Gənclər və idman naziri Azad Rəhimov və BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell

İslam Oyunlarının ilk sponsoru bəlli oldu

123
Azad Rəhimov: "Bakı-2017-də iştirak edəcək hər bir idmançı və ya rəsmi nümayəndə hər gün 50 dollar yemək və qalmaq haqqı ödəyəcək"

BAKI, 6 fev — Sputnik. Bu il mayın 12-dən 22-dək Bakıda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Fevral ayının 1-dən başlayaraq oyunlara geri sayım başlayıb. Mötəbər yarışın başlamasına zaman azaldıqca müxtəlif tədbirlər həyata keçirilir. Bu gün IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, Gənclər və idman naziri Azad Rəhimov və BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell tərəfdaşlıq sazişi imzalayıblar. Sazişə əsasən BP İslam Oyunlarının sponsoru olacaq.

Nazir Azad Rəhimov çıxışı zamanı bildirib ki, bu gün vacib günlərdən biridir: “İslam oyunlarına dəstək olan ilk sponsor BP ilə tərəfdaşlıq sazişi imzalayırıq. Bu sazişlərin sayəsində oyunları daha yüksək səviyyədə həyata keçirə biləcəyik”. 

Rəhimovun sözlərinə görə, Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək komandalar xərclərini özləri ödəyəcəklər: “Müqaviləyə əsasən, bütün idmançılar, qonaqlar nəqliyyat, qalmaq və yemək xərcini özləri ödəməlidirlər. Bakı-2017-də iştirak edəcək hər bir idmançı və ya rəsmi nümayəndə hər gün 50 dollar yemək və qalmaq haqqı ödəyəcək. 57 islam ölkəsindən 53-ü səfər xərcini özü ödəyəcək. Maliyyə ilə bağlı problemləri olan bəzi ölkələrin nümayədələrinin biletlərini İslam Ölkələri Təşkilatı alacaq. Biz isə onlara yalnız qalmaq və qidalanmada güzəştlər edə bilərik”.

Nazir IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin proqramı barədə də açıqlama verib. O, qeyd edib ki, bu yarışda nə yerli, nə də dünya ulduzları çıxış etməyəcək: “Bakı-2017”nın açılış mərasimində dünya və ya yerli ulduz müğənnilərin iştirakı nəzərdə tutulmayıb. Açılış proqramı möhtəşəm bir şou olacaq. Amma bağlanış mərasimində yerli ulduzlar çıxış edə bilər. İnanıram ki, açılış mərasimi hər kəsin çox xoşuna gələcək”.

Rəhimov müğənni Ledi Qaqaya "Bakı-2015" I Avropa Oyunlarının açılış mərasimində iştirakına görə 1 milyon dollar verildiyinə dair fikirlərə münasibətini bildirib: "Dünya ulduzlarının müqavilələrində qeyd edilir ki, onlarla bağlanan müqavilələrdə olan məbləğ gizli saxlanmalıdır. Onların qonorarları konsertə və çıxışlarının saat fərqinə görə 30 min dollardan 1 milyon dollaradək dəyişir. O ki qaldı Ledi Qaqanın qonorarına, onu açıqlaya bilmərəm. Bu, kommersiya sirridir".

123
Teqlər:
IV İslam Həmrəyliyi Oyunları, İslam Ölkələri Təşkilatı, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi, Gənclər və idman nazirliyi, BP şirkəti, Ledi Qaqa, Qordon Birrell, Azad Rəhimov, Gürcüstan, Türkiyə, Azərbaycan, Bakı
Mövzu:
IV İslam Həmrəyliyi Oyunları (21)