Elman Rüstəmoov, AR Mərkəzi Bankının sədri, Azərbaycan Şahmat Federasiyasının prezidenti

Elman Rüstəmov: Şahmatçılarımızın uğur qazanması federasiya hər şeyi edib

22
Bu gün Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr olunmuş mətbuat konfransı keçirilib.

BAKI, 31 avq — Sputnik. Tədbiri giriş sözü ilə Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin rəhbəri Sənan Şəfizadə açıq elan edib. Şəfizadə sentyabrın 2-də start götürəcək olimpiadanın iştirakçıları haqda qısa məlumat verib. 

Ardınca söz Gənclər və İdman naziri Azad Rəhimova verilib. Nazir 42-ci Şahmat Olimpiadasında həm kişilərdən, həm də qızlardan ibarət milli komandamıza ümidlər böyük olduğunu, idmançılarımıza inandıqlarını bildirib. 

Azad Rəhimov bu yarışın ölkəmizdə keçirilməsini çox müsbət hal kimi dəyərləndirib: “Şahmat olimpiadasının Bakıda keçirilməsi çox müsbət haldır. Buna qədər bir neçə olimpiadada iştirak etmişəm. Düşünürəm ki, Bakıda keçiriləcək olimpiada təşkilinə görə bütün yarışları üstələyəcək. Olimpiadanın ölkəmizdə keçirilməsini çox yüksək qiymətləndirirəm. Şahmat yüksək intellektli idmançıların mübarizəsidir. Son illər Azərbaycan idmanındakı inkişaf göz önündədir. Burada şahmatın da xüsusi yeri var”.

Daha sonra söz Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmova verilib: “Gözlədiyimiz gün gəlib çatdı. Olimpiadanın startına çox az qalıb. Təşkilat Komitəsinə təşəkkürümü bildirirəm. Yarışın yüksək səviyyədə keçməsi üçün böyük iş görülüb. Bu işin nəticəsinə uyğun olaraq əminliklə deyə bilərik ki, Azərbaycan şahmat olimpiadasına tam hazırdı”. Elman Rüstəmov Bakıda keçiriləcək olimpiadanın ölkə başçısı İlham Əliyevin nəzarəti altında olduğunu vurğulayıb: “Şahmat Olimpiadası ölkəmizdə cənab prezident İlham Əliyevin təşəbbüsü, nəzarəti altında keçirilir. Azərbaycan şahmatda öz imzası olan ölkələrdəndir. Bunun üçün uzun yol qət edilib. Son illər ölkəmizdə bir çox vacib turnirlər keçirilib. Bu yarışlarda kifayət qədər təcrübə toplanıb. Şahmat olimpiadası bu idman növündə yarışların zirvəsidir. Bu turniri ən yaxşı şəkildə təşkil edəcəyimizə inanırıq”.

Elman Rüstəmov olimpiadada çıxış edəcək komandalarımızdan uğurlu nəticə gözlədiklərini vurğulayıb: “Komandalarımızın buna qədər qazandıqları nəticələr hər kəsə məlumdur. Kişilərdən ibarət komandamız 2 dəfə Avropa çempionu olub, qadınlarımızın da nailiyyətləri var. Bu dəfə də yaxşı nəticələrə ümid edirik. Doğma divarlar da şahmatçılarımıza kömək etməlidir. Komandalarımızın planları olimpiadaya uyğun qurulub. İdmançıların məişət problemləri həll olunub. Hazırlıq yüksək səviyyədə təşkil edilib. Təlim-məşq toplanışları üçün xaricdən əcnəbilər dəvət olunub. İnanırıq ki, bütün bunların bəhrəsini görəcəyik. Şahmatda reytinq, fərdi ustalıq vacibdir. Amma komanda ruhu da mühüm əhəmiyət kəsb edir. Azərbaycan yığması turnirin ən dəbli, ən gözəl komandasıdır. Bu, artıq görünür. Komandamızdan potensialımıza uyğun nəticə gözləyirik. Konkret neçənci yeri hədəflədiyimizi deyə bilmərik. Şahmatçılarımızın uğur qazanması üçün nazirlik, federasiya lazım olan hər şeyi edib”.

“2014-cü ildə cənab prezident İlham Əliyevin qərarı ilə Şahmat Olimpiadasının təşkilat komitəsi yaradıldı. Onun sədri də Yaqub Eyyubov təyin edildi. Yaqub bəy ilk gündən yarışın ən yüksək səviyyədə təşkili üçün əlindən gələni edib”. Bu sözləri isə Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib.

O, ölkəmizdə keçiriləcək turnirin iştirakçı sayı baxımından rekord olduğunu bildirib: “Yarışın keçiriləcəyi Kristal Zal unikal bir qurğudur. Kişilərin yarışında 176 ölkə olimpiadada təmsil olunacaq. Bu, rekord göstəricidir. Üstəlik, Bakıda FİDE-nin konqresi keçiriləcək ki, burada ölkələrin sayı 183-ə çatır. Qadınların yarışında isə 146 ölkə mübarizə aparacaq”.

Mahir Məmmədov qonaqların ölkəmizə gəlişi üçün viza rejiminin sadələşdirildiyini vurğulayıb: “Qonaqların Bakıya gəlişi artıq başlanıb. Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaqların qarşılanması üçün bütün işlər görülür. Viza məsələsi ciddi prolbem idi. Cənab prezidentimiz İlham Əliyevin sərəncamı ilə bu iş çox asanlaşdırıldı. Eləcə də elektron viza sistemi işə düşdü. Bununla da qonaqların vizalarının bir çoxunu əvvəldən hazırlamaq mümkün oldu”.

