Kriştiano Ronaldu

Dünyanın ən yaxşı futbolçusu qalmaqallı hakim qərarından danışdı

243
(Yenilənib 17:38 12.04.2018)
Ronaldu: "Rəqib komandanın oyunçularının niyə etiraz etdiyini anlamadım"

BAKI, 12 aprel — Sputnik. Madridin "Real" klubunun hücumçusu Kriştianu Ronaldu dünən keçirilən futbol üzrə Çempionlar Liqasının 1/4 final oyunundan sonra İtaliyanın "Yuventus" klubunun oyunçularının hakimin təyin etdiyi penaltiyə etirazına münasibət bildirib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ronaldu nəticənin ədalətli olduğunu deyib:

"Əziyyət çəkdik, bu da öyrənməyimizə kömək olur. Bu oyun bir dərsə dəyər. Futbolda heç bir şey asan verilməz, sonuna kimi mübarizə aparmaq lazımdır. "Real" daha çox qol vura bilərdi, ancaq "Yuventus"un oyunçuları və qapıçı Buffon yaxşı oynayırdı. Biz sadəcə qalib gəldik. Rəqib komandanın oyunçularının niyə etiraz etdiyini anlamadım. Axı Lukas arxadan rəqibini itələmişdi. Əgər qayda pozmasaydılar, qol vuracaqdıq. Belə anlarda həyəcan çoxalır. Amma mən çox sakit idim".

Ulduz futbolçu keçiriləcək yarımfinal haqqında da danışıb: "Futbolda hər şey ola bilər. Çox yaxşı formada deyildik. Bu da bizim öyrənməmizə kömək etdi. Addım-addım irəliləyəcəyik".

Xatırladaq ki, "Real" 1/4 finalda iki oyunun nəticəsinə görə (3:0, 1:3) "Yuventus"u mübarizədən kənarlaşdırıb. Hakimin artırılmış 8-ci dəqiqədə "Yuventus"un qapısına təyin etdiyi penalti madridlillərə yarımfinala vəsiqəni gətirib. Yarımfinala həmçinin "Bavariya", "Liverpul" və "Roma" çıxıblar.

243
Teqlər:
futbol, Kriştiano Ronaldu, 'Yuventus'
Əlaqədar
Ronaldu tarixi rekorda imza atdı
Sifətindən təpiklənən Ronaldu elə hala düşdü ki... - VİDEO
Ronaldu yeni rekorda imza atdı
"Real" Ronaldu ilə müqaviləni 5 il müddətinə uzatdı
Azərbaycanın qadınlardan ibarət futbol komandasının üzvləri

Süsən Mənsimzadə: əvvəllər futbol oynayan qızlara Aydan gəlmiş adam kimi baxırdılar

484
(Yenilənib 21:19 26.09.2021)
Məşqçi: Məşqçi olmaq ölkəni təmsil etmək, böyük bir komandanın bütün məsuliyyətini üzərinə götürməkdir. Hər zaman daha yüksək nəticələr qazanmağa çalışırıq.

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycanda futbolun ümumi durumu hər kəsə bəllidir. Milli və klub komandalarımız həm beynəlxalq, həm də ölkədaxili yarışlarda müəyyən nailiyyətlər əldə etmək üçün var gücü ilə çalışır.

Bəs, qadınlardan ibarət futbolun Azərbaycanda vəziyəti necədir? Sputnik Azərbaycan-ın əməkdaşları qadın futbolunun durumunu öyrənmək üçün AFFA-nın Azərbaycanın 15-17 yaşlılara aid qadınlardan ibarət milli futbol komandasının üzvləri, məşqçiləri ilə görüşüblər. Qızlar futbola marağın yaranması səbəblərindən, problemlərdən, perspektivlərdən, uğurlarından söz açıblar.

Qızlardan ibarət Milli Komandanın 24 yaşlı məşqçisi Süsən Mənsimzadə deyir ki, onda futbola maraq 11 yaşında - qardaşı ilə birgə futbol oynayarkən yaranıb, daha sonra o peşəkarcasına bu işlə məşğul olmaq üçün qızlardan ibarət klublara yazılır. Bir illik məşqlərdən sonra o milli komandaya cəlb olunub və 2019-cu ilədək futbolçu karyerasını davam etdirib:

"Hücumçu olmuşam, 12 yaşımdan Milli Komandadayam. Müxtəlif qarşılaşmalarda qol vurmuşam. Karyeramda ən böyük uğurlarımdan biri 2015-ci ildə U19 yığma komandası ilə qarşılaşmada elit mərhələyə yüksəlməyimiz olub. Belçika komandasını 3:0 hesabı ilə udmağımız da mənim üçün yaddaqalan olub".

