BAKI, 8 iyul — Sputnik. Dünən yekunlaşan yarı-final oyunundan sonra Futbol üzrə Avropa Çempionatı 2016-nın son finalçısı da bəlli olub. Olduqca gərgin keçən 90 dəqiqənin sonunda ev sahibi Fransa güclü Almaniyanı 2-0 məğlub edərək finalda Portuqaliyanın rəqibi olub.
Qeyd edək ki, Portuqaliya iyunun 6-da keçirilən ilk yarı-final qarşılaşmasında Uels komandasına 0-2 hesabı ilə qalib gəlmişdi.
Azərbaycanda da böyük həvəslə izlənilən Avro-2016 oyunlarda artıq son mərhələyə gəlinib. Belə ki, iki gün sonra "Avropa futbolunda ən böyük kimdir?" sualı öz cavabını tapmış olacaq.
Almaniyanın yarı-finalda gözlənilmədən Fransaya uduzması azərbaycanlı bukmeykerlərin Topaz-da külli miqdarda pul itirməsinə səbəb olub. Düzdür, Fransanın qalibiyyətinə pul yatıranlar olsa da, daha çox azarkeş Almaniyanın qalib gələcəyini düşündüyü üçün məhz panzerlərin lehinə pul atmışdılar.
Bəs bu dəfə necə? Bukmeykerlər finalda hansı komandanın qalibiyyətinə pul qoyurlar? Fransanın yoxsa Portuqaliyanın?Mövzunu yerində araşdırmaq üçün Sputnik-in əməkdaşı şəhərin bir neçə Topaz məntəqəsində olub. Bu məntəqələrdən biri, BDU yaxınlığında, Zahid Xəlilov küçəsində yerləşən Turan Mirzəyevin işlətdiyi Topazdır.
T.Mirzəyevin sözlərinə görə, futbol həvəskarları hazırki ana qədər Portuqaliyanın qalibiyyətinə daha çox pul qoyublar:
"Final oyununun kafsentləri cəmi 1 saatdır sistemə oturub, amma hesabı qeyd edənlər olduqca çoxdur. İndiki anda bukmeykerlər daha çox Portuqaliyanın qələbəsinə pul qoyur. Oyuna hələ iki gün qalıb. Vəziyyət dəyişə də bilər. Fransaya pul qoyanlar o biriləri üstələyə bilər. Gözləyib görərik".
Futbola olan həvəsi ilə tanınan millət vəkili Aydın Mirzəzadə də Sputnik üçün final oyunu ilə bağlı proqnozunu açıqlayıb. A.Mirzəzadə Fransanı kuboka daha yaxın gördüyünü deyib:
"İndiyədək olan oyunlara baxsaq, Fransanın şansı daha böyükdür. Çünki ciddi komanda yarada biliblər. Güclü və dəqiq hücumları var. Üstəlik qapıları da yaxşı qorunur. Eyni zamanda doğma divarlar faktoru da müəyyən qədər rol oynayır. Bu mənim proqnozumdur. Lakin futbolda təsadüflər də ola bilir. Misal üçün, yadınıza salım ki, Portuqaliya yarı-finala qədər bir oyunda belə 90 dəqiqə ərzində qalib gələ bilməyib. Amma indi finaldadır. Ona görə sürprizlər də baş verə bilər".Millət vəkili, SOCAR-ın Avro-2016-ya sponsorluq etməsinin hər şeydən vacib və qürurverici olduğunu da bildirib:
"Ümid edirəm ki, bu ənənə bundan sonra da davam edər və daha çox Azərbaycan markası beynəlxalq yarışlara sponsorluq edər. Düşünün, yüz milyonlarla insan baxır bu çempionata və onların gözləri Azərbaycan və SOCAR reklamına alışır, öyrəşir. Bu da ölkəmizi dünyada daha çox tanıdacaq".
Xatırladaq ki, iyulun 10-da yerli saatla 23:00-da ev sahibi Fransa ilə Portuqaliya komandaları AÇ-2016-nın finalında üz-üzə gələcəklər.
