıq ki, UEFA araşdırma apararaq oyunun gedişində baş vermiş xoşagəlməz hadisə ilə bağlı müvafiq qərar qəbul edəcək.

AFFA "Qarabağ" komandasının futbolçularına təxribata uymadıqlarına, emosiyalarına nəzarət etdiklərinə və peşəkar davranışlarına görə təşəkkür edir. Komanda UEFA-nın dəyərlərinə əsil ehtiramını nümayiş etdirdi: hakimin qərarına hörmət, rəqibə hörmət, azarkeşlərə hörmət!

Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir! Erməni silahlı birləşmələrinin işğalı nəticəsində Azərbaycan tarixi torpaqlarının bir hissəsini itirib, 1 milyondan artıq həmvətənimiz uzun illərdir ki, qaçqın və məcburi köçkün şəraitində yaşamaq məcburiyyəti qarşısında qalıb. "Qarabağ" futbol dünyasında azsaylı klublardan biridir ki, siyasi münaqişə üzündən, erməni silahlı birləşmələrinin işğalı ucbatından ev oyunlarını doğma stadionunda, təmsil etdiyi Ağdam rayonunda keçirə bilmir.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası bütün futbol oyunlarının FIFA və UEFA-nın müəyyənləşdirdiyi dəyərlərə hörmət ruhunda keçirilməsini dəstəkləyir, futbol oyunları zamanı siyasi təxribat cəhdlərini qəti şəkildə pisləyir!

Qeyd edək ki, dünən keçirilən "Düdelanj" – "Qarabağ" oyunu 1:4 hesabı ilə komandamızın qələbəsi ilə başa çatıb.

17
Əlaqədar
"Qarabağ"ın Avroliqadakı oyunu təxribat səbəbindən dayandırıldı
Avropa belə möhtəşəm "Qarabağ" gözləmirdi: çempionu darmadağın etdi
"Qarabağ"ın oyununda təxribata görə səfirə tapşırıq verildi
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi, arxiv şəkli

Hamısı italyan olacaq - Millimizin məşqçisi qərarını verdi

29
(Yenilənib 22:46 02.08.2020)
“Mənə De Byazi zəng vurdu. O, Karbonenin məsləhəti ilə bunu etdi. Mən Karbone ilə “Ternana” və “Venesiya”da çalışmışam"

BAKI, 2 avqust — Sputnik. Azərbaycanın futbol üzrə milli komandasının yeni baş məşqçisi Canni De Byazinin daha bir köməkçisi müəyyənləşib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, italiyalı mütəxəssisin məşqçilər korpusundakı həmyerlilərinin sayı 4-ə çatıb.

Köməkçi məşqçilər Benni Karbone və Klaudio Beluççi, oyunların analizi üzrə mütəxəssis Federiko Turritsianinin ardınca fiziki hazırlıq üzrə çalışdırıcı Alessandro Skayya da yığmamızda çalışacaq. O, millidə ümumilikdə 5-ci italiyalı olacaq.

Bunu Skayyanın özü açıqlayıb: “Mənə De Byazi zəng vurdu. O, Karbonenin məsləhəti ilə bunu etdi. Mən Karbone ilə “Ternana” və “Venesiya”da çalışmışam. Orada Valter Zenqanın baş məşqçiliyi dövründə birgə işləmişik”.

29
Əlaqədar
Futbol üzrə millimizin baş məşqçisi bəlli oldu
Rəsmi: Azərbaycanca danışan Canni De Byazi sükanı ələ aldı
Bir də futboldan görək: Millimizin baş məşqçisindən daha bir jest
“Real”ın keşmiş ulduzu Azərbaycana gəlməkdən imtina edib
Baş nazir futbolçuya ərə getdi
Dani Ramires (göy formada), arxiv şəkli

“Real”ın keşmiş ulduzu Azərbaycana gəlməkdən imtina edib

15
(Yenilənib 15:58 01.08.2020)
Yarımmüdafiəçi adını açıqlamadığı Azərbaycan klubundan aldığı daha cəlbedici təklifdən imtina etdiyini də bildirib

BAKI,  1 avqust — Sputnik. Polşamın “Lex” klubunun ispaniyalı futbolçusu Dani Ramires Azərbaycandan aldığı təklifdən imtina edib.

Apasport.az saytının məlumatına görə, bunu 28 yaşlı yarımmüdafiəçinin özü açıqlayıb.

Hələ 16 yaşında “Leqanes”dən Madrid “Real”ına keçən, sonradan bir sıra klublarda çıxış edən Ramires bu il LKS-dən “Lex”ə transfer olunub. Yarımmüdafiəçi adını açıqlamadığı Azərbaycan klubundan aldığı daha cəlbedici təklifdən imtina etdiyini də bildirib: “MLS-dən və Azərbaycanın bir klubundan təklifim var idi. Onlar mənə daha çox pul ödəyəcəkdi. Amma mən olmaq istədiyim yerdəyəm və çox xoşbəxtəm”.

Qeyd edək ki, 2017-ci ildən Polşada oynayan Dani “Ştormil” (2017-18) və LKS (2018-20) klublarının formasını geyinib.

15
Moskvada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital

Bir gündə 5 min yoluxma: Rusiyada ölənlərin sayı artır

0
(Yenilənib 12:21 04.08.2020)
Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 861423-ə çatıb. Rusiyada pandemiya yayılandan 14351 nəfər COVID-19-dan vəfat edib

BAKI, 4 avqust — Sputnik. Son bir sutka ərzində Rusiyada 5159 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 144 nəfər ölüb.

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 861423-ə çatıb. Rusiyada pandemiya yayılandan 14351 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 7878 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 661471-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 18,2 milyonu keçib, 693 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0