Qollarının sayını xatırlamasa da, özünün dediyinə görə, Azərbaycan çempionatında bir neçə dəfə bombardir olub və ən məhsuldar oyunçu seçilib. Həmsöhbətimiz ən böyük xəyalından da danışıb:

"Ən böyük xəyalım qadınlardan ibarət Milli Komandada məşqçi olmaq idi. Öncə "Keşlə" klubunda baş məşqçi olaraq çalışdım, sonradan 2021-ci ildə isə 15-17 yaşlılardan ibarət Milli Komandaya məşqçi təyin olundum".

S.Mənsimzadənin sözlərinə görə, məşqçi olmağın məsuliyyəti daha çoxdur:

"Məşqçi olmaq ölkəni təmsil etmək, böyük bir komandanın bütün məsuliyyətini üzərinə götürməkdir. Hər zaman daha yüksək nəticələr qazanmağa çalışırıq".
© Sputnik / Nigar Iskanderova
Qızlardan ibarət Milli Komandanın 24 yaşlı məşqçisi Süsən Mənsimzadə

Futbolçu olaraq ilk formasını "Neftçi" omandasında geyinən, məşqçilik fəaliyyətinə isə "Keşlə"dən başlayan həmsöhbətimizin kumiri Nigar Cəlilova və dünyaca məşhur futbolçulardan iolan Marta Silvadır. S.Mənsimzadə bizə bir qədər cəmiyyətdə futbolçu qızlara qınaqlardan da danışıb:

"Adətən futbol oynayan qıza aydan gələn adam kimi baxırdılar. Lakin düşünürəm ki, indiki dövrdə futboçu qıza heç də qəribə baxmırlar. Hazırda da ölkədə kifayət qədər belə futbolçular var. Qadın futbolçular üçün ailə qurmaq mənasında da heç bir problem yoxdur. Tanıdığım futbolçu qadınlar arasında ailəli, övladları olanlar da var. Hər zaman düşünürəm ki, iki insan arasında böyük sevgi varsa, onların işləri ailə qurmalarına heç zaman mane olmur".

Məşqçi deyir ki, ona bu yolda qətiyyətlə addımlamasında isə atası dəstək olub. Atası hər zaman qızının arzularının arxasında olub, əlindən tutaraq onu məşqlərə aparıb.

Onun sözlərinə görə, ölkədə qızlardan ibarət futbolun tanınmamasının əsas səbəbi milli-mentalitet məsələsidir. Qınağın olması qadın futbolunun tanınmasına mane olur. Lakin bəzi müsbət dəyişikliklər də var:

"Demək olar ki, bütün regionlarımızda qadın futbolu yavaş-yavaş inkişaf edir. Düşünürəm ki, hazırda belə futbolçular və məşqçilərin sayı yetərli qədərdir. Müxtəlif bölgələrdən gələn futbolçularımızın fanatları da az deyil. Bu sayın daha da artmasını istəyərdim".
© Photo : AFFA
Azərbaycanın 15-17 yaşlılara aid qadınlardan ibarət milli futbol komandasının məşqləri

S.Mənsimzadə deyir ki, hazırda 30 nəfərədək idmançı Milli Komandanın elit məşqlərinə cəlb edilir.

"İl boyu məşqlər aparılır və onlardan 20 nəfəri özümüzlə çempionat qarşılaşmalarına aparırıq. Bir futbolçunu Milli Komandaya dəvət etməzdən öncə isə onlar futbolçunun fiziki durumu, topla davranışına fikir verirlər. Bu futbolçuları seçmək üçün U13, U16 liqasına baxış keçirilir. Yaş məhdudiyyəti 17 yaşadək olduğu üçün biz 14-15 yaşlılar arasından seçim edirik. Çalışırıq ki, daha aşağı yaş qrupundan seçim edək və onları tanıyaq".

