Rəfiqə Əziz

Rəfiqə Əziz: "Mənim alt paltarında meydana qaçmaq fikrim yoxdur"

872
(Yenilənib 12:47 13.08.2019)
"Dostlarım oyun bitən kimi məni dövrəyə aldılar ki, yad adamı qucaqlamayım"

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 13 avqust — Sputnik. Rəfiqə Əziz 1993-cü ildə Bakıda anadan olub. 2011-2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. "Lider" TV-də müxbir, redaktor, daha sonra CBC sport kanalında fəaliyyət göstərib. Sosial şəbəkələrdə "Qarabağ"ın xanım azarkeşi kimi tanınır. Ağdam klubunun Çempionlar Liqasında növbəti oyunu ərəfəsində Sputnik Azərbaycan Rəfiqə Əzizlə söhbətləşməyi qərar aldı.

- Futbola həvəs nə vaxt yarandı?

- Uşaq vaxtlarımdan futbola böyük həvəsim vardı. Amma ən böyük arzum cüdoçu olmaq idi. Dayımoğlu, qardaşım məşğul olduqları üçün mən də istəyirdim. Anam isə qəti surətdə bunun əleyhinə idi. Çox dəcəl idim. Evdə deyirdilər ki, cüdo ilə məşğul olsan, qarşına çıxanı döyəcəksən. Kök olduğum üçün məni fitnesə qoydular. Həyəcan, adrenalin sevən biri olduğum üçün fitnes çox darıxdırıcı gəlirdi mənə. 6-cı sinifdə məktəbdə qadın futbolu üçün qəbulla bağlı elan verdilər. Bu dəfə də ailəm istəklərimə qarşı çıxdı. Aqressiv idman növlərinə marağım böyük olsa da, məni rəqsə, üzgüçülüyə, aerobikaya, gimnastikaya qoyublar. Amma hamısı da yarımçıq qalıb. Hətta fortepianoya məni döyə-döyə aparıblar. Musiqini sevsəm də, məşğul olmaq heç mənlik deyil. İndi isə arada vaxtım olanda kikboksinqlə məşğul oluram. Anam indi də deyinir ki, qızım, əl çək bu işlərdən.

Rəfiqə Əziz
© Sputnik / Kamal Almuradlı
Rəfiqə Əziz

- Sizi hamı "Qarabağ" azarkeşi kimi tanıyır. Bakıda böyüyüb boya-başa çatan adamda bu sevgi haradan yarandı?

- Həmişə mənə deyirlər ki, bakılısan, amma "Qarabağ"a azarkeşlik edirsən. Mən hələ uşaq ikən yerli çempionata baxırdım. Zaur Tağızadənin, Georgi Adamiyanın, Mahir Şükürovun, Rəşad Sadıqovun oyunlarını maraqla izləmişəm. Xatırlayıram, atamla stadiona getmişdik. "Neftçi" oynayırdı. Qurban Qurbanov həmin oyunda qol vurmuşdu. Vaxtı ilə Raul Qonsalesə vurulmuşdum. Qurban Qurbanova qarşı da eyni hissləri duyurdum. Məni çox cəlb etmişdi. Televizorda Qurbanovu göstərəndə saxlayırdım həmin kanalda. Mənim üçün Azərbaycan futbolu üç addan ibarətdir: Qurban Qurbanov, Zaur Tağızadə və Rəşad Sadıqov.

Qurban "Qarabağ"a məşqçi kimi gələndən sonra həmkarım Vasif Acalov Avropa kuboklarının oyununa dəvət etdi məni. Klubumuz "Seltik"lə qarşılaşacaqdı. Dəvəti qəbul etdim. Düzdür, həmin oyunu uduzduq, amma mən uşaqlıq dövrümə qayıtdım. Ölmüş duyğularımı oyatdı. Oyun bitəndə mənim gözlərim dolmuşdu. Kövrəlməyim uduzmağa görə deyil, uzun illərdən sonra Tofiq Bəhramov stadionunda olmağım, uşaqlıq duyğularım idi. Bir müddətdən sonra "Qarabağ"ın nəinki Avroliqadakı oyunlarını, ölkə çempionatındakı çıxışlarını da stadiondan izləməyə başladım. CBC Sport kanalında işə düzələndən sonra isə artıq peşəmlə bağlı olaraq mütəmadi stadiona gedirdim. Hətta bir dəfə "Neftçi"-"Qarabağ" oyununda fləş-müsahibə etməli idim. Oyunu texniki zonadan izləyirdim. "Qarabağ" qol vuranda hisslərimi saxlaya bilmədim. Sevincimi bildirdim. Həmkarım Səmra (Səmra Qolasso - red.) mənə yaxınlaşaraq bildirdi ki, hisslərini cilovla. Sonra saytlar bunu əlində bayraq edəcəklər. Oyun 2:1 "Qarabağ"ın qələbəsi ilə bitdi. Oyun uzandığı üçün fləş-müsahibə də olmadı. Amma bir müddət sonra "Qarabağ" – "Düdelanj" oyununda bu mənə qismət oldu. Həmin vaxt Qurban Qurbanov və Qara Qarayevdən müsahibə ala bildim. Həmin an dünyanın ən xoşbəxt adamı idim.

