“Rio 2016 Birlikdə Güclüyük” layihəsinin təqdimatı keçirildi

Milli Olimpiya Komitəsinin vitse-prezidentindən idmançılara dopinq xəbərdarlığı

41
(Yenilənib 21:40 30.06.2016)
Çingiz Hüseynzadə: "Rusiya atletləri dopinq istifadəsinə görə bu il keçiriləcək olimpiadada iştirak edə bilməyəcəklər. Buna görə Azərbaycan ağır atletlərini də eyni aqibət gözləyir"

BAKI, 30 iyun — Sputnik. Braziliyada keçiriləcək Rio-de Janeyro yay olimpiya oyunlarına sayılı günlər qalıb. Yarışa hazırlıqlar və yeni qaydalar ilə bağlı Olimpiya komitəsində idman federasiyaları ilə görüş keçirilib.

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti dəyişiləndən və vəzifəyə Tomas Bax gələndən sonra olimpiya oyunlarında dəyişikliklər olub: "Bu dəyişikliklərdən biri də BOK-un qəbul etdiyi "Olimpiya gündəliyi-2020" proqramına əsasən, brendlərdən istifadə qaydalarına xüsusi diqqət yetirilməsidir. Bunun üçün milli olimpiya komitələrində marketinq departamentləri yaradılıb. Azərbaycan Milli Olimpiya Komitəsində də həmin departament artıq fəaliyyətə başlayıb. Beynəlxalq qurum brenddən istifadə qaydalarının bir qismini yerli komitələrə həvalə edib".

Vitse-prezident proqramda yer alan əsas məsələlərdən birinin "təmiz idman" olduğunu dilə gətirib: "Məsələn Rusiya atletləri dopinq istifadəsinə görə bu il keçiriləcək olimpiadada iştirak edə bilməyəcəklər. Dopinq istifadəsinə görə, Azərbaycan ağır atletlərini də eyni aqibət gözləyir".

Ç. Hüseynzadə federasiya rəsmilərini, gələcək işlərində, xüsusilə idmançıların dopinq istifadəsində diqqətli olmağa çağırıb.

"Olimpiya gündəliyi-2020"də yer alan əsas mövzulardan birinin də "İdman və ekologiya" olduğunu söyləyən vitse-prezident, bu istiqamətdə, hətta bir neçə il öncədən başlanan işlərin bu gün də davam etdiyini dilə gətirib: "Bu sahədə görülən ən uğurlu addım Bakı Olimpiya Stadionunun tikilməsidir. Biz bataqlığı qurudub əvəzində idman stadionu tikdik. İndi azarkeşlər orada rahatlıqla gəlib istirahət edib, futbola baxa bilirlər. "London-2012"də də Olimpiya parkı yararsız ərazidə salınmışdı. Hazırda həmin məkan turistlərin ən çox sevdiyi məkanlardan biri sayılır".

Proqramda digər mövzulardan birinin gender problemi olduğunu söyləyən MOK rəsmisi bildirib ki, ölkəmizdə bu istiqamətdə uğurlu işlər görülür: "Azərbaycanda bəzi idman federasiyalarına qadınlar rəhbərlik edirlər. Həmçinin qadınlar idman qurumlarında yüksək vəzifələrdə yer alıblar. MOK-un İcraiyyə Komitəsinin üzvlərindən dördü qadındır. Bu istiqamətdə işlər davam etdiriləcək".

Tədbirdə çıxış edən, Rio-de Janeyro 2016 Olimpiya Oyunlarının Azərbaycan üzrə şef-de-missionu İlham Mədətov "Rio-2016"ya hazırlıqdan danışıb. O, qeyd edib ki olimpiadaya hazırlıqlara 2015-ci ilin yanvarından start verilib və hazırda uğurla davam etdirilir: "Artıq bu günə kimi heyətin 95 faizi qeydiyyatdan keçib. Olimpiadada iştirak edəcək idmançılarımız üçün geyim dəsti İtaliya şirkəti tərəfindən hazırlanır və on gün ərzində gətiriləcək".

İ. Mədətov çoxlarını narahat edən "Zika" virusu ilə bağlı da açıqlama verib: "Bu virusla bağlı heç bir problemimiz olmayacaq. Geyim dəstində əsasən uzunqol geyimlərin hazırlanması nəzərdə tutulub. Həmçinin idmançılara Braziliyada olarkən qapalı geyinmək məsləhət görülür".

"İdmançılara xüsusi preparatlar da təqdim olunacaq ki, bu da virusa yoluxma riskini azaldacaq Sadəcə idmançılar və heyət də özünü qorumağa çalışsın", — o bildirib.

Şef-de-mission nümayəndə heyətinin bir hissəsinin avqustun 1-də bir qrup idmançı ilə birgə Braziliyaya yollanacağını bildirib. O, əkavə edib ki, ölkə Prezidentinin göstərişinə əsasən, idmançılara və komanda üzvlərinə əlavə maliyyə dəstəyi də göstəriləcək.

41
Teqlər:
şef-de-mission, İlham Mədətov, "Olimpiya gündəliyi-2020", MOK, Çingiz Hüseynzadə, Rio-de Janeyro Olimpiadası, vitse-prezident, dopinq, Milli Olimpiya Komitəsi, Braziliya
Əlaqədar
Böyük qalmaqal: Olimpiadaya lisenziyalarımız ləğv olundu
Azərbaycanlı atlet: “Özümü Olimpiadada ilk üçlükdə görürəm”
Daha bir boksçumuz Rio Olimpiadasına vəsiqə qazanıb
Azərbaycanla Dünya Ağır Atletika Federasiyası arasında dopinq qalmaqalı davam edir
Nazirlik dopinqə düşən idmançılarla bağlı açıqlama yaydı