O, xanımlardan ibarət futbol komandasının perspektivinin daha çox olduğunu deyir:

"Çünki 2019-cu ildə AFFA tərəfindən A milli komandamız yarandı. Bunadək isə qızlar müəyyən yaşa çatdıqdan sonra ya məşqçi olurdu, ya futboldan getməli olurdu. Beləcə onlar futbolu atmaq əvəzinə A Milli Komandada oynamağa başladılar. Hazırda bizim 16-18 futbolçumuz ölkə xaricində forma geyinir.  Futbolçularımızda stimul olmalıdır ki, üzərlərində işləsinlər, Milli Komandaya qədər qalxsınlar, özlərini tanıdaraq xarici komandalarda oynamaq üçün şans qazansınlar. Qeyd edim ki, hazırda Aytac Şərifova Qazaxıstanın futbol klubunda forma geyinir. Aysun Əliyeva, Vüsalə Seyfəddinova, Nigar Mirzəliyeva, Kamilla Məmmədova, Jalə Mənsimova kimi xarici klublarda forma geyinənlər də var. Aytac Şərifova "Arsenal"la qarşılaşmada da iştirak edib.

Məşqçi futbolçuların müəyyən qədər qazanclarının olduğunu desə də, bu haqda ətraflı məlumat verməyib:

"Hazırda onların əsas məqsədi qazancdan çox öz üzərlərində işləməkdir. Əminəm ki, müəyyən mərhələdən keçəndən sonra onların qazancları daha çox olacaq, istədikləri pilləyə çata biləcəklər. Qeyd edim ki, 15-17 yaşlılar illər ötdükcə özlərini təsdiq edərək U19-a keçə bilirlər".
© Sputnik / Nigar Iskanderova
Müdafiəçi Zəhra Hüseynli, müdafiəçi Aytac Mirzəyeva, müdafiəçi Seyidova Müjqan, qapıçı Rabiyə Mustafayeva (soldan sağa)

Məşqçinin sözlərinə görə, 15 yaşadək  qızlardan ibarət Milli Komandanın yaradılması da müzakirə edilir. O, bu yolda maneələrlə qarşılaşan qızlara səslənib:

"Ən böyük manelər ailədən başlayır. Birinin əmisi, dayısı, valideynləri qız övladlarının futbolçu olmalarını istəmirlər. Başqasının seçdiyi yolla gedəndə, istər-istəməz həmin işə maraq olmur. Ən çətini mental düşüncəni dəyişə bilməməkdir. Düşünürəm ki, bir işi sevmək üçün bütün qızlar arzularının arxasınca getməlidirlər.

Həmsöhbətimiz klubların sponsor tapmaq problemindən də danışdı. Əsas məsələyə gəldikdə S.Mənsimzadə deyir ki, məşqçi olaraq əmək haqqından razıdır, lakin bunun nə qədər olduğunu açıqlamır.  

Digər məşqçi - 24 yaşlı Kader Alimova 12 yaşından futbola gəlib, 18 yaşından isə məşqçilik fəaliyyətinə başlayıb. Bundan sonra həm məşqçi, həm də futbolçu olaraq fəaliyyətini davam etdirib. O maddi dəstəyin normal olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, xaricə gedəndə orada qaldıqları günlərin sayına görə də onlara ödəniş edilir, bundan əlavə mükafatlar da olur:

"Təxminən ayda bir dəfə xarici səfərimiz olur. Məsələn bu ayın 28-30-u tarixlərində qarşılaşmalarımız olacaq. Albaniyaya yol düşüb bu ölkənin komandasına qarşı oynayacağıq. Hazırda təlim məşq toplantısındayıq və qələbə qazanmaq ehtimalımız yüksəkdir".

Məşqçi deyir ki, Milli Komanda gündə iki dəfə məşq edir.

© Sputnik / Nigar Iskanderova
Məşqçi Kader Alimova

O özünün futbolçu karyerasından da danışıb:

"Futbolçu olaraq Avropa çempionatılarında oynamışam. Dəfələrlə çempionatlarda iştirak etsəm də, bombardir olmamışam. Qollarımın sayını dəqiq bilmirəm".