Mahir Məmmədov qonaqların 12 oteldə yerləşdiriləcəyini söyləyib: “Qonaqlar üçün 12 otel ayrılıb. İdmançıların qalacaqları məkana, qidalanma sisteminə böyük diqqət ayrılır. Eləcə də Kristal Zalın mühafizəsinə xüsusi fikir verilir. 500-dən artıq könüllü olimpiadaya cəlb olunub. Sentyabrın 1-də olimpiadanın açılışı olacaq. Bütün şahmat ictimaiyyətini açılış mərasiminə dəvət edirik. Açılışda FİDE rəsmiləri də iştirak edəcək. Sentyabrın 2-də, 15:00-da isə olimpiadada ilk tura start veriləcək. Bütün şahmatçılara uğurlar arzulayırıq. Təşkilat komitəsinin üzvləri gecə-gündüz olimpiadanın yüksək səviyyədə təşkili üçün çalışıblar. Bu işdə zəhməti olan hər kəsə minnətdarlığımızı bildiririk”.

Məmmədov idmançılarımızdan hansı nəticələri gözlədikləri ilə bağlı sualı belə cavablandırıb: “İdmanda sifarişlə nəticə qazanmaq olmur. Şahmatın spesifik xüsusiyyətləri var. Əksər hallarda doğma divarlar da idmançıya kömək etmir. Düzdür, bəzən istinalar da olur. Məsələn, 2008-ci ildə FİDE-nin Bakıda keçirilən Qran-Prisində Vüqar Həşimov birinci olmuşdu. Şəhriyar Məmmədyarov isə Şəmkirdə keçirilən son yarışın qalibi adını qazanıb. Olimpiadada bütün komandalarımızın uğurlu çıxış edəcəyinə inanırıq. Son olimpiadada Tromsedə yığmamız müəyyən dövrdə lider olsa da, yekunda 2-5-ci yerləri bölüşdürdü. Bu, şahmat tariximizdə ən yaxşı nəticə olsa da, bunu uğur kimi qəbul etmədik. Bakıda keçiriləcək olimpiadada ilk “üçlüy”ə ümid edirik. Şahmatda sifarişlə qalib gəlmək mümkün deyil. Qadınlara da ümidimiz böyükdür. Təlim-məşq toplanışları çox gözəl təşkil olunub. Məşhur mütəxəssislər hazırlıq prosesində iştirak ediblər. Qadın şahmatçılarımız hər zaman reytinqdən daha yüksək nəticəyə imza atıblar. Bu dəfə də eyni halın təkrarlanacağına inanırıq”.

M. Məmmədov olimpiada zamanı görüləcək təhlükəsizlik tədbirlərindən də söz açıb: “Müasir şahmatın böyük problemləri var. Bütün çətinliklərin qarşısını almaq üçün xüsusi tədbirlər görülür. Bizim olimpiadada iştirakçıların idman zalına daxil olmasına təhlükəsizlik əməkdaşları xüsusi diqqət yetirəcəklər. Heç bir şahmatçı yarış zalına saat, qələm, elektron cihazlar, kitab-dəftərlə daxil ola bilməz. Azarkeşlər belə oyun zalına telefonla keçməyəcəklər. Elektron vasitələrin fəaliyyətinə imkan verilməyəcək. Bütün iştirakçıların siyahısı FİDE ilə razılaşdırılmış sistemdə qeydiyyatdan keçiblər”.

Məmmədov idmançılarımızın üzərində psixoloji gərginlik yaratmağa ehtiyac olmadığını qeyd edib: “Həddən artıq medal istəyini vurğulamağa ehtiyac yoxdur. Şahmatçılarımız silsilə hazırlıq toplanışında olublar. Birinci yerlə bağlı psixoloji təzyiq yaratmağa ehtiyac yoxdur. Onlar vəzifələrini bilirlər. Qadınlardan ibarət komandaların 1-2-ci heyətə bölünməsinə ciddi yanaşdıq. Günay Məmmədzadə və Aydan Höccətovanın son uğurlarına diqqət yetirdik. Nərgiz Umudova və Türkan Məmmədyarova da birinci komandada olmağa layiqdilər. 2-ci komandamızın birincidən geri qalmayacağına inanırıq. Maraqlıdır ki, hər 3 Məmmədyarov öz komandasında birinci taxtadadır”.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru yarış zamanı tamaşaçıların rahatçılığı üçün əllərindən gələni etdikrini söyləyib: “Olimpiadanın talismanı Şah Oğlan insanlar arasında böyük marağa səbəb olub. Qonaqpərvərlik zonası yaratmışıq. Burada regionların xüsusi cəhətləri qonaqlara təqdim ediləcək. Sərgi saloununda şərhçilər zonası var. Şərhlər 3 dildə olacaq. Qulaqcıqlar vasitəsi ilə 3 dildə şərhləri dinləmək mümkün olacaq. Bundan başqa, chess kafe, uşaq zonası fəaliyyət göstərəcək. Kristal Zalın ətrafında olimpiada ilə bağlı suvenirlərin satışı təşkil olunacaq. Şahmatsevərlərin rahatlığı üçün əlimizdən gələni edirik”.

Sonda bunu Bakı Şahmat Olimpiadasının baş hakimi Faiq Həsənov çıxış edib. Həsənov hakimlərimizin də olimpiadaya ciddi hazırlaşdıqlarını vurğulayıb: “Olimpiada Azərbaycan 30 hakimlə təmsil olunacaq. Həmin hakimlər üçün 3 ildir seminarlar təşkil olunur. Onlar xaricdə keçirilən yarışlarda da iştirak edirlər. Sabah son seminar olacaq. Keçən il olimpiadada 10 hakimimiz iştirak edib. Bu il isə rəqəm 30-a çatıb”. 

22