Yan Yaap Şmaal

Azərbaycan akademiyası holland mütəxəssisə tapşırıldı

33
(Yenilənib 13:57 04.04.2019)
Zanbaqlar ölkəsindən olan mütəxəssis Azərbaycanda futbolçu yetişdirəcək

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 4 aprel — Sputnik. Azərbaycanın Topaz Premyer-liqasında iştirak edən futbol klubu öz akademiyasına yeni direktor təyin edib.

Sputnik Azərbaycan sözügedən klubun saytına istinadla xəbər verir ki, futbol akademiyalarının inkişafı prosesində beynəlxalq təcrübəyə malik olan 42 yaşlı Yan Yaap Şmaal "Səbail" PFK-nın Futbol Akademiyasına yeni direktor təyin olunub.

O, 2002-ci ildən 2005-ci ilədək Qətərin paytaxtı Doha şəhərində fəaliyyət göstərən "ASPİRE" futbol akademiyasının açılışında və inkişafında rol oynamış məşqçi korpusunun üzvü olub.

Beynəlxalq səviyyədə tanınan bu akademiyanın açılışından sonra Qətərin müvafiq yaş qrupuna aid milli komandası ilə işləyib, eyni zamanda 2005-ci ildən 2018-ci ilədək "ASPİRE" layihəsi çərçivəsində skaut və analitiklərdən ibarət layihənin yaradılmasında və inkişafında mühüm rol oynayıb.

Beynəlxalq səviyyədə tanınan bu akademiya layihəsi sayəsində Qətərin U-19 yaş qrupuna aid milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş Asiya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Yan Yaap Şmaal Qətərə gəlməzdən əvvəl Hollandiyanın "Qroningen" Futbol Klubunun gənclərdən ibarət komandaları ilə işləyib və ABŞ-ın müvafiq yaş qrupuna aid komandaları üçün gənc futbolçular yetişdirib.

2018-ci ildə Yan Yap Şmaal Asiya Futbol Konfederasiyasının Pro Lisenziya kurslarını bitirib, eyni zamanda UEFA-nın A kateqoriyalı məşqçisi lisenziyasına malikdir.

Xatırladaq ki, bu yaxınlarda "Səbail" futbol klubu öz heyətini Madridin "Real" və Londonun "Çelsi" klublarının eks oyunçusu Maykl Essyenlə möhkəmləndirib. O, hazırda Azərbaycan çempionatının ən titullu oyunçusudur.

33