Əmək haqqı

Vitse-prezident maaş böhranını etiraf etdi: "Onları saxlaya bilmirik"

10791
(Yenilənib 16:10 23.10.2017)
Karate Federasiyasında qalmaqal: maaşlar verilmir, işçilər işdən gedir

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. Azərbaycanda idman federasiyaları ətrafında yaşanan qalmaqalların sırasına daha biri əlavə olunub. Boks, basketbol, güləş federasiyalarının ardınca, Azərbaycan Karate Federasiyasında da maddi problemlər yaşanır. Uzun zamandır sponsorsuz qalan federasiya, 6 aydan çoxdur ki, işçilərinə maaş ödəmir. Vəziyyət o həddə çatıb ki, federasiya maliyyə problemlər səbəbindən bir çox beynəlxalq yarışlara qatıla bilmir.

Faktı Sputnik Azərbaycan-a Azərbaycan Karate Federasiyasının mətbuat katibi Sənan Məhərrəmov da təsdiqləyib. O deyib ki, maaşların verilməsində, təxminən 6 aylıq gecikmə var: "Biz may ayında aprel ayının maaşını almışıq. Həmin aydan sonra bizə əməkhaqqı verilməyib".

Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov da xəbəri təsdiqləyib. O bildirib ki, federasiyada çalışanlar 6 aydır maaş almırlar: "Beynəlxalq Bank maddi vəziyyətinin yaxşı olmadığı üçün, federasiyaya sponsorluq etməkdən imtina etdi. Ona görə də, federasiya sponsorsuz qaldığı üçün maddi problemlərlə üzləşib".

"Amma zaman olub ki, biz 2 il əməkhaqqı almadan işləmişik. Düşünürəm ki, bu da müvəqqəti çətinlikdir. Gənclər və İdman Nazirliyi də bu məsələnin həlli üçün çalışır. Ümid edirəm, tezliklə bizi maliyyələşdirəcək sponsor tapılacaq" — R. Hətəmov bildirib.

Vitse-prezident qatıldıqları yarışların maliyyəsinin nazirlik tərəfindən ayrıldığını qeyd edib: "Mətbuatda yazılır ki, karate millisi yarışlara getmir. Bu, doğru xəbər deyil. Gənclər və İdman Nazirliyi bizim yarışlara getməyimiz üçün maliyyə vəsaiti ayırır. Hazırda da yarışa hazırlaşırıq".

"Federasiyanın maliyyə sıxıntısına görə bəzi işçilər ərizə yazaraq işdən ayrılıblar. Çünki neçə aydır işçilərə maaş verə bilmirik. Onları işdə saxlamaq hüququmuz yoxdur. Həm də işçilərin vergi xərcləri də federasiyaya əlavə borc yaradır. Ona görə də, müvəqqəti olaraq işdən ərizə yazaraq ayrılıblar. Sponsor cəlb olunandan sonra, iş tapmayan və bizimlə işləmək istəyən əməkdaşlarımızı yenidən sıralarımıza dəvət edəcəyik" – deyə R.Hətəmov əlavə edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da yaranmış vəziyyətə münasibət bildirib. O, Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, Gənclər və İdman Nazirliyi heç bir federasiyaya maaş vermir.

"Nazirlik idmançıların təlim-məşq toplanışlarında iştirakına, beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmələrinə görə maliyyə vəsaiti ayırır. Bu da hər ilin əvvəlində təqdim olunan təqvim planına əsasən hazırlanır" — S. Məmmədova vurğulayıb.

Onun sözlərinə görə, həmin təqvim planı federasiyalar tərəfindən verilən yarışların siyahısı əsasında hazırlanır: "Nazirlik də siyahını nəzərə alaraq federasiyaların təlim-məşq toplanışlarına və beynəlxalq yarışlarda iştirakına büdcə ayırır. Eyni zamanda, federasiyalar tibbi ləvazimatlarla təmin edilir".

