Rio-2016

Güləşçilərimizdən sevinc təəssüf dolu təəssüratlar

20
Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları uğur və uğursuzluqlarından danışıblar

BAKI, 24 avq — Sputnik. Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları Vətənə qayıdıblar. Güləş Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərin suallarını cavablandıran güləşçilərimiz Olimpiya oyunlarında qazanılan qələbələri şəhidlərimizin ruhuna həsr etdiklərini bildiriblər.

Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Saypulla Absaidov yüksək səviyyədə çıxış etdiklərini dilə gətirib: "Biz həmişə Olimpiya Oyunlarında yüksək səviyyədə çıxış etmişik. Ona görə komandamızdan daim yüksək nəticə gözləyirlər və məsuliyyətimiz də böyük olur. Bu da müəyyən mənada güləşçilərimizə psixoloji təsir edir. Ümumən yaxşı çıxış etdik, 6 idmançımızdan 5-i medal qazandı. Bu, böyük nəticədir. Qızıl medalın niyə olmaması barədə fikirləşirik, güləşçilərimizin çıxışlarını təhlil edəcəyik. Səhvlərin aradan qaldırılması üzərində işləyəcəyik".

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Firdovsi Umudov bütün güləşçilərin qızıl medal qazanmağa laiq olduğunu bildirib: "Altı çəki dərəcəsində beş medal qazanaraq, komanda hesabında birinci yeri tutduq. Bütün güləşçilərimiz qızıl medal qazanmağa layiq idi. Bundan sonra da çalışacağıq ki, uğurlarımızı davam etdirək. Biz qələbələrimizi aprel döyüşlərində şəhid olmuş əsgərlərimizə və ümumiyyətlə bütün şəhidlərimizə həsr edirik. İnanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə hələ çox zəfərlərə nail olacağıq".

Olimpiya Oyunlarının qızıl (London, 2012) və gümüş (Rio-de-Janeyro, 2016) medalçısı Toğrul Əsgərov artıq Tokio Olimpiadasına hazırlaşacağını bildirib: "Rioda qızıl medal qazanıb Azərbaycan idman tarixinə ikiqat Olimpiya çempionu kimi düşmək arzusunda idim. Amma iş elə gətirdi ki, gümüş medalla kifayətlənməli oldum. Zənnimcə, çox güclü rəqabətin olduğu yarışlarda hər bir medal qiymətlidir. Komandamızın qazandığı 18 medalda mənim də payım olduğu üçün çox sevinirəm. Final görüşü mənim üçün uğursuz oldu. Görüşün əvvəlində zədələndim. Bu zədə öz təsirini göstərdi və Rusiyadan olan güclü rəqibimə uduzdum. İndi var qüvvəmlə çalışacağam ki, London Olimpiadasındakı uğurumu "Tokio-2020"də təkrarlayım".

Olimpiya Oyunlarının gümüş (Rio-de-Janeyro, 2016) və ikiqat bürünc (Pekin-2008, London-2012) medalçısı Xetaq Qazyumov çox məyus olduğunu söyləyib: "Rio-2016"ya yalnız qızıl medal qazanmaq üçün yollanmışdım. Bildiyiniz kimi, bundan öncəki 2 olimpiadada bürünc medalçı olmuşdum. Çempion ola bilmədiyimə görə çox məyusam. Ancaq nə etmək olar, bu idmandır, güləşdir. Finalda dönüş yaratmağa tam ciddi şəkildə hazır idim, ancaq yəqin ki, taktiki səhvə yol verdim. Rəqibin ayağımdan tutmasına imkan yaratdım. Bu, mübarizənin taleyini həll etdi. İdmanda uzun yol keçən karyeram olub. Deyə bilmərəm ki, artıq indidən qərarımı vermişəm. Yaxşıca fikirləşib, ölçüb-biçəcəyəm. Bundan sonra yekun qərarımı açıqlayacağam".

Olimpiya Oyunlarının bürünc medalçısı Hacı Əliyev bürünc medal qazandığı üçün sevincli olduğunu deyib: "Sevinirəm ki, bürünc medal qazandım. Ümumilikdə öz çıxışılarımdan razıyam, amma mən çəkimi çox atdığıma görə, axırda yorğunluq özünü göstərməyə başladı. Amma sonadək dözdüm və bürünc medal qazana bildim. Qarşıda bizim əsas məqsədimiz İslam oyunlarıdır. Layiqli çıxış edib Azərbaycan xalqını medalla sevindirmək istəyirəm".

