Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin satışına başlanmasına dair mətbuat konfransı

“Sakinlər üçün xüsusi endirimlər olacaq”

31
(Yenilənib 00:17 07.11.2017)
Bakı Şəhər Halqası növbəti Formula 1 yarışı üçün bilet satışına start verib

BAKI, 7 noyabr — Sputnik. 2018-ci il 27-29 aprel tarixlərində Bakıda baş tutacaq növbəti Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin satışına başlanmasına dair mətbuat konfransı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə çıxış edən BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bu il yerli sakinlər üçün xüsusi endirimlərin olacağını bildirib: “Bu ilin yayında Bakıda gərgin mübarizənin və böyük sürprizlərin fonunda baş tutmuş möhtəşəm yarış Formula 1 dünyasında böyük əks-səda doğurdu. Biz sosial şəbəkələrdən, elektron ünvanımızdan hələ də bu yarış barədə Formula 1 həvəskarlarından gözəl məktublar alırıq və azarkeşlər yazdıqları məktublarda  növbəti yarışda hökmən iştirak edəcəklərini bildirirlər. Bu o deməkdir ki, gələn il Bakıya əvvəlkindən daha çox avtoidman azarkeşi gələcək”.

“Biz çox sevincliyik ki, hər ötən il Azərbaycan Qran Prisinə həm beynəlxalq, həm də yerli ictimaiyyət arasında maraq getdikcə artır. Çalışırıq ki, növbəti möhtəşəm yarışı Bakıda canlı izləmək istəyən hər kəs üçün yeni imkanlar təqdim edək. Bu baxımdan bu il müxtəlif bilet seçimləri ilə qarşınızdayıq. Həmçinin sırf yerli sakinlər üçün də xüsusi endirimlər təklif edirik. Məqsədimiz ölkəmizdə Formula 1 həyəcanını cəmiyyətin bütün təbəqələri arasında yayaraq Bakıda keçiriləcək əyləncə ilə dolu möhtəşəm yarış həftəsonuna daha çox insan cəlb etməkdir. Fürsətdən istifadə edərək hamını ilkin endirim kampaniyasından yararlanmağa dəvət edirəm. Çalışın indi təklif olunan ən sərfəli qiymətlər fürsətini əldən verməyin və dərhal bilet alaraq növbəti yarış həyəcanına indidən qoşulun” – deyə kommersiya şöbəsinin rəhbəri əlavə edib.

O, jurnalistlərin suallarına cavab verərkən bildirib ki, endirim kompaniyasından yararlananlar çoxdur: “Bəli, endirim zamanı bilet alanlar çox olsa da, bəzi azarkeşlər konsert proqramının açıqlanmasını gözləyirlər. Təbii, onlar endirim bitəndən sonra daha baha qiymətə bilet əldə etmiş olacaqlar”.

Qeyd edək ki, ilkin endirim kampaniyası belədir:  2018 Formula 1 Azərbaycan Qran Prisinə biletlərin satışına əlverişli qiymətlərlə start verilib. Noyabrın 6-dan 31 dekabr 2017-ci il tarixinədək həm xarici, həm də yerli avtoidman həvəskarları biletləri 20 % endirimli qiymətlərlə əldə edə bilərlər. Bundan başqa, sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.

İlkin endirim kampaniyası yalnız tribunaya olan və 26-29 aprel tarixlərini əhatə edən 4 günlük biletlər üçün keçərlidir. Hər bir tribunada bu kampaniya üçün məhdud sayda yer ayrılıb. Azyaşlılar üçün alınan 4 günlük biletlər də bu kampaniyaya daxildir. Azyaşlılar kateqoriyası yarış həftəsonu zamanı 2-16 yaşlarında olan yeniyetmələri əhatə edir.

Azyaşlılar üçün biletlər ayrılıqda satılmır, yalnız böyüklər üçün olan biletlə birlikdə satılır. Böyüklər kateqoriyasına yarış həftəsonu ərəfəsində 16-dan çox yaşa sahib olanlar aiddir və bu kateqoriyaya daxil hər bir şəxs özündən savayı ən çox 2 ədəd azyaşlı bileti ala bilər. Azyaşlılarla yanaşı 25 %-lik endirimdən yararlanan yerli sakinlər də yarış həftəsonu ərzində yarış məkanına daxil olarkən şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.

İlkin endirim kampaniyası müddətində yerli sakinlər üçün tribunalara 4 günlük biletlərin qiyməti tribunadan asılı olaraq 160-600 AZN arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 120-420 AZN təşkil edir. Bu kampaniya ərəfəsində 4 günlük biletlərə əlavə olaraq ayaqüstü zonalara birgünlük bilet almaq mümkün olacaq. Bu zonalara birgünlük biletlərin qiyməti cümə günü üçün 60 AZN, şənbə günü üçün 100 AZN və bazar günü üçün 150 AZN-dir.

1 yanvar 2018-ci il tarixindən etibarən biletlərin satışı yalnız xarici vətəndaşlar üçün tam qiymətlər üzərindən aparılacaq, yerli sakinlər üçün nəzərdə tutulmuş 25 %-lik endirim isə qüvvədə qalacaq. Həmçinin 2018-ci ilin ilk günündən etibarən yeni bilet seçimləri satışda olacaq.

