İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 26 noy — Sputnik. Azərbaycanın tarixini, mədəniyyətini, milli kimliyini özündə əks etdirən qədim idman növlərindən biri də çövkən (çovqan) oyunudur. Ölkəmizdə bu idmanın VI- VII əsrlərdən formalaşdığına dair tarixi faktlar var.
Bu oyundan Nizaminin "Xosrov və Şirin" əsərində, "Kitabi-Dədə Qorqud" boylarında bəhs edilir. Eyni zamanda, çövkən oyununa aid rəsmlərə qədim Azərbaycan miniatürlərində rast gəlinir.
Şərqdə yayılan oyunu XIX əsrdə ingilislər Hindistanda öyrənərək, Avropaya aparıb və bir sıra qaydalar əlavə ediblər. Bundan sonra milli oyunumuz dünyada "Polo" adı ilə tanınmağa başlayıb.
UNESCO bu oyunu 2013-cü ildə Azərbaycanın Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edib. Azərbaycanda bu irsi qoruyub inkişaf etdirmək üçün 2006-cı ildən başlayaraq hər il Çövkən üzrə "Prezident kuboku", 2013-cü ildən Azərbaycan birinciliyi keçirilməyə başlanıb.
Bu idman yarışlarında iştirak edərək yüksək nailiyyətlər qazanan, ən titullu kollektivlərdən biri də Ağstafa Çövkən Komandasıdır. Komanda 4 dəfə "Prezident kuboku"nu qazanıb, iki dəfə isə Azərbaycan birinciliyinin qalibi olub. Digər bütün yarışlarda isə 2 və 3-cü yerləri tutaraq qaliblər sırasında yer almağı bacarıb.
Ağstafa Çövkən Komandası 2006-cı ildə Dilbaz Atçılıq Zavodunun nəzdində yaradılıb. Komandanın bütün üzvləri zavodun əvvəl yerləşdiyi Ağgöl kəndindən olan gənclərdən təşkil olunub. Candargölün yaxınlığında yerləşən, yalnız 90 təsərrüfatdan ibarət olan ağgöllülər, öz adlarını Atçılıq idmanı tarixinə qızıl hərflərlə yazdırıblar. Bütün idmançıları bu kiçik kənddən olan Azərbaycanı millisi Sovetlər dövründə, 1966-cı ildən keçirilən Ümumittifaq Oyunlarında çövkən və sürpapaq yarışları üzə 14 dəfə SSRİ çempionluğunu qazanıb.
Bu barədə Sputnik-ə məlumat verən keçmiş idmançı, hazırda Ağstafa Çövkən Komandasının məşqçisi olan Etibar Məmmədov, hər bir Ağgöl sakininin bu uğurları davam etdirmə mənəvi borclu olduğunu və davam etdirdiyini bildirdi. Ümumiyyətlə, Ağgöldə yeniyetmələr arasında bu idmana maraq çox böyükdür. Məşqçi onların içərisindən seçərək hər yarışa təcrübə qazanmaq üçün iki yeniyetmə apardıqlarını deyir.
Ağstafa çövkən kollektivinin digər komandalardan bir fərqi də var. Onlar yarışlarda Qarabağ, ərəb və digər at cinsləri ilə deyil, yerli — Qazaxın dilboz atları ilə iştirak edirlər. Azərbaycana aid iki at cinsindən biri olan Qazax dilbazları öz dözümlülüyü və çevikliyi ilə komandanın uğurlarında əsas rol oynayır.
Məşqçi Etibar Məmmədov Ağstafa Çövkən Komandasının uğurlarında Dilbaz Atçılıq Zavodunun direktoru Zəlimxan Gülalıyevin danılmaz xidmətləri olduğunu dedi. Həmçinin, Ağstafa Mədəniyyət və Turizm şöbəsinin müdiri Gülgün Kərimova, eləcə də rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevə də göstərdikləri köməkliyə görə redaksiyamız vasitəsilə öz təşəkkürünü bildirdi.
Hazırda Ağstafanın çövkən komandası, dekabr ayının ortalarında Şəki rayonunda keçiriləcək ənənəvi "Prezident kuboku"na hazırlıq məşqləri edir. Komanda üzvləri bu turnirdə də yüksək nailiyyət qazanacaqlarına əmindirlər.
BAKI, 14 yanvar — Sputnik. Fransanın Nitsa şəhərində keçiriləcək güləş üzrə Qran-pri turnirinin təşkilatçıları Azərbaycan bayrağının yarışın loqosunda yer almamasına görə üzr istəyib.
Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının Mətbuat katibi Sərxan Musalı məlumat verib.
O bildirib ki, məsələ ilə bağlı dərhal Fransa Güləş Federasiyası ilə əlaqə saxlayıblar: "Onlar qeyd etdilər ki, üzrlü hesab edin, bu, daha əvvəl hazırlanmış loqodur və burada bəzi yarış iştirakçılarının bayraqları yoxdur. Loqoda daha əvvəl bu yarışda olan ölkələrin bayraqları həkk olunub. Buna görə nəzərə alınmayıb. Loqoda elə ölkələrin bayraqları var ki, bu yarışda iştirak etmirlər. Həmin loqo 2020-ci ildə də istifadə edilib. Sadəcə, diqqətsizlik olub və bizə üzürxahlıq etdilər. Təşkilatçılıqla bağlı problem belə ola bilərdi ki, yarış nəkanında bayrağımız olmazdı. Amma bununla bağlı problem olmayacaq".
Federasiya rəsmisi təşkilatçılar tərəfindən heç bir soyuq münasibət görmədiklərini sözlərinə əlavə edib: "Mənfi nəsə hiss etməmişik. Ümumiyyətlə, problem olsaydı, bizim komandalara viza verməz, iştiraklarına problem yaradardılar. Arxivə də nəzər saldıq, Dünya Güləş Birliyinin saytında 2014-cü ildən sonrakı yarışları görmək mümkündür. 2019-cu ilə qədər bu yarış Qran-pri statusu almayıb. 2019, 2020 və 2021-ci illərdə artıq Qran-pri statusu ilə təşkil edilib. Yəni, həmin vaxta qədər ciddi yarış hesab edilmirdi. 2019-cu ilə qədər yalnız qadın və sərbəst güləşçilər arasında keçirilib. 2020 və 2021-ci illərdə isə güləşin hər üç növü proqrama daxil edilib. Biz 2020-ci ildə ilk dəfə bu yarışa qatılmışıq. Həmin vaxt yunan-Roma güləşi üzrə yığma komanda iştirak edib. Bu il isə həm yunan-Roma, həm də sərbəst güləşçilərimiz mübarizə aparacaq. Artıq təşkilatçılar bu çatışmazlığı aradan qaldırıblar və loqoya Azərbaycan bayrağını da yerləşdiriblər".
Qeyd edək ki, Qran-pri 15 - 17 yanvarda olacaq.
BAKI, 12 yanvar - Sputnik. Prezident İlham Əliyev Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklər "UEFA-2020" futbol çempionatı ilə bağlı vergidən azadolmanın müddətinin daha 1 il uzadılmasını nəzərdə tutur.
Sənəddə deyilir ki, Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) İcraiyyə Komitəsi ötən il Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.
Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi. Hazırda bütün dünyada yeni növ koronavirusun (COVID-19) yayılması ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrinə təsir etdiyi kimi, idman sahəsindən də yan keçməyib, o cümlədən böyük idman oyunlarının keçirilməsi təxirə salınıb.
Bildirilib ki, bu səbəbdən futbol üzrə Avropa çempionatının 2020-ci ildə keçirilməsi nəzərdə tutulan oyunlarının 2021-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 aprel 2019-cu il tarixli və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 9 aprel 2019-cu il tarixli qanunların qüvvədə olma müddətinin 1 avqust 2021-ci il tarixinə qədər uzadılması nəzərdə tutulur.
Həmin qanunlarla Azərbaycanda keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar bir çox vergi növləri üzrə - gəlir vergisindən, mənfəət vergisindən, ƏDV-dən, aksizli mallara görə aksizdən, habelə gömrük rüsumlarından azadolmalar nəzərdə tutulub.
BAKI, 16 yanvar — Sputnik. Xalq artisti Faiq Ağayevin Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi əzəmətli, tarixi Qələbəsinə həsr olunan "Sən qalibsən" klipi təqdim edilib.
Sputnik Azərbaycan xəbər verir ki, mahnının sözləri və musiqisi Xanim İsmayılqızıya aiddir.
Klipə kifayət qədər məşhur simalarla yanaşı, Faiq Ağayevin anası Səfiyyə Ağayeva da çəkilib. Siyahıda Çingiz Abdullayev, Mələkxanım Əyyubova, Nərgiz Cəlilova, Sənubər İsgəndərli, Rafael Ağayev, Dilarə Əliyeva, Elnarə Xəlilova, PRoMete, Kamran Ağabalayev, Leyla Quliyeva, Samir Bayramlı və Əli Paşayevin adları var.