Gülənbər Qasımova - Qadın futbolu üzrə milli komandanın üzvü

“Dəmir” ləqəbli Gülənbər Qasımova: “Məni oğlan bilib, eşq elan edən olub”

11184
(Yenilənib 15:42 03.02.2019)
Gənc futbolçunun ən böyük arzusu isə Rusiyanın komandalarında oynamaqdır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 3 fevral — Sputnik. Gülənbər Qasımova - qadın futbolu üzrə milli komandanın üzvü. 1997-ci ildə Qax rayonunda anadan olub. Uşaq ikən voleybol üzrə qadınlardan ibarət komandada iştirak edən və uğurlar qazanan bu gənc xanımın ürəyi həmişə futbolda olub. O zaman futbol üzrə qadınlardan ibarət komandada oynamaq istəyini valideynlərinə bildirəndə isə etirazla qarşılaşıb.

Xanım futbolçu öz həyat tarixçəsini Sputnik Azərbaycan-a danışır: "6 ildir futboldayam. Eşitdim ki, rayonumuzda qadın futbolu yaranıb, mən də voleyboldan uzaqlaşıb, futbola gəlmək istədim. İstəyimi evdəkilərə bildirəndə israrla, "yox, olmaz" dedilər. Anam deyirdi ki, "qız nədir, futbol nədir? Voleybolda oynayırsan, bu bəsdir".

Gülənbər Qasımova - Qadın futbolu üzrə milli komandanın üzvü
© Gülənbər Qasımovanın şəxsi arxivindən
Gülənbər Qasımova - Qadın futbolu üzrə milli komandanın üzvü

"Niyyətin hara, mənzilin də ora" deyib atalarımız. Elə Gülənbər də öz arzusuna çatır: "Bir gün Əməkdar məşqçi Dilarə Əhmədova anama yaxınlaşıb dedi ki, "eşitmişəm, sənin idmançı qızın var. Onu komandamda görmək istəyirəm". Dilarə xanım anamı o qədər inandırdı ki, anam razılıq verdi və mən futbola gəldim".

Bu arada söhbətimizə Azərbaycanda qadın futbolunun təməlini qoyan ilk qadın, Əməkdar məşqçi Dilarə Əhmədova da qoşulur: "Eşitmişdim ki, Gülənbər adlı qız var, voleybolçudur, amma futbola daha çox meyllidir. Həmin ərəfədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev də Gülənbərlə maraqlanırdı, onu güləşə dəvət edirdi. Mən onların evlərinə getdim, ancaq tapmadım. Bir gün təsadüfən Gülənbəri anası ilə birlikdə dükanda gördüm. Yaxınlaşıb anasına dedim ki, istəyirəm qızınız futbola gəlsin. Gülənbərin gözlərində həmin anda, sanki bir sevinc qığılcımı yarandı. Anası əvvəlcə tərəddüd etsə də, israr etdiyimə görə mənimlə razılaşdı. Beləliklə, Gülənbər mənim komandamın üzvü oldu".

Məşqçisinin dediyinə görə, Gülənbərin voleyboldan çıxması qalmaqala səbəb olub. Hətta buna görə onu təhqir etməkdən belə, çəkinməyiblər. "Həmin vaxt mənə dedilər ki, "o, heç vaxt milliyə düşməyəcək". Bu söz mənə çox pis təsir etdi. Onlara dedim ki, o, milli komandanın üzvü olacaq. O, nəinki milli komandanın üzvü oldu, Azərbaycanda, eləcə də dünyada bir sıra nailiyyətlər əldə etdi".

Gülənbər Qasımovanın medalları
© Sputnik / Shahperi Abbasova
Gülənbər Qasımovanın medalları

Gülənbərə ən çox dəstəyin atasından gəldiyini deyən Əməkdar məşqçi bütün valideynləri, xüsusilə idmana həvəsi olan övladlarına güvənməyi və onlara dəstək olmağa çağırır: "Ona ən çox kömək edən atası olub. Atası mənə zəng edib dedi ki, "qızım sizindir". Bu, məni çox sevindirdi. Yaxşı olar ki, bütün valideynlər Gülənbərin atası kimi öz qızlarına güvənsinlər. Belə olan təqdirdə, Azərbaycanda qadın futbolu daha da inkişaf edə bilər, dünya arenasında da öz sözünü deyə bilər".

"Əslən ispan olan, Azərbaycan yığma komandasının baş məşqçisi Patrisia Gonzales də Gülənbərin oyununu görüb heyranlığını gizlədə bilməmişdi. Mən ona "Dəmir Gülənbər" deyirəm. Həm fiziki olaraq, həm mənən çox güclü qızdır. Neçə ildir futboldadır, hələ bir dəfə də olsun travma almayıb. Bu, çox böyük işdir. Bunu idmançılar yaxşı anlayar. Çox şadam ki, bir gün mən olmayanda davamçım olacaq " - deyə, D.Əhmədova əlavə edir.

