Xorvatiya yığma komandasının futbolçuları Avropa-2020 çempionatının seçmə mərhələsində Azərbaycan komandasına qarşı oyunda

Xorvatlar xal itkisinə bəhanə tapdı Qarın ağrısına düşüblərmiş

921
(Yenilənib 19:13 11.09.2019)
Həkimin sözlərinə görə, vəziyyət o dərəcədə kritik olub ki, hətta o, oyunun baş hakiminə əgər xorvat futbolçulardan kimsə tualet üçün icazə istəsə, təəccüblənməməyi tapşırıb

BAKI, 11 sentyabr — Sputnik. Xorvatiya yığma komandasının futbolçuları Avropa-2020 çempionatının seçmə mərhələsində Azərbaycan komandasına qarşı oyunda mədə-bağırsaq pozğunluğundan əziyyət çəkiblər. Sputnik Azərbaycan "24sata"ya istinadla xəbər verir ki, bunu dünya çempionatının ikincisi olan komandanın həkimi Zoran Bəxtiyaroviç deyib.

Həkim qeyd edib ki, Xorvatiya yığmasının bütün futbolçuları Azərbaycan millisi ilə matçdan əvvəl diareya virusuna yoluxublar.

"Baş məşqçi həmin vaxt komanda üzvlərinin yüksək qızdırma içində olduqlarını açıqlayaraq, onlara haqq qazandırmaq istəməyib. Oyunçuların tutduğu virus orqanizmə ciddi təsir göstərir, taqətdən salır" - Bəxtiyaroviç deyib.

Həkimin sözlərinə görə, vəziyyət o dərəcədə kritik olub ki, hətta o, oyunun baş hakiminə əgər xorvat futbolçulardan kimsə tualet üçün icazə istəsə, təəccüblənməməyi tapşırıb. "Xoşbəxtlikdən, buna zərurət olmadı" - deyə həkim bildirib.

Bəxtiyaroviç qeyd edib ki, futbolçuların virusa yoluxmasında ev sahiblərinin günahı yoxdur.

"Bunun Bakı ilə heç bir əlaqəsi yoxdur, otel yüksək səviyyədə idi. Bizim öz aşpazımız var idi, amma virusa yoluxan ilk oyunçu xəstəlik haqqında bizə gec məlumat vermişdi və bu da virusun digər futbolçular arasında yayılmasına səbəb olmuşdu" - deyə Bəxtiyaroviç bildirib.

Qeyd edək ki, sentyabrın 9-da, oyunun keçirildiyi gün xorvat futbolçular komandanın kapitanı Luka Modriçin 34-cü ad gününü qeyd ediblər. Bu münasibətlə tort hazırlanıb.

Xatırladaq ki, Azərbaycanın yığma komandası Xorvatiya ilə heç-heçə oynamaqla Avro-2020-nin seçmə mərhələsində ilk xalını qazanıb.

921