Futbol meydançası və top

FİFA ittihamlarla bağlı bəyanat yaydı Qalmaqal

10
(Yenilənib 15:13 28.09.2019)
Futbol qurumu bəyan edib ki, səsvermənin nəticəsinə təsir etməyən səhvlər belə, aşkarlanarsa, FİFA bunu araşdıracaq və lazım gəlsə, sanksiyalar tətbiq edəcək

BAKI, 28 sentyabr — Sputnik. FİFA 2019-cu ilin ən yaxşı futbolçusunun seçimi ilə əlaqədar keçirilən səsvermə ilə bağlı bəyanat yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, dünya futbol qurumu rəsmi saytı vasitəsilə yaydığı bəyanatda səsvermədə saxtakarlıqların qeydə alınması ilə bağlı bütün iddiaları rədd edib.

FİFA mətbuatda səsvermə zamanı saxtakarlıqlara yol verilməsinə dair xəbərlərin həqiqətə uyğun olmadığını və insanlarda çaşqınlıq yaratdığını bildirib: "Nominasiyaların hər biri üzrə səsvermə proseduru İsveçrəyə məxsus müstəqil təşkilatın (PwC) nəzarəti altında aparılıb.

Səsvermə zamanı FİFA və PwC-nin öncədən müəyyən edilmiş qaydalarına uyğun davranılıb: bütün bülletenlər elektron və yazılı formada göndərilib. Həmin bülletenlər Assosiasiya nümayəndələri və səsvermə hüququ olan şəxslər tərəfindən imzalanıb. Üstəlik, hər bir sənəddə Assosiasiyanın möhürü də yer alıb. FIFA və PwC öz növbəsində müəyyən edilmiş qaydada doldurulmuş və göndərilən bütün bülletenlərin səsvermədə sayıldığını təsdiqləyə bilər. Nəticələrin reallığına şübhə yoxdur. Buna baxmayaraq, səsvermənin nəticəsinə təsir etməyən səhvlər belə, aşkarlanarsa, FİFA bunu araşdıracaq və lazım gəlsə, sanksiyalar tətbiq edəcək".

Qeyd edək ki, ən yaxşıların mükafatlandırma mərasimi sentyabrın 24-də İtaliyanın Milan şəhərində baş tutub. 2019-cu ilin ən yaxşı futbolçusu isə İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi seçilib. Lakin həmin gündən etibarən dünya mətbuatında səslərin hesablanmasında səhvlərə yol verildiyinə dair müxtəlif yazılar dərc olunmaqdadır.

10