Olimpiya Oyunlarının bürünc medalçısı Cəbrayıl Həsənov qazandığı medaldan razı qaldığını bildirib: "Rio-2016-da 3-cü yeri tutdum. Bunu yüksək qiymətləndirirəm. Çünki Olimpiya Oyunları elə bir yarışdır ki, burada hər idmançı iştirak edə bilmir, nəticə qazana bilmir. Bilirəm ki, yarımfinal görüşüm azarkeşlər tərəfindən çox müzakirə olunub. Rusiyalı güləşçi çox güclü idi, bir az da hakim haqsızlığı oldu. Qismət bu imiş. Şükür Allaha ki, Vətənə medalla dönə bildim".

20
Teqlər:
təəssürat, yarış, idman, güləş, XXXI Yay Olimpiya Oyunları, Rio-de-Janeyro
Əlaqədar
Azərbaycanın Olimpiadalardakı nailiyyətləri
Azərbaycan olimpiyaçıları Bakıya döndülər
Azərbaycan idmançısı Olimpiadadakı ədalətsizlikdən danışdı
Azərbaycan Olimpiadada növbəti gümüş medalını qazandı
Lorenzo Sotomayor Olimpiadanın finalında məğlub oldu
Toğrul Əsgərov Olimpiadanın gümüş medalını qazandı
Xetaq Qazyumov Olimpiadanın finalına yüksəlib
Roy Cons, arxiv şəkli

Dişləyə bilər. Mayk Taysonun rəqibinin qulaqları sığortalanacaq

14
(Yenilənib 15:36 05.08.2020)
1997-ci ilin iyununda döyüş zamanı Tayson rəqibi Evander Holifildin qulağının bir hissəsini dişləyib qoparıb

BAKI, 5 avqust — Sputnik. Keçmiş mütləq dünya çempionu Roy Consun qulaqları həmvətəni Mayk Taysonla döyüşdən əvvəl sığortalana bilər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Consun meneceri Colt Barnanın belə bir niyyəti var.

Barnanın fikrincə, "mümkün kazusu" nəzərə almaq lazımdır.

1997-ci ilin iyununda döyüş zamanı Tayson rəqibi Evander Holifildin qulağının bir hissəsini dişləyib qoparıb.

Holifild və Tayson 1996-cı ildən 1997-ci ilə qədər iki döyüş keçiriblər. Hər ikisində Holifild qalib gəlib. O, birinci döyüşün 11-ci raundunda Taysonu nokauta göndərib. İkinci döyüşdə isə rəqibinin qulağını dişlədiyinə görə Tayson diskvalifikasiya olunub.

Bu il iyulun 21-də 54 yaşlı Mayk Tayson 51 yaşlı keçmiş mütləq dünya çempionu Roy Consonla döyüşəcəyini bildirib. Döyüş sentyabrın 12-də Kaliforniyada keçiriləcək. Duelin səkkiz raundlu olması planlaşdırılır.

Tayson xeyriyyə turnirləri üçün peşəkar rinqə qayıtmaq istəyi barədə aprelin sonlarında danışıb. Amerikalı 2005-ci ildən döyüşlərdə olmayıb. Onun hesabına 58 duel var. O, onlardan 50-də qazanıb.

14
Xanım Balacayeva

"Adi uşaqla şahmatla məşğul olan uşağın beyin fəaliyyəti eyni ola bilməz"

2531
(Yenilənib 09:57 05.08.2020)
"Zəif rəqiblə oynamaq ikiqat məsuliyyət tələb edir. Rəqibim güclü olanda, həvəslə oynayıram, uduzsam belə təsir etmir"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 4 avqust — Sputnik. Xanım Balacayeva Qax rayonunda anadan olub. 18 yaşından Beynəlxalq dərəcəli qrossmeyster (WGM) olan Xanım, Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alır.

