Ruslan Lunyovun mətbuat konfransı

Lunyov: "Ümid edirəm ki, ölkəmizə 4 qızıl medal qazandıracam"

46
(Yenilənib 20:40 06.03.2017)
İradə Aşumova: "Yaxşı məşqlər nəticəsində o gələcəkdə daha da yaxşı nəticələr əldə edə bilər"

BAKI, 6 mart — Sputnik. Gənclər və İdman Nazirliyində Hindistanın paytaxtı Dehlidə güllə atıcılığı üzrə Dünya Kubokunda bürünc medal qazanan idmançı Ruslan Lunyovla görüş keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, görüş zamanı idmançı yarışdan təəssuratlarını bölüşüb və jurnalistlərin suallarına cavab verirb.

Tədbiri giriş sözü ilə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov açıb. 

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov
© Sputnik / Murad Orujov
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov

O qeyd edib ki, Azərbaycan idmançısının bürünc medal qazanması yaxşı nəticədir: “Bu, möhtəşəm nəticədir. Atıcılıq ölkəmizdə ənənəsi olan idman növüdür. Bu idman növü 1920-ci ildə yaransa da, Azərbaycan ilk uğurlarını 1990-cı illərdə qazanıb. Zemfira Meftahəddinova və İradə Aşumova kimi olimpiya çempionu, mükafatçılarımızı göstərə bilərik. Ancaq uzun müddət bu növ üzrə qazanılan medallar sarıdan müəyyən interval yaranmışdı. Hamı yaxşı nəticə gözləyirdi. Nəhayət, Hindistanda keçirilmiş Dünya Kubokunda Ruslan Lunyov bürünc medal qaza bildi. İnanırıq ki, uğurların davamı gələcək”.

Ruslan Lunyovun mətbuat konfransı
© Sputnik / Murad Orujov
Ruslan Lunyovun mətbuat konfransı

Daha sonra dünya üçüncüsü Ruslan Lunyov Dünya Kubokunda qazandığı uğur haqqında fikirlərini bölüşüb. O, IV İslam Həmrəyliyi Oyunlarında daha yaxşı nəticə əldə edəcəyini qeyd edib: “Yarışdan uğur qazanmağım özüm üçün də sevindirici hal oldu. Rəqiblərim güclü idi. Xüsusilə də ən çətin rəqiblərim Çin idmançıları idi. Elə onlar yarışın ilk iki pilləsini tutdular. Finala vəsiqə qazanan 6 idmançıdan biri oldum və sona kimi mübarizə apardım. Beləliklə, bürünc medal əldə etdim. Qarşıda İslam Həmrəyliyi Oyunları var. Bu yarışda da 6 növdə özümü sınayacam. Ümid edirəm ki, ölkəmizə ən azı 4 medal qazandıracam və bu medalların hamısı qızıl olacaq”.

Ruslan Lunyovun mətbuat konfransı
© Sputnik / Murad Orujov
Ruslan Lunyovun mətbuat konfransı

Tədbirdə eyni zamanda Ruslan Lunyovun anası və eyni zamanda şəxsi məşqçisi, 2004-cü il Afina Yay Olimpiya Oyunlarının bürünc medalçısı, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti İradə Aşumova iştirak edib. İradə Aşumova bildirib ki, bu, Ruslan Lunyovun ilk uğurudur. “Bu idman növündə yaş həddi yoxdur. Deməli, hələ hər şey qarşıdadır. Bunu Ruslanın ilk uğuru saymaq olar. Yaxşı məşqlər nəticəsində gələcəkdə daha da yaxşı nəticələr əldə edə bilər”. 

Qeyd edək ki, Ruslan Lunyov Dünya Kubokunda 25 metr məsafəyə atəş açma yarışında bürünc medal qazanıb. O, təsnifat mərhələsində 579, finalda isə 23 xal toplayaraq bu uğura nail olub.

46