Almaniyanın paytaxtı Berlində keçirilmiş Karate1 Premyer Liqasında medal qazanan karateçilər ilə görüş

Karate milli yığması əsas məqsədini açıqladı

49
(Yenilənib 18:51 19.09.2018)
Karate Federasiyasının prezidenti Yaşar Bəşirov da yarış haqqında fikirlərini bildirib

BAKI, 19 sentyabr — Sputnik. Almaniyanın paytaxtı Berlində keçirilmiş Karate1 Premyer Liqasında medal qazanan karateçilər ilə görüş keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, konfransda medal qazanan idmançılarımız Rafael Ağayev, İrina Zaretska, və Firdovsi Fərzəliyev, 5-ci yerə çıxan Şahin Atamov, eyni zamanda  Gənclər və İdman Nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, vitse-prezident Rəhman Hətəmov və milli komandanın baş məşqçisi Şahin Xudaverdiyev də iştirak edib.

Gənclər və İdman Nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov
© Sputnik / Murad Orujov
Gənclər və İdman Nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov

Tədbiri giriş sözü ilə açan Fərid Mansurov uğur qazanan idmançıları təbrik edib: "Bundan sonra da uğurlarınızın bol olmasını arzu edirəm.  Hər birinizin oyunlarını izləmişəm. Karete idman növündə güclü rəqabət var. Biz Rafael Ağayevin hər zaman 1-ci yeri tutmasına öyrəşmişik. Amma karete günü-gündən inkişaf edir, Ağayev bu dəfə gümüş medal əldə edib. Biz karate millisinin bütün üzvlərindən 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında yüksək nəticələr gözləyirik. Dövlətimizin göstərdiyi diqqət və qayğı idmançıları həvəsləndirməlidir. Ancaq peşəkar idman qurbanlar tələb edir. Bir sözlə idmançılarımızdan zədəsiz döyüşlər və medallar gözləyirik".

Karate Federasiyasının prezidenti Yaşar Bəşirov
© Sputnik / Murad Orujov
Karate Federasiyasının prezidenti Yaşar Bəşirov

Karate Federasiyasının prezidenti Yaşar Bəşirov da yarış haqqında fikirlərini bildirib. O, deyib ki, hazırda karete idman növündə vəziyyət yaxşıdır: “Bu yarışa ondan artıq idmançımız qatılmışdı. 72 ölkə arasında biz ilk "8-liy"ə düşməyi bacardıq. Çox güclü ölkələr və idmançılar var idi, çətin görüşlər keçirdik. Bundan sonrakı əsas məqsədimiz olimpiadada yaxşı çıxış etməkdir. Məşqlərimiz davam edir, idmançılarımız növbəti yarışlara hazırlaşır".

Rafael Ağayev
© Sputnik / Murad Orujov
Rafael Ağayev

Rafael Ağayev belində zədə olsa da mətbuat konfransına gəlib. O, çıxışı zamanı deyib ki, zədələrinin olmasına baxmayaraq var gücü ilə “Tokio 2020” olimpiadasına vəsiqə qazanmağa çalışacaq: "Bu mənim qarşıma qoyduğum əsas məqsəddir".

Qeyd edək ki, Karate1 Premyer Liqasında Rafael Ağayev (75 kq) və İrina Zaretska (68 kq) gümüş, Firdovsi Fərzəliyev (60) isə bürünc medal qazanıb, Şahin Atamov isə hakim haqsızlığına tuş gələrək 5-ci yerlə kifayətlənməli olub.

49
Əlaqədar
Karateçimiz hakim haqsızlığına görə medalsız qaldı
Karate millimiz yeni qızıllar üçün yollandı
Ağdaşda karate müəllimi 500 manata görə öldürülüb
Karateçilərimizi daha bir sınaq gözləyir
Karatenin "brilyantı" məğlub oldu
Milli Karate Federasiyası söz-söhbətə son qoydu
Şəhriyar Məmmədyarov, arxiv şəkli

Azərbaycan millisi Türkiyəni onlayn matçda darmadağın edir

839
(Yenilənib 18:31 10.08.2020)
Azərbaycan yığmasının tərkibindəki ən uğurlu şahmatçılar - dörd mümkün xaldan üçünü yığan Şəhriyar Məmmədyarov və Gülnar Məmmədovadır

BAKI, 10 avqust — Sputnik, Teymur Tuşiyev. Azərbaycan şahmat yığması Türkiyə komandasına qarşı onlayn yoldaşlıq oyununda rəqibləri darmadağın etməkdədir. 

Sputnik Azərbaycan-ın məlumatına görə, hər iki komanda ümumi hesabda altı matç keçirəcək. Vaxt hər bir gedişdən sonra 5 saniyə əlavə olmaqla 15 dəqiqə təşkil edir.