Milli Komandanın 15-17 yaşlılardan ibarət futbolçu qızları ilə də həmsöhbət olduq. Zəhra Hüseynlidə futbola maraq məhəllə futbolundan başlayıb. Daha sonra Balakən futbol klubunda forma geyinən həmsöhbətimiz hazırda həm də milli komandanın şərəfini quruyur. Özünün dediyinə görə ailəsi hər zaman ona dəstək olub. Onun əsas uğurlarından biri də forma geyindiyi klubun ölkədə ikinci yeri tutmasıdır:

"Kürdəmirdə yarımfinala çıxmışdıq, 0-2 hesabı ilə uduzurduq, son dəqiqələrdə isə 3 qol vurmuşduq".

O deyir ki, futbol onun təhsildən yayınmasına səbəb olmayıb. Zəhranın anası da qızı ilə bağlı gözləntilərinin çox olduğunu, futbolçu karyerası dövründə hər zaman yanında olacağını bildirib.

Aytac Mirzəyeva isə Milli Komandanın sol kənar müdafiəçisidir və deyir ki, öncədən fubol onun üçün heç bir maraq, əhəmiyyət kəsb etməyib:

"Bir dəfə stadionda "Qarabağ"la "Neftçi"nin oyununu izləməyə getmişdim. Klub yoldaşlarının topla hərəkəti, bir-birlərinə dəstəkləri diqqətimi cəlb etdi. Bundan sonra özümü futbolda yoxlamağı qərar verdim".
© Sputnik / Nigar Iskanderova
Azərbaycanın 15-17 yaşlılara aid qadınlardan ibarət milli futbol komandasının üzvü Zəhra Hüsehynova

16 yaşlı Müjqan Seyidova da futbola "Balakən" futbol klubundan başlayıb. Ailəsi tərəfindən futbola yönəldilən Müjqan deyir ki, futbolçu olaraq fəaliyyətə başladığı dövrdə qızlardan ibarət komanda olmadığı üçün təhsil aldığı məktəbin oğlanlardan ibarət futbol klubunda forma geyinib. İki il oğlanlarla birgə oynadıqdan sonra rayonlarında qızlardan ibarət bir futbol klubu yaradılır və beləcə Müjqan orada forma geyinməyə başlayır. Həmsöhbətimiz 3 ildir ki, Milli Komandada oynayır:

"Xaricdə Milli Komanda adından bir dəfə forma geyinmişəm, hədəfim başqa ölkələrdə bayrağımızı yüksəklərə qaldırmaqdır".

O, müdafiəçi olduğu üçün futbolçu karyerasında qol vurmayıb.

Milli Komandanın qapıçısı Rabiyə Mustafayevada futbola marağı valideynləri yaradıb:

"Əvvəllər futbolu oğlanlarla birgə oynayırdım. Düzü, qızlardan barət futbol klubunun olduğunu bilmirdim. Oyunların birincə qızlardan ibarət futbol klubunun məşqçilərdən biri məni öz heyətinə cəlb etdi".
© Sputnik / Nigar Iskanderova
Azərbaycanın 15-17 yaşlılara aid qadınlardan ibarət milli futbol komandasının üzvləri

Rabiyə xanım 13 yaşından futbol oynamağa başlayıb, 1 il sonra isə Milli Komandaya dəvət alıb. Nə qədər qol buraxmağını isə xatırlamır:

"Müdafiə yaxşı olduğundan çox qol buraxmamışam".

Demək olar ki, xanım futbolçularla söhbət ərzində elə də böyük uğurlardan söz açılmadı. Amma hətta bu başlanğıcdan da uca zirvələrə doğru yol açmaq olar.

484
Teqlər:
futbol, qadın, komanda
Voislav Stankoviç (ağ formada)

"Neftçi"nin serbiyalı oyunçusu: "Uşaqlar Azərbaycan himnini oxutmağımı istəyirlər"

2384
(Yenilənib 09:49 23.09.2021)
Bakının "Neftçi" klubunun 34-cü doğum gününü qeyd edən serbiyalı legioneri Azərbaycandakı həyatından və işindən danışıb.

BAKI, 23 sentyabr - Sputnik. Bakı "Neftçi"sinin serbiyalı legioneri Voislav Stankoviçin uşaqları atalarından Azərbaycanın himnini qoşmağını istəyir, sonra isə onu ifa edirlər. 

Stankoviç bildirib ki, uşaqları Azərbaycan himnini keçən il öyrəniblər.