Gənc xanımı xarici görünüşünə görə də qınayanlar olub. Onu və komanda yoldaşlarına ləkələməyə çalışıblar: "Komandadakı bəzi qızlar da mənim kimi qısa saçlı idi. Biz birlikdə yarışlara gedirdik, birlikdə qalırdıq. Bu da birmənalı qarşılanmadı. Rayonda futbolçu qızlarla bağlı xoşagəlməz şayiələr yayılmışdı. Hələ də mənə bu məsələ qaranlıq qalıb, bu iyrənc söhbəti niyə yaydıqlarını bilmirəm. Bəlkə də məqsəd komanda arasında nifaq salıb, komandanı dağıtmaq idi. Mənə elə gəlir ki, Qaxda qadın futbolunun ləğvi üçün əvvəlcədən planlaşdırılmış bir oyun idi".

"Sözsüz ki, valideynlərim, xüsusilə də anam çox narahat oldu bu söhbətlərdən. Lakin kimin nə deməsindən asılı olmayaraq, adın doğrudan da təmizdirsə, sənə yüz böhtan atılsa belə, yapışmayacaq! Bu məsələ Dilarə xanımı da narahat edirdi. Amma o da, valideynlərimiz də, bizim səhv addım atmayacağımızdan əmin idilər" – deyə, gənc futbolçu təəssüf hissi ilə danışır.

Gülənbər Qasımovanın medalları
© Sputnik / Shahperi Abbasova
Gülənbər Qasımovanın medalları

Gülənbərin xarici görünüşünə görə onu oğlan bilib, eşq elan edənlər də olub. O, bu hadisəni gülərək xatırlayır: "Uşaqlıqdan indiyə qədər əynimdə idman paltarı olub, saçlarım da qısa. Buna görə məni oğlan hesab edənlər də olub. Bir dəfə bir kəndə qonaq getmişdim. Bir qız yaxınlaşdı. Hiss etdim ki, bu qız məni oğlan bilib. Yaxınlaşdı, adımı soruşdu, dedim ki, adım Nicatdır. Bir neçə saatdan sonra mənə eşq məktubu göndərmişdi".

Fərqli saç düzümü, idman üslubu, kütlənin ona münasibəti futbolçunun ailəsində ara-sıra söz-söhbətlərə səbəb olur: "Anamın iş yerində ona deyirdilər ki, "qızını alan olmayacaq, o nə geyimdir geyinir, o nə saçdır elə?" Anam da o sözlərdən təsirlənib mənə iradlarını bildirirdi. Lakin atam mənim arxamda dururdu. Anama deyirdi ki, "camaatın sözünə görə qızını niyə incidirsən, qoy işi ilə məşğul olsun". Dilarə xanım da anamı başa saldı ki, "futbolçu belə olmalıdır, o uzun saç saxlayıb don geyinə bilməz ki". Bundan sonra anam bir təhər razılaşdı".

"Bir oğlan mənimlə evlənmək istəyirdi. Amma şərt qoydu ki, ya futbol, ya da o. Mən futbolu seçdim. Gələcəkdə ailə quracağım insanın da istəklərimlə razılaşması mütləqdir. Əks təqdirdə razı olmaram. Çünki mən idmansız yaşaya bilmərəm. Özümü idmansız təsəvvür edə bilmirəm. Qadınlara məxsus zinət əşyaları, geyimlər, saç düzümü və s. bunlar mənlik deyil. Özümü dikdabanda təsəvvür edə bilmirəm, gəzməyi də bacarmıram"- deyə həmsöhbətim vurğulayır.

Gülənbər Qasımovanın medalları
© Sputnik / Shahperi Abbasova
Gülənbər Qasımovanın medalları

Bu gün milli komandada yarışan futbolçuların, eləcə də Gülənbər Qasımovanın da təhsilinin olmadığını deyən Dilarə xanım, onların təhsil almasının vacib olduğunu qeyd edir: "AFFA Təhsil Nazirliyi ilə birlikdə işləməlidir, milli komandanın üzvlərinə təhsil alma şansı verməlidirlər. Ümid edirəm ki, gələcəkdə xarici ölkələrdən idmançı gətirilməz, məhz öz qızlarımız yarışlarda iştirak edərlər. Qızlarımın içində ilk dünya çempionatında oynayan Olia Şioşvilini adlı qız var idi. Onun təhsili yoxdur deyə, millidən ayrıldı. Bu, faciədir mənim üçün. Olianın həyatını Gülənbərin də yaşamasını istəmirəm. Ona görə də millinin məşqçiləri, AFFA buna dəstək olmalıdır".

"Yaşanan bu çətinliklərdən sarsıldığınız, futbola gəldiyinizə görə peşman olduğunuz vaxtlar oldumu" sualına həmsöhbətimiz belə cavab verir: "Bir müddət, haradasa bir il millidən kənarda oldum. Heç bir gəlirim yox idi. Həmin dövrlərdə peşman olmuşdum ki, niyə oxumadım, futbol da yoxdur. Özümü başqa işlərdə, peşələrdə görə bilmirəm. Yaxşı ki, milli yarandı və mən komandanın üzvü oldum".

