London-2012 Olimpiya çempionu və 2016-cı il Rio-de-Janeyro Oyunlarının bürünc medalçısı, sərbəst güləşçi Toğrul Əsgərov

Toğrul Əsgərov: "Məşqlərə qatılıram, amma MMA-ya keçməyə hazırlaşmıram"

2843
(Yenilənib 17:33 15.05.2019)
Toğrul Əsgərov: "Dostlarım müntəzəm olaraq məndən onlarla sparrinqə çıxmağı xahiş edirlər"

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 15 may — Sputnik. London-2012 Olimpiya Çempionu və 2016-cı il Rio-de-Janeyro Oyunlarının bürünc medalçısı, sərbəst güləşçi Toğrul Əsgərov 2020-ci ildə Tokioda (Yaponiya) keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək niyyətindədir. Bunu güləşçi özü Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində bildirib.

"Mənim son zamanlar yarışlara qatılmağıma mane olan zədəm tamamilə aradan qalxıb, sağlamlığım bərpa olunub. Hazırda Azərbaycan yığmasının heyətində bütün məşqlərə qatılıram" – deyə mayın 14-də Buxarestdə (Rumıniya) keçirilən çempionatda güləşçilərin mükafatlandırılma mərasimində iştirak edən Əsgərov bildirib.

O qeyd edib ki, hazırda əsas məqsədi Tokiodakı Olimpiya oyunlarına düşməkdir.

"Məndən asılı olan hər şeyi edəcəyəm ki, üçüncü dəfə Olimpiya Oyunlarına düşə bilim. Ümid edirəm ki, mənə təkcə Tokioya getmək deyil, həm də dördilliyin əsas yarışının qalibləri sırasına düşmək nəsib olacaq" – deyə güləşçi əlavə edib.

Əsgərov 21-30 iyun tarixlərində Minskdə (Belarus) keçiriləcək İkinci Avropa Oyunlarında çıxışını da istisna etməyib.

"Hələlik Avropa Oyunlarında iştirak edib-etməyəcəyimi birmənalı olaraq deyə bilməyəcəyəm, amma belə bir ehtimal var. Çəki dərəcəsi ilə əlaqədar olaraq, mümkündür ki, mən Minskdə 74 kq çəkidə güləşçilərin turnirində çıxış elədim. Amma sonra çəki dərəcəmi dəyişə bilərəm" – deyə Olimpiya Oyunlarının mükafatçısı bildirib.

Qeyd etmək lazımdır ki, bu yaxınlarda sosial şəbəkələrdə Toğrul Əsgərovun oktaqondakı məşqlərinin fotoları yayılıb. Bu səbəbdən də azarkeşləri onu qarışıq döyüş növlərində (MMA) gözləməyə başlayıblar.

"Mənim qarışıq döyüş növlərində çoxlu dostlarım var və onlar müntəzəm olaraq məndən onlarla sparrinqə çıxmağı xahiş edirlər. Boş vaxtlarım olanda onlarla məşqlərə qatılıram. Amma MMA-ya keçməyə hazırlaşmıram" – deyə Əsgərov əlavə edib.

2843