CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlkin Xəlilov: "Aramızdakı mübahisə dava səviyyəsinə qədər qalxmışdı"

© Sputnik / Nigar IskanderovaATV-nin idman aparıcısı, redaktor İlkin Xəlilov
ATV-nin idman aparıcısı, redaktor İlkin Xəlilov - Sputnik Azərbaycan
Abunə olmaq
Ağırlıqqaldırma, güləş, futbol sahəsində çalışan adamlarla ciddi mübahisələrimiz düşüb

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 1 iyul — Sputnik. Hər il iyulun 2-si dünyada İdman Jurnalistikası Günü kimi qeyd edilir. Əlamətdar günlə əlaqədar son dövrlər futbolla bağlı tənqidi materiallarına görə sosial şəbəkədə qəhrəmana çevrilmiş ATV-nin idman aparıcısı, redaktor İlkin Xəlilovdan müsahibə almaq qərarına gəldik.

© Sputnik / Nigar IskanderovaATV-nin idman aparıcısı, redaktor İlkin Xəlilov
İlkin Xəlilov: Aramızdakı mübahisə dava səviyyəsinə qədər qalxmışdı - Sputnik Azərbaycan
ATV-nin idman aparıcısı, redaktor İlkin Xəlilov

- Sizi müsahibəyə dəvət edəndə sualınız "Niyə məhz mən?" oldu. Müsahibə verməklə aranız yoxdur?

- Ümumiyyətlə, diqqət mərkəzində olmağı xoşlamıram. Düzdür, paradoksal səslənir, efirdə olasan və müsahibə verməyə o qədər də meylli olmayasan. Dəfələrlə elə olub ki, hətta işlədiyim kanalda müxtəlif əlamətdar günlərdə dəvət ediblər, amma nədənsə qəbul etməmişəm. Həm də fikirləşdim ki, publika üçün daha maraqlı olan idman jurnalistlərimiz var, onlar qala-qala mən niyə çağırılım ki? Mən özüm müsahibə götürəsi olsaydım, Elnur Məmmədlini, Rüstəm Əfsərlini, Gündüz Abbaszadəni dəvət edərdim.

Айхан Ализаде, ставший победителем чемпионата мира по Футболу для дружбы - Sputnik Azərbaycan
İDMAN
Madridi fəth edən azərbaycanlı futbolçu: Məqsədim "Real" və "Barselona"da oynamaqdır

- Belə görünür ki, həmkarlarınızla aranızdan su keçmir.

- Başqa sahələrdə olan qısqanclıq, dartışma, çəkişmə idman jurnalistləri arasında o qədər də yoxdur. Şəxsən öz adımdan deyə bilərəm ki, münasibətimiz çox yaxşıdır. Çox cüzi bir qisim ola bilər ki, arada nəsə soyuqluq olsun. Mən özüm çap mediasında fəaliyyətə başlamışam. İlk iş yerim "Futbol+" qəzeti olub. Daha sonra televiziya. Bəzən onlar arasında fərq qoyurlar. Amma mənim anlamımda ümumi jurnalistika var. Yaxşı olardı ki, televiziyaya jurnalist qəzetdən gəlsin. Bir növ orada bişsin, hazırlaşsın.

- İdman jurnalistikasına gəlişiniz necə oldu?

- Sözün düzü, məqsədli şəkildə olmayıb. Uşaq vaxtı futbolçu olmaq istəyirdim. Amma doğulduğum rayonda heç futbol məktəbi yox idi. Yeniyetmə yaşımda isə hüquqşünas olacağıma əminlik yarandı. Ali təhsilim də bu yöndə olub. Azərbaycan Universitetinin hüquq fakültəsində təhsil aldım. Futbola sevgim uşaqlıqdan olsa da, şərhçilik, idman jurnalisti olmaq mənim üçün əlçatmaz olub. Tələbə vaxtı qrup yoldaşlarımdan biri "Futbol+" qəzeti almışdı. Orada müxbir vakansiyası üzrə elan yerləşdirilmişdi. Özümü sınamaq qərarına gəldim. Müsabiqəyə yazı verdim və seçildim. Daha sonra, 2002-ci ildə Azad Azərbaycan televiziyasında "ATV xəbər" yaradıldı. Tale elə gətirdi ki, qəzetdən televiziyaya keçdim. O gün - bu gün, düz 17 ildir, ATV kanalındayam. Televiziyaya gəlməkdə mənə yardımçı olan tanınmış idman jurnalisti Altay Əliyev və Rüstəm Əbülfətoğluya dərin minnətdaram.

