Rusiyalı şərhçi Aleksey Popov

Tanınmış rusiyalı şərhçi: "Bakı treki bənzərsizdir"

322
(Yenilənib 15:54 28.11.2016)
Aleksey Popov: "Valensiya, Sinqapur və Bakı trekləri mənim fikrimcə, artıq klassikadır"

BAKI, 28 noy — Sputnik. Rusiyanın məşhur Formula 1 idman növü üzrə şərhçisi Aleksey Popov, mövsümün yekunu ilə əlaqədar jurnalistlərə açıqlama verib. Sputnik xəbər verir ki, müsahibə zamanı Popov, Bakıda ilk dəfə keçirilən Avropa Qran-Prisi haqqında təəssüratlarını bölüşüb.

— Artıq mövsüm başa çatır. 2016-cı ilin mövsümünü necə dəyərləndirirsiniz?

— Bu, mənim üçün 25-ci sezondur. Bu mövsümün fərqli olması ondan ibarətdir ki, bu illər ərzində bu qədər insandan müsahibə alaraq canlı yayıma qoşulmamışdım. Bizdə yayımlanan yeni kanal "Match tv"nin sayəsində bu sezon bunu edə bildik. Bu, birinci yenilikdir. İkinci yenilik isə, ondan ibarətdir ki, ilk dəfə 21 yarış keçirilir. Hansı ki, bu rekordun yaxın zamanda artırılması gündəm mövzusu deyil. Mənim fikrimcə, Formula 1-ə Azərbaycanın qoşulması çox xoşdur. Sizin təşkilatçılara da bunu qeyd etmişəm ki, mənim üçün Bakı Qran-Prisi Soçi qədər doğmadır. Mən millətləri bölmürəm, mənim üçün iksi də eynidir. Biz bir mədəniyyətik, bir sivilizasiyayıq. İlk dəfə Bakıya gələndə elə hiss edirdim ki, sanki, Soçi yarışındayam. Bu, mənim üçün qürurverici hal idi ki, Bakı Qran-Prisi zamanı mənə yaxınlaşıb məni də uğurlu yarış təşkil olunduğu üçün təbrik edirdilər. Bu da mənim üçün çox xoş idi. Artıq bizim iki yürüşümüz var və biz bir-birimizə kömək etməliyik.

 Azərbaycan Formula 1 yarışlarına hansı rəngarəngliyi gətirdi?

— Mən düşünürəm ki, hər bir yeni yürüş maraqlıdır, amma hər yürüşün özünəməxsusluğu var. Biz hamımız yaxşı bilirik, Hindistan Qran-Prisi necə bitdi. Hindistan çox böyük ölkədir, orada milyonlarla insan yaşayır, eyni zamanda böyük xərclər hesabına gözəl avtodrom tikildi və hər kəsi cəlb edə bildi. Bununla yanaşı, Cənubi Koreya da dəniz kənarında yeni şəhər saldı, yeni yol inşa etdi və burada keçirilən yürüşlər də maraqlı keçirildi. Amma adını çəkdiyim heç bir yarışda yürüş elementindən əlavə fərqli və cəlbedici bir element yox idi. Bu isə vacib məqamdır. Məsələn, yürüşün keçirildiyi şəhər mənzərəsinin gözəlliyi mütləqdir. Cənubi Koreyada gözəl tras olsa da, şəhər mənzərəsi yox idi, bu da yarışa əlavə rəng qata bilmirdi. Amma, Bakı trekində belə deyil. Biz Bakıya gələrkən gözəl şəhər görürük, şəhər qədimliyi, özəlliyi ilə bəzilərini özünə çəkir və biz həm yarışdan, həm də şəhər gözəlliyindən zövq alırıq.

 Gələcəkdə hansı xüsusiyyətlər Bakını digərlərindən fərqləndirə bilər?

— Mən Bakı yürüşünə nə əlavə ediləcəyini deyə bilmərəm. Çünki, Bakı da Soçi kimi küçə trasıdır. Belə traslarda ilk hazırlanan trası, ən azı 4 il olduğu kimi saxlamaq lazımdır. Trasda daimi dəyişiklik edilərsə, bu, uğur gətirmək əvəzinə uğursuz olar. Mən şəxsən heç nəyi dəyişmərəm. Hələ ki Bakı trasında hər şey əladır.

 Yeni klassikaya münasibətiniz necədir?

— Şəhər traslarının yaşı çox deyil. Onlar son zamanlar yaranıb. 15 il öncə Monakodan başqa heç bir şəhər trası yox idi. Hətta buna görə bir dəfə bir həmyerlimin xətrinə dəymişəm. Bir nəfər mənə yazaraq qeyd etmişdi ki, hətta Sibirdə yarış trekinin xəritəsini də çəkib. Mən isə cavabında ona qeyd elədim ki, bu, mümkün deyil. Monakodan başqa heç bir şəhərdə Formula 1 keçirilməsi mümkün deyil. Amma sonradan Sinqapur, Valensiya, Bakı şəhər trekləri yarandı. Valensiya gözəl şəhərdir, amma treki heç də maraqlı deyil, Sinqapur çox gözəl şəhərdir, mən hər il o şəhərə gedib, məhz şəhərdən həzz alıram, amma yürüş heç də zövqverici deyil. Halbuki, çoxları qeyd edirlər ki, bu, yeni klassikadır. Mən isə belə düşünmürəm. Bəziləri də Abu-Dabiyə yeni klassika deyirlər. Mən bu şəhəri gözəl saymıram, amma trasın bəzi mənfi xüsusiyyətləri olsa da, bu tras daha maraqlıdır. Bakı trası isə ilk dəfə keçirilsə də, artıq maraq yarada bildi. Valensiya, Sinqapur və Bakı trekləri mənim fikrimcə, artıq klassikadır.

 Bakıya turistləri necə cəlb etmək olar?

— Öncəliklə Bakıda yaşayan insanları yarışlara cəlb etmək lazımdır. Bu, mütləqdir. İkincisi isə MDB ölkələrindən insanları bu yarışlara cəlb etmək lazımdır. Daha sonrakı illərdə Avropa və Amerikadan turistlərin cəlb edilməsini hədəfləmək lazımdır.

322
Teqlər:
tras, Aleksey Popov, trek, Formula 1, Bakı, Rusiya, yarış
Əlaqədar
Formula 1 biletləri bu tarixdən etibarən satışa çıxarılacaq
Formula 1 Avropa Qran Prisi-nin adı dəyişir
Formula 1-in suvenirləri endirimli qiymətlərlə satılacaq
Formula 1-in kommersiya direktorunun qaynanası oğurlandı
Sputnik Formula 1 diplomu ilə mükafatlandırılıb
Formula 1 geyimləri satışa çıxarıldı
Formula-1 ilə əlaqədar bağlanmış küçələr nə vaxt açılacaq?