İlham Zəkiyev

İki dəfə "Şöhrət" ordeni alan yeganə şəxs: "Anamın səsinə ayıldım, amma görə bilmədim"

526
(Yenilənib 21:27 23.08.2019)
"Sonuncu dəfə mən müayinə olunanda professorlar bildirdilər ki, bugünkü gün tibbdə sənin görməni bərpa etmək mümkün deyil. Amma yaxın gələcəkdə bu olacaq"

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 23 avqust — Sputnik. Onun gözləri həyatdakı nurdan məhrum olsa da, özü daim nur saçır. İkiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu və yeddiqat Avropa çempionu, 2015-ci il Birinci Avropa Oyunlarının qalibi, Azərbaycanın Əməkdar idman ustası, 7-ci dan sahibi, Əməkdar məşqçi, "Şöhrət" və "Tərəqqi" medalçısı İlham Zəkiyev içində dəlicəsinə inam gəzdirən insandır. Heç vaxt neqativi yaxına buraxmır.  Azərbaycanda yeganə şəxsdir ki, iki dəfə "Şöhrət" ordeninə layiq görülüb. Səbəbini soruşduqda söylədi ki, ilk dəfə 2008-ci ildə Paralimpiya çempionu olduğuna görə təltif olunub. İkinci dəfə isə Avropa Oyunlarındakı nəticələrə görə ordenə layiq görülüb. Təltif zamanı Prezident İlham Əliyevə “Cənab Prezident, mən bir dəfə bu medalı almışam” deyib. Prezident isə "İlham, sən bundan da artığına layiqsən" cavabını verib.

Zəkiyev ötən ay İtaliyada keçirilən Avropa Çempionatında büdrəsə də, gələcəyə nikbin baxır. Əsas məqsədi 2020-ci ildə Tokioda keçiriləcək Paralimpiya oyunlarında iştirak etməkdir. Bunun üçün də usanmadan məşq edir.

İlham Zəkiyev
© Sputnik / Murad Orujov
İlham Zəkiyev

- Bu qədər çempionluq, bu qədər təltif... Daha nə qaldı?

- Məqsədim ad qazanmaq yox, sevdiyim işlə məşğul olmaqdır. İdman mənim həyat tərzimə çevrilib. Ölkə bayrağını dalğalandırmaq bütün ödüllərdən yüksəkdədir. Bununla fəxr edirəm.

- Sizə xalqın canlı qəhrəmanı demək olar. Sizcə qəhrəman hansı meyarlara sahib olmalıdır?

- Kifayət qədər qəhrəmanlarımız var. Mənim fikrimcə, qəhrəman vətənini sevən, öz işinin peşəkarı olan şəxsdir. Şəxsi ambisiyalardan kənar olmalı, ölkənin rifahı üçün çalışmalıdır.

- İlham bəy, 39 yaşınız var. İdmanı tərk etmək haqda düşünürsünüz?

- Hələlik aktiv idmandayam. Hədəfim Tokio-2020 Olimpiya Oyunlarına qatılmaqdır. Hal-hazırda da lisenziyalı yarışlara hazırlaşıram. Əsas məqsədim ölkəni layiqincə təmsil etməkdir.

- Avropa çempionatından yeni qayıtmısınız. Bu dəfə ikinci oldunuz. Deyəsən zədələr imkan vermir...

- Finalda gürcüstanlı idmançı ilə qarşılaşdım. Ona məğlub olmağımın bir səbəbi var idi. O, bu yarışa yaxşı hazırlaşmışdı. Çiynimdə və dirsəyimdə olan zədələr ucbatından mən yaxşı hazırlaşa bilməmişdim. Elə indi də həkimdən gəlirəm. Zədələrimi müalicə edirəm. İdmanda bu kimi hallar qaçılmazdır.

- İlham bəy, Azərbaycanın nədənsə fərdi yarışlarda nailiyyətləri komanda yararışlarından daha çoxdur. Bunun səbəbi nədir?