Təxminən 5 yaşından başlayaraq şahmat oynamağa başlayan şahmatçı, 14 ildir ki, bu işlə məşğuldur. Dünyada, eləcə də ölkəmizdə bir çox uğurlara imza atan xanım şahmatçı, bu idman növünün çətinlikləri barədə Sputnik Azərbaycan-a danışıb: “Anam və atam şahmatçı olub. Uşaqlıqda Aynur Sofiyevanı kumir olaraq seçmişdim. Amma sonralar o, siyasətlə məşğul oldu. İndi isə daha çox kişi şahmatçılarını izləyirəm. Onların içində vəfat edənləri də var. Məsələn, 1946-cı ildə dünyasını dəyişən tanınmış rus şahmatçısı Aleksandr Alyoxinin oyunlarını öyrənirəm. Hazırda şahmatdan uzaqlaşan Anatoli Karpovun oyunlarını izləyirəm. Hazırki dünya çempionu Maqnus Karlseni də izləyirəm. Azərbaycanlılardan isə Şəhriyar Məmmədyarovun oyunlarını öyrənirəm”. 

“Yaxşı şahmatçı olmaq üçün insandan nə tələb olunur” sualına şahmatçının cavabı belə olur: “Güclü şahmatçı olmaq üçün öncə insandan möhkəm iradə tələb olunur. Bundan başqa, şahmatçı gün ərzində ən azı 5-6 saatını şahmata ayırmaldır. Fiziki və zehni hazırlıq şərtdir. Məğlubiyyəti ilə barışmalıdır və məğlubiyyətini unudub, böyük ruh yüksəkliyi ilə yoluna davam etməlidir. Məğlubiyyətdən sarsılsa, ondan çətin şahmatçı ola. Təbii ki, məğlubiyyətdən sarsıldığım vaxtlar da olub. Amma bir oyunda məğlub olub, məğlubiyyətimi düşünəndə, növbəti oyunlara da həmin emosiyayla gedirəm. Bu zaman itirən mən oluram”.

© Photo : Courtesy of Khanim Balajayeva
Xanım Balacayeva

“Mənim də ümidsizliyə qapıldığım vaxtlar olub. Məğlub olduqdan sonra dəfələrlə şahmata “əlvida” dediyim vaxtlar olub. Həmin vaxtlarda köməyimə valideynlərim çatıb. Bir müddət sonra özümə gəlib, özümü toparlayıb, yenidən başlayıram. Əslində bu hal dünya şöhrətli idmançılardan da yan keçməyib. Onlarda da olur. İradəli olan qazanır. Keçən il “Aeroflot-2019” yarışında çox pis çıxış etmişdim. Həmin vaxtlar çox böyük stress yaşadım. Düşündüm ki, çox pis oynayıram. Artıq oynamayacam. Amma 10 gün istirahət edəndən sonra toparlandım və oyuna davam etdim. Ən böyük dəstəkçim valideynlərimdir. Həm şahmat baxımından, həm də mənəvi baxımdan mənə çox dəstək olurlar”, – deyə əlavə etdi.

Balacayeva düşünür ki, şahmatla məşğul olan uşağın beyini və düşüncə tərzi digər həmyaşıdlarından daha üstündür: “Fikrimcə, adi uşaqla şahmatla məşğul olan uşağın beyin fəaliyyəti eyni ola bilməz. Onların düşüncələri də fərqli olur.  Şahmat, beyinin inkişafına kömək edir. Bundan başqa, şahmat insanı təmkinli və səbirli olmağı öyrədir. Adətən 5 yaşından başlayırlar şahmata. 5 yaşlı uşaqla bir dəfə oynamaqla artıq onun gələcəyini müəyyənləşdirmək mümkündür. Onun tapdığı gedişlərdən, düşüncə tərzindən, adi stolda oturmağından gələcəyi barədə proqnoz vermək olar”.

© Photo : Courtesy of Khanim Balajayeva
Xanım Balacayevanın mükafatları

Xanımın fikrincə, ən güclü şahmatçılar çinlilərdi: “Çinlilərlə oynamaq ikiqat məsuliyyət tələb edir. Onlarla oynamaq üçün yox yaxşı hazırlaşırıq. Son 2-3 olimpiadanın qalibləri də onlardır. Çindən sonra Rusiya və Hindistan gəlir. Adını çəkdiyim ölkələrdən daha çox qrossmeyster və olimpiya çempionu yetişib”.