- Bu xoşbəxtliyini "Qarabağ"da bilirlər?

- Qurban Qurbanovu deyə bilmərəm, çünki onunla bir dəfə həmsöhbət olmaq qismətim olub. Kanalımıza qonaq gəlmişdi və mən böyük həvəslə onunla şəkil çəkdirdim. Çox eybəcər düşdüyüm üçün Qurbanla şəklimi heç yerdə paylaşmıram. Amma klubda Rəşad Sadıqov və oranın işçiləri bilirlər.

Rəfiqə Əziz
© Sputnik / Kamal Almuradlı
Rəfiqə Əziz

- Sənə görə, "Qarabağ"ın ən cəzbedici futbolçusu kimdir?

- Çox təəsüf ki, "Qarabağ"da xarici görünüşünə görə mənim zövqümə uyğun futbolçu yoxdur. Amma Qurban Qurbanov birmənalı olaraq zövqümdədir. Oyun baxımından isə məncə, Azərbaycan futbolunun ikonası Rəşad Sadıqovdur. Onu həm də xarakter, liderlik qabiliyyəti olan şəxs kimi dəyərləndirirəm. Son dövrlər zəifləsə də, Qara Qarayevin oyunu da ürəyimcədir. Hal-hazırda isə bəyəndiyim futbolçu Zubirdir.

- Hansı futbolçu ilə dostluq münasibətin var?

- Ad çəkmək istəmirəm. Səbəbini də açıq deyim. Çox təəssüf ki, futbol sferası elədir ki, deyilən hər sözü, atılan hər addımı, hətta paylaşılan şəkli yoza bilərlər. Bu barədə başım çox ağrıyıb. Ona görə dostlarımın adını açıqlamıram.

- Futbolçudan hədiyyə almısan?

- Almışam, amma yenə də deyirəm, ad çəkməyəcəm.

- Bəs sevgili olduğun?

- Hal-hazırda yoxdur. Vaxtı ilə olub.

- Tanınmış futbolçu idi?

- Məsələ ondadır ki, mən futbolçuları tanıyıram. Amma əksər adamlar üzdə olanlardan savayı, heç kimi tanımır.

Rəfiqə Əziz
© Rəfiqə Əzizin şəxsi arxivindən
Rəfiqə Əziz

- Son zamanlar dünyada modellərin futbolla bağlı açıqlamaları artıb. Misalçün, oyun öncəsi deyirlər ki, futbolçu qol vursun, onu öpəcəm.

- Mənim alt partarında meydana qaçmaq fikrim yoxdur. Dəfələrlə belə müsahibələr oxumuşam. Xatırlayıram, Naz Mila demişdi ki, "Qarabağ"da qələbə topunu vuran adamı öpəcəm. Sözünün üstündə durmadı. Çempionlar Liqasında qrupa düşmək üçün son oyun idi. "Qarabağ" keçərsə həştəqi ilə paylaşım edilirdi. Səfər oyunu olduğu üçün matça Bakı Olimpiya stadionunda fan-zonadan baxırdıq. Mən də söz vermişdim ki, yanımda kim olarsa, onu qucaqlayacam. Dostlarım oyun bitən kimi məni dövrəyə aldılar ki, yad adamı qucaqlamayım.

- "Qarabağ" böyük ehtimalla növbəti mərhələyə yüksələrsə, "Ayaks" klubu ilə qarşılaşacaq. Oyundan nə gözləyirsən?

- Sözün düzü, komandadan çox, azarkeşlərin buraya gəlməsini arzulayıram. Çünki bildiyim qədəri ilə çox maraqlı azarkeşlərdir. Etiraf edim ki, ötən mövsüm "Ayaks" gözlənilməz nəticə göstərdi. Baxmayaraq ki, heyətində dəyişiklik olub, şansları 50/50 qiymətləndirirəm. Top yumrudur, hər şey ola bilər. Təbii ki, könül istər, "Qarabağ" qələbə qazansın və qrupa vəsiqə əldə etsin.

872
Teqlər:
UEFA, Çempionlar Liqası, müsahibə, azarkeş, Qarabağ fk