Olimpiada

Yeni federasiyalar yaradıb xarici idmançılara pul xərcləyəcəklər

87
(Yenilənib 13:40 06.08.2016)
Natiq Muxtarlı hesab edir ki, çox sayda federasiya yaradıb xarici idmançılara pul xərcləməkdənsə, bizə xas olan idman növlərini gücləndirib yerli idmançılar yetişdirmək lazımdır.

BAKI, 5 avq-Sputnik. Növbəti Tokio-2020 Olimpiadasına daxil edilən idman növləri beysbol/softbol, karate, skeytbordinq, qayalara dırmanma və sörfinqdir. 

Görəsən bu idman növləri ilə ölkəmizdə peşəkar səviyyədə məşğul olanlar varmı və onlar Tokio-2020-də Azərbaycanı təmsil edə biləcəklərmi?

Bu məsələni Sputnik-ə şərh edən idman üzrə ekspert Natiq Muxtarlı deyib ki, əgər sözügedən 5 idman növündən biri Azərbaycan üçün spesifikdirsə, bu özü bizim idmana böyük töhfədir. 

"Karatenin Olimpiya oyunlarına daxil edilməsi sevindirici haldır. Karate üzrə milli komandamız həmişə beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edib və uğurlar qazanıblar. Bakıda keçirilən I Avropa Oyunlarında bunun bir daha şahidi olduq. Artıq karate olimpiya idman növü olduğu üçün buna daha çox yatırım qoyulmalıdır, zallar açılmalıdır, uşaqlar cəlb edilməlidir. Güman edirəm ki, Gənclər və İdman Nazirliyi və Olimpiya Komitəsi yatırımı karateyə qoyacaqlar." — deyə N.Muxtarlı bildirib.

Amma o, qurumların başqa bir siyasət yürütməsinə təəssüflənib: "Ölkəni təmsil etmək üçün çox sayda federasiya açıb, Azərbaycana ənənəvi olmayan idman növlərinə xaricdən hazır idmançı gətirərək ölkəni təmsil etmək üçün yarışlara göndərirlər. Təki ad olsun ki, Azərbaycanı da bu idman növündə təmsil edən var. Məsələn, yelkənli qayıqsürmə idman növü. Buna nə ehtiyac var ki? Buna ayrılan pulu boksa, güləşə, karateyə və bu kimi ənənəvi idman növlərinə yatırtmaq lazımdır."

Natiq Muxtarlı onu da qeyd edib ki, Azərbaycan olimpiadada 2 medal götürəndə Yamayka 7 medal göturür. Çünki Yamaykaya xas olan idman növü yüngül atletikadır və onlar bu idman növündə çox güclüdürlər. Ona görə bütün qüvvələrini bu növə verir və bütün medalları da qazanırlar. Biz isə istəyirik bütün növlərdə medalımız olsun. Ona görə qalib gələ bilmirik. Çünki düzgün sistem qurmamışıq. 

Ekspert bildirib ki, olimpiadaya yeni daxil edilən idman növləri üzrə federasiyaların da tezliklə Azərbaycanda açılma ehtimalı var: "Düşünürəm ki, tezliklə beysbol/softbol, sörfinq kimi federasiyalar yaradılacaq. Dövlətdən pul ayrılacaq, xaricdən idmançı gətirəcəklər və olimpiadaya göndərəcəklər."
Natiq Muxtarlı o fikirdədir ki, kəmiyyətdənsə keyfiyyətə önəm vermək lazımdır: "Çox sayda federasiya yaradıb xarici idmançılara pul xərcləməkdənsə, bizə xas olan idman növlərini gücləndirib yerli idmançılar yetişdirmək lazımdır."

87
Əlaqədar
Braziliyadan Olimpiada ilə bağlı sensasion qərar
Tarixdəki ən qeyri-adi Olimpiada
İljumjinov: Bu Olimpiada dünya şahmat tarixinə düşəcək
Neft qiymətləri Almatının Olimpiada keçirmək şanslarını sıfra endirir