Soiçi Haşimoto

Yapon idmançının Bakı iddiası: "Mən çempion olacağam"

44
(Yenilənib 23:51 05.09.2018)
Yaponiya yığmasının üzvü Soiçi Haşimoto sentyabrın 20-də Bakıda start götürəcək dünya çempionatındakı hədəfi barədə danışıb

BAKI, 6 sentyabr — Sputnik. "Çempion titulunu qoruyan idmançı kimi, Budapeştdəki çıxışımı təkrarlamaq və ardıcıl ikinci titulumu qazanmaq istəyirəm".

Sputnik Azərbaycan Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına istinadən xəbər verir ki, Yaponiya yığmasının üzvü Soiçi Haşimoto sentyabrın 20-də Bakıda start götürəcək dünya çempionatındakı hədəfi barədə danışarkən belə deyib.

Ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında qızıl medal qazanan 27 yaşlı cüdoçu bildirib ki, bu cür rəqabət səviyyəsində heç bir təzyiq hiss etməmək çətindir. 73 kq çəki dərəcəsindəki son dünya çempionu hər bir turnirdən həzz almağa çalışdığını söyləyib:

"Mənim çoxlu rəqibim var. Amma onların hər birinə qarşı fərdi şəkildə hazırlaşmaq üçün heç nə etmirəm. Ən böyük hazırlığım "Mən çempion olacağam" düşüncəsidir. Favorit sayıldığım üçün bu cür rəqabət səviyyəsində heç bir təzyiq hiss etməmək çətindir. Ona görə də təzyiqi qəbul edir və sadəcə, turnirdən həzz almağa çalışıram".

Cüdo aləmində çoxlu dostları olduğunu deyən yapon idmançı, onlarla birgə işləmək və məqsədləri bölüşmək baxımından bəxtinin gətirdiyini bildirib.

"Cüdoya köklənə biləcəyim bir ortamda olduğum üçün hər kəsə — valideynlərimə, dostlarıma, azarkeşlərə, məni dəstəkləyən insanlara minnətdaram" — Haşimoto deyib. 

Qeyd edək ki, Soiçi Haşimoto 2017-ci ilin dünya, 2016-cı ilin Asiya çempionu, 2015-ci il Asiya çempionatının bürünc mükafatçısı, "Böyük Dəbilqə" seriyalı turnirlərdə 6 qızıl, 1 gümüş, 1 bürünc medalın sahibidir. O, ötənilki dünya çempionatının finalında Azərbaycan təmsilçisi Rüstəm Orucovu üstələyib.

44