31
Teqlər:
Bülənt Özərdim, bilet satışı, endirim, Formula 1 Avropa Qran Prisi
Əlaqədar
Növbəti Formula 1 yarışı üçün bilet satışına başlanılır
Formula 1 Azərbaycan Qran Prisi üçün könüllülərin qəbuluna start verilib
Formula 1 azarkeşlərinin sayı məlum oldu
Formula 1-in vaxtının dəyişdirilmə səbəbi bilindi
“Formula-1” ilə bağlı marşrutlarda edilən dəyişiklik ləğv olunub
Güləş, arxiv şəkli

Fransa Güləş Federasiyası loqoda bayrağımızın olmamasına görə üzr istədi

18
(Yenilənib 11:47 14.01.2021)
Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev səsləndirilən narazılıqlara aydınlıq gətirib.

BAKI, 14 yanvar — Sputnik. Fransanın Nitsa şəhərində keçiriləcək güləş üzrə Qran-pri turnirinin təşkilatçıları Azərbaycan bayrağının yarışın loqosunda yer almamasına görə üzr istəyib.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının Mətbuat katibi Sərxan Musalı məlumat verib.

O bildirib ki, məsələ ilə bağlı dərhal Fransa Güləş Federasiyası ilə əlaqə saxlayıblar: "Onlar qeyd etdilər ki, üzrlü hesab edin, bu, daha əvvəl hazırlanmış loqodur və burada bəzi yarış iştirakçılarının bayraqları yoxdur. Loqoda daha əvvəl bu yarışda olan ölkələrin bayraqları həkk olunub. Buna görə nəzərə alınmayıb. Loqoda elə ölkələrin bayraqları var ki, bu yarışda iştirak etmirlər. Həmin loqo 2020-ci ildə də istifadə edilib. Sadəcə, diqqətsizlik olub və bizə üzürxahlıq etdilər. Təşkilatçılıqla bağlı problem belə ola bilərdi ki, yarış nəkanında bayrağımız olmazdı. Amma bununla bağlı problem olmayacaq".

Federasiya rəsmisi təşkilatçılar tərəfindən heç bir soyuq münasibət görmədiklərini sözlərinə əlavə edib: "Mənfi nəsə hiss etməmişik. Ümumiyyətlə, problem olsaydı, bizim komandalara viza verməz, iştiraklarına problem yaradardılar. Arxivə də nəzər saldıq, Dünya Güləş Birliyinin saytında 2014-cü ildən sonrakı yarışları görmək mümkündür. 2019-cu ilə qədər bu yarış Qran-pri statusu almayıb. 2019, 2020 və 2021-ci illərdə artıq Qran-pri statusu ilə təşkil edilib. Yəni, həmin vaxta qədər ciddi yarış hesab edilmirdi. 2019-cu ilə qədər yalnız qadın və sərbəst güləşçilər arasında keçirilib. 2020 və 2021-ci illərdə isə güləşin hər üç növü proqrama daxil edilib. Biz 2020-ci ildə ilk dəfə bu yarışa qatılmışıq. Həmin vaxt yunan-Roma güləşi üzrə yığma komanda iştirak edib. Bu il isə həm yunan-Roma, həm də sərbəst güləşçilərimiz mübarizə aparacaq. Artıq təşkilatçılar bu çatışmazlığı aradan qaldırıblar və loqoya Azərbaycan bayrağını da yerləşdiriblər".

Qeyd edək ki, Qran-pri 15 - 17 yanvarda olacaq.

18
Bakı Olimpiya Stadionu, arxiv şəkli

"UEFA-2020" ilə bağlı vergidən azadolmanın müddəti artırıldı

10
Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi.

BAKI, 12 yanvar - Sputnik. Prezident İlham Əliyev Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklər "UEFA-2020" futbol çempionatı ilə bağlı vergidən azadolmanın müddətinin daha 1 il uzadılmasını nəzərdə tutur.

Sənəddə deyilir ki, Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) İcraiyyə Komitəsi ötən il Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi. Hazırda bütün dünyada yeni növ koronavirusun (COVID-19) yayılması ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrinə təsir etdiyi kimi, idman sahəsindən də yan keçməyib, o cümlədən böyük idman oyunlarının keçirilməsi təxirə salınıb.

Bildirilib ki, bu səbəbdən futbol üzrə Avropa çempionatının 2020-ci ildə keçirilməsi nəzərdə tutulan oyunlarının 2021-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 aprel 2019-cu il tarixli və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 9 aprel 2019-cu il tarixli qanunların qüvvədə olma müddətinin 1 avqust 2021-ci il tarixinə qədər uzadılması nəzərdə tutulur.

Həmin qanunlarla Azərbaycanda keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar bir çox vergi növləri üzrə - gəlir vergisindən, mənfəət vergisindən, ƏDV-dən, aksizli mallara görə aksizdən, habelə gömrük rüsumlarından azadolmalar nəzərdə tutulub.

10
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0