- Mən bu fikirlə razılaşmıram. Voleybolda, futbolda uğurlarımız var. Futbolda yığma komandamızı nəzərə almasaq, "Qarabağ", "Neftçi" Azərbaycanı yaşıl meydanlarda uğurla təmsil edir. "Qarabağ"ı xüsusilə qeyd etmək istəyirəm. İllərdir Avropada ölkəmizi tanıdır. Görünür yığma komandamızda görüləsi işlər çoxdur. Ümid edirəm ki, o da nə vaxtsa düzələr.

İlham Zəkiyev
© Sputnik / Murad Orujov
İlham Zəkiyev

- Sizin haqqınızda belə bir şayiə yayıblar ki, guya görmə qabiliyyətinizi əməliyyat vasitəsilə bərpa edə bilərdiniz, amma özünüz razılıq verməmisiniz.

- Tamamilə yalandır. Belə bir imkan olsaydı, çoxdan əməliyyat olunmuşdum. Bunu etməmək üçün heç bir səbəb də yoxdur. Nə maddi sıxıntı var, nə də başqa bir şey. Bu məsələ Cənab Prezidentin şəxsən nəzarətindədir. Dünyanın hansı ölkəsində olur olsun, əgər mümkündürsə, bu olacaq. Sonuncu dəfə mən müayinə olunanda professorlar bildirdilər ki, bugünkü gün tibbdə sənin görməni bərpa etmək mümkün deyil. Amma yaxın gələcəkdə bu olacaq. Çünki tibb günü-gündən inkişaf edir. 10-15 il öncə kimə desəydilər ki, ürək, böyrək dəyişmək mümkün olacaq, adama gülərdilər. Mən ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də həllini tapacaq. Allah mənimlə bağlı bir dəfə möcüzə edib. Mən sağ qalmışam. İkinci dəfə də edər. Mən inanıram.

- İlk möcüzə hərbidə olanda baş vermişdi...

- 1998-ci ildə hərbi xidmətə çağırıldım. Hamı kimi mən də yolandım Vətənə borcumu ödəməyə. Kəşfiyyatçı idim. Fiziki göstəricilərimə görə həmyaşıdlarımdan fərqlənirdim. 1999-cu il fevralın 4-ü Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən gülləsinə tuş gəldim. Güllə sol gicgahımdan girib, sağ gicgahımdan çıxdı. 5 gün koma vəziyyətində qaldım. Həkimlər anama dedilər ki, hazırlaşın, öləcək. İdmançı olduğuna görə sağlamdır və müvəqqəti yaşayır. Valideynimin həmin günlərdə nələr çəkdiyini təsəvvür edin. Heç kimə bu hadisəni yaşamağı arzulamıram. 5 gün sonra anamın səsinə komadan ayıldım. Amma onu görə bilmədim. Yaralanma nəticəsində görmə qabiliyyətimi tam itirmişdim. Evə 1-ci qrup Qarabağ müharibəsi əlili kimi qayıtdım.

- Peşəkar idmanla məhz bundan sonra məşğul olmağa başladınız?