X.Balacayeva deyir ki, bəzən oyun zamanı gözlənilməz sürprizlərlə qarşılaşır: “2013-cü ildə Dubayda Dünya Çempionatı keçiriləndə 2 gediş uddum. Həmin yarışda yarım xalla uduzdum. Hamı inanırdı ki, o yarışdan qalib olaraq ayrılacam. Amma gözlədiyimiz olmadı. Qəribə orasıdır ki, güclü rəqiblərimi udmuşdum, düşünürdüm ki, udacam. Bəzən insanın özündən asılı olmadan səhv gediş gedirsən. Bu da məğlubiyyətə aparır”.

“Gözlənilməz sürpriz” komanda yarışlarında daha çox baş verir: “Yarışdan 1 gün əvvəl püşkatma olur. Artıq biz bilirik ki, rəqibimiz kimdir. Oyundan bir gün qabaq, internetdən rəqibimizin oyunlarına baxırıq. Güclü rəqiblə oynamaq, zəif rəqiblə oynamaqdan daha asandı. Zəif rəqiblə oynamaq ikiqat məsuliyyət tələb edir. Rəqibin güclü olanda, həvəslə oynayıram, uduzsam belə, təsir etmir. Amma zəif rəqiblə oynayıb uduzanda daha pis təsir edir insana. Bu, özünü daha çox komanda oyunlarında biruzə verir. 2018-ci ilin Olimpiada oyunlarında son tura qədər bizim komandanın qazanmaq şansı var idi. Azərbaycana ilk dəfə şahmat olimpiadasından medal gələcəkdi. Biz elə komandaya düşmüşdük ki, düşünürdük ki, udacağıq. Hamı arxayın idi ki, biz qalibik. Çünki güclü rəqibləri udmuşduq. Mən də həmin oyundan qızıl medal udmuşdum. Rahatlıq var idi ki, komanda udacaq. Amma biz həmin yarışda gözlədiyimiz nəticəni qazana bilmədik. Rəqib komanda zəif idi, amma həmin gün bizə qarşı güclü oynamışdılar. Beləliklə biz medaldan məhrum olduq", – deyə X.Balacayeva bildirdi.

© Photo : Courtesy of Khanim Balajayeva
Xanım Balacayeva

Xanım şahmatçı 28 ildən sonra bu sahədə qazanılan qələbədən danışır: “Bu il olimpiada olacaqdı, pandemiyaya görə təxirə salındı. Çox güclü hazırlaşmışdıq, istəyirdik ki, komanda şəkilində qələbə qazanaq. Çünki qadınlar arasında bu, hələ olmayıb. Keçən il Avropa çempionatında 3-cü yerə layiq görüldük. 28 ildən sonra qadın şahmatçıları 3-cü yerə layiq görüldü. Özü də çox güclü komandaları udduq”.

6 yaşından beynəlxalq yarışlarda iştirak edən həmsöhbətimiz, digər idman sahələri ilə də maraqlanır: “Şahmatla bərabər 1 il yüngül atletikayla məşğul olmuşam. Voleybolla və boksla da məşğul olmuşam. Bütün yarışları ailəliklə izləyirik. Xüsusən də voleybolu çox sevirəm”.

“İnsanın formalaşmasında mühitin çox böyük rolu var” deyən şahmatçı uğur qazanmağının sirrini bizimlə bölüşür: “Sosial şəbəkələrdən maksimum uzaq qaçmağa çalışıram. Onlar insanın həm vaxtını, həm də əsəblərini tarıma çəkir. Boş vaxtlarımda musiqi dinləyirəm. Şahmatçılar beyinlərini rahatlaşdırmaq üçün sakit, həzin musiqiyə qulaq asmalıdırlar. Bundan əlavə, filmlər izləyirəm və daha çox mütaliə edirəm. Mütaliə insanı sakitəşdirən ən gözəl vasitədir”. 

© Photo : Courtesy of Khanim Balajayeva
Xanım Balacayevanın mükafatları

“Yaşadığın bölgənin də insana təsiri böyükdür. Əvvəllər Qaxda yaşayırdım. Doğrudur, orada yaşayanda da müvəffəqiyyətlərim olub. Amma Qaxda yaşayanda qohum-əqrəba, dost-tanışla vaxtımı keçirirdim, məktəbə gedirdim, başım qarışırdı. Nəticədə, vaxtım gedirdi. Amma, Bakıda bütünlüklə özümü şahmata həsr etdim”, – qrossmeyster etiraf edir.