Dörd oyundan sonra Azərbaycan şahmatçıları 16,5:7,5 hesabı ilə irəlidədirlər. Oynanılan dörd oyundan yalnız dördüncü oyun sülh yolu ilə yekunlaşıb (3:3), qalan görüşlərdə Azərbaycan yığması 4,5:1,5, 4:2 və 5:1 hesabı ilə qələbə qazanıb.

Hələlik Azərbaycan yığmasının tərkibində ən uğurlu oyunçular Şəhriyar Məmmədyarov və Gülnar Məmmədovadır. Onlar dörd partiyanın hamısında oynayıblar və hərəsində üç xal qazanıblar.

Günay Məmmədzadə əvəzedicisiz oynayıb, lakin onun aktivində 2,5 xal var. Türkiyə yığmasının heyətində isə hələlik ən yaxşı nəticəni dörd partiyada iki xal toplayan Draqan Solak göstərib.

Bu gün Azərbaycan və Türkiyə yığmaları daha iki oyun oynayacaq. Nəzəri baxımdan Türkiyə şahmatçıları Azərbaycan yığmasına çata bilərlər, lakin komandaların sinfindəki fərqi nəzərə alsaq, qalan iki turda bu, mümkün deyil.

839
Əlaqədar
Karantin dövrünün idmançıları: Video hazırlayan kim, xarici dil öyrənən kim...
Oyunçu aparsın - Karantin zamanı populyarlaşan oyunlar
Karantindir, nə olsun? Azərbaycanda 15 minlik mükafatı olan rəsmi yarış başlanır
Məhəmmədrəsul Məcidov, arxiv şəkli

Azərbaycanlı idmançı dünya boksunun əfsanəsini döyüşə çağırır

1266
(Yenilənib 17:21 09.08.2020)
Azərbaycanlı peşəkar boksçu hazırkı dünya çempionu Entoni Coşua ilə mübarizə aparmaq arzusundadır. Lakin onunla görüşdən əvvəl titul uğrunda beş döyüş keçirməlidir.

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Azərbaycanlı peşəkar boksçu Məhəmmədrəsul Məcidov Moskva yaxınlığında avqustun 22-də britaniyalı Dilian Uaytla döyüşəcək məşhur rusiyalı boksçu Aleksandr Povetkinlə iki həftəlik təlim-məşq toplanışı keçirib. Sputnik Azərbaycan-la müsahibəsində Məcidov Povetkinlə birgə məşqlərdən və gələcək planlarından danışıb.

- Povetkinlə məşq keçmək ideyası necə yarandı?

- Biz bilirdik ki, Povetkin avqustun 22-də Dilian Uaytla mübarizə aparmalıdır və onun sparrinq-tərəfdaşlara ehtiyacı olacaq. Mən öz menecerimə təklif etdim ki, onun nümayəndələri ilə birgə təlim-məşqlər keçirilməsi barədə danışıq aparsın. Nəticədə razılığa gəlmək mümkün oldu.

Şübhəsiz ki, belə təcrübəli boksçu, Olimpiya çempionu ilə məşqlərim mənə böyük fayda gətirib, mən ondan çox faydalı şeylər götürmüşəm. O da həmçinin mənimlə məşq etdiyi üçün çox minnətdardır, çünki mənim iştirakımla olan sparrinq onun üçün də faydalı olub.

- Sparrinqlər necə keçdi?

- Biz birlikdə yaxşı işlədik. Əsasən, mən ona Dilian Uaytla döyüşə hazırlaşmağa kömək edirdim, ona görə də onun travma almaması üçün maksimum səy göstərirdim.

- Povetkinin qarşıdakı döyüşdəki şansını necə qiymətləndirirsiniz?

- Onun yaxşı qələbə şansı var. O, çox təcrübəli boksçudur və bu, ona kömək etməlidir. Əlbəttə, rəqib də hədiyyə deyil, amma hamımız bilirik ki, Saşa fiziki və mənəvi cəhətdən çox güclüdür, tez-tez xarakter döyüşlərini qazanır.

- Siz onunla eyni çəki kateqoriyasında çıxış edirsiniz. Onunla döyüş keçirmək barədə heç düşünməmisiniz?

- Onunla döyüşmək mənim üçün hələ maraqlı deyil. Povetkinin yanında bir çox digər boksçular var ki, mən onları məğlub etməliyəm. Həm də məni onunla dostluq münasibətləri bağlayır. Birlikdə sparrinq edən döyüşçülərin çoxu adətən bir-biri ilə rəsmi döyüşlər keçirmirlər. Povetkin yolumun üstündə dayanmır, mənə nəyəsə nail olmaq üçün ona qalib gəlmək lazım deyil. Mənə qalxmağa imkan verəcək digər boksçularla görüşlər keçirmək daha vacibdir.

- Kimləri məğlub etmək istərdiniz?

