Ülkər Şərifova

İdmanı ailəsinə qurban verən qadın bütün sirlərini açdı

4911
(Yenilənib 18:01 22.12.2018)
“Qorxu insanın ruhunu zəbt etdisə, ondan xilas olmaq mümkünsüz olur”

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 23 dekabr — Sputnik. İnsanların bəziləri fiziki məhdudiyyətli olanda özlərini cəmiyyətdən təcrid edirlər. Hətta dərin depressiyaya da düşürlər. Bəzən elə vəziyyət yaradırlar ki, sanki onlar üçün həyat artıq bitib. Əslində isə belə deyil.

Son zamanlar Azərbaycanda fiziki məhdudiyyətlərinə baxmayaraq, kifayət qədər uğur qazanan gəncləri də görmək olar. Onlar arasında paraolimpiya idman növlərində uğur qazanaraq, bayrağımızı ucaldanlar da az deyil. Məhz belə idmançılardan biri də Ülkər Bəhramqızıdır. O, “boccia” idman növündə uğurlu idmançılardan olub.

Son günlər ailə qurması ilə gündəmə gələn 31 yaşlı idmançı həyat hekayəsini Sputnik Azərbaycan-a danışıb.

Ülkər əvvəlcə bildirib ki, o, 9 yaşına qədər normal uşaq olub: “9 yaşım olandan səhhətimdə problem yaranmağa başladı. Həkimə müraciət etdik. Müayinə edilən zaman məlum oldu ki, məndə “kalsium sindromu” adlı xəstəlik var. Sümüklərim şüşə kimi kövrəkdir. Yüngül zərbədən belə, qırıla bilir. İllərlə bu xəstəliyə qarşı mübarizə apardım. Bu, yaş dövrü ilə əlaqəli sindrom idi”.

“Demək olar, müalicəm bitib. Sadəcə uşaq vaxtı xəstəlik dövründə keçirdiyim qorxudan yerimə qabiliyyətimi itirmişəm. Qorxu insanın ruhunu zəbt etdisə, ondan xilas olmaq mümkünsüz olur. Amma deyim ki, bu xəstəliyin tam müalicəsi çox bahadır" – deyə müsahibimiz təəssüf hissi ilə əlavə edib.

Sevindirici məqam odur ki, bütün bu baş verənlər Ülkər Bəhrəmqızını həyatdan küsdürməyib. Əksinə onu daha da güclü edib: "Mən mübariz insanam. Heç vaxt asan olan nə isə mənə maraqlı olmayıb və ona can atmamışam".

Ülkər xanımın əlil arabasında oturması onun təhsil almasına da mane olmayıb. O, kompüter müəlliməsi ixtisası üzrə özəl kollecdə təhsil alıb. Eyni zamanda, idmanla da məşğul olmağa başlayıb: “2015-ci ildə Ramana qəsəbəsində yerləşən 1 saylı sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində müalicə kurs alırdım. O zaman mərkəzin direktoru və Boccia İdman Federasiyasının rəhbəri, hörmətli İlham Məhərrəmov tərəfindən idmana dəvət edildim. İdman növünə uyğun olub-olmadığımı yoxladılar və qəbul etdilər”.

Həmin il keçirilən ölkə çempionatında iştirak edə bilməsə də, bir il sonra Ülkər Azərbaycan çempionatında medal qazanmağı bacarıb. Ancaq hazırda idmanla məşğul olmur: “Çünki ailə qurmuşam və evdar xanımam. Yoldaşıma qulluq edirəm. Bir sözlə, xoşbəxtlik qurban tələb edir, mən də ailəm üçün idmanı qurban verdim".

O, bu gün idmandan uzaqlaşsa da, idmanın onun həyatında böyük rol oynadığı etiraf edib: “Boccia idmanı əllərində zəiflik olan idmançılar üçündür. Mənim də bir əlimdə zəiflik var. Bu idman növü mənə motivasiya verirdi. Hər məşqdən sonra məndə həyata qarşı maraq daha da artırdı".

Bir neçə gün öncə toyu olan idmançı xanım həyat yoldaşı ilə tanışlıqlarından da söz açıb: “Həyat yoldaşım şəxsi avtomobili ilə fiziki əngəlli dostunu peşə məktəbi ilə tanış etməyə gətirmişdi. O məktəbin yollarına nabələd olduğuna görə əlil arabalarının keçməsi üçün nəzərdə tutulmuş yolda maşınını saxlamışdı. Mən də bu mənzərəni görəndə ona qəzəblənib iradımı bildirdim. O da səhvini anladı, üzr istədi. Elə nə başladısa, onda başladı”.

Ülkər onu da qeyd edib ki, həyat yoldaşı da fiziki məhdudiyyətlidir: “Yeriməkdə çətinlik çəkir, amma gəzir. İki ilə qədər nişanlı qaldıq. Amma indi evliyik və çox xoşbəxtik".

Gənc xanım fiziki imkanları məhdud olan şəxslərə məsləhət verib: “Hər kəsin özünə inanmalıdır və zəfərə doğru köklənməlidir. İnsan özü-özünü qəbul etməsə, ətrafı heç vaxt onu qəbul edə bilməz. Odur ki, hər kəs özünə inansın və əsla, “mən bunu bacarmaram” deməsin. O zaman hər şey alınacaq".

4911