Xanım Balacayevanın anası Zəminə Balacayeva da şahmatçıdır. Rayonda uzun illər şahmatla məşğul olan Zəminə xanım deyir ki, qızının erkən yaşlarından peşəkar olacağını hiss edib: “Artıq 5 yaşından hiss edirdik ki, Xanım bu sahədə bacaracaq. 5 yaşında Avropa çempionatına qatılmışdı. Həmin çempionata atası ilə getmişdi. Həmin yarışlarda, artıq özünü göstərməyə başladı. Digər övladlarıma da şahmatı öyrətmək istədik, amma gördük ki, onlarda alınmır”.

Balacayevanın fikrincə, peşə sahələrində genetik faktor çox böyük rol oynayır: “Şahmata yenicə başlayan uşaqlara bütün gedişlər addım-addım öyrədilir. Xanıma heç vaxt bir gediş belə, öyrətməmişik. Yoldaşımla mən şahmat məktəbində işləyirdik. Xanımı da özümlə aparırdım, mən uşaqlarla məşğul olurdum, o da ən arxada otururdu. Uşaqlara baxa-baxa artıq gördük ki, şahmatı öyrənib. Şahmat elə bir sənətdir ki, oturub başa salmaq da mümkün deyil. Gərək onun qanında-canında olsun. Məncə, burada gen öz sözünü deyir”.

© Photo : Courtesy of Khanim Balajayeva
Xanım Balacayeva

Söhbətimizin bu məqamında Xanımın atası – onun ən böyük dəstəkçisi olan Əsəd Balacayev də bizimlə söhbətə qoşulur. Əsəd müəllim də uzun illər şahmatla məşğul olub. Rayonun sayılıb-seçilən şahmatçılarından olan Balacayev bu sahənin inkişafından söz açır: “Əvvəllər 16 yaşında şahmata başlayan insan, müəyyən nailiyyətlər əldə edə bilirdi. İndi isə 12 yaşından başlayanlar belə, uğur əldə edə bilmir. Çünki rəqabət həddindən artıqdır. Gec başlayan, nə qədər çalışsa da, irəliyə gedə bilmir. Sovet dövrü və 90-cı illərin şahmatı ilə bugünkü şahmatın vəziyyəti arasında fərq böyükdür. O dövrdə 16-17 yaşlarında çox nadir hallarda qrossmeyster ortalığa çıxırdı. Bu gün şahmat sürətlə inkişaf edir. O dövrdə müəllim də az idi. Qrup dərslərində iştirak edib, nəsə öyrənməyə çalışırdıq. İndi isə fərdi məşqçilər çoxdur. Kompüter, internet uşaqları çox irəliyə apardı. İndi çox güclü proqramlar var, şahmatçılar o proqramlar vasitəsi ilə özlərini inkişaf etdirə bilərlər. Bizim dövrümüzdə isə belə deyildi. Məşqçi də az idi, məlumat bazamız da yox idi. Biz kitablardan öyrənməyə çalışırdıq, kitablardan da yetərincə faydalana bilmirdik”.

2531
Ekronaplan Lun, arxiv şəkli

"Xəzər canavarı"nın dirçəlişi: olmaq, ya da olmamaq

0
(Yenilənib 19:57 06.08.2020)
Ekranoplanlar SSRİ donanması üçün düşmən gəmilərini məhv etməyin vasitəsi kimi yaradılıb. "Lun" ekranoplanının ilk uçuşu 1985-ci ildə baş tutub.

BAKI, 6 avqust — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Ağır döyüş ekranoplanları yaxın zamanlarda Rusiyanın Hərbi Dəniz Qüvvələrinə qayıdacaq – ən yeni variantda, qanadlı raketlərlə. Onlar həm doğma sahillər yaxınlığında, həm də planetin ən ucqar regionlarında, istənilən iqlim şəraitində, baza infrastrukturu olmadan fəaliyyət göstərə biləcəklər.

Dünyada yeganə Rusiya istehsalı olan "Lun" raketli ekranoplanı iyulun 31-də Kaspiysk şəhərindən Dərbəndə yola düşüb.