10791
Teqlər:
Azərbaycan Karate Federasiyası, Səmayə Məmmədova, Rəhman Hətəmov, Sputnik Azərbaycan, sponsor, Gənclər və İdman Nazirliyi, vitse-prezident, maaş, maliyyə, Azərbaycan
Əlaqədar
Milli Karate Federasiyası söz-söhbətə son qoydu
Karateçimiz beşinci dəfə dünya çempionu oldu
Azərbaycanlı karateçi erməni rəqibini məğlub etdi
Karateçilərimiz mübarizəyə başladılar
Qarabağ - Sivasspor matçından görüntü

"Qarabağ" Türkiyədən məğlub ayrıldı

27
(Yenilənib 00:03 27.11.2020)
UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda "Qarabağ" və "Sivasspor" komandaları İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qarşılaşıblar.

BAKI, 26 noyabr - Sputnik. UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə "Qarabağ" və "Sivasspor" komandaları arasında oyun start götürüb.

Sputnik Azərbaycan xəbər verir ki, İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda oynanılan qarşılaşma Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı 1 dəqiqəlik sükutla başlayıb.

Hesabı 8-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Abdullah Zubir açıb. Türkiyə təmsilçisi 40-cı dəqiqədə Aruna Konenin penaltidən vurduğu qolla tarazlığı bərpa edib. Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Uroş Matiç 51-ci dəqiqədə fərqlənməklə Azərbaycan çempionunu yenidən hesabda önə keçirib.

58-ci dəqiqədə "Sivasspor"un oyunçusu Olarenvayu Kayode hesabı bərabərləşdirib.

Oyunun 79-cu dəqiqəsində Kone komandasını uğura aparan növbəti qolu vurub. Beləliklə, oyun ev sahiblərinin qələbəsi ilə nəticələnib.

Qrupda ardıcıl 4-cü məğlubiyyətdən sonra Azərbaycan çempionunun 1/16 final şansının üstündən rəsmən xətt çəkilib. Artıq son iki tur Qurban Qurbanovun yetirmələri üçün formal xarakter daşıyacaq.  

“Qarabağ” növbəti oyununu dekabrın 3-də “Makkabi”yə qarşı məhz bu arenada keçirəcək.

27
Teqlər:
futbol, UEFA Avropa Liqası, UEFA, Fatih Terim, İstanbul, "Sivasspor" FK, "Qarabağ" FK, "Qarabağ
Nurlan İbrahimov, arxiv şəkli

"Qarabağ" klubu onun mətbuat katibinə qarşı UEFA-dan ağlasığmaz qərar

36
Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə, UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb.

BAKI, 26 noyabr — Sputnik. UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırmaq barədə qərar verib.

Sputnik Azərbaycan UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İbrahimov Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə bu cəzaya məruz qalıb.

Bununla yanaşı, qurum Ağdam klubunu da 100 000 avro məbləğində cərimələyib.

UEFA daha əvvəl İbrahimova qarşı "İrqçi və digər ayrı-seçkilik davranışı" və "Əsas davranış qaydalarının pozulması" maddəsi ilə intizam işi açmışdı.

"Qarabağ" klubu da öz növbəsində Nurlan İbrahimovla bağlı UEFA-nın yekun qərarına etiraz edəcək.

Bu barədə "Report"a Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib.

Çelikel bildirib ki, klub bu yöndə lazımi tədbirləri görəcək: "Xəbər hələ çox yenidir, cəmi 15 - 20 dəqiqə əvvəl almışıq. Nə cür addım atacağımıza rəhbərliklə müzakirələrdən sonra qərar verəcəyik".

Çelikəl qərardan apellyasiya veriləcəyini də söyləyib: "Klubun mövqeyindən və Nurlan tərəfdən baxanda cəza çox ağırdır. UEFA-nın tabeliyində olan klub kimi onların qərarlarına hörmət etmək borcumuzdur. Ancaq haqsızlıq olduğunu düşündüyümüz halda lazımi etirazları edəcəyik. Qərarla bağlı UEFA-ya mütləq müraciət olunacaq".