- 2002-ci ildə o zamankı İdman və Gənclər naziri Əbülfəs Qarayevə müalicəmlə bağlı müraciət etdim. O da həmin dövrdə Olimpiya Komitəsinin rəhbəri, indiki Prezidentimiz İlham Əliyevə məruzə etdi. Məni Moskvaya göndərdilər. Orada bir müddət müalicə aldıqdan sonra Vətənə qayıtdım. Nazirlikdə Tağı Tağıyev adlı gözəl insan, şöbə rəhbəri var idi. Onunla söhbət zamanı soruşdum ki, gözdən əlillər üçün paralimpiya hərəkatında hansısa güləş növü varmı? Elə yanımdaca Milli Paralimpiya Komitəsi ilə əlaqə saxladı. Ona bildirdilər ki, cüdo idman növü var. Tağı müəllim telefonda dedi ki, “mənim yanımda gələcəyin dünya, paralimpiya çempionu əyləşib. Onu göndərirəm sizin yanınıza”. Dəstəyi yerə qoyandan sonra mənə “İlham, dünyanın ən fəxri titulları sənin alnına yazılıb. Sabahdan get məşq elə” söylədi. Elə ilk gündən Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov başda olmaqla, hamı mənə isti münasibət göstərdi. Və beləcə 2002-ci ilin noyabrın 1-dən məşqlərimi bərpa elədim. Çətin günlər idi. Alışmaq olmurdu. Baxmayaraq ki, 10 yaşımdan idmanla məşğul olmağa başlamışam, məlum səbəbə görə tatamiyə öyrəşə bilmirdim. Amma hər gün keçdikcə, şükürlər olsun, bu çətinliklər arxada qaldı.

İlham Zəkiyev
© Sputnik / Murad Orujov
İlham Zəkiyev

- Çətinliklər arxada qalsa da, Qarabağda itirdiyiniz sağlamlıq sizə "yol yoldaş"ı oldu.

- Qarabağ ümumiyyətlə ağrılı yerimizdi. Bu ləkəni öz üzərimizdən silməliyik. 2016-cı ildə biz öz qüdrətimizi göstərdik. İndi də hər an "İrəli" əmrini gözləyirik. Mən inanıram ki, üçrəngli bayrağımızı orada dalğalandıracağıq.

- Söylədiniz ki, Tokio 2020-yə hazırlaşırsınız. Hazırlıq prosesi hansı səviyyədədir?

- Bildiyiniz kimi, İtaliyanın Genuya şəhərində keçirilən paracüdo idman növü üzrə Avropa çempionatından yeni qayıtmışıq. Komanda yarışlarında birinci yerə çıxdıq. Yarımfinalda Rusiya yığması ilə qarşılaşırdıq. Ümumi hesab 3:3 idi. Sonuncu döyüşə mən çıxdım. Qələbəm sayəsində komandamız finala vəsiqə qazandı. Finalda isə Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (İBSA) yığma komandası ilə görüşdə 6:0 hesablı qələbə ilə Avropanın ən güclü komandası olaraq birinciliyi əldə etdik. Bu yarışın bir özəlliyi də ondan ibarət idi ki, ilk dəfə idi miks yarışma keçirilirdi. Əvvəllər kişilər ayrı, qadınlar ayrı komanda olaraq yarışırdısa, bu dəfə qarışıq şəkildə mübarizə apardıq. Hazırda da məşqlərim davam edir. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqova xüsusi təşəkkürümü bildirmək istəyirəm. Mənə şərait yaradıb. Olimpiyaçılarla birlikdə təlim məşq toplanışlarında iştirak edirəm.

- İlham bəy, sizə uğurlar arzulayıram. İnanırıq ki, gələcək yarışlarda da ölkəmizi uğurla təmsil edəcəksiniz.

- Öz növbəmdə mən də sizə təşəkkür edirəm. Mən də çox inanıram ki, ölkəmizi layiqincə təmsil edəcəyəm və Tokio-2020-də ən yüksək pilləyə qalxa biləcəyəm.

526
Oktaqona ümumi baxış, arxiv şəkli

UFC “DQR bayrağına” görə erməni idmançını cəzalandırdı

11
(Yenilənib 15:05 07.08.2020)
Erməni idmançı qaydaları pozduğuna görə cərimələnib, idmançını rinqə çıxmazdan öncə yoxlamalı olan, 20 il təcrübəyə malik əməkdaşını işindən azad edib

BAKI, 7 avqust – Sputnik. Erməni əsilli amerikalı döyüşçü Edmen Şahbazyan UFC-dəki çıxışı zamanı törətdiyi təxribata görə cəzalanıb.

Sputnik Azərbaycan-ın Apasport.az saytına istinadən məlumatına görə, bunu “Glendale fighting club”un rəhbəri Edmond Tarverdyan açıqlayıb.