- İlk növbədə, hazırkı dünya çempionu Entoni Coşuanı. Deyim ki, o da mənimlə mübarizə aparmaq istəyir. Amma onunla döyüşə çıxmazdan qabaq mən titul uğrunda beş döyüş keçirməliyəm. Bu, bir çox amillərdən asılıdır. Həm də dünya çempionunun reqlamentinə görə, mütləq titulun müdafiəsi həyata keçirilməlidir.

Bundan başqa, mənə Povetkinin rəqibi - britaniyalı Uaytla döyüşmək maraqlı olardı. Böyük hesabla götürsək, kiminlə döyüşməyimin mənim üçün fərqi yoxdur. Peşəkar boksda zirvəyə çatmaq üçün istənilən rəqiblə mübarizə aparmağa hazıram. Ən yaxşıları ilə bokslaşmaq istəyirəm.

- Sizin növbəti döyüşünüzlə bağlı məsələlər aydınlaşıbmı?

- Hələlik bu barədə dəqiq məlumat yoxdur. Məsələ bundadır ki, hazırda koronavirus pandemiyası səbəbindən tamaşaçıların boks şoularını ziyarət etməsi qadağandır. Həm də axşam döyüşlərinin sayı azaldılıb. Buna görə boks axşamlarının iştirakçıları sırasına düşmək üçün rəqabət artıb.

Mənim növbəti döyüşüm sentyabr ayının ortalarında və ya sonunda keçirilə bilər. Ancaq payızın ilk günlərində də rinqə çıxa bilərəm. Hətta indi də istənilən döyüşə hazıram. Amma koronavirus səbəbindən hələ heç bir aydınlıq yoxdur, çünki bir çox ölkələrin sərhədləri bağlıdır. Bundan əlavə, tezliklə vizaları yeniləmək üçün Azərbaycana gəlmək lazımdır.

1266
 Pandemiya zamanı imtahan, arxiv şəkli

Abituriyentlərə ikinci şans verildi, amma topladıqları bal aşağı olacaq

0
(Yenilənib 13:28 12.08.2020)
Həmin abituriyentlər seçdikləri ixtisas qrupuna uyğun şəhər və rayonun imtahan günündə – avqustun 13, 14, 20 və ya 21-də keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsində iştirak edə bilərlər.

BAKI, 12 avqust — Sputnik. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən, lakin hər hansı səbəbdən qəbul imtahanlarının I mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyentlərin imtahanın II mərhələsində iştirak etmələrinə icazə verilib.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, iyun ayının 10-dan iyulun 30-dək buraxılış (qəbul imtahanlarının birinci mərhələsi) imtahanları keçirilib. Qeyd olunan imtahanlarda təqribən 200 mindən çox şagird (abituriyent) iştirak edib.

Bu müddət ərzində ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin üzrlü səbəblərdən (temperatur, xəstəlik və s.) imtahanlarda iştirak edə bilməyənlər üçün də DİM-ə sağlam olduqları haqqında arayış təqdim etdikdən sonra növbəti imtahan günlərinin birində imtahan verməsi üçün şərait yaradılıb. Çünki buraxılış (qəbul) imtahanları bir neçə dəfə (müxtəlif şəhər və rayonlar üzrə) keçirilib və ay yarımdan artıq davam edib. Buna görə həmin şəxslərin də imtahan verməsi üçün imkan yaradılıb.

Son vaxtlar isə Dövlət İmtahan Mərkəzinə ali təhsil müəssisələrinə sənəd verən, lakin hər hansı əsaslı bir səbəb olmadan qəbul imtahanlarının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyentlərin də imtahanların ikinci mərhələsinə buraxılmalarına icazə verilməsi ilə bağlı müraciətləri daxil olub.

COVID-19 infeksiyası ilə əlaqədar yaranan çətinliklər, xüsusi karantin rejimi, pandemiya şəraitinin məhdudiyyətləri və qeyd olunan müraciətlər nəzərə alınaraq Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə sənəd verən, lakin hər hansı bir səbəbdən qəbul imtahanlarının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən bütün abituriyentlərin (1000-ə yaxın) imtahanların ikinci mərhələsinə buraxılmasına icazə verilib.

Həmin abituriyentlər seçdikləri ixtisas qrupuna uyğun şəhər və rayonun imtahan günündə – avqustun 13, 14, 20 və ya 21-də keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsində iştirak edə bilərlər.

Lakin bu abituriyentlər nəzərə almalıdırlar ki, onlar ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqədə qəbul imtahanlarının ikinci mərhələsindən topladıqları bal əsasında iştirak edəcəklər. Qeyd edək ki, abituriyentlərin qəbul imtahanlarının ikinci mərhələsində maksimal olaraq 400 bal toplamaq imkanı var.

0
Teqlər:
abituriyent, qəbul imtahanı, buraxılış imtahanı, imtahan