Футбол. Чемпионат Европы - 2016. Матч Португалия - Австрия

Avro-2016-nın qrup mərhələsinin ikinci turunun icmalı

2460
(Yenilənib 13:15 19.06.2016)
Avro-2016-nın qrup mərhələsinin ikinci turunun ətraflı şərhi, həmçinin qarşıdakı oyunlar barədə proqnozlarla bu geniş icmalda tanış ola bilərsiniz.

Avropa çempionatının qrup mərhələsinin ikinci turu gözləntilərimizi doğrultdu. Hörmətli oxucular, sizinlə güman etdiyimiz kimi müəyyən qruplarda vəziyyət aydınlaşdı, digərlərində isə daha da qeyri-müəyyən oldu. 

Buna baxmayaraq, çempionat yalnız bizi gərginlikdə saxlamaqla kifayətlənməyərək, komandaların çoxunun yüksək oyun səviyyəsinin sayəsində əsl futbol həvəskarlarına böyük həzz verir. Gəlin sizinlə birlikdə ikinci turda olanları müzakirə edək və üçüncü turda komandaların imkanlarını nəzərdən keçirək.

"A" qrupunda çempionatın meydan sahibləri Albaniya üzərində qələbənin (2:0) hesabına erkən olaraq növbəti mərhələyə çıxışı özləri üçün təmin ediblər. Albanlar isə əla futbol nümayiş etdirirlər və adlı-sanlı rəqibləri ilə fədakarcasına oynadılar. Lakin fransızlar ikinci oyunda rumınlarla görüşə nisbətən daha səlis oyun nümayiş etdirdilər. Əgər onlar belə oyundan oyuna daha səlis futbol göstərməkdə davam etsələr, şübhəsiz ki, öz fanatlarının və meydan sahiblərini çempionluğa əsas namizəd kimi görən bukmeker ofislərinin ümidlərini doğruldacaqlar. 

Футбол. Чемпионат Европы - 2016. Матч Англия - Россия
© Sputnik / Grigory Sysoyev

Rumınlar isveçrəlilərlə 1:1 oynayıblar və bir xalları var. Onlar haqlı olaraq albanlarla sonuncu görüşdə üç xala ümid edə bilərlər. Düşünmürəm ki, bu üç xalı onlar asanlıqla ala biləcəklər, həm də rumınlar növbəti mərhələni təmin etmək üçün daha çox top vurmalıdırlar.

Bu halda fransızlar çətin ki, oyunu isveçrəlilərə təslim etsinlər. Lakin sonuncuların oyun səviyyəsi onu göstərir ki, onlar sürpriz etməsələr belə, 1998-ci ilin dünya çempionları ilə heç-heçə oynamağa tam qadirdirlər. Bu isə İsveçrənin qrupdan çıxması üçün kifayətdir.

"B" qrupunda 1966-cı ilin dünya çempionları az qala bütün işləri korlayacaqdılar. Beyl və Remzinin irəli apardığı Uels yığması ingilislərə qalib gələ bilərdi, lakin ikinci hissədə oyununu aşkar zəiflətdi.Oyun 2:1 hesabı ilə başa çatdı və ingilislərdə topları meydana sonradan çıxmış Vardi və Starric vurublar. Bu hücumçular Keyn və Sterlinqdən daha inamlı görünürlər və fikrimcə artıq Hocson "Lester" və "Liverpul"dan olan forvardların cütlüyünə üstünlük verəcək. 

Fransanın Sen-Deni şəhər stadionunda UEFA-2016-ya hazırlıq
© REUTERS / Gonzalo Fuentes

Slovakiya-İngiltərə oyunu çox maraqlı və gərgin keçməlidir. Mənim fikrimcə, bu oyunda aşkar favorit yoxdur, lakin nəyə görəsə əminəm ki, "B" qrupundan növbəti mərhələyə 3 komanda çıxacaq.