"Hələ keçən il, mənim "Neftçi"dəki oyunumu televizorda izləyərkən uşaqlar Azərbaycan himnini öyrəndilər. Hər dəfə baxdıqca himnin sözlərini öyrəniblər. Xanımımla mən onlara deyirik ki, bu, Azərbaycanın himnidir, onu Serbiyanın himni kimi bilmək, bu ölkəyə hörmət etmək lazımdır. Mən Azərbaycanda işləyirəm və bu ölkə mənə doğmadır. Onlar uşaq bağçasında da himni öyrənirlər. Dəfələrlə məndən himni qoşmağı istəyiblər, sonra da oxumağa başlayıblar", - Stankoviç deyib.

Serbiyalı futbolçu sentyabrın 22-də 34-cü yaşını tamam edib.

"Adətən, ad günümü ailəmlə restoranda qeyd edirəm, amma indi pandemiya səbəbindən evdə qeyd edirik. Artıq 34 yaşım var, qocalıram (gülür), amma əsas odur ki, özümü yaxşı hiss edirəm, əla fiziki formadayam", - legioner vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının dördüncü turunda "Keşlə"yə qarşı oyun (3:0) serbiyalı futbolçunun çempionatımızda 150-ci oyunu olub. "Keşlə" (o vaxtın "İnter"i) isə 2015-ci ildə Stankoviçin oynadığı ilk Azərbaycan klubu olub.

"Uzun illərdir Azərbaycanda oynayıram, bu ölkəni sevirəm, burada hər şey məni qane edir. Elə olmasaydı, bu qədər müddət burada oynamazdım. "Neftçi"nin şərəfini qoruduğum üçün şadam. Ümid edirəm ki, hələ burada çox oynayacam", - Stankoviç əlavə edib.

Eləcə də oxuyun:

2384
Teqlər:
'Neftçi', futbolçu, Serbiya, legioner, himn, Azərbaycan
Nurlan Əsgərli və İntiqam Əsgərli

Bir ananın iki oğlu, ikisi şəhid: Biri özünə "Qisas" ləqəbini seçmişdi

0
Məndən halallıq istədi. "Analıq haqqımı sənə halal edirəm, ancaq özünü qoru" dedim.Məndən halallıq istədi. "Analıq haqqımı sənə halal edirəm, ancaq özünü qoru" dedim.

BAKI, 27 sentyabr — Sputnik. Bir ana düşünün, iki oğul vardı, hər ikisini də Vətən uğrunda qurban verib. Amma qürurlu və mətindir. Reportajımız Masallı rayonu Viləş kənd sakini Ziba Əsgərova haqqındadır.

Ziba ananın kiçik oğlu Nurlan Əsgərli Aprel döyüşlərində, böyük oğlu İntiqam Əsgərli isə Vətən Müharibəsində şəhadətə ucalıb. Şəhid anası Ziba xanım Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbət zamanı qəhrəman övladlarından bəhs edib. 

Söhbətə "şəhid qardaşlar öz arzularına çatdılar" deyə başlayır.

"İntiqamım uşaq vaxtlarından hamıya örnək olacaq dərəcədə övlad idi. Ondan sonra dünyaya gələn övladlarımız, özünü İntiqama bənzətmək istəyirdi. İntiqamdan sonra Nurlanım dünyaya gəlmişdi. O böyüdükcə, qardaşına baxdı və onu özünə ideal seçdi. Hər iki oğlumun Allaha inamı və idmana sevgiləri güclü idi. Bir də hər ikisi evdə qazi görmüşdülər. Qayınım 1-ci Qarabağ müharibəsində yaralanmışdı. Oğullarım da uşaqlıqdan ayağını itirən əmilərini görüb, "əmi, böyüyüb ermənilərdən sənin qisasını alacağıq" deyərdilər. Ona görə də İntiqam da, Nurlan da uşaqlıqdan hərbçi olmağı arzu edirdilər", - deyə oğullarını şəhidliyə aparan yoldan bəhs edir.

İntiqam Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunsa da, "bura mənlik deyil, mən hərbçi olacağam!" deyir, universitetdə qeydiyyatdan keçmir. Əsgərliyini Xüsusi Təyinatlı Qüvvələrdə keçir. Hərbi xidmətini bitirəndən təxminən 1 il sonra - 2011-ci ilin aprel ayında Gizirlik kursuna sənədlərini təqdim edir. Gizirlik kursunda 3-cü yerə kimi uğurla bitirənlər azad təyinat ala bilirdilər və o, kursunu bitirəndən sonra öz istəyi ilə Murov istiqamətində xidmətə təyinat aldı. 2014-cü ilin avqust ayına qədər Murovdağ istiqamətində xidmət etdi. Ardınca isə Xüsusi Təyinatlıların kursuna yazıldı və bu kursu da müvəffəqiyyətlə oxuyub bitirdi.