36
Teqlər:
ermənilər, Ermənistan, UEFA, "Qarabağ", Qarabağ FK
İran bayrağı, arxiv şəkli

İranlı diplomat Avropada məhkəmə qarşısına çıxarılacaq

0
(Yenilənib 13:06 27.11.2020)
İranın Vyanadakı Səfirliyinin müşaviri Əsədullah Əsədi Parisdə keçirilən mitinqə bombalı hücum planlaşdırmaqda ittiham olunur.

BAKI, 27 noyabr — Sputnik. Belçikanın Antverpen şəhər məhkəməsi 2018-ci ildə Fransada bir müxalifət qrupunun mitinqində bomba partlayışı planlaşdırmaqda günahlandırılan iranlı diplomat və onun üç həmvətənini mühakimə edəcək. Sputnik Azərbaycan-ın korrespondent.net saytına istinadən yaydığı məlumata görə, bu, Avropa Şurasına üzv ölkələrdən birində İranın dövlət nümayəndəsinin terrorizmdə günahlandırılaraq məhkəmə qarşısına çıxarıldığı ilk hadisədir.

Belçika prokurorluğu İran diplomatı Əsədullah Əsədini və digər üç nəfəri Parisdə İran Milli Müqavimət Şurasının (NCRI) mitinqinə hücum planlaşdırmaqda günahlandırır. Qeyd edək ki, sözügedən mitinqdə ABŞ Prezidenti Donald Trampın vəkili Rudi Culianı də çıxış etmişdi. Həmin vaxt Əsədi İranın Vynadakı səfirliyində üçüncü müşavir vəzifəsini tutub. Fransa rəsmiləri onun Cənubi Avropadakı kəşfiyyatdan məsul olduğunu və Tehranın əmri ilə hərəkət etdiyini bildirirlər.

Öz növbəsində, Tehran dəfələrlə ittihamları rədd edərək, terror qrupu hesab etdiyi NCRI-nin bu cür iddiaları əlində "yalançı bayraq" etdiyini bildirib. Əsədi ittihamlarla bağlı açıqlama verməsə də, onun vəkili diplomatın məhkəmə qarşısına çıxacağını təsdiqləyib.

Polis sənədləri göstərir ki, Əsədi mart ayında hakimiyyət orqanlarını günahkar bilinəcəyi təqdirdə müəyyən qruplar tərəfindən cavab tədbirlərinin görüləcəyi ilə bağlı xəbərdar edib.

Səlahiyyətli orqanlar hücumun qarşısının Fransa, Almaniya və Belçika təhlükəsizlik qüvvələri arasında koordinasiyalı əməliyyatla alındığını bildiriblər. Əsədi Almaniyada istirahət edərəkən tutulub və Belçikaya təhvil verilib. Bu ölkədə onun cinayəti birgə törətməyi planlaşdırdığı iddia olun iki əlaltısı da həbs olunub. Həmin şəxlərdən yarım kilo partlayıcı maddəsi və bir partlayıcı qurğu götürülüb. Belçika səlahiyyətliləri Əsədinin partlayıcı maddələri Tehrandan Vyanaya ticarət reysi ilə gətirdiyini güman edir.

Artıq Fransa sui-qəsdin arxasında İran Kəşfiyyat Nazirliyinin olduğunu iddia edərək bir İran diplomatını ölkədən uzaqlaşdırıb. Avropa Şurası isə İran kəşfiyyatının və rəsmi şəxslərin əmlakını dondurub.

Xatırladaq ki, bir qədər bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron müsəlman liderlərinə ultimatum vermişdi. Makron onların 15 gün ərzində "respublika dəyərləri xartiyası"nı qəbul etmələrini istəyir.

Avstriyada da radikal islamçılara qarşı xüsusi əməliyyatın keçirildiyi barədə də məlumat verilmişdi. Qeyd olunurdu ki, polis artıq terrorçuları dəstəkləməkdə şübhəli bilinən 70 şəxsin və bir neçə təşkilatın izinə düşüb.

0
Teqlər:
diplomat, İran, Avropa, məhkəmə