Təəssüf ki, onların arasında Rusiya yığması olmayacaq. Rusiyalıların uğurlu çıxışına çox ümid bəsləyirdim, lakin açıq desək, belə müdafiə ilə Rusiya yığmasının Avropa birinciliyində işi yoxdur. Heç də yüksək səviyyəli komanda olmayan Slovakiya Rusiyaya inamla qalib gəldi — 2:1. Lakin acınacaqlı olan məğlubiyyət deyil, Slutskinin komandasının müadafiəçilərinin slovak hücumçuları öz cərimə meydançalarında qarşılayarkən mağmın görünmələridir.

Fikrimcə, sonuncu görüşdə möcüzə baş verməsə, uelslilər rusiyalıların olmayan müdafiəsini məhv edərək onları evlərinə yola salaraq özlərinə qrupdan çıxışı təmin edəcəklər. 

"C" qrupunda postsovet məkanının daha bir təmsilçisi evə yola düşməyə hazırlaşır. Ukrayna zəif Şimali İrlandiya yığmasına 0:2 hesabı ilə uduzub. Sonuncular yalnız ədalətsiz əlverişli şərtlərdə növbəti mərhələyə adlaya bilərlər. Ümid edirəm ki, almanlar Şimali İrlandiyaya böyük üstünlüklə qalib gələrək onların növbəti mərhələyə keçməsinə imkan verməyəcəklər. Almanlarla 0:0-a nail olan polyaklar ukraynalıların nazı ilə çox oynamayacaqlar və Levandovskinin komandası Pyatovun qapısından top keçirə biləcəklər. Polşa bu çempionatda çox yaxşı təsir bağışlayır və əmin olmaq olar ki, pley-off mərhələsinin görüşlərində ən yüksək səviyyəli istənilən yığma üçün çox ciddi rəqib olacaq. 

"D" qrupunda qardaş Türkiyənin oyunu çox məyus etdi. Əgər xorvatlarla oyunda onlar heç də pis görünmürdülərsə, Avropa çempionları ilə görüşdə Türkiyə tam əlacsız qalmışdı. Türklərə 3:0 hesabı ilə qalib gələn ispanlar 1/8 finala çıxmağı təmin etdilər və arxayınlıqla Xorvatiya ilə oyunu gözləyirlər. 

Türklər isə hətta sonuncu oyunda Çexiyaya qalib gəlsələr belə çətin ki, qrupdan çıxa bilsinlər. Xorvatlarla oyunu qəhrəmancasına xilas edən çexlər (0:2 hesabı ilə uduzanda hesabı bərabərləşdirə bildilər) çox qətiyyətli görünürlər və türklərdən üç xal almağa iddialıdırlar. Bu üç xal Çexiyanın qrupdan çıxmaq şanslarını artırır. 

"E" qrupunda İtaliya yığması gözəl oyun nümayiş etdirir. Avropa birinciliyi başlamamışdan "Skuadra adzurra" barədə rəylər heç də yüksək deyildi. Lakin Antonio Kontenin komandası çox gözəl oyun nümayiş etdirir və və onları artıq çempionatın favoritləri sırasına daxil ediblər. "Tre krunur"a 1:0 hesabı ilə qalib gələn italyanlar artıq 1/8 finaldadırlar, lakin fikrimcə, irlandlarla sonuncu oyunu onlar az qüvvə sərf etməklə oynamayacaqlar. Britaniyalılar bu görüşdə var-qüvvələri ilə oyanayacaqlar, lakin irlandların oyun səviyyəsi pley-off mərhələsi üçün aşkar surətdə yetərli deyil.

Zlatan İbrahimoviçin irəli apardığı isveçlilər sonuncu görüşdə belçikalılarla qarşıalaşacaqlar. Sonuncular qrupdakı ikinci oyunlarında irlandların payını verdilər — 3:0. Görüş maraqlı, eyni zamanda gərgin olmalıdır. Azar və yoldaşları britaniyalılar üzərində qələbədən sonra yüksəlişdədirlər və "Tre krunur"dan üstün görünürlər. Lakin isveçlilər, xüsusən də onların liderləri belçikalılara ciddi problemlər yaşada bilərlər. 

