Dünya çempionatı, Argentina-İslandiya görüşü

AVRO-2020: Qazaxıstan Azərbaycanın bacarmadığını etdi

97
(Yenilənib 08:46 22.03.2019)
Qazaxıstan sensasiyaya imza atıb

BAKI, 22 mart - Sputnik. AVRO-2020-nin seçmə mərhələsinə start verilib. ONA-nın məlumatına görə, ilk oyun günündə 10 qarşılaşma keçirilib.

Bu matçlarla C, E, G və İ qruplarında mübarizə başlayıb. Seçmə mərhələnin ilk oyunu Qazaxıstanda keçirilib. Meydan sahibləri sensasiyaya imza ataraq, Şotlandiyanı böyükhesablı məğlubiyyətə uğradıb – 3:0. Erkən qolla hesabı açan Yuri Pertsux seçmə mərhələdə vurulan ilk topun müəllifi olub.

Bu qrupda daha bir darmadağın qeydə alınıb. Kipr millisi San-Marinonu 5 cavabsız qolla üstələyib. “Altılıq”da favorit olan Belçika və Rusiya arasında görüşdə meydan sahibləri 3:1 hesablı qələbəyə seviniblər.

Azərbaycan millisinin yer aldığı E qrupunda iki matç keçirilib. Yığmamız səfərdə Xorvatiyaya uduzub – 1:2. Bu görüşdə Azərbaycan Şeydayevin vurduğu qolla 19-cu dəqiqədə irəli çıxsa da, daha sonra öz qapısından iki top buraxıb. Bu qrupdakı Slovakiya – Macarıstan görüşündə isə meydan sahibləri iki cavabsız qolla qələbə qazanıblar.

C qrupunda da iki qarşılaşma keçirilib. Hollandiya Belarusla görüşdə sensasiyaya imkan verməyib – 4:0. Şimali İrlandiya isə 3 xalı Estoniya ilə matçda qazanıb – 2:0.

G qrupunun iddialıları Polşa və Avstriya sonuncuların meydanında üz-üzə gəlib. Bu oyunda polşalılar minimal hesabla qələbə qazanıblar. İsrail Sloveniya ilə matçda bir xalla kifayətlənib – 1:1. Makedoniya isə Latviyanı 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, seçmə mərhələnin ilk turunun digər matçları martın 22-23-də keçiriləcək.

97