Formula-1

Formula 1 Azərbaycan Qran Prisindən yeni xəbər var

96
(Yenilənib 23:20 16.10.2018)
Bilet almaq istəyənləri 20%-lik endirim gözləyir

BAKI, 16 oktyabr — Sputnik. 2019 Formula 1 Azərbaycan Qran Prisi üçün biletləri bu gündən etibarən bilet satış nöqtələrindən əldə etmək mümkün olacaq. Onlayn şəkildə bilet əldə etmək istəyənlər isə bu həftə ərzində artıq www.bakucitycircuit.com saytına müraciət edə bilərlər (bununla bağlı dəqiq tarix haqqında əlavə məlumat isə daha sonra açıqlanacaq).

Bakı Şəhər Halqasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bundan əlavə, BŞH azarkeşlərə 4 günlük biletlərdə məhdud sayda nəzərdə tutulmuş 20%-lik endirim təklif edir. 1 yanvar 2019-cu il tarixinə qədər qüvvədə olacaq bu təklifdən sonra biletlərin satışı tam qiymət üzərindən davam etdiriləcək. BŞH azarkeşləri təklif qüvvədə olduğu müddətdə endirimdən tezliklə yararlanmağa çağırır.

Sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.

Dörd günlük biletlər azarkeşlərə trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 25 aprel tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. Ötən üç il ərzində Bakıda keçirilmiş yarışlarda bu bənzərsiz təcrübəni yaşamış azarkeşlər F1 komandalarının qarajlarına səfər edərək mühəndis və mexaniklərin pilotları ən unudulmaz yarışlardan birinə necə hazırladıqlarının şahidi olmaq imkanını əldə ediblər.

BŞH-nın icraçı direktoru Arif Rəhimov yenidən möhtəşəm yarış həyəcanı yaşamaq istəyən Formula 1 azarkeşlərini kampaniya çərçivəsində təqdim olunan böyük endirim fürsətindən yararlanmağa çağırır: "Dördüncü Formula 1 yarışı üçün biletlərin satışa çıxarıldığını elan etməkdən böyük məmnunluq duyuruq. Hər il yarış üçün Bakıya səfər edən azarkeşlərin gəlişini yüksək qiymətləndiririk və inanırıq ki, ilkin endirim kampaniyası yerli sakinlərlə yanaş xarici vətəndaşları da biletləri mümkün olduqca tez bir zamanda əldə etməyə təşviq edəcək. Əvvəlki illərdə olduğu kimi ötən ildə də son zamanların ən möhtəşəm Formula 1 yarışına ev sahibliyi etdik və bununla da, Bakı gözlənilməz yarışların məkanı ünvanını daha da güvvətləndirdi. 2019 Formula 1 Azərbaycan Qran Prisində də gözlənilməyənləri gözləməyə davam edirik! Fürsətdən istifadə edərək bütün F1 azarkeşlərini endirim kampaniyasından tezliklə yararlanmağa dəvət edirəm".

BŞH 4 günlük biletlər üçün təklif edilən endirim kampaniyasından əlavə 2 ilə 15 yaş arasında olan uşaqlar üçün də xüsusi endirimlər təqdim edir. Nəzərinizə çatdıraq ki, bu kampaniya yalnız 4 günlük biletlərə aiddir və həmçinin azyaşlılar üçün olan 4 günlük biletlər ancaq böyüklər üçün olan müvafiq biletlərlə birgə satılır. Yarış məkanına daxil olarkən etibarlı şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb oluna bilər.

Yarışı ayaqüstü zonalardan izləmək istəyənlər bu zonalara olan bir günlük biletləri əldə edə bilərlər.

İlkin endirim kampaniyası müddətində yerli sakinlər üçün təqdim olunan 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq 190-660 AZN arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 130-470 AZN təşkil edir.

Ayaqüstü zona üçün olan biletlərin qiymətləri isə 80-160 AZN aralığındadır.

Qeyd edək ki, Bakıda növbəti Formula 1 yarışı 26-28 aprel tarixlərində baş tutacaq.

96
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

78
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

78
Ramil Quliyev

Dünya çempionu da "Qarabağ Azərbaycandır!" dedi

60
(Yenilənib 23:21 29.10.2020)
İdmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə millisinin azərbaycanlı dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə özünün "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

Ramil Quliyevin paylaşımının skrinşotu

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının "Instagram"da 67 mindən çox izləyicisi var.

60
(0:50 / 4.16Mb / просмотров видео: 2)

Erməni terrorunun qurbanına çevrilmiş 53 yaşlı Goranboy sakininin evi necə görünür video

0
Dünən Goranboyun Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə düşən mərmi 53 yaşlı qadının həyatına son qoyub. Onun evinin bu faciədən sonra necə göründüyünü videomuzda izləyin.

Yaşadığı evinin həyətində öz gündəlik işləri ilə məşğul olan kənd sakini 53 yaşlı Flora Ziyadova qəlpə yarasından elə hadisə yerindəcə dünyasını dəyişib. Hadisə zamanı qadın evində tək olub. Onun evi də tamamilə yararsız hala düşüb.

Hazırda prokurorluq əməkdaşları mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirlərini həyata keçirir. Ermənistan SQ atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqda və dinc mülki əhaliyə qarşı cinayət əməllərini törətməkdə davam edir.

Dağlıq Qarabağdakı növbəti, sayca üçüncü atəşkəs rejimi barədə razılaşma oktyabrın 26-da yerli vaxtla səhər saat 08: 00-da qüvvəyə minib. Lakin Ermənistan silahlı qüvvələri razılaşma əldə olunandan dərhal sonra Tərtər və Ağdamın cəbhəyanı kəndlərini, oktyabrın 27-də isə Bərdə rayonunu atəşə məruz qoyub.

Ermənistan silahlı qüvvələri, sentyabrın 27-də, səhər saat 06:00 radələrində geniş miqyaslı təxribatlar həyata keçirərək Azərbaycan ordusunun bütün cəbhə xətti boyunca mövqelərini və cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrini iri çaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv şəkildə atəşə tutublar.

Ermənistan silahlı qüvvələrinin döyüş fəaliyyətininin qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan ordusunun komandanlığı bütün cəbhə boyu qoşunların əks-hücum əməliyyatına başlamağa qərar verib.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə