Etibar İbrahimov

İlk döyüşçü hakim: "Sabah Allah qarşısında cavab verəcəm!"

393
(Yenilənib 21:36 08.04.2018)
Etibar İbrahimov: "Məşqə gedən zaman tramvaya öndən minib, arxadan düşürdüm ki, bilet pulu verməyim"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 8 aprel — Sputnik. Azərbaycan bayrağını beynəlxalq arenalarda dalğalandıran sənət sahiblərindən biri də idmançılardır. Onlar alın tərləri ilə qazandıqları uğur nəticəsində kürsüyə qalxaraq Azərbaycan bayrağını ucaldırlar.

Azərbaycanı dünya ölkələri sırasında təmsil edən, bayrağını uca tutan idmançılardan biri də "Neftçi" İdman Klubunun məşqçisi Etibar İbrahimovdur. Ölkəmizi dünyada taekvando döyüş növündə təmsil edən ilk idmançılardan biri olan E.İbrahimov Sputnik Azərbaycan-a idman karyerası haqqında danışıb.

- İdmanla tanışlığınız nə vaxtdan başlayıb?

— İdman ilə tanışlığım məktəb dövrünə təsadüf edir. 2-ci sinifdən güləş idman növü ilə məşğul olmağa başladım. 2 il bu idman növündə məşq etdim, əslində uşaq olduğumuz üçün güləşdən çox oyun oynayırdıq. Altıncı sinfə kimi isə boksla məşğul oldum. Hətta respublika çempionatında Azərbaycan ikincisi və ya birincisi oldum. Diplomu itirdiyim üçün dəqiq yadımda deyil. Daha sonra bir müddət yüngül atletika və futbolla maraqlandım. Nəhayət, taekvando ilə məşğul olmağa başladım. Bu idman növü artıq həyatımın bir hissəsinə çevrildi.

Etibar İbrahimov
© Sputnik / Tarana Khudabakhshiyeva
Etibar İbrahimov

- Ötən əsrin 80-ci illəri, 90-cı illərin əvvəllərində Azərbaycanda şərq döyüş növləri ilə məşğul olmaq qadağan idi. Necə oldu ki, belə bir vaxtda taekvando ilə məşğul olmağa başladınız?

— 1989-cu ildə artıq döyüş filmləri geniş yayılmışdı. Brus Li, Jan Klod Van Dam və bu kimi film qəhrəmanlarının kinoları bir çox gənclərdə şərq döyüş növlərinə marağı artırmışdı. Mənim də marağım artmağa başladı. Hətta evdə artıq özüm şpaqat və digər idman hərəkətlərini öyrənmişdim. Bir gün televiziya verilişlərinin birində Azərbaycanda şərq döyüş növlərinin keçirilməsinə icazə verildiyi haqqında xəbər oxundu.

- Məşqə necə başladınız?

— O vaxt Savalan klubunda məşqçi Süleyman Məmmədli məşq keçirdi. Onda mən də 8-ci sinifdə oxuyurdum. Sinif yoldaşım ora məşqə gedirdi. Ona qoşulub məşqə getməyə başladım. Doğrusu, ilk 1 ayda evdə taekvando ilə məşğul olmaq üçün şəhərə getdiyimi bilmirdilər. Aylıq məşq üçün 13 manat verməli idim. Evdə mənə hər gün xərclik üçün 20 qəpik verirdilər. Məşqə gedəndə tramvaya öndən minib, arxadan düşürdüm ki, bilet pulu verməyim. Həmin pulları yığıb məşq pulunu ödəyirdim. Bir ay sonra evdə həqiqəti dedim və valideynlərim artıq mənlə razılaşdı, təbii ki, məşq üçün aylıq pulu onlar verdilər.

- İlk uğurunuz nə vaxt olub?

— 1990-cı ilin 9 martında taekvandoya yazıldım. 1991-ci ildə aprel ayında Azərbaycanda 60 kilo çəki dərəcəsində çempionu oldum. O zaman bizim üçün kilo, uğur fərqi yox idi. Əsas məqsədimiz çoxlu döyüş keçirmək idi.

- Bəzən mütəxəssislər bildirirlər ki, peşəkar idmançı olmaq üçün yalnız bir idman növündən başlayıb, sona kimi onunla məşğul olmaq lazımdır. Siz isə bir neçə idman növü ilə məşğul olsanız da, taekvando idman növündə uğur qazana bilmisiniz…

— Deməzdim ki, bu, mənə çətinlik yaradıb. Əksinə, hər bir idmanın mənə ayrıca köməyi olub. Məsələn, mənim rəqibin üzünə yumruq vurmaq qorxum var idi. Boksla məşğul olan zaman bu qorxuya qalib gələ bildim. Hətta onu deyim ki, mən boksda da qalsaydım, uğur qazana bilərdim. Sadəcə məktəbdə bir dəfə dava etdim və bir şagirdi döydüyüm üçün boksdan uzaqlaşdım.

- İlk idmançılardan olduğunuz üçün yəqin ki, rəqibləriniz də az olardı…

— Əksinə. O zaman da taekvandoya maraq böyük idi. Bir məşq zamanı zalda 60-70 nəfər olurdu. 1991-ci ildə aprel ayında Azərbaycan çempionu olaraq oktyabr ayında indiki MDB ölkələri arasında, o dövrdə isə keçmiş SSRİ çempionatında iştirak etdik. Rusiya, Qazaxıstan, Özbəkistan və digər ölkələr orada iştirak edirdi. Azərbaycanı xarici ölkələrdə təmsil edən ilk taekvandoçular Tərənnüm Bayramovla mən oldum. Həmin yarışda ikinci yeri qazandım.

- Etibar İbrahimov bu gün idmançı olsaydı, yenə həmin uğurları təkrarlaya bilərdi?

— Döyüşlərin birində məğlub olurdum. Süleyman müəllimə dedim ki, döyüşdə hakimlər tərəfkeşlik edir. Müəllimim mənə cavabında dedi ki, "sən nokaut elə və hakimlərə tərəfkeşlik etməyə imkan vermə". Ondan sonra artıq qərar verdim ki, döyüşdə nokaut etmək üçün əlimdən gələni etməliyəm. İdman karyeramda, demək olar, çox döyüşlərimi nokautla qələbə qazanmışam. Təbii, eyni taktika ilə yarışsaydım, yenə qalib gələrdim. Tək Azərbaycanda yox, dünyanın ən güclü idman məktəbi olanları da nokaut edə bilərdim.

- Etibar İbrahimov həm də Azərbaycanda ilk hakimlərdən biridir. Hakim kimi hər hansı idmançıya haqsızlıq etmisiniz?

— Əsla. Mən kiməsə pislik edə bilmərəm. Sabah Allah qarşısında cavab verəcəm. Ola bilər, bilmədən hər hansı cəriməni və ya zərbəni qeydə almamışıq. Amma bilərəkdən heç vaxt. Hətta olub ki, yarışdan qabaq valideyn qapıma gəlib, məndən kömək istəyib. Uşağın kimliyini soruşmadan valideyni qapıdan qovmuşam.

- Həm məşqçisiniz, həm beynəlxalq dərəcəli hakim, həm də idmançı olmusunuz. Sizin üçün hansı daha çətindir?

— İdmançı olanda düşünürdüm ki, məşqçi olmaq rahatdır. Elə bilirdim, həyəcanı ancaq idmançı keçirir. Məşqçi olandan sonra anladım ki, əksinə, məşqçi hər tələbəsi ilə o həyəcanı yaşayır. Amma hakimliyin çətinliyi daha çoxdur.

- Peşəkar idmançıya savad lazımdır?

— Mütləqdir. İdmançı döyüşə hərtərəfli hazır olmalıdır. Mən klubumda mütəmadi olaraq tələbələrin gündəliklərini yoxlayıram. Həmişə demişəm ki, savadsız insandan ağıllı və uğurlu idmançı olmaz. Özüm də oxumağa meylli olmuşam. Uşaq idim. Evdən pul verdilər ki, get 3 kilo şəkər tozu al. Mən gedib 2 kilo şəkər tozu aldım, bir kilonun puluna isə kitab aldım. Həmişə çox oxumuşam və nəticəsini də görmüşəm.

393
Teqlər:
Etibar İbrahimov, müsahibə, məşq, taekvando, hakim, idmançı
Теймур Раджабов, Шахрияр Мамедьяров и Рауф Мамедов, фото из архива

Dünya şöhrətli zəngilanlı şahmatçı: "Sevincimin həddi-hüdudu yoxdur"

34
Türkan Məmmədyarova: "Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi".

BAKI, 20 oktyabr — Sputnik. "Nəhayət ki, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı".

Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

35 yaşlı qrossmeyster Azərbaycan Ordusunun Zəngilan şəhərinin və daha bir neçə kəndinin işğaldan azad etməsinə münasibət bildirib. Əslən Zəngilandan olan milli üzvü feysbuk səhifəsi vasitəsilə sevincini bölüşüb:

"Sevincimin həddi-hüdudu yoxdur. Təşəkkür edirik, Ali Baş Komandanımız, təşəkkür edirik, Azərbaycan əsgəri! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Qarabağ Azərbaycanın olacaq!"

Şəhriyarın sevincinə bacısı Türkan Məmmədyarova da şərik olub. Yığmamızın əsas simalarından sayılan xanım şahmatçı hər iki valideyninin zəngilanlı olduğunu xüsusi vurğulayıb: "Zəngilan işğaldan azad olundu, sevincimizin həddi yoxdur. Mən Zəngilanı çox az xatırladığım halda (işğal olunanda 4 yaşım var idi) sevinc göz yaşlarım sel kimi axdısa, orada həyatları keçənlərin sevincini təsəvvür edə bilmirəm. Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin..."

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində Füzuli rayonu (Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri), Cəbrayıl rayonu (Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri), Xocavənd rayonu (Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri) və Zəngilan rayonunun (Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri) işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.

34
Əlaqədar
Şəhriyar Məmmədyarov onlayn turnirin mükafatçısı oldu
Ali Baş Komandan: Zəngilan bizimdir!
İşğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır - VİDEO
Şəhriyar Məmmədyarov: Ananda qalib gəldiyimi biləndə, məndən pul almadılar
Rinat Rəhimxanovun rəhbərlik etdiyi alpinistlər qrupu Bazardüzünə yürüş edib

Alpinistlər hərbçilərimizə dəstək məqsədilə Azərbaycanın ən yüksək zirvəsinə qalxıblar

30
(Yenilənib 20:02 14.10.2020)
Azərbaycan çempionu, buzadırmanma üzrə yarışların beynəlxalq mükafatçısı Rinat Rəhimxanovun rəhbərlik etdiyi alpinistlər qrupu Bazardüzünə yürüş ediblər.

BAKI, 14 oktyabr — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı və xarici həvəskar alpinistlər Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üzrə əks-hücum əməliyyatını həyata keçirən Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə "Explore Mountains" Bakı dağ klubunun təcrübəli bələdçilərinin rəhbərliyi altında Azərbaycanın ən yüksək zirvəsinə — Bazardüzünə yürüş ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, klubun nümayəndələri sosial şəbəkədəki səhifələrində zirvəyə qalxarkən çəkilmiş fotoları yerləşdiriblər.

View this post on Instagram

A post shared by Explore Mountains (@exploremountains_net) on

Qrup 14 nəfərdən ibarət olub. Onlardan üçü Fransa və Ukraynanı, qalanları isə Azərbaycanı, o cümlədən ölkənin Fövqəladə Hallar Nazirliyini təmsil ediblər. Qrupa dağaqalxma və buzaqalxma üzrə Azərbaycan çempionu, buzaqalxma üzrə yarışların beynəlxalq mükafatçısı Rinat Rəhimxanov rəhbərlik edib.

Alpinistlər 4466 metr hündürlüyə qalxıb, orada Azərbaycan bayrağını yüksəldib və Azərbaycan Ordusunun qəhrəmanlarının əks olunduğu tablonu nümayiş etdiriblər.

Yürüş Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi üzrə əks-hücum əməliyyatını həyata keçirən Azərbaycan hərbçilərinə dəstək məqsədilə, eləcə də Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmək üçün keçirilib.

30
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

0
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

0