Gənc futbolçunun ən böyük arzusu isə Rusiyanın komandalarında oynamaqdır. Bu, onun əsas hədəflərindən biridir.

11184
Jandarma polis

Fransada yüzlərlə azarkeş polisi çaş-baş qoydu

9
(Yenilənib 18:25 27.05.2020)
Hadisə yerinə polislər gəlsələr də, insan kütləsini qovmaq onlara müəssər olmayıb. Qanunu pozan şəxslər isə saxlanılmayıblar

BAKI, 27 may — Sputnik. Fransanın həvəskarlardan ibarət "Noyhof" və "Otperr" futbol komandalarının oyunu zamanı gözlənilməz hadisə baş verib. Sputnik Azərbaycan xəbər verir ki, sosial şəbəkədə qarşılaşma haqda elan verilib. On nəfərdən artıq insanın bir yerə toplaşma qadağası olmasına baxmayaraq 400 azarkeş oyunu seyr etmək üçün "PakoMateo" stadionuna gəlib. Ən maraqlısı isə qapıya qol vurulan zaman baş verib. Belə ki, top qapıdan keçən kimi azarkeşlər meydançaya daxil olaraq qol sevincini futbolçularla birlikdə qeyd ediblər. Hadisə yerinə polislər gəlsələr də, insan kütləsini qovmaq onlara müəssər olmayıb. Qanunu pozan şəxslər isə saxlanılmayıblar.

Qeyd edək ki, hazırda Fransada 145 mindən artıq koronavirusa yoluxma faktı aşkarlanıb. Ölü sayı isə 28 mini ötüb. 11 may tarixindən hökumət yumşalma ilə bağlı qərar versə də, kafe, restoran və kinoteatrlar hələ də bağlı saxlanılır.

9
Spartak FK-nın oyunçusu Ayaz Quliyev, arxiv şəkli

Azərbaycan əsilli futbolçuya cəza: öncə ikinci komanda, sonra isə icarə

11
(Yenilənib 02:24 26.05.2020)
"Spartak" klubunun Azərbaycan əsilli futbolçusu baş məşqçini əvəz edən Vladimir Çipzanoviçin hər göstərişinə bir mız qoyub. Rəhbərlik isə buna göz yuma bilməyib

BAKI, 26 may – Sputnik. Yarımmüdafiəçi Ayaz Quliyev Moskvanın “Spartak” klubunun ikinci komandasına keçirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə paytaxt klubu məlumat yayıb.

Bildirilir ki, Azərbaycan əsilli futbolçunun fiziki hazırlıq üzrə məşqçi Vladimir Çipzanoviçlə sözü düz gəlməyib. Sonuncu hazırda iki həftəlik karantində saxlanan baş məşqçi Domeniko Tedeskonun əvəzinə komandaya rəhbərlik edir. Ayaz Quliyevin Çipzanoviçin bütün göstərişlərinə şübhə ilə yanaşaraq intizamı pozduğu deyilir.

Bu səbəbdən komanda rəhbərliyi oyunçunu mövsümün sonunadək “Spartak-2”yə göndərməyi, sonra isə hansısa kluba icarəyə verməyi düşünür.

23 yaşlı Ayaz Quliyevin əvəzinə isə əsas komandada yarımmüdafiəçi Konstantin Şiltsov oynayacaq.

Qeyd edək ki, Quliyev ötən il piyadanı döyməsi ilə yadda qalmışdı. Onu bu hərəkətinə görə 4 ay müddətinə sürücülük vəsiqəsindən məhrum etmişdilər. 

11
Əlaqədar
Holland ulduz yenidən "Qalatasaray"da
Azərbaycan millisinin yarımmüdafiəçisi Bundesliqanın tövsiyəsini pozdu
Futbol klubundan cəsarətli addım: azarkeşləri görün nə ilə əvəz etdi
UEFA Azərbaycan futbolunu üzərinə götürüb – Klublarımıza növbəti yardım
Üçüncü türk: Onu "Barselona" ilə bağlayırlar

Azərbaycanlılar ADR-in yaranmasının 102-ci ildönümünü qeyd edirlər

0
(Yenilənib 11:06 28.05.2020)
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
İnfoqrafika: 28 may
© Sputnik / Elnur Salayev

28 may 1918-ci il müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra hər il 28 may Respublika günü kimi qeyd olunur.

Azərbaycan xalqı bu il mayın 28-də onun ən şərəfli tarixinin bir hissəsi olan Demokratik Respublikanın qurulmasının 102-ci ildönümünü qeyd edir.

Prezident İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. Müsəlman Şərqində ilk dəfə, eləcə də ABŞ və bir sıra Avropa ölkələrindən daha əvvəl qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu, milli pul, milli bankın yaradılması, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin edilməsi, iqtisadi islahatlar və digər uğurlara imza atmışdı.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı olub. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş verib.

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bilib. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb və müvəqqəti olaraq devrilib. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil edib. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilməyib və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan edib.

Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada tanış ola bilərsiniz.

0