Aleksandr Kokorin və Pavel Mamayev, arxiv şəkli

Onları kimsə qəbul etmək istəmir, heç Azərbaycan klubları da "hə" demir

5544
(Yenilənib 20:21 14.10.2018)
Nurlan İbrahimov: "Sadəcə Azərbaycan futbol klublarının bu idmançıları almağa büdcələri yoxdur"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 14 oktyabr — Sputnik. Bir neçə gün öncə Rusiyada iki futbolçu — "Zenit" və "Krasnodar"ın oyunçuları Aleksandr Kokorin və Pavel Mamayev gündəmi zəbt etdi. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurlar.

Moskvanın Tver məhkəməsi tərəfindən xuliqanlıqda şübhəli bilinən futbolçular barəsində artıq hökm çıxarıb. Məhkəmənin qərarı ilə Kokorin və Mamayev barəsində dekabrın 8-dək, təqribən, iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Artıq onların oynadıqları klubdan qovulacaqları da dəqiqləşib. Bu futbolçulara ancaq Çeçenistan lideri Ramzan Kadırov yiyə çıxıb. Kadırov hər iki futbolçunu "Axmat" klubuna dəvət və "tənbeh" etməyə hazır olduğunu bildirib.

Maraqlıdır, Azərbaycan klubları da həmin futbolçuları əməkdaşlığa dəvət edərlərmi?

Sputnik Azərbaycan-ın əməkdaşı bu sualı Azərbaycanın ən güclü 3 futbol klubunun mətbuat xidmətinin rəhbərinə ünvanlayıb.

"Neftçi" Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bildirib ki, klub peşəkarlarla işləməyə üstünlük verir: "Neftçi Futbol Klubu Azərbaycanın ilk peşəkar futbol klubudur. Bizim klubda işləyən hər bir futbolçu "Neftçi"də olduğunu anlamalı, həmçinin cəmiyyət içində də nümunə olmalıdır. Hazırda "Zenit" və "Krasnodar" klubları da peşəkarlıq baxımından "Neftçi" ilə eyni səviyyədədir. "Neftçi" ilə "Zenit" arasında fərq yalnız büdcə baxımından ola bilər. O ki qaldı bu futbolçulara, onlara "Neftçi"də yer verilməz, onlarla əməkdaşlıq edilməz".

"Qəbələ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev isə deyib ki, komandaya futbolçu cəlb edərkən onun meydançadakı bacarığı ilə yanaşı, meydançadan kənar həyatı ilə də ciddi maraqlanırlar: "Klubumuzda daxili nizam-intizam və davranış qaydalarına ciddi önəm verilir. Futbolçu ictimai fiqurdur və elədiyi hər hərəkətə görə klub və klubun azarkeşləri qarşısında məsuliyyət daşıyır. Məsuliyyətsiz futbolçu heç bir kluba xeyir verə bilməz, eynilə bizə də".

"Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov isə fərli düşünür: "Bu hadisə hər kəsin başına gələ bilər. Onların etdikləri hərəkət doğru deyil. Sadəcə futbolçular həmişə göz önündə olduqları üçün onların etdikləri hər hərəkət geniş müzakirəyə səbəb olur. Bu hadisə onların oyunçu kimi dəyərləndirilməsinə təsir etməməlidir".

"Onlar güclü futbolçulardır, ona görə də, düşünürəm ki, nəinki "Qarabağ", Azərbaycanın bütün futbol klubları onları öz klublarında görmək istəyər. Sadəcə Azərbaycan futbol klublarının o idmançıları almağa büdcələri yoxdur. O futbolçuların illik gəliri 3-4 milyon dollardır. Bu da Azərbaycanda bir çox futbol klublarının illik büdcəsindən daha çoxdur" — "Qarabağ" FK-nin sözçüsü bildirib.

N.İbrahimov onu da qeyd edib ki, "Qarabağ"a idmançı cəlb ediləndə öncə onun həyat tərzi də öyrənilir, daha sonra kluba dəvət edilir.

5544
Teqlər:
şəxsi həyat, futbolçu, Qəbələ FK, Neftçi» PFK, "Qarabağ" FK, futbol