© Sputnik / Nigar IskanderovaATV-nin idman aparıcısı, redaktor İlkin Xəlilov
İlkin Xəlilov: Aramızdakı mübahisə dava səviyyəsinə qədər qalxmışdı - Sputnik Azərbaycan
ATV-nin idman aparıcısı, redaktor İlkin Xəlilov

- İlk yazınız nə ilə bağlı olub?

- Mən əslən Şabran rayonundanam. O vaxt rayonun prokuroru Habil Qurbanovun səyi ilə "Bərəkət" futbol klubu yaradılmışdı. Habil müəllim futbol ictimaiyyətinə yad adam deyildi. Uzun illər AFFA-da çalışıb. Təəssüf ki, o prokuror rayondan gedən kimi klub dağıldı. İlk yazım da məhz həmin futbol klubu haqqında olmuşdu.

- İdmandan yazmaq, material hazırlamaq asan iş deyil. Xüsusilə hansı idman növü daha çətindir?

- Bir gözəl ifadə var: "Bir siyasətdir, bir futbol  - ondan hamı danışır". Anlayışı olan da, olmayan da Ərdoğanı, Trampı asıb-kəsir. Futbol da o cümlədən. Biri məşqçiyə taktika dərsi keçir, biri futbolçuya oynamaq öyrədir. Xüsusilə futboldan yazmaq daha çətindir. Nə qədər futbol azarkeşi var, bir o qədər fərqli fikir var. Boks, güləş də maraqlı idman növləridir. Amma açıq danışaq, stolüstü tennis haqda yazsaq, kimə maraqlı olar? Futbol elə sahədir ki, hər cümləni detallarına qədər müzakirə edəcəklər. Ona görə futboldan yazmaq da, danışmaq da çox çətindir.

- Müəllifi olduğunuz videomateriallara görə daha çox tənqid olunursuz, ya xoş sözlər eşidirsiz?

- Ən çox xoş sözlər eşitmişəm. Sevindirici haldır ki, qəzetdə də, televiziyada da fəaliyyətim zamanı təşəkkür edən çox olub. Bununla yanaşı, təhdidlər də az olmayıb. Ağırlıqqaldırma, güləş, futbol sahəsində çalışan adamlarla ara-sıra ciddi mübahisələrimiz düşüb. ATV-yə gələndən sonra auditoriya daha geniş idi. Orada yayımlanan material böyük rezonansa səbəb olurdu. Xatırlayanlar bilərlər.

Boksçu Vüqar Ələkbərov 2004-cü il Afina Olimpiadasında suriyalı rəqibinə biabırçı şəkildə uduzanda mən onu çox kəskin tənqid etmişəm. Sidney Olimpiadasından sonra idmançıda ulduz xəstəliyi yarandı. Sorağı gecə klubundan və s. yerlərdən gəlirdi. Onu tənqid edəndən sonra konkret aramızda soyuqluq əmələ gəldi. Amma o, tənqiddən nəticə çıxarmadı.

Hətta o vaxt idman elitası onu ciddi-cəhdlə müdafiə edirdi: bu, Vüqar Ələkbərovdur, ona toxunmaq olmaz. Amma fikirləşmədilər ki, bu cür yanaşma ilə adamı uçuruma apardılar. Bununla yanaşı, tənqidə açıq olan, ondan nəticə çıxaran idmançılar da var. Onlar arasında Fərid Mansurovu, Namiq Abdullayevi, Zemfira Meftahətdinovanı, Rövşən Bayramovu, Vitali Rəhimovu qeyd etmək olar.

