O qəhrəman doqquzluqdan məşqçi Qədir Həsənov və oyunçulardan Nizami Eminov artıq komandadan ayrılıblar.

Xarüqələr yaradan 9 azərbaycanlı...

1366
(Yenilənib 11:14 03.02.2017)
İdman zalı olmayan bir məktəbin şagirdləri SSRİ məkanında mümkünsüzü bacarıblar

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 3 fev — Sputnik. 50 il bundan əvvəl, Azərbaycanın kənd orta məktəblərindən birinin idman kollektivi elə bir uğura imza atdı ki, bunu bəlkə də indiyədək heç bir məktəb bacarmayıb. Söhbət Mingəçevir şəhərinin 8 illik orta məktəbindən, daha doğrusu bu məktəbin voleybol komandasından gedir.

Köhnə tipli, idman zalı belə olmayan bu məktəbin şagirdləri 1967-ci ildə öncə şəhər birinciliyinin, ardınca isə Azərbaycan çempionatının qalibi olublar. Qazandıqları uğurların davamı olaraq 15 respublikanın, həmçinin Moskva, Leninqrad kimi böyük şəhərlərin komandalarının qatıldığı məktəblilər arasında SSRİ çempionatına yollanıblar.

Sahib Əmikişiyev
© Sputnik / Ilham Mustafa
Sahib Əmikişiyev

Burada bir məqamı vurğulayaq ki, həmin komandanın məşqçisi Qədir Həsənov əslində ixtisaslı idman müəllimi olmayıb. Məktəbdə ibtidai sinif müəllimi olan Q. Həsənovun formalaşdırdığı kollektiv adını idman tarixinə qızıl hərflərlə yazmağı bacarıb.

Keçmiş komanda üzvlərindən olan Sahib Əmikişiyev Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində o dövrü belə nəql edib: "O vaxt 14-15 yaşımız vardı. Məktəbin həyətində tozlu, palçıqlı meydançada oynayardıq. Rəhmətlik Qədir müəllim də dərsdən sonra evə getmirdi, bizimlə bərabər oynayaraq, məşq keçirdi. Bizi elə hazırlaşdırmışdı ki, iki dəfə ard-arda Respublika çempionluğunu qazandıq".

"1968-də də eyni heyət və məşqçi ilə SSRİ çempionatına yollandıq. Əvvəl Qırğızıstana qalib gəldik. Ardınca Pribaltika kamandaları ilə qarşılaşdıq. Balaca qarabala uşaqlar idik. Onlarsa bizdən böyük, boylu- buxunlu idmançılar idilər. Və taxta meydançada oynamamış bir kənd komandası SSRİ kimi böyük bir çempionatda hara qədər gedə bilərdisə, getdik — 8-likdə məğlub olduq. Amma bu, həmin şərtlərdə bir komandanın qazana biləcəyi ən böyük uğur idi" — deyir S. Əmikişiyev.

Danışır ki, 8 illiyi bitirəndən sonra komanda üzvlərinin hərəsi bir məktəbə üz tutub: "Komanda dağıldı. Sonradan hərəmiz bir sahəni seçdik. Kimi futbola getdi, kimi instituta girdi…"

Həmsöhbətimiz sözügedən dövrdə Mingəçevirdə idmanın çox inkişaf etdiyini qeyd edir: "1967-1968-ci illərdə Mingəçevirin futbol, habelə qızlardan ibarət voleybol komandaları ard-arda Respublika çempionu olurdu. SSRİ-də ikinci avarçəkmə bazası Mingəçevirdə yerləşirdi. Hətta zavod-fabriklərin idman komandaları var idi ki, orda milliyə layiq idmançılar oynayırdılar. Hətta iş axtaranda zavod rəhbərləri bizə deyirdilər ki, "gəl bizim zavodda işlə, hər şeylə təmin edəcəyik, təki zavodun komandasında oyna". İdmanda güclü rəqabət vardı".

Əfsanəvi komandanın üzvləri indi də bir-birilərini yaddan çıxarmır, hər il may ayının 9-da bir yerə yığışır, ötən günləri yada salırlar
© Sputnik / Ilham Mustafa
Əfsanəvi komandanın üzvləri indi də bir-birilərini yaddan çıxarmır, hər il may ayının 9-da bir yerə yığışır, ötən günləri yada salırlar.