34 il bundan əvvəl Nijni Novqorodda tikilmiş "Lun" ekranoplanı uzun müddət sınaqdan keçirildikdən sonra 1991-ci ildə sınaq istismarı üçün Xəzər Donanmasına təhvil verilib. "Lun" ekranoplanı 903 layihəsi çərçivəsində qalan yeganə ekranoplandır. Amma ekranoplanlar tarixə qovuşmadılar.

Yüksək sürəti (500 km/saat) və aşağı uçuş hündürlüyü (7-10 metr) sayəsində, raket daşıyıcı ekranoplanlar minlərlə kilometr məsafəni radara görünmədən qət edərək gözlənilməz istiqamətlərdən düşmənin hərbi-dəniz bazalarına və ya təyyarə hücum qruplarına yaxınlaşa və zərbə vura bilər.

Yeni ekranoplanlar hərbi dəniz donanmasının döyüş imkanlarını genişləndirməyə imkan verəcək. Bir müddət əvvəl Rusiya Hərbi Dəniz Donanmasının Gəmiqayırma İdarəsinin rəisi, 1-ci ranq kapitanı Vladimir Tryapiçnikov bəyan edib ki, ekranoplanların inkişafı 2050-ci ilədək gəmi tikintisi proqramına daxil ediləcək. Rusiya Müdafiə Nazirliyi yeni ekranoplanların yaradılması üçün taktiki-texniki tapşırıq formalaşdırıb, təcrübə-konstruktor işləri aparılır. İlkin məlumatlara görə, yeni ekranoplan 2022-ci ildə havaya qalxacaq.

Mediada "Xəzər canavarı"nın (Qərbdə bu ekranoplanı böyük ölçülərinə və fantastik zahiri görünüşə görə belə adlandırıblar) dirçəlişi fəal şəkildə müzakirə olunur. Nə ABŞ-ın "National Interest", nə də Çinin "Sohu" nəşri mövzudan yan keçib.

Elmi-texnoloji və istehsalat bazası mövcuddur – Rusiya çoxməqsədli ekronoplanların inkişafında Qərb ölkələrini xeyli qabaqlayıb. Belə ki, "Lun" hələ 29 il əvvəl yaxşı uçurdu və raket atışlarını həyata keçirirdi. 1990-cı illərin sonlarından ABŞ-da layihələndirilən və yükgötürmə qabiliyyəti 1200 ton olan "Boeing Pelican" yük ekranoplanı isə (17 ədəd "Abrams" tankını daşımaq üçün nəzərdə tutulub) hətta prototip şəklində istehsal edilməyib.

Bəs bu gün Rusiya Hərbi Dəniz Donanmasının döyüş ekranoplanlarının dirçəldilməsi perspektivləri necədir?

Xüsusiyyətləri

Çoxməqsədli ekranoplanlar yaxın gələcəkdə yeni yüksək dəqiqlikli qanadlı və hipersəs raketlərin, pilotsuz zərbə təyyarələrinin, elektromaqnit topların, ağır torpedaların yaradılması və tətbiqi üçün əsas ola bilər.

Zərbə ekranoplanları çevik reaksiya vasitəsi kimi Rusiyanın qütbarxası zonasını səmərəli şəkildə patrul edə bilər.

Desant (yük) modifikasiyasında bu aparatlar hərbi qulluqçuları silah və zirehli texnika ilə birlikdə əhəmiyyətli məsafəyə operativ şəkildə çatdırmağa imkan verəcək. Yeni ekranoplanlar düşmən radarları üçün demək olar ki, görünməzdir, səmərəliyi və yükgötürmə qabiliyyətinə görə təyyarə və helikopterlərdən, sürət baxımından isə hava yastıqlı gəmilərdən üstündür. Ekranoplanlar gücünü münaqişə zonasından uzaq məsafədə ("Çayka-2" – 5000 km-ə qədər) göstərə bilir və döyüşdə Rusiyanın imkanlarını artırmağa kömək olur.

"National Interest" nəşrinin məlumatına görə, yeni A-050 "Çayka-2" ekranoplanı "Xəzər canavarı"nın reinkarnasiyasıdır və Arktika da daxil olmaqla, sahilyanı ərazilərdə sərnişinlərin (100 nəfərə qədər) və yüklərin daşınması üçün (Alekseyev adına Nijni Novqorod Mərkəzi Konstruktor Bürosunda) yaradılır. Müxtəlif yükgötürmə qabiliyyətinə malik "qanadlı gəmilərin" bütöv bir seriyası yaradılır. Onlar 2022-ci ildən gec olmayaraq səmaya qalxacaqlar.