© Sputnik / Nigar IskanderovaATV-nin idman aparıcısı, redaktor İlkin Xəlilov
İlkin Xəlilov: Aramızdakı mübahisə dava səviyyəsinə qədər qalxmışdı - Sputnik Azərbaycan
ATV-nin idman aparıcısı, redaktor İlkin Xəlilov

- Bəs futbolçular?

- Futbol bizim yaralı yerimizdir. İstər klub səviyyəsində, istər yığma səviyyəsində tənqidə görə aramızda ciddi problemlər olub. Yığmamızın evdə Serbiyaya 1:6 hesablı ilk böyük məğlubiyyətinə görə müdafiəçi Emin Quliyev hədəfimə tuş gəlmişdi. Aramızdakı mübahisə hətta dava səviyyəsinə qədər qalxmışdı. O vaxt ATV-nin və "Xəzər-Lənkəran" futbol klubunun rəhbərliyinin müdaxiləsi nəticəsində ara sakitləşdi. Amma indiyə qədər də salamlaşmırıq. Bilirsiz, mən jurnalistəm. İşimi də kimdənsə tərif və ya xoş söz eşitmək üçün etmirəm.

- Son dövrdə futbol haqqında hazırladığınız material sosial şəbəkədə böyük səs-küyə səbəb oldu.

- Mənim bundan da kəskin süjetlərim olub. Sadəcə, axır vaxtlar sosial şəbəkələrdə daha çox müzakirə aparılır, yayılır. Hətta televiziyada baxmayanlar sosial şəbəkə vasitəsilə izləyirlər. Təvazökarlıqdan uzaq olsa da, insanlar tərəfindən rəğbətlə qarşılanır. U-21 yığma komandamızın məğlubiyyəti mənə çox pis təsir etmişdi. Hər-hansısa hadisəyə şərh yazanda gərək içindən gələni qələmə alasan. Yəqin ki, bütün jurnalistlərdə belədir. Vaxt olub ki, jurnalist olmayan dövrdə Azərbaycan Macarıstana 0:3 hesabıyla məğlub olduğu üçün oturub ağlamışam. Heyf ki, həmin vaxt içimizdən keçənləri deyən olmurdu. 

Полузащитник Галатасарая Уэсли Снейдер - Sputnik Azərbaycan
Tanınmış futbolçu həbs edilib
Ona görə jurnalist nəsə yazanda özünü vətəndaşın yerinə qoymalıdır. Əgər xalqa xidmət edirsənsə, xalqın sözünü demək lazımdır. Fikrimcə, vətandaşların təşəkkürü bütün təzyiq və təhdidləri üstələyir. Necə ki, son hadisələrdə bu özünü göstərdi. Axı niyə tarixində qələbə qazanmayan Lixtenşteyn Azərbaycanı məğlub etməlidir? Üstəgəl, qapımıza qol vuran Friklə bağlı tarixi detal adama lap od qoydu.

- Maraqlıdır, bu faktı necə əldə etmişdiniz?

- 1998-ci ildə milli yığma komandamızın Lixtenşteynə 2:1 hesablı məğlubiyyəti ürəyimə sanki yara salmışdı. Həmin oyundakı qolların dəqiqəsi, oyunçuların adı yaddaşıma həkk olmuşdu. Frikin adını eşidən kimi ürəyimə damdı ki, onun oğlu olacaq. Lixtenşteynin vur-tut 37 min əhalisi var. Yəqin etdim ki, onlar arasında nəsə bağlılıq var. İnternetdə araşdırdım və müəyyən etdim ki, həqiqətən 21 il sonra bizə həmin acını bir də yaşadan Mario Frikin oğlu Yanik Frikdir.

- Bu videomaterialla bağlı televiziya rəhbərliyi ilə aranızda problem var idi. Deyəsən, həll olundu.