© Sputnik / Rahim Muradov
Şəhid anası Ziba Əsgərova

Ananın sözlərinə görə, Nurlan da özünü həmişə qardaşına bənzətmək istəyirdi: "Nurlanım 2014-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə yollandı, İntiqam isə artıq Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi xidmət edirdi. Nurlan da hərbi hissədə Kəşfiyyat bölüyünün Baş istehkamçısı kimi xidmət edirdi. İntiqam Türkiyəyə Dağçılıq kursunu oxumağa gedəndə, Nurlan öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrin kursuna daxil oldu. Hər iki qardaş sevinərək və yorulmadan hərbçi sənətinə yiyələnirdilər. Hər iki oğlum bu sənəti seçməklə mənim arzularımı gerçəkləşdirdilər. İntiqam Türkiyədə Dağçılıq kursunu bitirib gələndə qardaşı üçün üzərində "Hər ananın oğlu əsgər olur, amma hər qızın sevdiyi komando ola bilməz" sözləri yazılmış köynək gətirib. Qardaşının yolunu davam etdirən Nurlan da Xüsusi Təyinatlıların kursunu bitirdikdən sonra hər iki qardaş eyni hərbi hissədə xidmət etməyə başladılar".

© Sputnik / Rahim Muradov
Nurlan da özünü həmişə qardaşına bənzətmək istəyirdi

Aprel döyüşlərinin həm şahidi, həm də şəhidi olan qardaşlar

Ziba ananın dediyinə görə, hər iki oğlu 2016-cı il Aprel döyüşlərində iştirak edib. Nurlan sonuncu dəfə evlə danışanda telefonunu söndürəcəyini bildirib:

"Aprel döyüşləri artıq 3 gün idi başlamışdı və hər iki oğlumdan heç bir xəbər yox idi. Həmin döyüşlərdə hər ikisi Tərtərin Talış kəndi istiqamətində vuruşublar, sadəcə ayrı-ayrı mövqelərdə yerləşiblər. İntiqam həmin döyüşlərdən danışanda deyirdi ki, "mənə dedilər, Nurlangil olan tərəfə mərmi düşdü və uşaqlardan şəhid olan var. Özümü önə atdım ki, görüm kimlər şəhid olub?". İntiqam tez qardaşının olduğu posta gedib. Həmin yerə çatanda isə Nurlanın hələ döyüşdüyünü görüb. Elə bir anın içində Nurlan qardaşını qorumaq üçün önə atılıb".

"Mənim ailəmdə Aprel döyüşlərinin həm şahidi, həm də şəhidi oldu", - deyən dərdli ana qardaşların kiçiyinin şəhadətə ucaldığını belə anladır:

"Həmin postda Nurlanım şəhadətə ucaldı. İntiqam döyüş meydanından qardaşı Nurlan və daha 3 şəhidi, eləcə də 2 yaralını çıxarmışdı. İntiqam şəhidləri təhvil verəndə onlardan birinin qardaşı olduğunu deyib, yenidən döyüşə qayıdıb. Aprel döyüşlərindən sonra İntiqamım çox ağır vəziyyətə düşmüşdü. Çünki o, ən yaxın dostunu, qardaşını itirmişdi. İntiqamım həmişə qisas hissi ilə yaşayırdı. O, qardaşının dəfninə gələ bilmədi, amma həmin gündən İntiqam nə məni, nə də atasını ağlayan görmədi. Ən böyük dəhşəti orada İntiqam yaşayıb. Özü Aprel döyüşlərinin şahidi, qardaşı isə şəhidi oldu. Mən də oğluma təsəlli olum deyə, bu yolu seçdim və İntiqam məni heç vaxt ağlayan görmədi. Nurlanım şəhid olandan sonra İntiqam özünə "Qisas" ləqəbini götürmüşdü. Bir məqsədi var idi, qardaşının qisasını almaq".

© Sputnik / Rahim Muradov
Nurlanım 2014-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanıb

Vətən müharibəsi şəhidi İntiqam qardaşına çox bağlı olduğu üçün öz qızına qardaşının adına uyğun Nur adını qoyub.

Vətən müharibəsi və Şuşanın fəthi

"İntiqam Vətən müharibəsi ərzində cəmi 2 dəfə bizimlə əlaqə saxlayıb. Sonuncu dəfə ötən il oktyabrın 18-də bizimlə danışdı, amma harada olduqlarını demədi. "Ana elə sevinirəm ki, həm qardaşımın, həm digər döyüş yoldaşlarımın və həm də Xocalı qurbanlarının qisasını alırıq", "İnşallah, tezliklə qələbə ilə qayıdacağıq!", "Ana burada elə igid oğullarımız var ki!", - deyirdi. İntiqam öz döyüş yoldaşlarına elə güclü ruh yüksəkliyi vermişdi ki, onlar bir-birilərinə qardaşdan da artıq bağlı idilər. Həm Xüsusi Təyinatlı Qüvvələrin birliyi və əzmi, həm də ordumuzun digər bölmələrinin rəşadəti bizə qələbəni gətirdi. Müharibənin ilk günlərində İntiqam məndən halallıq istədi. "Analıq haqqımı sənə halal edirəm, ancaq özünü qoru" dedim", - deyən şəhid anası dastana dönmüş balalarının hekayəsini danışır. 

© Sputnik / Rahim Muradov
Vətən müharibəsi şəhidi İntiqam qardaşına çox bağlı olduğu üçün öz qızına qardaşının adına uyğun Nur adını qoyub

Onun sözlərinə görə, İntiqam xidmət etdiyi dövlərdə Dağçılıq kursu üzrə təlimatçı idi: "O, heç vaxt öz döyüş yoldaşlarını irəli buraxıb özü arxada qalan oğul deyildi. O, fürsət gəzirdi ki, Ali Baş Komandan əmr versin və bizim Ordumuz öz qüvvəsini göstərib şəhidlərimizin intiqamını alsınlar. Müharibə gedən dövrdə kimsə narahat olurdusa, mən deyərdim ki, dua edin. Mənim qələbəyə inamım böyük idi. İntiqam qardaşı Nurlanın arzusunu tez-tez deyərdi ki, "Şuşaya bayrağımızı sancıb sonra dünyamı dəyişsəm, arzuma çatmış olardım!" Mən bir onu bilirəm ki, İntiqam həm öz arzusunu, həm də qardaşının arzusunu yerinə yetirdi. Şuşamız işğaldan azad olunandan bir gün sonra mənfur düşmənin əks hücumunü dəf edərkən İntiqamım şəhadətə ucalıb".

Yuxu

Ana deyir ki, oğlunun şəhid olduğunu hiss edib: "Noyabrın 9-u, 10-na keçən gecə yuxuda gördüm ki, İntiqamla mən yüksək dağın zirvəsindəyik. Sonradan televiziyada Şuşanı göstərəndə həmin ərazinin Cıdır düzü olduğunu anladım. Həmin zirvədə İntiqamla mən namaz qılırdıq. İntiqam namazını məndən öncə qılıb qurtardı. Sonra mənə sıldırımlı qayanı göstərdi. Mən baxdım ki, qayalıq boyunca ucalan ağacların budaqları da şəffafdır. Həmin ağacların üstündə meyvəsi var idi. Alma böyüklüyündə gilas idi. İntiqam onu mənə göstərdi: "Ana, bax hələ, bu gilasdır, buralarda indi yetişir". İntiqam o gilasdan dərib bir dişləm götürdü. Mənə də "dər!" dedi, mən dərib əlimdə tutub "anan qurban, bundan kim bir dənə yesə, doyar" dedim. Birdən yuxudan ayıldım. Balamın başına nəsə bir iş gəldiyini hiss etdim. Yuxuda gilas görmək göz yaşına işarədir deyirlər. Mənim oğlum o meyvədən dadmışdı".