BAKI, 22 fevral — Sputnik. Peşəkar karyerasını bitirdiyini elan edən məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov karyerası haqqında film çəkilişləri üçün Hollivudla çalışdığını və "Oscar" qazanmağı planlaşdırdığını söyləyib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, döyüşçü hazırda sənədli film üzərində işləyir: "Təxminən bir il yarım lazımdır. "Oscar" qazanmaq istəyirik. 20 dəqiqə ərzində "Oscar"lıq film çəkmək o qədər də asan deyil. Hollivudla birlikdə işləyirik. Çox güman ki, dərhal kinoteatrlarda nümayiş olunacaq. Bu normal bir hekayədir, dağdan gələn oğlan çəki kateqoriyasından asılı olmayaraq ən yaxşı döyüşçü oldu, məğlub olmadı".
Xatırladaq ki, 32 yaşlı Nurməhəmmədov Castin Qeyjini UFC 254 turnirinin ikinci turunda "üçbucaq" boğma fəndindən istifadə edərək məğlub edib. Döyüşdən sonra rusiyalı karyerasını bitirdiyini elan edib. Onun hesabında 29 MMA döyüşündə 29 qələbə, o cümlədən UFC-nin 13 döyüşündə 13 qələbə var.
BAKI, 21 fevral - Sputnik. Futbol ulduzu Ronaldinyo Qauçonun anası koronavirusdan vəfat edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Mundo Deportivo xəbər yayıb.
Ronaldinyo 71 yaşlı anası Migelinanın xəstəxanaya aparıldığını hələ ötən il dekabrın 21-də sosial şəbəkədə yazmış, anasının intensiv terapiya şöbəsinə yerləşdirildiyini və həkimlərin tam qayğısı ilə əhatə olunduğunu demişdi.
😔 ¡LAMENTABLE NOTICIA DESDE BRASIL!
— Telemundo Deportes (@TelemundoSports) February 21, 2021
😥 La madre de @10Ronaldinho falleció a sus 71 años por #COVIDー19.
Conoce los detalles 👉👉 https://t.co/Ij426baAg8 pic.twitter.com/vruYSmWN1M
Ronaldinyo 2018-ci ildə futbolçu karyerasına son qoyub. O, 2003-2008-ci illərdə "Barselona"nın heyətində iki dəfə İspaniya çempionu, bir dəfə isə Çempionlar Liqasının qalibi olub.
BAKI, 25 fevral — Sputnik. İsrail mediası bu ölkə hökumətinin öz səfirliklərini Qüdsə köçürməyin əvəzində bəzi dövlətlərə COVID-19 peyvəndi verməyi planlaşdırdığından yazıb.
Anadolu Agentliyinin verdiyi xəbərə görə, İsrail İctimai Yayım Korporasiyasının məlumatına əsasən, Honduras yaxın vaxtlarda İsrailin ehtiyatlarından 5 min doza koronavirus peyvəndi alacaq. Adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, yaxın günlərdə peyvənd preparatlarını daşımaq üçün Hondurasdan İsrailə bir təyyarə göndəriləcək. Bundan başqa, Qvatemala və Çexiyanın da eyni şərtlərlə İsraildən peyvənd alacağı vurğulanır.
Mənbə Hondurasın ABŞ-dan sonra İsraildə səfirliyini açan ikinci ölkə olduğunu xatırladaraq Qvatemala və Çexiyanın da eyni addımı atacaqları ilə bağlı söz verdiklərini bildirib.
Digər tərəfdən, İsrailin müdafiə naziri Beni Hans Baş nazir Benyamin Netanyahunun belə bir addım atmasının qeyri-qanuni olduğunu bildirib. "Reallıq ondan ibarətdir ki, Netanyahu İsrail vətəndaşlarının ödədiyi vergilərlə alınan peyvəndlərin qeyri-qanuni ticarəti ilə məşğuldur və açıq-aydın bir dövləti deyil, krallığı idarə etdiyini düşünür", - deyə Hans "Twitter" hesabında paylaşım edib.
Belə bir addımın hökumət tərəfindən müzakirə edilərək təsdiqlənməsinə ehtiyac olduğunu bildirən Hans "Yalnız təhlükəsizlik, siyasət və ya sağlamlıq baxımından məcburi vəziyyət yaranarsa, bu cür addım atmaq olar", - deyə vurğulayıb.
Netanyahunun mətbuat mərkəzindən verilən yazılı açıqlamada isə keçən aydan bəri istifadə olunmayan məhdud miqdarda peyvənd preparatının toplandığı, bu səbəbdən də müraciət edən bəzi ölkələrə simvolik miqdarda peyvənd verilə biləcəyi qeyd olunub.