Şahbazyanın şəxsi məşqçisi və meneceri olan Tarverdyan Ermənistan mətbuatına bildirib ki, avqustun 2-də ABŞ-ın Las-Veqas şəhərində təşkil olunan “UFC Fight Night 173” turniri çərçivəsində keçirilən döyüş zamanı idmançının öz küncündə qondarma "Dağlıq Qarabağ Respublikası"nın “bayrağ”ını asması cəzasız qalmayıb: “Azərbaycan, Türkiyə və bir sıra digər ölkələrin səfirlikləri bizdən şikayət ediblər ki, Edmen Şahbazyan oktaqona Dağlıq Qarabağ Respublikasının bayrağı ilə çıxıb. UFC rəhbərliyi bizi cərimələyib, idmançını rinqə çıxmazdan öncə yoxlamalı olan, 20 il təcrübəyə malik əməkdaşını işindən azad edib”.

Məşqçi səhv etdiklərini boynuna alıb: “Etiraf edim ki, biz səhv etdik. Müqavilənin bəndinə diqqət yetirməmişdik. Bunun cəzasını çəkməyə hazırıq”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi yarışda erməni əsilli döyüşçünün Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejimin “bayrağını” qaldırması ilə bağlı UFC-yə etiraz məktubu ünvanlayıb. Məktubda qanunsuz qurumun Ermənistanın hərbi təcavüzünün nəticəsindən başqa bir şey olmadığı bildirilib və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstəyinə dair birmənalı mövqeyi UFC rəhbərliyinin diqqətinə çatdırılıb.

11
Roy Cons, arxiv şəkli

Dişləyə bilər. Mayk Taysonun rəqibinin qulaqları sığortalanacaq

14
(Yenilənib 15:36 05.08.2020)
1997-ci ilin iyununda döyüş zamanı Tayson rəqibi Evander Holifildin qulağının bir hissəsini dişləyib qoparıb

BAKI, 5 avqust — Sputnik. Keçmiş mütləq dünya çempionu Roy Consun qulaqları həmvətəni Mayk Taysonla döyüşdən əvvəl sığortalana bilər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Consun meneceri Colt Barnanın belə bir niyyəti var.

Barnanın fikrincə, "mümkün kazusu" nəzərə almaq lazımdır.

1997-ci ilin iyununda döyüş zamanı Tayson rəqibi Evander Holifildin qulağının bir hissəsini dişləyib qoparıb.

Holifild və Tayson 1996-cı ildən 1997-ci ilə qədər iki döyüş keçiriblər. Hər ikisində Holifild qalib gəlib. O, birinci döyüşün 11-ci raundunda Taysonu nokauta göndərib. İkinci döyüşdə isə rəqibinin qulağını dişlədiyinə görə Tayson diskvalifikasiya olunub.

Bu il iyulun 21-də 54 yaşlı Mayk Tayson 51 yaşlı keçmiş mütləq dünya çempionu Roy Consonla döyüşəcəyini bildirib. Döyüş sentyabrın 12-də Kaliforniyada keçiriləcək. Duelin səkkiz raundlu olması planlaşdırılır.

Tayson xeyriyyə turnirləri üçün peşəkar rinqə qayıtmaq istəyi barədə aprelin sonlarında danışıb. Amerikalı 2005-ci ildən döyüşlərdə olmayıb. Onun hesabına 58 duel var. O, onlardan 50-də qazanıb.

14
Mingəçevirdə sürüşmənin baş verdiyi ərazi

Bu yayın bəlaları tükənmir - Mingəçevir su anbarı yaxınlığında böyük təhlükə yaranıb

2
(Yenilənib 12:57 08.08.2020)
Mingəçevirin Turbaza adlanan hissəsində torpaq sürüşüb. Bu zaman xəsarət alan olmasa da, iki irigövdəli şam ağacı kökündən qopub. Bir neçə evin divarlarında çatlar yaranıb

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Mingəçevirdə sürüşmə baş verib. İyul ayında dözülməz isti, avqustun ilk günlərində isə gözlənilməz leysan yağışı ərazidə sürüşməyə səbəb olub.

