Bakıda polo üzrə Dünya Kuboku başlayacaq

Bakıda Dünya kubokunun keçirilməsinə sayılı günlər qaldı

25
(Yenilənib 17:47 09.09.2019)
Püşkatmanın nəticələrinə əsasən, ilk oyun Azərbaycanı təmsil edəcək olan "Elite Horse & Polo Club Baku" və İsveçrəni təmsil edəcək "Evviva Polo Club St. Moritz" arasında oynanılacaq

BAKI, 9 sentyabr — Sputnik. Polo üzrə dünya kubokunun keçirilməsinə sayılı günlər qalır. Sputnik Azərbaycan xəbər verir ki, hər il olduğu kimi bu il də ölkəmizin də yer aldığı turnirdə dünyanın dörd müxtəlif ölkəsini təmsil edən komandalar iştirak edir.

13-15 sentyabr tarixlərində ölkəmizdə baş tutacaq turnirdə Azərbaycan, Rusiya, Almaniya və İsveçrənin klubları birincilik uğrunda mübarizə aparacaqlar. Hər komanda 3 oyunçu ilə təmsil olunur. Oyunlar "Elite Horse and Polo Club"da yerləşən meydançada hər gün saat 15:00-da baş tutacaq.

12 sentyabr saat 16:30-da "Fairmont" mehmanxanasında mətbuat konfransı və oyunçuların təqdimatı təşkil olunacaq.

Püşkatmanın nəticələrinə əsasən, ilk oyun Azərbaycanı təmsil edəcək olan "Elite Horse & Polo Club Baku" və İsveçrəni təmsil edəcək "Evviva Polo Club St. Moritz" arasında oynanılacaq. Günün ikinci oyunu Almaniyanın "Los Nocheros Polo Club Münster" və Rusiyanı təmsil edən "Planernaya Polo Club Moscow" komandaları arasında olacaq.

Turnirin 2-ci günü, yəni, 14 sentyabr tarixində günün açılış oyunu İsveçrə təmsilçisi "Evviva Polo Club St. Moritz" və Almaniya təmsilçisi "Los Nocheros Polo Club Münster" arasında baş tutacaq. İkinci oyun isə təmsilçimiz "Elite Horse & Polo Club Baku" və "Planernaya Polo Club Moscow" komandaları arasında olacaq.

Final günü, 15 sentyabrda üçüncülük uğrunda mübarizə 15:00-da başlayacaq. Final görüşü isə 16:15-də 2 ən güclü komanda arasında baş tutacaq. Turnirin qalibi bu görüş nəticəsində bəlli olacaq.

Onu da nəzərinizə çatdıraq ki, 2020-ci il 10-20 sentyabr tarixlərində 8 komandanın iştirakı gözlənilən polo üzrə Avropa çempionatına Azərbaycan ev sahibliyi edəcək.

25