Футбол. Чемпионат Европы - 2016. Матч Бельгия - Ирландия
© Sputnik / Владимир Песня

"F" qrupunda ikinci tuirda islandlar penaltidən qol vuraraq uzun müddət macarlarla görüşdə irəlidə oldular, lakin sonuncular hesabı bərabərləşdirə bildilər — 1:1. Hər iki yığma yaxşı təsir bağışlayır. Heyətlərində hətta orta səviyyəli ulduz olmasa belə, onlar səviyyəli futbol nümayiş etdirərək daha güclü komandalarla bərabər oyun göstərə bilirlər.

Avstriya və Portuqaliya qolsuz bərbarəliyə imza ataraq özlərini çox xoşagəlməz vəziyyətə qoyublar. Bu oyunda XXI əsrin ən yaxşı oyunçularından olan Kriştianu Ronaldu avstriyalıların qapısına təyin olunmuş penaltini vura bilmədi. Son turda Portuqaliya mütləq Macarıstana qalib gəlməlidir. Amma bu iki tur onu göstərir ki, bunu etmək çox çətin olacaq. Avstriyalılara gəldikdə isə, islandlar bu çempionatda oyun səviyyəsinə görə onlardan üstündürlər və onların qarşılaşmasında fikrimcə, islandlar bir qədər üstün görünürlər. 

Qrup mərhələsinin üçüncü turu bu gün 23.00-da Fransa-İsveçrə və Rumıniya-Albaniya oyunları ilə başlayacaq. İyunun 22-də yenə də 23.00-da başlayacaq İsveç-Belçika və İtaliya-İrlandiya oyunları bu tura son qoyacaq. Avropa çempionatının bütün iştirakçılarının son dəfə qruplarındakı vəziyyəti dəyişmək şansları var. Tezliklə onların bunu edə bilib-bilməyəcəyinin şahidi olacağıq.

2460
Teqlər:
Antonio Konte, Kriştianu Ronaldo, Portuqaliya, Albaniya, Uels, Şimali İrlandiya, İslandiya, Çexiya, Xorvatiya, Belçika, Rumıniya, Macarıstan, İspaniya, Slovakiya, Avstriya, İtaliya, Ukrayna, İsveçrə, Fransa, Almaniya, İsveç, İngiltərə, Rusiya, Polşa, Türkiyə, İrlandiya
Şəhriyar Məmmədyarov, arxiv şəkli

Azərbaycan millisi Türkiyəni onlayn matçda darmadağın edir

839
(Yenilənib 18:31 10.08.2020)
Azərbaycan yığmasının tərkibindəki ən uğurlu şahmatçılar - dörd mümkün xaldan üçünü yığan Şəhriyar Məmmədyarov və Gülnar Məmmədovadır

BAKI, 10 avqust — Sputnik, Teymur Tuşiyev. Azərbaycan şahmat yığması Türkiyə komandasına qarşı onlayn yoldaşlıq oyununda rəqibləri darmadağın etməkdədir. 

Sputnik Azərbaycan-ın məlumatına görə, hər iki komanda ümumi hesabda altı matç keçirəcək. Vaxt hər bir gedişdən sonra 5 saniyə əlavə olmaqla 15 dəqiqə təşkil edir.

Dörd oyundan sonra Azərbaycan şahmatçıları 16,5:7,5 hesabı ilə irəlidədirlər. Oynanılan dörd oyundan yalnız dördüncü oyun sülh yolu ilə yekunlaşıb (3:3), qalan görüşlərdə Azərbaycan yığması 4,5:1,5, 4:2 və 5:1 hesabı ilə qələbə qazanıb.

Hələlik Azərbaycan yığmasının tərkibində ən uğurlu oyunçular Şəhriyar Məmmədyarov və Gülnar Məmmədovadır. Onlar dörd partiyanın hamısında oynayıblar və hərəsində üç xal qazanıblar.

Günay Məmmədzadə əvəzedicisiz oynayıb, lakin onun aktivində 2,5 xal var. Türkiyə yığmasının heyətində isə hələlik ən yaxşı nəticəni dörd partiyada iki xal toplayan Draqan Solak göstərib.

Bu gün Azərbaycan və Türkiyə yığmaları daha iki oyun oynayacaq. Nəzəri baxımdan Türkiyə şahmatçıları Azərbaycan yığmasına çata bilərlər, lakin komandaların sinfindəki fərqi nəzərə alsaq, qalan iki turda bu, mümkün deyil.