Bir müddət əvvəl isə Çin öz ordusu üçün bir neçə "Çayka" ekranoplanının alınması ilə bağlı danışıqlara başlayıb.

Aerodroma ehtiyacı olmayan aviasiya kimi ekranoplanlar dinc dövrdə də faydalıdır. Belə ki, Rusiyanın "Ekolen" təşkilatı "Xəzər canavarı"nın mülki analoqunu yaradır. Bu ekranoplan təyyarə sürəti ilə uça bilir və 750 tona qədər yükgötürmə qabiliyyətinə malikdir. Ekranoplan dəniz və çaylarda, tundrada və səhrada istismar üçün uyğundur. Ekranoplanın qalxması və oturması üçün yalnız kifayət qədər ölçüləri olan su akvatoriyası və ya düz səthli torpaq sahəsi lazımdır.

İşləmə prinsipi

Ekranoplan işləmə prinsipi belədir: çox aşağı hündürlükdə uçuş zamanı hava axını qanadın altında sıx "hava yastığı" yaradır. Aparat dəniz, buz və qarla örtülmüş ərazi və ya çöl üzərində qalxaraq 500 km/saata qədər sürətlə uçur. "Çayka-2" 10 tona qədər ağırlığı qaldırır.

Alekseyev adına Nijni Novqorod Konstruktor Bürosu həmçinin ekranoplanın ağır versiyasının – 100 tonluq uçuş kütləsi olan A-080 "Çayka-3" üzərində işləyir. Perspektivli maşın Rusiya istehsalı olan müasir avionika və naviqasiya-pilotaj kompleksinə malik olacaq. O, beş dərəcə maili olan sahilə çıxa, suda və aerodromda otura biləcək.

Hətta köhnə "Lun" ekranoplanı texnoloji cəhətdən böyük təəssürat yaradır. O, 450 km/s sürətlə 3 metrdən 500 metrə qədər yüksəklikdə 2000 km-dən çox məsafəni qət edə bilir. Ölçülərinə baxmayaraq bu ekranoplan nəqliyyat təyyarəsindən beş dəfə az yanacaq sərf edir.

"Lun" yalnız görünüşü ilə özünə hörmət yaradır. Onun korpusunun ön hissəsində, pilonda 8 mühərrik yerləşir. Onların ucluqları ekran effektini artırmaq üçün bucaq altında suya istiqamətlənib. Ekranoplanın füzelyajında üç cüt gəmi əleyhinə ZM-80 "Moskit" raketi quraşdırılıb. "Lun"un uzunluğu təxminən 74 metrdir. 44 metr uzunluğu və 550 kvadrat metr sahəsi olan qanadları 380 ton maksimum uçuş kütləsi olan cihazın kosmik görünüşünü tamamlayır.

Döyüş təyinatına gəlincə, onun üç ədəd "Moskit" raketi (yaylım atəşi ilə maksimal sürəti 2,8 Maxdır) bir aviadaşıyıcını məhv etmək üçün kifayətdir.

Ekranoplanlar SSRİ donanması üçün düşmən gəmilərini məhv etməyin vasitəsi kimi yaradılıb. "Lun"un ilk uçuşu 1985-ci ildə baş tutub. Böyük yükgötürmə, quru və buz üzərində uçmaq (həmçinin böyük yüksəkliklərdə uçmaq) qabiliyyəti ilə birlikdə yüksək sürəti və çevikliyi onun inanılmaz imkanlarını təmin edir.

"Lun" və "Orlenok" ekranoplanları raketlərin və desant qüvvələrinin çatdırılması üçün uyğunlaşdırılıb. "Orlenok" desant ekranoplanı kiçik ölçülü olub qoşunların və texnikanın sürətli daşınması üçün nəzərdə tutulub. SSRİ-nin dağılmasından sonra bu aparatların istehsalı dayandırılıb (həmin vaxta qədər 903 layihəsinin ikinci "Lun"u 95 faiz hazır idi) və döyüş qabiliyyətli "aviadaşıyıcı qatili" Xəzər sahilində yan aldı.

0