© Sputnik / Rahim Muradov
Nurlan Əsgərli və İntiqam Əsgərli

Ziba ana İntiqam şəhid olandan sonra döyüş yoldaşlarının həmişə ona baş çəkdiklərini deyir: "İntiqamın yaralı döyüş yoldaşını çiyninə ataraq düşmənlə əlbəyaxa vuruşduğunu və süngü bıçağı ilə düşməni məhv etdiyini dedilər. Həm də İntiqam PUA idarə edən olub. PUA idarə etdiyi üçün, həm də qardaşı şəhid olduğu üçün İntiqama komandanlıq geridə qalmağı əmr edib. Əvvəlcə razı olsa da, sonra döyüşə girmək üçün xahiş edib. Şuşaya ilk girən İntiqamın dəstəsi olub. İntiqam bir neçə xarici dili sərbəst bilirdi, hətta mənfur düşmənimiz ermənilərin dilini də. O, dağçılıq kursu üzrə təlimatçı idi. Əsgərlərə elə təlim keçib ki, qayadan enən zaman düşmən elə bilirmiş qayalıqdan daş tökülür. Ona görə də özlərini qoruyan zaman kəşfiyyatçılarımız onları məhv ediblər. Şuşa belə azad edilib".

Döyüş yoldaşlarının dediklərinə görə, İntiqama deyilib ki, "getmə, sənin bir qardaşın da şəhid olub, sənə bir şey olsa, valideynlərinə nə deyəcəyik?" O da deyib ki, "mən qisasımı almasam, valideynlərim məni bağışlamaz, qismətimdə yaşamaq varsa, qayıdacam". 

© Sputnik / Rahim Muradov
Əsgərovların kiçik oğlu Aprel şəhidi Nurlan Əsgərli ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Ölümün uca zirvəsi - şəhadət

"İntiqam həmişə mənimlə danışanda deyərdi: "Ana, sən bilirsən şəhidlik necə ən yüksək, ali mərtəbədir?" O, bunu bilirdi və heç vaxt narahat deyildi. Mən Kərbəlaya ziyarətə gedəndə Nurlanımın məqamını hiss eləmişdim. İntiqamla da danışanda dedim ki, "anan qurban, Nurlan sarıdan o qədər rahatam". Övladının məqamını hiss etmək hər valideynə qismət olmur, Allah onu mənə qismət elədi", - deyə dərdli ana özünü ovudur.

İntiqam ona deyirmiş ki, əgər ona bir şey olsa, dövlət ailəsini, uşaqlarını tək qoymayacaq.

"Mən bunun sübutunu nəvəm İntiqam dünyaya gələndə gördüm. İlk gündən kəndimizin İcra nümayəndəliyi, rayon icra başçısı, deputatlarımız və Yaşat Fondu bizi tək qoymadılar", - Ziba ana əlavə edir. 

Şəhid anasına qürur yaraşır

"Mənim bir ana kimi ayaq üstə durmağımın bir səbəbi oğlanlarımın igidliyidir. Mən həm öz övladlarımın, həm də xalqımızın igid balalarının şücaəti qarşısında baş əyirəm. Bir şəhid anası kimi bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Şəhidlərimiz bizim qürurumuz, and yerimizdir. Hazırda İntiqam və Nurlanın xatirə muzeyi inşa edilir. Həmin muzeydə təkcə İntiqam və Nurlanın deyil, digər şəhidlərimizin də şəkilləri və onlar haqqında informasiyalar yer alacaq. Hər bir şəhidin ailəsi və doğmaları bu muzeyə gələndə öz şəhidlərini orada görəcəklər. Düşmən biz şəhid analarını ağlayan görməməlidir. Bizim üçün nə qədər ağır olsa da, başımızı dik tuturuq. Nə qədər çətin vəziyyətə düşmüş olsaq belə, ayağımızı yerə bərk basmağı bacarmışıq. Sonuna qədər də belə gedəcək. Düşmənə heç vaxt fürsət verməməliyik", - şəhid anası vurğulayıb.

© Sputnik / Rahim Muradov
Şəhidin şəxsi əşyaları

Məlumat üçün bildirək ki, Əsgərovların kiçik oğlu, Aprel şəhidi Nurlan Əsgərli ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Vətən müharibəsi şəhidi İntiqam Əsgərli isə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Xüsusi Təyinatlı Qüvvələrin giziri İntiqam Əsgərlinin ölümündən sonra bir oğlu dünyaya gəlib. Əsgərovlar ailəsi şəhid oğullarının xatirəsini yaşatmaq üçün körpəyə atasının adını qoyublar. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Həmçinin oxuyun:

* Aprel şəhidinin anasından cəsarətli çağırış: "Dik durun, ağlamayın!"

0