839
Əlaqədar
Karantin dövrünün idmançıları: Video hazırlayan kim, xarici dil öyrənən kim...
Oyunçu aparsın - Karantin zamanı populyarlaşan oyunlar
Karantindir, nə olsun? Azərbaycanda 15 minlik mükafatı olan rəsmi yarış başlanır
Məhəmmədrəsul Məcidov, arxiv şəkli

Azərbaycanlı idmançı dünya boksunun əfsanəsini döyüşə çağırır

1266
(Yenilənib 17:21 09.08.2020)
Azərbaycanlı peşəkar boksçu hazırkı dünya çempionu Entoni Coşua ilə mübarizə aparmaq arzusundadır. Lakin onunla görüşdən əvvəl titul uğrunda beş döyüş keçirməlidir.

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Azərbaycanlı peşəkar boksçu Məhəmmədrəsul Məcidov Moskva yaxınlığında avqustun 22-də britaniyalı Dilian Uaytla döyüşəcək məşhur rusiyalı boksçu Aleksandr Povetkinlə iki həftəlik təlim-məşq toplanışı keçirib. Sputnik Azərbaycan-la müsahibəsində Məcidov Povetkinlə birgə məşqlərdən və gələcək planlarından danışıb.

- Povetkinlə məşq keçmək ideyası necə yarandı?

- Biz bilirdik ki, Povetkin avqustun 22-də Dilian Uaytla mübarizə aparmalıdır və onun sparrinq-tərəfdaşlara ehtiyacı olacaq. Mən öz menecerimə təklif etdim ki, onun nümayəndələri ilə birgə təlim-məşqlər keçirilməsi barədə danışıq aparsın. Nəticədə razılığa gəlmək mümkün oldu.

Şübhəsiz ki, belə təcrübəli boksçu, Olimpiya çempionu ilə məşqlərim mənə böyük fayda gətirib, mən ondan çox faydalı şeylər götürmüşəm. O da həmçinin mənimlə məşq etdiyi üçün çox minnətdardır, çünki mənim iştirakımla olan sparrinq onun üçün də faydalı olub.

- Sparrinqlər necə keçdi?

- Biz birlikdə yaxşı işlədik. Əsasən, mən ona Dilian Uaytla döyüşə hazırlaşmağa kömək edirdim, ona görə də onun travma almaması üçün maksimum səy göstərirdim.

- Povetkinin qarşıdakı döyüşdəki şansını necə qiymətləndirirsiniz?

- Onun yaxşı qələbə şansı var. O, çox təcrübəli boksçudur və bu, ona kömək etməlidir. Əlbəttə, rəqib də hədiyyə deyil, amma hamımız bilirik ki, Saşa fiziki və mənəvi cəhətdən çox güclüdür, tez-tez xarakter döyüşlərini qazanır.

- Siz onunla eyni çəki kateqoriyasında çıxış edirsiniz. Onunla döyüş keçirmək barədə heç düşünməmisiniz?

- Onunla döyüşmək mənim üçün hələ maraqlı deyil. Povetkinin yanında bir çox digər boksçular var ki, mən onları məğlub etməliyəm. Həm də məni onunla dostluq münasibətləri bağlayır. Birlikdə sparrinq edən döyüşçülərin çoxu adətən bir-biri ilə rəsmi döyüşlər keçirmirlər. Povetkin yolumun üstündə dayanmır, mənə nəyəsə nail olmaq üçün ona qalib gəlmək lazım deyil. Mənə qalxmağa imkan verəcək digər boksçularla görüşlər keçirmək daha vacibdir.

- Kimləri məğlub etmək istərdiniz?

- İlk növbədə, hazırkı dünya çempionu Entoni Coşuanı. Deyim ki, o da mənimlə mübarizə aparmaq istəyir. Amma onunla döyüşə çıxmazdan qabaq mən titul uğrunda beş döyüş keçirməliyəm. Bu, bir çox amillərdən asılıdır. Həm də dünya çempionunun reqlamentinə görə, mütləq titulun müdafiəsi həyata keçirilməlidir.

