Оlimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının rəsmi açılış mərasimi

Qəbələdə Dünya Kubokunun açılış mərasimi olub

23
(Yenilənib 11:48 08.06.2017)
Bu, Dünya və Avropa çempionatlarından sonra ən mühüm yarış hesab olunur

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 8 iyun — Sputnik. Gənclər və İdman Nazirliyinin dəstəyi, "Qəbələ" Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə iyunun 7-dən 14-dək Qəbələ rayonunda keçiriləcək olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının rəsmi açılış mərasimi olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Beynəlxalq İdman Atıcılıq Federasiyasının və 45 ölkənin atıcılıq federasiyalarının nümayəndələrinin iştirak etdiyi tədbirdə, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, "Qəbələ" Atıcılıq Klubunun vitse-prezidenti Elvin İsmayılov və Beynəlxalq İdman Atıcılıq Federasiyasının məsul işçisi, atıcılıq üzrə Dünya Kuboku yarışlarının texniki direktoru Piter Anderhel çıxış edib.

Dünya Kuboku uğrunda yarışların 4 mərhələsi bu il ərzində Almaniya, Hindistan, Kipr və Meksikada keçirilib. Həmin yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə keçirilən dünya kuboku uğrunda yarışların növbəti mərhələsində iştirak etmək hüququ qazanıblar.

Bu yarışların final mərhələsi bu ilin oktyabrında Hindistanda keçiriləcək. Dünya Kuboku yarışları 2017-ci il ərzində Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Dünya və Avropa çempionatlarından sonra ən mühüm yarış hesab olunur.

Yarışların Qəbələ mərhələsinə iyunun 8-də Qəbələ Stend və Ox Atıcılığı Kompleksində start veriləcək. İyunun 14-dək davam edəcək yarışda güllə atıcıları 10 dəst medal uğrunda mübarizə aparacaqlar. İdmançılar tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə atəş açaraq hədəfi vurmaq uğrunda bacarıqlarını nümayiş etdirəcəklər.

23
Teqlər:
Azərbaycan Atıcılıq Federasiyası, "Qəbələ" Atıcılıq Klubu, kubok, Gənclər və İdman Nazirliyi, yarış
Əlaqədar
Dünya Kuboku yarışlarında 45-dən çox ölkənin idmançıları iştirak edəcək
Gimnastımız Dünya Kubokunda gümüş medal qazandı
Dünya Kuboku: Azərbaycan güləşçiləri Rusiya və Gürcüstanı məğlub ediblər
"Qitələrarası Kubok"dan 1 gümüş medal qazana bildik
"Qitələrarası Kubok" uğrunda mübarizə gedəcək