Azərbaycan milli futbol komandasının qapıçısı Kamran Ağayev

Azərbaycanlı futbolçu: "Hələ görək, bizə qız verəcəklər?"

8774
(Yenilənib 17:05 23.09.2018)
Futbolçudan etiraf: "Görsəm ki, idman ailəmə mane olur, idmanla vidalaşa bilərəm"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Futbol komandasını qapıçısız təsəvvür etmək mümkün deyil. Qapıçı oyun zamanı rəqib komandanın oyunçularının hücumlarını dəf edir, qapıya qol vurulmaması üçün var gücü ilə mübarizə aparır. Kənardan asan görünsə də, qapıçı olmaq çox çətin və məsuliyyətli işdir.

Bir neçə ildir futbol üzrə Azərbaycan Milli Komandasında bu məsuliyyətli iş qolkiper Kamran Ağayevə həvalə olunub. Daim ağır məşq toplanışlarında olan qapıçımız vaxt taparaq Sputnik Azərbaycan-ın qonağı olub və suallarımızı cavablandırıb.

— Ağır məşqlər, stressli oyunlar sizin üçün çətin deyil?

— Heç kim idmançı doğulmur. İstedad, təbii ki, olmalıdır. Amma zamanla o istedadı möhkəmləndirib, əziyyət çəkib nəticə əldə etməlisən. Ən çətini isə nəticəni qoruyub saxlamaqdır. Məhz ona görə də bunun üçün üçqat əziyyət çəkməlisən. Üstəlik, idmançıda ağıl da olmalıdır. Oyun zamanı düşdüyü vəziyyətdən saniyələr ərzində çıxmağı bacarmalıdır. Əks halda, o idmançı kimi heç vaxt uğur qazana bilməz. Məhz bu xüsusiyyətə malik insanlar əsl idmançı ola bilir və bu cür həyata uyğunlaşır. Qapıçının işi isə daha çətindir. Çünki biz həmişə müdafiə olunuruq. Bu da ikiqat çətindir.

— Cüdo, sambo, karate, akrobatika və nəhayət futbol… Niyə bu qədər seçim etdiniz?

— Ailədə üç bacı, bir qardaş olmuşuq. Evin tək oğlan övladı olduğum üçün anam heç vaxt idmanla məşğul olmağımı istəməyib. Amma mən yenə də məşğul olmuşam. Uşaq yaşlarından akrobatika ilə məşğul olurdum. Bir gün məşq zamanı yıxıldım və huşumu itirdim. Zədə almışdım. Ondan sonra anam qəti etiraz elədi. Baxmayaraq ki, atam futbol məşqçisi idi, o da idmançı olmağımı istəmirdi. Təhsil alıb, başqa sahə üzrə getməyimi arzulayırdı. Amma idmana olan həvəsim məni yaşıl meydançaya gətirdi. Həmişə qapıçı olmaq istəyirdim. Bir dəfə atama dedim ki, mən millidə qapıçı olacağam. Atam güldü və mənə dedi ki, bu, minlərlə idmançının arzusudur. Amma mən zəhmətimlə bunu bacardım.

Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev
© Sputnik / Anar Mustafayev
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev

— Hücumçu dəfələrlə səhv edəndə, onu elə də qınamırlar. Amma qapıçı bir dəfə səhv edəndə, tənqid atəşinə tuturlar…

— Oyun meydanı heç də adi görünməsin. Oranın ab-havası tam başqadır. Komanda bir ailədir. Orada müxtəlif insanlar futbolçu kimi bir komandada birləşir. Biz birlikdə çalışırıq ki, var gücümüzlə mübarizə aparaq. Axı bizim komandada birimiz büdrəsək, komanda kənarda qalır. Ona görə də çalışırıq, məşqlərdən geri qalmayaq, normal həyat rejimi yaşayaq ki, sabah problem olmasın. Mən də komanda yoldaşlarımın haqqına girməmək üçün ciddi rejimə riayət edirəm.

— Amma yığmamız, xüsusilə də siz gecə həyatınızla bağlı tez-tez gündəmə gəlirsiniz…

— Subaylıqdır, ona görə də hərdən istirahət edirəm. Son zamanlar, xüsusilə gecə həyatını sevmirəm. Ən çox qapalı mühitdə, yaxın dostlarımla oturub söhbət etməyi, bəzən şeirdən, meyxanadan danışmağı sevirəm. Bu gün meyxana demirəm. Özüm-özümə qadağa qoymuşam. Həm də baş məşqçimiz Qurban Qurbanov ancaq idmanla gündəmdə qalmağımızı istəyir. Amma nə vaxtsa, yenə meyxana deyə bilərəm. Çünki bu, mənim hobbimdir. Hətta bir çox meyxanaçılarla dostam.