Bundan başqa, mənə Povetkinin rəqibi - britaniyalı Uaytla döyüşmək maraqlı olardı. Böyük hesabla götürsək, kiminlə döyüşməyimin mənim üçün fərqi yoxdur. Peşəkar boksda zirvəyə çatmaq üçün istənilən rəqiblə mübarizə aparmağa hazıram. Ən yaxşıları ilə bokslaşmaq istəyirəm.

- Sizin növbəti döyüşünüzlə bağlı məsələlər aydınlaşıbmı?

- Hələlik bu barədə dəqiq məlumat yoxdur. Məsələ bundadır ki, hazırda koronavirus pandemiyası səbəbindən tamaşaçıların boks şoularını ziyarət etməsi qadağandır. Həm də axşam döyüşlərinin sayı azaldılıb. Buna görə boks axşamlarının iştirakçıları sırasına düşmək üçün rəqabət artıb.

Mənim növbəti döyüşüm sentyabr ayının ortalarında və ya sonunda keçirilə bilər. Ancaq payızın ilk günlərində də rinqə çıxa bilərəm. Hətta indi də istənilən döyüşə hazıram. Amma koronavirus səbəbindən hələ heç bir aydınlıq yoxdur, çünki bir çox ölkələrin sərhədləri bağlıdır. Bundan əlavə, tezliklə vizaları yeniləmək üçün Azərbaycana gəlmək lazımdır.

1266
Səhnədə müğənni, arxiv şəkli

Hüznlü manıslar xalqın əndişəsi

0
(Yenilənib 21:08 12.08.2020)
Toyların, el şənliklərinin qadağan edilməsi böyük bir kültürü iflic vəziyyətinə salıb. Böyük bir industriya çökür və müxtəlif peşə sahibləri bu dağıntıların altında qalırlar.

BAKI, 12 avqust — Sputnik. Bir tərəfdən pandemiya sıxır canımızı, bir yandan işsizlik kəsir nəfəsimizi, bir az da manıs-müğənni əhlinin ah-naləsindən pəjmürdəyik. Niyə onları xatırladım? Çünki bəzənib-düzənib, kreditə avtomobillər, bahalı evlər alıb lüks həyat yaşamağa alışanların çətinliyi daha çoxdur. Bizə nə var? Bir tikə çörəyi ümidlə yavanlıq etməyə öyrənmişik. Çətini zəngin yaşamağa çalışan, zənginliyi imitasiya edən manısların güzəranıdır. Aylardır, yeganə qazanc yeri toylar olan bu şən-şaqraq insanlar intəhasız bir hüznə qərq olublar. Karantin acı bağırsaq kimi uzandıqca, efirlərdə görünən müğənnilərin üzündəki kədər və iztirab dərinləşir. Əvvəl çağırıldığı proqramdan üzrxahlıq edib yayınan, toyda oxumağı daha vacib hesab edənlər indi çağırıldıqları proqramların bitməsini istəmirlər...

Düşünürəm ki, toyların, el şənliklərinin qadağan edilməsi böyük bir kültürü iflic vəziyyətinə salıb. Böyük bir industriya çökür və müxtəlif peşə sahibləri bu dağıntıların altında qalırlar.

...Hər gün oxşar xəbərlərlə oyanıb, eyni ümidlə başımızı atırıq yastığa. Az qala, beş aydır yekrəng, yeknəsək bir ömür xırıd edirik fələyin oyununda. Nə qapımızı döyən var, nə hansısa qapını döyməyə üzümüz, imkanımız. Hər sabah internetdən axışıb bizi ağuşuna alan xəbərləri oxuyub, bir ovuc antidepressant nuş edib, bir siqaret yandırırıq qayğılı-qayğılı. Hər gün həyəcanla statistikanı izləyirik. Sağalan sayı yoluxan sayından artıq çıxanda, əlinə “üç tuz” gəlmiş hiyləgər qumarbaz kimi, bığaltı qımışırıq ki, “hə, bir az ümid var...”  Əslində isə “ümid bağlı qapılar arxasında, ruzimiz qurd ağzındadır”.

