Nikol Şerzinger və The Black Eyed Peas qrupunun Bakıdakı çıxışı, arxiv şəkli

Azərbaycan Qran-prisinə bilet alanlar mütləq oxusun

35
(Yenilənib 20:57 17.04.2018)
Tamaşaçıların sevimli pilotları ilə görüşü üçün məkana erkən gəlmələri tövsiyə olunur

BAKI, 17 aprel — Sputnik. 2018 Azərbaycan Qran Prisi çərçivəsində keçiriləcək əyləncə tədbirlərinin detalları bəlli olub.

Dənizkənarı bulvar boyunca uzanan F1 Azarkeşlərin Əyləncə Zonasında 26-29 aprel tarixlərində yarışı izləməyə gələn avtoidman həvəskarlarına bir-birindən zövqlü yeni əyləncələr təqdim olunacaq. Sputnik Azərbaycan Bakı Şəhər Halqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, dənizkənarı bulvarda yarış çərçivəsində baş tutacaq əyləncə tədbirləri aprelin 26-ı saat 12:00-dan 21:00-dək, aprelin 27-i və 28-i saat 10:00-dan 19:00-dək və aprelin 29-u saat 10:00-dan 14:00-dək keçiriləcək. Həmçinin musiqili əyləncə proqramı 27-29 aprel tarixlərində axşam saatlarından başlayaraq Bakı Kristal Zalında bir-birinin ardınca səhnəyə çıxacaq dünya ulduzları və məşhur DJ-lərin möhtəşəm performansları ilə gec saatlaradək davam edəcək.

Dördgünlük bilet alan tamaşaçılar aprelin 26-ı, saat 14:00-dan 15:30-dək Pit Yolu Gəzintisində iştirak edə biləcəklər. Bundan başqa, Formula 1 Azarkeş Zonasında builki Azərbaycan Qran Prisində mübarizə aparan bütün pilotların iştirakı ilə 27-29 aprel tarixlərində saat 11:00-dan etibarən günün müxtəlif saatlarında avtoqraf sessiyaları keçiriləcək. Sessiyalar zamanı azarkeşlər sevdiyi pilotlarla üz-üzə görüşərək şəkil çəkdirə və avtoqraf ala biləcəklər. Tamaşaçıların sevimli pilotları ilə görüşü üçün məkana erkən gəlmələri tövsiyə olunur. 

Formula-1
© REUTERS / Samo Vidic / Red Bull Content

Bu il tamaşaçılar Formula 1-in yeni pilotları ilə yanaşı Bakı Şəhər Halqasını da daha yaxından tanımaq fürsətinə sahib olacaqlar. Belə ki, aprelin 28-i, dənizkənarı bulvarda yerləşən F1 Azarkeş Zonasında saat 15:30-dan 16:00-dək F1-in yeni pilotları ilə sual-cavab sessiyası keçiriləcək.

Həmçinin 26-28 aprel tarixlərində yarış sessiyaları başa çatdıqdan sonra trek tamaşaçıların gəzintisi üçün açıq olacaq. Həmin müddət ərzində trek daxilində xüsusi avtobuslar da xidmət göstərəcək. Tamaşaçılar trekin müxtəlif yerlərindəki dayanacaqlarda enərək Bakı Şəhər Halqasının özünəməxsus xüsusiyyətləri ilə ətraflı şəkildə tanış ola biləcəklər.

Ötən illərdəkindən fərqli olaraq bu il tamaşaçıları salamlama mərasiminin açılışı Pilotların Paradından əvvəl baş tutacaq. Musiqili tamaşa formasında keçəcək mərasimin açılışından dərhal sonra pilotlar xüsusi nəqliyyat vasitəsilə Bakı Şəhər Halqasında dövrə vuraraq trek ətrafında olan tamaşaçıları salamlayacaqlar.

Bundan bir az sonra yarışa start verilməzdən əvvəl himn mərasimi keçiriləcək. Azərbaycan himni səsləndikdən sonra pilotlar qrid düzülüşündə yer alan bolidlərə yaxınlaşaraq yarış üçün son hazırlıqlarını görəcəklər. Yeni qaydaya əsasən bu il qrid qızları olmayacaq və onların əvəzində pilotları yalnız himn mərasimində 7-10 yaşlardan ibarət uşaqlar müşayiət edəcəklər. 

Tamaşaçılar F1 Azarkeş Zonasında yerləşən Formula 1-ə və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə (BŞH) məxsus simulyatorlarda yarışmaq imkanı əldə edəcəklər. Bu yarışlarda ən sürətli nəticə göstərən tamaşaçıya dəyərli mükafatlar veriləcək. Bununla yanaşı, simulyatorlarla yanaşı müxtəlif növ əyləncəli oyunlar, o cümlədən pit-stop yarışı da keçiriləcək.

Əyləncə zonaları boyunca səyyar məzhəkəçi-aktyorların tamaşaları yarışı izləməyə gələnlərin əhval-ruhiyyəsini yüksəldərək yarış həyəcanına əyləncə coşğusu qatacaq. Yarış həftəsonunun ən balaca qonaqları üçün xüsusi sürücülük məktəbi təşkil olunacaq. Burada uşaqlar yol hərəkəti qaydalarını əyləncəli və sərbəst mühitdə öyrənə biləcəklər. Bundan başqa, azyaşlı tamaşaçılar üçün dəbilqə formasında əyləncə mərkəzi fəaliyyət göstərəcək. Həmçinin uşaqlar müxtəlif interaktiv və maarifləndirici oyunlarda da iştirak edərək hərtərəfli şəkildə əylənə biləcəklər.

35
Əlaqədar
Sərnişinlərə "Formula 1" ilə bağlı önəmli məlumat
Formula 1 yarışına vauçer alanların nəzərinə!
Formula 1-də daha bir sürpriz qonaq
"Formula-1"-də gözlənilməz hadisə baş verdi
Azərbaycanın “Formula 1”-dən əldə etdiyi gəlir açıqlanıb