- Fikirləşmirəm ki, tam həll olunub, amma göründüyü qədərilə sakitlikdir. Sözün açığı, bu qədər müzakirə olunacağını bilmirdim. Sosial şəbəkələrdə vətəndaşların verdiyi dəstək bu məsələdə həlledici oldu. Bu gün ATV-də qalmağımda o insanlara borcluyam. Hadisələrin axarını zaman göstərəcək. Qalıb-qalmayacağımı Azərbaycan yığmasının növbəti oyununda dəqiq biləcəyik.

© Sputnik / Nigar IskanderovaATV-nin idman aparıcısı, redaktor İlkin Xəlilov
İlkin Xəlilov: Aramızdakı mübahisə dava səviyyəsinə qədər qalxmışdı - Sputnik Azərbaycan
ATV-nin idman aparıcısı, redaktor İlkin Xəlilov

- Müasir idman jurnalisiti hansı kefiyyətlərə sahib olmalıdır?

- Ümumi jurnalistikada hansı problemlər varsa, idman jurnalistikasında da eyni cürdür. İndi saytların əksəriyyətinin maliyyə mənbəyi reklamdır. İdman saytlarının əsas reklam tərəfdaşları klublardır. Klubdan da pul aldınsa, düşürsən asılı vəziyyətə. Həmin klubu tənqid edə bilmirsən. Bu da jurnalistika prinsiplərinə ziddir. Maliyyə ilə yanaşı, peşəkarlıq məsələsi də var.

İdman jurnalistikasında da qeyri-peşəkar, təsadüfən bu sahəyə gələn, hətta burada şantaj, reketliklə pul qazananlar da var. Bir ara Azərbaycan futbol klublarında maliyyə güclü idi. İdman jurnalistikasına kütləvi axın başlamışdı. Dünən "Facebook"da status yazan bu gün gəlib deyirdi ki, sayt açıram. Hər klubdan şərti olaraq 500, 1000 alıb dolanırdılar.

İndi ələnmə dövrü başlayıb. Əsl jurnalistlər üzə çıxır. Həqiqi idman jurnalisti dürüst və cəsarətli olmalıdır.

- Şərhçi ilə idman jurnalisti arasında fərq varmı?

- Şərhçi canlı yayımda dərhal reaksiya verməlidir. Amma jurnalist yazar, pozar, bir cümləni 5 dəfə dəyişər. Vaxt baxımından jurnalistin imkanları daha genişdir. 90 dəqiqə futbol aparan şərhçi anında qərar verməli, epizoda dərhal adekvat reaksiya göstərməlidir. Təbii ki, səhvsiz şərhçi yoxdur. Ona görə də onların üstlərinə getmək olmaz. 

Nazim Süleymanov - Sputnik Azərbaycan
İDMAN
Futbolumuzun əfsanəsi: "Bəzi futbolçular meydançada yox, ondan kənarda "oynayır"
10-15 il əvvəl tamaşaçılar Türkiyə, Rusiya kanallarında idman yarışlarına baxmağa üstünlük verirdilərsə, indi vəziyyət dəyişib. Bir ara deyirdilər ki, bizdə şərhçi yoxdur. İndi sosial şəbəkələrdə şərhçilərin fanat ordusu yaranıb. Rüstəm Əfsərli, Gündüz Abbaszadə, Elnur Məmmədli, Siyavuş Əliyev, Ramiz Mirzəzadə dəyərli şərhçilərimizdəndir. Səmimi deyim, Rüstəm Əfsərlinin şərhi, Elnur Məmmədlinin yerində olan replikaları heç də rus şərhçilərdən geri qalmır.

- Bu gün sizin bayramınızdır.

- Həmkarlarımı təbrik edirəm. Həqiqətən, çox çətin və məsuliyyətli işdir. Dediyin hər sözün, hər kəlmənin arxasında dayanmalısan. Nə yaxşı ki, bizdə bunu bacaracaq jurnalistlərimiz var. İstənilən təzyiq və çətinliyə baxmayaraq həmişə doğru-dürüst mövqedə olsunlar.

Xəbər lenti
0