İdmanın uşaqlıqdan onun həyat tərzinə çevrildiyini deyən 64 yaşlı Sahib Əmikişiyev bu gün də idmanla məşğuldur. Evində demək olar ki, bütün idman qurğuları quraşdırıb. Hətta bir müddət həbsxana həyatı da yaşayıb.

"Kalona təzə girəndə gördüm ki, voleybol oynayırlar. Qabağıma çıxan kəndçimizə dedim ki, mən də oynamaq istəyirəm. Gülüb dedi ki, "hələ bir yatacağın, qalacağın yeri müəyyənləşdir, sonra gedib oynayarsan". Üç il həbsxanada olduğum müddətdə voleybolu orada inkişaf etdirdim. "Oğru aləmi"ndən tutmuş həbsxana rəhbərliyinə kimi hamı məni tanıyırdı" — deyir yaşlı idmançı.

Bir vaxtlar tarix yazan o insanlar indi də bir-birilərini yaddan çıxarmır, hər il may ayının 9-da bir yerə yığışır, ötən günləri yada salırlar. Bəzən də oyunları sanki yenicə qurtarıbmış kimi mübahisə edir, kimin harada hansı səhvinin ucbatından uduzduqlarını dəfələrlə müzakirə edirlər. O günlərin həyəcanını yenidən yaşayırlar.

Lakin zaman da öz işini görür. O qəhrəman 9-luqdan məşqçi Qədir Həsənov və oyunçulardan Nizami Eminov artıq "komandadan" ayrılıblar.

1366
Teqlər:
Sahib Əmikişiyev, Qədir Həsənov, voleybol, kənd, SSRİ, məktəb, komanda, Azərbaycan, qalib, çempion
Əlaqədar
Azərbaycanın bir kəndinin komandası 14 dəfə SSRİ çempionu olub
Bu adamı üzdən yalnız SSRİ-nin ali rəhbərliyi tanıyıb
Cüdo komandamızın reytinqi yüksəlib
Basketbol yığmamız Malta komandasını məğlub etdi
Güləş, arxiv şəkli

Fransa Güləş Federasiyası loqoda bayrağımızın olmamasına görə üzr istədi

18
(Yenilənib 11:47 14.01.2021)
Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev səsləndirilən narazılıqlara aydınlıq gətirib.

BAKI, 14 yanvar — Sputnik. Fransanın Nitsa şəhərində keçiriləcək güləş üzrə Qran-pri turnirinin təşkilatçıları Azərbaycan bayrağının yarışın loqosunda yer almamasına görə üzr istəyib.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının Mətbuat katibi Sərxan Musalı məlumat verib.

O bildirib ki, məsələ ilə bağlı dərhal Fransa Güləş Federasiyası ilə əlaqə saxlayıblar: "Onlar qeyd etdilər ki, üzrlü hesab edin, bu, daha əvvəl hazırlanmış loqodur və burada bəzi yarış iştirakçılarının bayraqları yoxdur. Loqoda daha əvvəl bu yarışda olan ölkələrin bayraqları həkk olunub. Buna görə nəzərə alınmayıb. Loqoda elə ölkələrin bayraqları var ki, bu yarışda iştirak etmirlər. Həmin loqo 2020-ci ildə də istifadə edilib. Sadəcə, diqqətsizlik olub və bizə üzürxahlıq etdilər. Təşkilatçılıqla bağlı problem belə ola bilərdi ki, yarış nəkanında bayrağımız olmazdı. Amma bununla bağlı problem olmayacaq".

Federasiya rəsmisi təşkilatçılar tərəfindən heç bir soyuq münasibət görmədiklərini sözlərinə əlavə edib: "Mənfi nəsə hiss etməmişik. Ümumiyyətlə, problem olsaydı, bizim komandalara viza verməz, iştiraklarına problem yaradardılar. Arxivə də nəzər saldıq, Dünya Güləş Birliyinin saytında 2014-cü ildən sonrakı yarışları görmək mümkündür. 2019-cu ilə qədər bu yarış Qran-pri statusu almayıb. 2019, 2020 və 2021-ci illərdə artıq Qran-pri statusu ilə təşkil edilib. Yəni, həmin vaxta qədər ciddi yarış hesab edilmirdi. 2019-cu ilə qədər yalnız qadın və sərbəst güləşçilər arasında keçirilib. 2020 və 2021-ci illərdə isə güləşin hər üç növü proqrama daxil edilib. Biz 2020-ci ildə ilk dəfə bu yarışa qatılmışıq. Həmin vaxt yunan-Roma güləşi üzrə yığma komanda iştirak edib. Bu il isə həm yunan-Roma, həm də sərbəst güləşçilərimiz mübarizə aparacaq. Artıq təşkilatçılar bu çatışmazlığı aradan qaldırıblar və loqoya Azərbaycan bayrağını da yerləşdiriblər".

