Чемпионат Азербайджана по борьбе среди взрослых

İdmançılarımızın növbəti uğuru

20
(Yenilənib 10:46 06.05.2017)
Azərbaycan güləşçiləri Avropa çempionatında medal sayını 8-ə yüksəldiblər

BAKI, 5 may — Sputnik. Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə Avropa çempionatının dördüncü yarış günündə Azərbaycan güləşçiləri 1 gümüş, 1 bürünc medal qazanıblar.

"Report"un məlumatına görə, hər iki medala sərbəst güləşçilər sahib olublar. 125 kq çəkidə mübarizə aparan Cəmaləddin Məhəmmədov ardıcıl olaraq Belçika, Ermənistan və Slovakiyadan olan rəqiblərini mübarizədən kənarlaşdırdıqdan sonra finala yüksəlib. Lakin həlledici qarşılaşmada o, türkiyəli rəqibi Taha Akgülə uduzaraq, 2-ci yeri tutub.

70 kq çəkidəki Ruslan Dibirhacıyev isə ilk görüşündə italiyalıya uduzsa da, rəqibinin finala yüksəlməsi ilə təsəlliverici görüşə vəsiqə qazanıb. Bu mərhələdə o, moldovalı pəhləvanı üstələdikdən sonra bürünc medal uğrunda mübarizə aparıb. Rumıniya təmsilçisinə də qalib gələn Dibirhacıyev çempionatı 3-cü pillədə başa vurub. Bu nəticə ilə Azərbaycanın sərbəst güləş yığması komanda hesabında 57 xalla Avropa ikincisi olub. Rusiya 62 xalla birinci, Türkiyə isə 53 xalla üçüncü yeri tutub. 

Qadın güləşçilər Nataliya Sinişin (58 kq) və Elis Manolova (69 kq) bürünc medal uğrunda görüşdə uduzaraq, 5-ci yerlə kifayətləniblər. Bununla belə, bu növ üzrə Azərbaycan yığması 1 qızıl, 2 bürünc medalla ümumi komanda hesabında Rusiyadan sonra ikinci olub.

Qeyd edək ki, ilk üç yarış günündə Azərbaycan güləşçiləri 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb. Mariya Stadnik (48 kq) və Giorgi Edişeraşvili (57 kq) qızıl, Murad Süleymanov (74 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (60 kq) bürünc medala sahib olub. Dördüncü yarış günündə əldə olunmuş nailiyyətlərdən sonra medalların sayı 8-ə (2 qızıl, 3 gümüş, 3 bürünc) yüksəlib.

20