Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Yolda məni görəndə qulağını çəkib, "məndən uzaq olsun" eləyənlər də az olmayıb"

© Sputnik / Murad OrujovParataekvondoçu Röyalə Fətəliyeva
Parataekvondoçu Röyalə Fətəliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Röyalə Fətəliyeva fiziki qüsurlu olmağın insana yaşatdığı çətinliklərdən danışır

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Bir neçə gün öncə Türkiyənin Antalya şəhərində Parataekvando üzrə dünya çempionatında bürünc medal qazanan idmançımız Röyalə Fətəliyeva Sputnik Azərbaycan-ın qonağı olub. Parataekvandoçu həyatından və uğurlarından danışıb.

© Sputnik / Murad OrujovParataekvondoçu Röyalə Fətəliyeva
Yolda məni görəndə qulağını çəkib, məndən uzaq olsun eləyənlər də az olmayıb - Sputnik Azərbaycan
Parataekvondoçu Röyalə Fətəliyeva

- Hələ də valideynlərinizin himayəsində yaşayırsınız?

- Kənardan hamı fiziki məhdudiyyətli insanları zəif bilir. Əslində isə belə deyil. 18 yaşından mən maddi cəhətdən özüm-özümü dolandırıram. Valideynlərimdən asılı deyiləm. Düzdür, atam bacıma və qardaşıma pul verəndə mən də şıltaqlığıma salıb bir az istəyə bilərəm. Amma əsas öz zəhmətimlə qazanıram. İdmanda zədələrim də çox olur. Bu dəqiqə qolum, ayaqlarım zədəlidir. Bədənim gömgöydür. Hətta sonuncu yarışda çox ağır zədə aldım. Ona görə yarımfinalda döyüşə bilmədim.

- Gəncsən, yəqin ki, idman karyeranın hələ qarşıda olduğunu düşünürsən...

- Keçən il yarışlara qatıla bilməmişdim. Günah özümdə idim. Bu il Dünya çempionatında bürünc medal qazanmağım məni, tamamilə dəyişdi. Belə ki, dünyaya baxışım, idmana olan həvəsim, sanki canlandı. İndi qarşıma qəti məqsəd qoymuşam. Azərbaycanı Olimpiya oyunlarında təmsil edəcəm. Nə olursa olsun, medal qazanacam. Ən azı, bürünc medal mənim olmalıdır. Hələ ki olimpiadaya düşmək üçün mənə çox bal lazımdır, reytinqdə daha da irəliləməliyəm. Hələ ki ilk beşlikdəyəm.

© Sputnik / Murad OrujovParataekvondoçu Röyalə Fətəliyeva
Yolda məni görəndə qulağını çəkib, məndən uzaq olsun eləyənlər də az olmayıb - Sputnik Azərbaycan
Parataekvondoçu Röyalə Fətəliyeva

- İdmandan başqa məşğuliyyətin var?

- Rəssamlıq ilə məşğul olmuşam, amma həmişə tikiş tikməyə həvəsim olub. Bir əlim olmadığı üçün orta məktəbdə əmək təlimi dərsindən müəllim məni dərslərdən azad edirdi. Mənə deyirdi ki, "əlin yoxdur, tikiş tikə bilməzsən". Bu sözə görə çox pis olurdum, günlərlə ağlayırdım. Heç vaxt mənə tikiş tikməyə şans verməmişdi. Həmişə 3 qiymət yazırdı. Ürəyimdə qalmışdı ki, bəlkə mən bunu bacaracaqdım. Sonda arzuma yetdim. Bir gün tikiş tikməyə başladım. Düzdür, əlimə iynə batanda çox ağrı verirdi, amma öyrəşdim. Sonra iynə dəyməyəndə düşünürdüm ki, yəqin nəyisə səhv etmişəm, ona görə yarımçıq əlimə iynə sancılmadı. Hətta kəpənək tikdim və sərgiyə də çıxarıldı. Oymaçılıq ilə də məşğul olmaq istədim. Amma yarımçıq əlim zədə ala bilərdi deyə sona kimi getmədim.

- Sona kimi idmanla məşğul olacaqsınız?

