BAKI, 5 iyun — Sputnik. Bu gün Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının açılış mərasimi olub. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə yarışın Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (UEC) Rəhbər Komitəsinin üzvü, dünya çempionatının keçirilməsi ilə bağlı yaradılmış işçi qrupunun rəhbəri Sahib Ələkbərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslər iştirak ediblər.
Açılış mərasimində dünya çempionatının iştirakçılarını salamlayan Baş nazirin birinci müavini, Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov Azərbaycanın nüfuzlu yarışlara yüksək səviyyədə evsahibliyi etdiyini vurğulayaraq deyib: "Böyük yarışların təşkilatçılığının Azərbaycana həvalə olunması ölkəmizin gündən-günə çiçəklənməsinin və inkişafının bariz nümunəsidir. "Bakı-2015" ilk Avropa Oyunları, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışlar Azərbaycanda yüksək səviyyədə təşkil edilib. İdmanın bütün növlərinin inkişafına qayğı ilə yanaşan Azərbaycan Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi turnirin yüksək səviyyədə keçirilməsini təmin edəcək. Yarış meydançası bütün tələblərə cavab verir. İdmançılara uğurlar və qələbə sevinci arzulayır, yarışı açıq elan edirəm".
Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Açılış mərasimindən sonra "Challenge" kateqoriyasında yarışan kiçik yaşlı yeniyetmələrin, həmçinin veteranların mübarizəsinə start verilib.
Qeyd edək ki, iyunun 9-dək davam edəcək mötəbər yarışda 43 ölkədən 1500-dən artıq idmançı mübarizə aparacaq.
Dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunur. "Challenge" kateqoriyasında yarışacaq velosipedçilərdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.
BAKI, 2 mart — Sputnik, Teymur Tuşiyev. "Formula 1"in Azərbaycan Qran-prisinin reqlamentində bir sıra dəyişikliklər baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baku City Circuit (BCC) əməliyyat şirkətinin brifinqində məlumat verilib.
"Formula 1" Azərbaycan Qran-prisi bu ilin 4-6 iyun tarixlərində Bakı küçələrində təşkil olunacaq. Keçən il yarış koronavirus pandemiyası səbəbindən baş tutmamışdı. Epidemiya əleyhinə tədbirlərlə əlaqədar olaraq, yarışın Bakı mərhələsi tamaşaçısız keçiriləcək, buna görə stendlərin və əyləncə zonasının inşası nəzərdə tutulmur və konsertlər də təxirə salınır. Bundan başqa, həftəsonları mükafatlandırma mərasimləri sadələşdirilmiş formada, yarış iştirakçıları üçün mətbuat konfransları isə onlayn keçiriləcək.
Azərbaycan Qran-prisinin təşkilatçıları azarkeşlər olmasa da yarışın Bakıda keçirilməsinin vacibliyini vurğulayıblar.
"Bu qədər ciddi məhdudiyyətləri nəzərə alsaq, ortaya belə bir sual çıxa bilər: bu şəraitdə yarışı keçirməyin nə mənası var? Bildiyiniz kimi, "Formula 1" yarışları ölkənin turizm potensialını nümayiş etdirir, buna görə də onun keçirilməsi böyük əhəmiyyət daşıyır ", – deyə BCC-dən bildirilib.
Yeri gəlmişkən, BCC-nin Azərbaycan Qran-prisini keçirməkdən imtina etməməsinin daha bir səbəbi əks halda təşkilatçıların cərimə ödəməli olmasıdır. Cərimənin məbləği isə açıqlanmayıb.
Məhdudiyyətlər KİV nümayəndələrindən də yan keçməyib. Sosial məsafəyə riayət olunması qaydalarına görə, mətbuat mərkəzində jurnalistlər üçün yerlərin sayının 400-dən 150-yə endirilməsi nəzərdə tutulub. Həmin yerlər xarici və yerli jurnalistlər arasında bərabər şəkildə bölünəcək. Bununla belə, yerli telekanallar və radiolar Azərbaycan Qran-prisi üçün akkreditasiya əldə edə bilməyəcəklər.
Təşkilatçılar treklərin hazırlanması ilə bağlı əsas işlərin bu ilin may ayında yerinə yetiriləcəyi, bununla əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını də bildiriblər.
Eyni zamanda, qeyd ediblər ki, könüllülərdən müraciətlərin qəbulu artıq başa çatıb. Bu prosesə start veriləndən sonrakı 60 saat ərzində könüllülərdən təxminən yeddi min ərizə daxil olub. Marşallardan da ərizə qəbulu yekunlaşıb.
Qeyd edək ki, bu il marşalların sayı 150 nəfər artırılacaq.
BAKI, 22 fevral — Sputnik. Peşəkar karyerasını bitirdiyini elan edən məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov karyerası haqqında film çəkilişləri üçün Hollivudla çalışdığını və "Oscar" qazanmağı planlaşdırdığını söyləyib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, döyüşçü hazırda sənədli film üzərində işləyir: "Təxminən bir il yarım lazımdır. "Oscar" qazanmaq istəyirik. 20 dəqiqə ərzində "Oscar"lıq film çəkmək o qədər də asan deyil. Hollivudla birlikdə işləyirik. Çox güman ki, dərhal kinoteatrlarda nümayiş olunacaq. Bu normal bir hekayədir, dağdan gələn oğlan çəki kateqoriyasından asılı olmayaraq ən yaxşı döyüşçü oldu, məğlub olmadı".
Xatırladaq ki, 32 yaşlı Nurməhəmmədov Castin Qeyjini UFC 254 turnirinin ikinci turunda "üçbucaq" boğma fəndindən istifadə edərək məğlub edib. Döyüşdən sonra rusiyalı karyerasını bitirdiyini elan edib. Onun hesabında 29 MMA döyüşündə 29 qələbə, o cümlədən UFC-nin 13 döyüşündə 13 qələbə var.
BAKI, 5 mart — Sputnik. Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Rəfədinli kəndindən videogörüntülər yayıb.
Sputnik Azərbaycan görüntüləri təqdim edir.
Yuxarı Rəfədinli Qarabağ silsiləsinin ətəyində yerləşir. Keçmiş adı Rəfədinli olub. Ondan yaranmış məntəqə Aşağı Rəfədinli, əvvəlki kənd isə Yuxarı Rəfədinli adlandırılıb. Rəfədinli - kəndin əsasını qoymuş nəslin adıdır.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələri kəndi erməni tapdağından azad edib.