— Subaylıqdan danışmışkən, niyə evlənmirsiz? Olmaya axtardığınız ideal qadını tapmamısız?

— Həmişə düşünürlər ki, biz heç kimi bəyənmirik. Həyatda bir qədər uğur qazananda oğlan heç bir qızı ideal kimi görə bilmir. Bu, doğru deyil. Hələ görək, bizə qız verəcəklər?! Birinci bunu düşünmək lazımdır. Əsas ailə quracağın xanımı sevməlisən və dəyərləndirməlisən. Bu günə kimi mənə "ailə qur" deyəndə cavabım o olub ki, "qız varmı, ailə qurum?" Sadəcə könlümə yatan qız qarşıma çıxmayıb. Bəzən bəyəndiyim olur, bir qədər ünsiyyət qurandan sonra görürəm ki, mənim ailə quracağın xanım deyil və uzaqlaşıram.

Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin Sputnik Azərbaycan-a müsahibəsi
© Sputnik / Anar Mustafayev
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin Sputnik Azərbaycan-a müsahibəsi

— Sizə sevgisini etiraf edən xanımlar olur?

— Bəli, elə xanımlar var. Mən belə xanımlara diqqət ayırmıram. Xanım da sevməlidir. Amma biz dədə-babadan belə görməmişik. Azərbaycanın öz mentaliteti, xarakterik xüsusiyyətləri var.

— İdmandan uzaqlaşandan sonra ailə qurmağı planlaşdırırsız, yoxsa idman karyeranıza davam edərək?

— Ailə mənim üçün çox müqəddəsdir. Təbii ki, qarşıma sevəcəyim xanım çıxsa, tezliklə ailə quracam. Məni sevən qadın məni olduğum kimi, yəni idmançı kimi qəbul etməlidir. Amma görsəm ki, idman ailəmə mane olur, idmanla vidalaşa bilərəm. Mənim üçün əsas ailədir.

8774
Teqlər:
qolkiper, qapıçı, Qurban Qurbanov, futbol, meyxanaçı, meyxana, idmançı, idman, Azərbaycan Milli Komandası, Kamran Ağayev
Cüdo yarışı, arxiv şəkli

Avropa çempionatı: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulacaq

11
Rüstəm Orucov və Telman Vəliyev (hər ikisi 73 kq) 1/16 final, Murad Fətiyev (81 kq) isə 1/32 final mərhələsindən mübarizəyə qoşulacaq.

BAKI, 20 noyabr — Sputnik. Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxacaq.

Sputnik Azərbaycan xəbər verir ki, məlumatına görə, Rüstəm Orucov və Telman Vəliyev (hər ikisi 73 kq) 1/16 final, Murad Fətiyev (81 kq) isə 1/32 final mərhələsindən mübarizəyə qoşulacaq.

73 kq

1/16 final. Rüstəm Orucov - Klaudio Nunyes Dos Santos (Lüksemburq)

1/16 final. Telman Vəliyev - Vadim Şoka (Belarus)

81 kq

1/32 final. Murad Fətiyev - Yaromir Musil (Çexiya)

Qeyd edək ki, ilk yarış günündə Orxan Səfərov (66 kq) qızıl medal qazanıb.

11
Futbol topları, arxiv şəkli

Türkiyə yığması Rusiya üzərində qələbə qazandı

64
(Yenilənib 23:43 15.11.2020)
İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.

BAKI, 15 noyabr - Sputnik. UEFA Avropa Liqasında V turun ikinci oyun günündə Türkiyə və Rusiya yığmaları üz-üzə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.

Hesabı 11-ci dəqiqədə Denis Çerışev açsa da, 24-cü dəqiqədə qonaq komanda Andrey Semyonovun qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb. Say üstünlüyündən "ay-ulduzlular" tezliklə yararlanmağı bacarıblar. 26-cı dəqiqədə Kenan Karaman, 32-ci dəqiqədə Cengiz Ünder fərqlənib.

52-ci dəqiqədə isə Cenk Tosun penaltini dəqiq yerinə yetirib. 57-ci dəqiqədə Daler Kuzyayev fərqi azaltsa da, Rusiya millisinin bundan artığına gücü çatmayıb.

Bu nəticədən sonra Rusiya 8 xalla 1-ci, ilk qələbəsinə imza atan Türkiyə 6 xalla 3-cü pillədə qalıb.

64
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını ucaldıb - VİDEO

12
(Yenilənib 21:04 23.11.2020)
Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə əsasən azad edilib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 9-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

12
Teqlər:
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Cümə məscidi, Üçtərəfli bəyanat, Azərbaycan bayrağı, Ağdamın azad olunması