Qeyd edək ki, Qran-pri 15 - 17 yanvarda olacaq.

18
Bakı Olimpiya Stadionu, arxiv şəkli

"UEFA-2020" ilə bağlı vergidən azadolmanın müddəti artırıldı

10
Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi.

BAKI, 12 yanvar - Sputnik. Prezident İlham Əliyev Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklər "UEFA-2020" futbol çempionatı ilə bağlı vergidən azadolmanın müddətinin daha 1 il uzadılmasını nəzərdə tutur.

Sənəddə deyilir ki, Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) İcraiyyə Komitəsi ötən il Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi. Hazırda bütün dünyada yeni növ koronavirusun (COVID-19) yayılması ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrinə təsir etdiyi kimi, idman sahəsindən də yan keçməyib, o cümlədən böyük idman oyunlarının keçirilməsi təxirə salınıb.

Bildirilib ki, bu səbəbdən futbol üzrə Avropa çempionatının 2020-ci ildə keçirilməsi nəzərdə tutulan oyunlarının 2021-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 aprel 2019-cu il tarixli və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 9 aprel 2019-cu il tarixli qanunların qüvvədə olma müddətinin 1 avqust 2021-ci il tarixinə qədər uzadılması nəzərdə tutulur.

Həmin qanunlarla Azərbaycanda keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar bir çox vergi növləri üzrə - gəlir vergisindən, mənfəət vergisindən, ƏDV-dən, aksizli mallara görə aksizdən, habelə gömrük rüsumlarından azadolmalar nəzərdə tutulub.

10
Protezlər, arxiv şəkli

Qazilərin təminatı dərəcədədir - Agentlik hesabat verdi

0
(Yenilənib 13:37 16.01.2021)
Dəstək tədbirləri artıq 8500 şəxsi əhatə edib və onlardan 3200-ə yaxın şəxs sosial-psixoloji dəstəklə təmin olunub.

 

BAKI, 16 yanvar — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekpsertiza və Reabilitasiya Agentliyinin (DTSERA) sədri Cavid Əbdül-Qədirov Agentliyin Reabilitasiya Mərkəzində sosial-psixoloji reabilitasiya xidmətləri göstərilən Vətən müharibəsi qaziləri ilə görüşüb.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə C.Əbdül-Qədirov dövlət başçısının tapşırığı ilə Nazirlik tərəfindən postmüharibə dövründə şəhidlərin ailələri, qazilərimizlə bağlı sosial dəstək tədbirləri həyata keçirildiyini deyib.

Qeyd edilib ki, bu dəstək tədbirləri artıq 8500 şəxsi əhatə edib və onlardan 3200-ə yaxın şəxs sosial-psixoloji dəstəklə təmin olunub. O cümlədən, DTSERA-nın reabilitasiya müəssisələrində postmüharibə dövründə 260 qaziyə, şəhidlərin, yaralı hərbçilərin 20 uşağına sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib. Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə alan hərbçilərdən 28 hərbçini də Agentlik sosial-psixoloji reabilitasiyaya cəlb edib. Eləcə də 5 qazi yüksək texnologiyalı müasir protezlə, 7 qazi əlil arabası, əlavə olaraq 130-a yaxın qazi 530-dan çox reabilitasiya vasitəsi ilə təmin olunub.

Nazirlər Kabinetinin 13 yanvar 2021-ci il tarixli Qərarı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin sədrliyi ilə yaradılan komissiya tərəfindən isə hərbçilərin tibbi-sosial ekspertizasının əyani müayinə keçirməklə, operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün müvafiq işlər görülür.

Görüş zamanı mərkəzdə sosial-psixoloji reabilitasiya kursu başa çatmaqda olan qazimiz - döyüşlərdə qəlpə yarası almış Cəfərov Samir İlham oğlunun doğum günü olduğu bildirilib və onun ad günü qeyd edilib. Agentlik sədri, mərkəzin kollektivi, qazi yoldaşları ona xoş arzularını ifadə ediblər.

Görüşdən sonra Agentliyin sədri göstərilən sosial-psixoloji reabilitasiya xidmətlərini nəzərdən keçirib.

0