Təcridimiz orta əsrlər sufi şeyxinin təcridi kimi uzanır: canımız çiləyə təşnədir. Qadağalar azaldıqca, dükan-bazar, dəniz-çimərlik açıldıqca üzümüzə təbəssüm qonur. Amma heyhat! Nə dükan-bazara getməyə imkanımız, nə dənizə getməyə taqətimiz var. Dənizdə, dükan-bazarda sıxlıq yaradan da biz deyilik, bizim nəfsimizdir. Azadlığa təşnə, sərbəstliyə həsrət nəfsimiz özünü qumsallığa verib dincəlmək istəyir. Aylardır, tamarzı qaldığımız azadlığın, sərbəstliyin dadını çıxarırıq. Şükürlər olsun ki, “birinci dalğa” dedikləri hər nədirsə sahillərimizə çırpılıb, ala bildiyi qədər can alıb, geri çəkilir. Biz binəvalar da “birinci dalğa”dan xilas olmamış “ikinci dalğa”nın müjdəsini alırıq.

TƏBİB bir yandan, Operativ Qərargah digər tərəfdən xəbərdarlıq edirlər ki, “bəs hazır olun, gigiyenik olun, məsafəli olun - “ikinci dalğa” gələcək”. Xub! Gəlsin bu dənizin nə qədər dalğası varsa, bir təhər dözərik, səbr edərik. Amma, ancaq, lakin...

Pandemiyadır, karantindir, təcriddir, sosial məsafədir, yarıtmaz səhiyyədir – bunları birtəhər anlayırıq, ya da zor-bəla anlamağa, dərk etməyə çalışırıq. Bəs bizim sosial vəziyyətimiz, külfətimizin və millətimizin dolanışığı, yaşayışı necə olacaq? Körpə övladlarımıza nə qədər nağıl danışaq? Nə qədər aldadaq özümüzü?

Bütün qayda-qadağaya tabe olub, kədərli bir həyat yaşayırıq. Gün üzünə, doğmaların, yaxınların camalına həsrət qalmışıq aylardır. Şəxsən mən bir yazıçı kimi bu çətin məqamlarda dövlətimin dəstəyini hiss etmək, övladlarımın güvəndə olduğunu düşünmək istəyirəm. Ancaq narahatam, əndişəliyəm. Bir qarın çörək dərdi deyil qorxum. Bu il birinci sinifə getməli olan qızımın, liseyə qəbul olub, həvəslə dərslərin başlamasını gözləyən oğlumun təhsilindən nigaranam. Yaşlı valideynlərimin səhhətindən, aylardır işsiz qalan dost-tanışımın dolanışığından narahatam.

190 manata ümid edən, ehtiyac içində olan həmvətənlərimi düşünürəm. Sonuncu ehtiyatını da xərcləyib bitirmiş onlarla adam tanıyıram. Hər gün yardım üçün müraciət edənlərə, marketlərin qarşısında əl açanlara aylardır işsiz olduğumu deməyə utanıram.

Sosial problemlər, işsizlik və sıxıntılar ortaq dərdimizdir. “Ellə gələn toy-bayramdır” deyirik, amma yaxın qonşumuz Gürcüstana və uzağımız Avropaya baxanda görürük ki, əslində “toy-bayram” onlardadır. Səhiyyədən tutmuş, əhaliyə edilən sosial dəstəyə qədər nümunə götürməli olduğumuz çox şey var.

Biz, sadəcə, səriştəsiz, əhli-kef məmurların ümidinə qalmış qoca Şərqin atılmış və unudulmuş binəvalarıyıq.

Bundan sonra ümidimiz yalnız koronavirusun insafına qalıb. Bu zaval, bu mərəz özü könüllü çəkilib getməsə, bizim sonumuz heç də yaxşı görünmür...

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Baba nəvəsinə ad günü təşkil etdi, qonaqlar hədiyyə əvəzinə cərimə ödədilər
"Bilmədiyimiz bir şeydən qorxmağın mənası yoxdur" - Psixiatr
Koronavirusdan daha təhlükəli: Qəzəb, aqressiya və gərginlik...
Hökumətdən kafe və restoranlarla bağlı yeni qərar
Birlik, həmrəylik məqamı və keçməməli olduğumuz "qırmızı xətt"