- Axı başqa sahələrdə fiziki imkanları məhdud insanlara yer vermirlər. Mən idmana gələnə kimi çox yerə iş üçün müraciət etdim, "yox" cavabı eşitdim. Bir gün "Sədərək" ticarət mərkəzinə getdim, orada dükanların birində işləmək istədim. Dükan müdiri ilə danışıq oldu, məni işə götürdü. Qəfil əlimi görəndə isə mənə dedi ki, "sizinlə əlaqə saxlayacağıq". Sahibkarlar fiziki imkanları məhdud insanlara şans vermirlər. Ona görə də mənim kimi insanların yaşaması maddi cəhətdən çox çətindir.

© Sputnik / Murad OrujovParataekvondoçu Röyalə Fətəliyeva
Yolda məni görəndə qulağını çəkib, məndən uzaq olsun eləyənlər də az olmayıb - Sputnik Azərbaycan
Parataekvondoçu Röyalə Fətəliyeva

- Bəzən əlilliyi olan şəxslər kompleksli olurlar...

- Mənim əkiz tayım da var. Bacım ana bətnində məni sıxdığı və üzərimə düşdüyü üçün qolum inkişafdan qalıb. Ona görə həmişə bacıma nifrət edirdim. "Axı niyə o sağlamdır, mən yox" - deyə üsyan edirdim. İnsanların mənə baxışından, reaksiyasından utanırdım. Hətta yol gedəndə inkişafdan qalmış qolumu əkiz bacımın arxasında gizlədirdim. Yayda uzunqol geyinirdim. Məktəbə gedəndə uşaqlar mənə qəribə baxırdılar. Yolda məni görəndə qulağını çəkib, "məndən uzaq olsun" eləyənlər də az olmayıb. Bunlar adama pis təsir edir. Uşaq idim, başa düşmürdüm. 4-cü sinifdə bir oğlan mənə dedi ki, "şikəstsən, sənin qolun yoxudur". Onda mən başqalarından fərqləndiyimi anladım və çox ağladım.

11 yaşım olanda filmlərdən birində gördüm ki, əlil arabasında olan bir nəfər ölür və o biri dünyaya düşür. O dünyada onun sağlam olduğunu, gəzdiyini göstərirlər. Mən də ondan sonra Allaha yalvararaq ölməyimi arzulayırdım. Deyirdim, Allahım, məni öldür, heç olmasa, o dünyada əlimin necə olduğunu görüm. İki qolu olmayan, əlil arabasına məhkum insanlarla tanış olduqca, onların yaşadıqlarını görəndən sonra isə şükür etdim. Dedim ki, mən onların yanında sağlamam. Bu gün isə artıq kompleksləri aşmışam. Hətta yolda mənə kimsə qəribə baxanda dayanıram, həmin adama deyirəm ki, deyəsən, yaxşı baxa bilmədin, gəl köynəyi çəkim yaxşı-yaxşı bax. Onda həmin insan utanır, üzr istəyir.

© Sputnik / Murad OrujovParataekvondoçu Röyalə Fətəliyeva
Yolda məni görəndə qulağını çəkib, məndən uzaq olsun eləyənlər də az olmayıb - Sputnik Azərbaycan
Parataekvondoçu Röyalə Fətəliyeva

- Şəxsi həyatınızda vəziyyət necədir?

- Nə qədər ki, idmandayam heç kimə şans verməyəcəm. Mən sevəndə gözlərim bağlanır və fikrim qalır həmin insanın yanında. Elə olanda idmanda geri qalıram. İki dəfə sevgi yaşamışam və görmüşəm ki, idmanla alınmır. Onsuz da olimpiya medalı qazananda oğlanlar özləri məni axtaracaqlar. İki gün öncə dünya çempionatının bürünc medalını qazandım və sosial şəbəkələrə şəkilləri yerləşdirdik. Həmin dəqiqə oğlanlar yazmağa başladılar. İndiki oğlanların əksəriyyəti alfonsdur, hər şeyi qadından gözləyirlər.

Fiziki imkanları məhdud insanla heç vaxt ailə qurmaram. Sağlam olanın da mütləq işi, evi olmalıdır. Yoxsa onu da saxlayacaq imkanım yoxdur. Dostlarım da deyir ki, "olimpiya medalını qazan, bəxtin özü səni tapacaq". Mən də hələ ki karyeram barədə düşünürəm.

Xəbər lenti
0