Sputnik Azərbaycan xəbər verir ki, təbiət hadisəsi Mingəçevirin keçmiş turist bazası (Turbaza) adlanan hissəsində, məcburi köçkünlərin məskunlaşdığı ərazidə baş verib. Bu zaman xəsarət alan olmasa da, 2 irigövdəli şam ağacı kökündən qopub. Bir neçə evin divarlarında çatlar yaranıb.

Ağdam rayonunun Salahlı kəndindən məcburi köçkün Fərail Məmmədov baş verən hadisə haqda Sputnik Azərbaycan-a danışıb.

  • Mingəçevirdə sürüşmənin baş verdiyi ərazi
    © Sputnik / Rahim Mammedov
  • Mingəçevirdə sürüşmənin baş verdiyi ərazi
    © Sputnik / Rahim Mammedov
  • Mingəçevirdə sürüşmənin baş verdiyi ərazi
    © Sputnik / Rahim Mammedov
1 / 3
© Sputnik / Rahim Mammedov
Mingəçevirdə sürüşmənin baş verdiyi ərazi

“Yağış yağıb, sel olan kimi evlərin altı ovula-ovula gedir. Güclü yağış olan günü titrəyiş də oldu, bəlkə də zəlzələ idi. Ondan sonra evlərdə çatlar yarandı, təhlükəli hala düşdü. İri gövdəli ağaclar sürüşmə nəticəsində kökündən qopdu. Bir neçə evdə yaşamaq mümkün deyil, çox təhlükəlidir. Yenə sürüşmə olsa, axıb gedəcək dənizə (su anbarına - red.)", - F.Məmmədov bildirib.

Ağdam, Kəlbəcər rayonlarından məcburi köçkün olan sakinlər yaşadıqları məkanın ən çox uşaqlar üçün təhlükəli olduğunu deyirlər. Uçqun olan hissələrin günbəgün artması, irigövdəli ağacların aşması burada həyəcanı daha da artırır.

Ağdam rayonundan məcburi köçkün Vəli Zeynalov güclü yağışdan sonra evinin damından axan yağış sularının ziyanından danışıb: “Gecə səhərə qədər yatmadıq, paltar-palazımız suya qərq oldu. Qonşularımızda da eyni vəziyyət oldu. Hətta mənim qaynımın toyuq-cücəsi də yağışdan sonra yaranan uçqun zamanı tələf oldu".

Sakinlər bildirirlər ki, illərdir buradakı vəziyyətlə bağlı aidiyyəti qurumları məlumatlandırsalar da, onlar burada yaşayanların köçürülməsi haqqında hələ də fikirləşirlər.

Qeyd edək ki, Azərbaycanın bir sıra bölgələri bu il quraqlıqdan əziyyət çəkir. Kür və Araz çaylarında suyun səviyyəsi həddən artıq enib, hətta Neftçalada dəniz suyu çay suyuna qarışıb. Bununla yanaşı, bir sıra bölgələrdə də leysan səbəbindən sel suları kənd təsərrüfatına xeyli ziyan vurub.

2
Əlaqədar
Adamları piyada qoyan təpə və iki ildir cavabı tapılmayan sual: yeni fəlakətimi gözləyək?
Su altındakı nadir tapıntı: Mingəçevirdə quraqlıq nəticəsində daşlaşmış ağac aşkar edildi
Gözümüzü göyə zilləyək? Plan olmasa, su içmək üçün yağışdan ötrü dua edəcəyik
Məhsuldarlıq olmayacaq! Suvarma problemi hər sahədə özünü göstərir
Quyuya su tökməsən, quyu sulu olmaz... – Bakı kəndləri ənənəvi mənbədən məhrum olublar